Cəngi ruhlu poeziya
Sözün məzmunu, ülviyyəti və sehri onun dəyərini
bilənlər-söz xiridarları
üçün daha doğmadır. O sənətkar,
o şair xoşbəxtdir ki, onun yaradıcılığı,
hansısa bir sözü gələcək
nəsillərə yadigar
qalır. Uşaqlıqdan saz havalarının
sədası ilə böyüyən, Borçalı
mahalının saz-söz
mühitində formalaşan,
el sənətkarlarının
hikmətli söhbətlərindən
ilham alan istedadlı şair Vahid Əlioğlunun təbirincə desək: “
Şairin doğum günü var, ölüm günü var. Sözün də doğum günü var, amma ölüm günü yoxdur. Çünki söz ölmür, söz yaşayır. Sözün
də insan kimi yaşamaq haqqı var.” Bu diqqət çəkən, maraqlı
düşüncələri şair “Ürək yanmasa” adlı şeir kitabında oxucularla bölüşür.
Həqiqətən
söz o vaxt yaşayır ki, onun sanbalı və mənəvi
dəyəri yüksək və ümumbəşəri olur. V.Əlioğlunun
poeziya dünyasında “yaşama haqqı” verdiyi şeirlərdə
Vətən gözəlliklərinin tərənnümü,
yad tapdaq altında qalan ulu yurd yerlərindən qopan haray,
Qarabağ, Zəngəzur nisgili, Turan ellərinə səsləniş,
eləcə də şairin sevgi dolu duyğuları, poetik
düşüncələri öz əksini tapıb. Onun Vətənə
həsr etdiyi şeirlərində mübarizəyə səsləyiş,
nikbinlik, ən əsası səngərdə Vətən,
bayraq keşiyində duran əsgəri döyüşə-QƏLƏBƏYƏ
səsləyən cəngi ruhu duyulur. Bu da təsadüfi
deyil. Borçalının məşhur
aşıqlarının ifa etdiyi cəngi, eləcə də
digər saz havaları, şairin özününün etiraf
etdiyi kimi şeirlərinin bu ruhda köklənməsinə səbəb
olub və bu cəhət onun
yaradıcılığının əsas xəttini təşkil
edir.
Qoyma qılınc
paslana,
Dönək igid aslana.
Uğur dilə,
ay ana,
Düşmənlə savaşım var.
Yurdumda yurd salınır,
Torpaq qanla alınır.
Durun, “Cəngi”
çalınır,
Düşmənlə savaşım var.
Bu tip şeirlərlə
şair insanların mübarizə, döyüşkənlik
ruhunu oyadır sanki. Bu misralarda
əsrlərin o tayından
boylanan igidlərin – Babəklərin, Qazan xanların, Koroğluların
nərəsini, hayqırtısını
duymamaq qeyri-mümkündür.
Kitabda şeirlərin ikinci mövzusunu isə dünyanın faniliyi, şairin bu mövzu ətrafında misralara çevrilmiş poetik düşüncələri
təşkil edir. “Haqqa könül vermişəm” başlığı
altında verilən şeirlərdə müəllif
dünyanın vəfasızlığına,
ömrünün bir göz qırpımında
ötüb keçməsinə
toxunur, həyatını
bir daha nəzərdən keçirərək
sanki “mən nə etmişəm?”
– sualına cavab kimi özünə
hesabat verir. “Daha ömrün çoxu gedib”, “Ağla, gözlərim, ağla”, “Tanrı”, özün köməyim ol”, “Ağardı saçlarım, ağardı,
qardaş” – deyən şair zamanın sürətlə axınından
şikayətlənsə də,
ondakı kədər
keçicidir, müəllif
bu şeirlərin sonunda yenə də həyata nikbin baxır, gələcəkdən daha
xoş illər gözlədiyini vurğulayır.
Hər bir şair kimi
V.Əlioğlu yaradıcılığında
da sevgi duyğuları, ülvi məhəbbətin tərənnümü
əsas yer tutur. “Təkcə səni sevəcəyəm”,
“Yaşar mənim ürəyimdə”, “Sənsən
mənim məhəbbətim”
və digər şeirlər şairin mənəvi könül çırpıntıları, qəlbində yaşatdığı
sevginin bədii dillə ifadəsidir.
Şairin könül duyğuları
nə qədər ülvidirsə, misraları,
poetik dili və üslubu da o qədər sadə, bulaq suyu kimi axıcıdır.
Məhz bu cəhət dilin sadəliyi, axıcılığı və
səmimiliyi onun şeirlərinin tez qavranılması və anlaşılmasının uğuru
sayıla bilər.
Həsrətindən qocalsam da,
Xəstə düşüb saralsam da.
Öz özümlə
tək qalsam da,
Təkcə səni sevəcəyəm.
Kitabda Qarabağ
savaşı zamanı
düşmən hücumundan
xilas olmaq üçün özünü
qayadan atan azərbaycanlı qadına
həsr edilmiş “Yad ovçu”, eləcə də küçə və yollarda hərəkət qaydalarına riayət edilməsinə nəzarət
edən yol polisi işçilərinin
gərgin fəaliyyətindən
bəhs edən “Yol polisi” poemaları
yer alıb.
Birinci poemada şərəf və namusunu hər şeydən uca tutan və
ölümün gözünə
dik baxan Azərbaycan qadınının
ümumiləşmiş obrazı,
onun həyəcan dolu keçirdiyi sarsıntılar canlanıb. İkinci poemada
isə yol polislərinin gecə-gündüz
yolların və piyadaların təhlükəsizliyinin
keşiyində dayanması,
onların bu peşəni şərəflə
və vicdanla yerinə yetirməsi avtomobil qəzalarının
insan taleyinə vurduğu fiziki-mənəvi
yaralar və digər məqamlar aydın və bədii dillə təsvir edilib.
Şairin bir sıra şeirlərinə
Eldar Mansurov, Sevda Məmmədli kimi tanınmış bəstəkarların musiqi
bəstələməsi artıq
onların mahnı kimi həyat vəsiqəsi almasına səbəb olub. Ümid edirik
ki, şairin ürək oxşayan şeirləri axırıncı
yox, axarıncı olacaq.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 7 mart.- S. 8.