“Mətanət A”: uğurlu və şərəfli on il

 

“Mətanət A” şirkəti 2000-ci ilin yanvar ayından fəaliyyətə başlayıb. Artıq 10 yaşı tamamdır. Ötən müddət ərzində keyfiyyət faktoruna xüsusi diqqət yetirməsi şirkətə böyük və sadiq alıcı auditoriyası qazandırıb. İndi onun məhsulları ölkəmizdə keyfiyyət və inam göstəricisinə çevrilib. Ən qabacıl texnologiya və nou hauları ilk olaraq tətbiq etmək, yeni inşaat metodlarını doğma vətənimizə gətirmək əsas amalına çevrildi.

 

Hazırda o, 3 sistemdə fəaliyyət göstərməklə 19 məhsul qrupuna, 50-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malik olan böyük bir korporativ ailədir. Əsas hədəflərindən biri qloballaşmaq olduğundan məhsulları həmçinin region ölkələrinə də ixrac olunur və bu da “Made in Azerbaijan” devizini daha da gücləndirir. Fəaliyyəti dövründə korporativ sosial məsuliyyəti dərk edərək xeyriyyəçilik fəaliyyətlərinə də önəm verib, ölkəmizin sosial-itisadi proseslərində aktiv iştirak edib. Bütün bunlar əlbəttə ki, “Mətanət A” şirkəti haqqındadır. Bu on il ərzində müştəri məmnuniyyətini ən böyük qazancı, milli-mənəvi dəyərləri işgüzar aləmdə qoruyub saxlamağı isə ən vacib uğuru saydı. Zənnimcə, deyilənlər heç də “Mətanət A” şirkətinin mübaliğəli obrazını yaratmır, əksinə, tam və dolğun, ilk növbədə isə doğru təəssürat yaratmaq üçün xeyli cizgiləri də əlavə etmək zərurəti ortaya çıxır. Sözsüz ki, ən yaxşısı daha geniş və ətraflı məlumatı şirkətin təsisçisi və rəhbəri Elxan Bəşirovdan eşitməkdir.

—Elxan müəllim, ölkəmizdə nüfuzlu milli şirkətlərdən biri olan “Mətanət A” şirkətinin artıq 10 yaşı tamam oldu. Şirkətin təsisçisi və rəhbəri, eyni zamanda bir təcrübəli sahibkar kimi bu 10 ili necə xarakterizə edərdiniz?

— Sürətli inkişafda olan gənc bir dövlətin şirkəti kimi məsələyə yanaşsaq, 10 il böyük, qlobal biznes perspektivindən isə qısa bir müddətdir. İstənilən halda şirkətin 10 illik fəaliyyəti kifayət qədər zəngin, uğurlarla bol olduğundan bu tarix haqqında qürur hissi ilə geniş danışmaq olar. Şirkət yarandığı andan etibarən əsas vizionu və missiyası çiçəklənən, inkişaf edən ölkəmizdə inşaat problemlərini effektiv həll edən inşaat texnologiyalarını ilk olaraq vətənimizə gətirmək, insanların təmir-tikinti işlərində əziyyət çəkdiyi köhnə metodları ən qabaqcıl metodlarla əvəz etmək, inşaatın keyfiyyətini yüksəltmək olmuşdur. İndi fəxarət hissi ilə deyə bilərəm ki, bu ana ideyamıza nail olmuşuq və bu cür səylərimizi davam etdirməkdəyik. Artıq ölkəmizdə tətbiq edilən bir neçə yeni inşaat metodunu, məsələn kafel-metlaxların yeni yapışdırılma üsulunu, qara suvağı əvəz edən gips əsaslı AĞDAĞ metodunu məhz “Mətanət A” şirkəti ölkəmizə ilk dəfə olaraq gətirmiş, təbliğ etmiş və hazırda da böyük bir istehlakçı kütləsi bundan faydalanır.

Şirkətin 10 illik fəaliyyətində əldə etdiyi uğurları bir neçə istiqamət üzrə qiymətləndirmək olar:

...Yüksək müştəri məmnuniyyətinə nail olmaq. “Keyfiyyətə kompromis yoxdur” devizini əsas tutaraq məhsulların keyfiyyətinə ciddi nəzarət edilir, mütəmadi olaraq təkmilləşdirilir, müştəriyə istiqamətlənmiş xidmətlərin səviyyəsi yüksəldilir və bütün fəaliyyət İSO standartlarına uyğun qurulur. Bunun nəticəsidir ki, on ildə şirkətin ən dəyərli kapitalı hesab olunan loyal müştəri sayı yüksək həddə çatmışdır. Bununla kifayətlənməyərək bu istiqamətdə səylərimizi artırmaqdayıq.

...Yeni texnologiyaların tətbiqini vərdişə çevirmək. Yeni texnologiyaların tətbiqi, yeni məhsul və ideyaların yaradılması və ixtirası şirkətdə artıq korporativ dəyərə çevrilib. Təsadüfü deyil ki, “Mətanət A” şirkəti Avropadan öz sektorunun əksər “know-how”-larını (nou-hau) alıb və yeni məhsullar formasında tətbiq etməkdədir. Ən son texnologiyaları tətbiq etmək istək yox, zamanın diqtəsidir. Biznesdə artım da əsasən innovasiyalar sayəsində baş verir.

...Qloballaşmaq və milli Azərbaycan markasını regionda tanıtmaq. Müasir dünyada inkişafın əsas zəruri şərtlərindən biri də beynəlmiləlləşmə və qloballaşmadır. Bu, bir dalğaya bənzəyir. Onun axarı ilə hərəkət etmək uğur gətirər, əks istiqamətə hərəkət isə iflasa səbəb ola bilər. Bu inkişaf ritmini tutaraq şirkətimiz artıq region ölkələrinə doğru qloballaşmaqdadır. Milli adla ifadə olunan “Mətanət A” brendi ilə məhsullar yaxın xaricə ixrac olunmaqla həm ölkəmizin qeyri-neft sektorunda da uğurlu biznes nümunələrinin olduğunu sübut edir, həm də yeni müştəri auditoriyası qazanmaq baxımından əhəmiyyətlidir.

...Sosiallaşmaq. “Mətanət A” dedikdə təkcə inşaat materialları istehsal edən şirkət başa düşülmür, eyni zamanda imkansızlara, kimsəsizlərə, ehtiyacı olanlara qayğı göstərən, milli-mənəvi dəyərlərə sayğı ilə yanaşan bir təşkilat obrazı da nəzərlərdə canlanır. Əslində bu cür xeyriyyəçilik fəaliyyətləri və sosial tədbirlərdə fəal iştirak ölkəmizdəki hər bir kommersiya təşkilatının korporativ vətəndaşlıq borcudur, biz bunu etməyə borcluyuq.

– Şirkətin adının mənasını bilmək həmişə maraq doğurub. Maraqlıdır, niyə məhz “Mətanət A”?

— Bu suala iki aspektdən: adın hərfi və virtual mənası baxımından yanaşmaq olar. Hərfi mənası baxımından məsələyə yanaşsaq, “Mətanət A” adı iki hissədən ibarətdir: “Mətanət” - dözümlülük, möhkəmlik, davamlılıq və iradə mənasını, “A” hərfi isə əlifbada birinci hərf olduğundan “daima ilklərə imza atmaq”, “daima lider qalmaq” mənasını verir. Fəaliyyətə başladığımız dövrdə Azərbaycanda ticarət markalarını xarici adlara bənzədirdilər və istehlakçılar xarici adlı malları keyfiyyətli qəbul edib onlara üstünlük verirdilər. Biz isə sübut etmək istədik ki, ad milli ola bilər və hətta malın keyfiyyəti xarici mallardan da üstün ola bilər. Bu baxımdan ad seçimini bu cür etdik və məhsul istehsalına başladıq. Məncə, istənilən sahədə işin uğurunu, gələcəyini təmin edən əsas amil mətanətli, iradəli və dözümlü olmaqdır. Bunlar olduğu təqdirdə istənilən çətinliyin öhdəsindən gəlmək mümkündür. Birincilər sırasında olmaq da təbii ki, bütün peşələrdə anlayışla qarşılanan və alqışlanan bir istəkdir. Yəni “Mətanət A” sözünün hərfi mənasında şirkətin həm vizionu, həm də missiyası öz əksini tapmışdır. Daima ilklərə imza atmaq, daima qabacıl olmaq isə fəaliyyətimizdə böyük məsuliyyət yaradır.

Ümumiyyətlə, biznesdə adın hərfi mənasından daha çox onun virtual mənası daha mühüm hesab edilir. İctimai rəydə adın virtual mənasını şirkətin fəaliyyəti və nailiyyətləri formalaşdırır. Məsələn, alıcıların nəzərində “Mətanət A” dedikdə “keyfiyyətdə heç vaxt güzəştə getməyən”, “daima yeniliklər edən”, “davamlı və dözümlü məhsullar istehsal edən”, “xeyriyyəçilik və sosial məsələlərdə aktiv olan” bir şirkət obrazı canlanır. Bu adın virtual mənası uzun bir müddət ərzində formalaşıb.

— Elxan müəllim, hər bir şirkət, müəssisə müəyyən mənada öz qurucusunun xarakterini əks etdirir və şirkətin uğurları təsisçinin öncəki təcrübəsindən qaynaqlanır. Bu baxımdan “Mətanət A”ya qədər keçdiyiniz yola birlikdə nəzər salmaq yaxşı olardı.

—Hələ institutun 2-ci kursunda oxuyarkən hansısa bir biznes sahəsini yaratmaq mənim üçün çox maraqlı idi. Araşdırma apararaq tekstil sahəsinə ciddi ehtiyac olduğunu müəyyənləşdirdim və dərhal o sahəyə üstünlük verdim. Geyim məhsulları tikməyin bütün sirlərini öyrənməyə başladım ki, hamıdan əvvəl özüm öz işimin mahiyyətini anlayım. Bu sənəti elə həvəslə öyrəndim ki, müəssisədə bu sahədə yeni mütəxəssisləri özüm hazırlamağa başladım. “Samirə” adında kooperativi qeydiyyatdan keçirəndən sonra bir il müddətində işçilərin sayı 350 nəfərə çatdı. Biz Azərbaycanda ən dəbdə olan geyimlərin tikilməsinə nail olduq. Əsas prinsipimiz yeni ideyaların yaradılması və tətbiqi idi. Qısa zaman ərzində kooperativi fabrikə çevirdik. İstehsal etdiyimiz malları keyfiyyətinə görə İtaliyanın, Türkiyənin malları kimi qəbul edirdilər. 90-92-cı illərin əvvəllərində sərhədlərin açılması və daxili bazarın qorunması üçün dövlət tərəfindən lazımi addımlar atılmaması, gömrük siyasətinin düzgün aparılmaması əksər sahələr kimi milli tekstil sənayesini də tənəzzülə uğratdı, şübhəsiz ki, inflyasiya faktoru da ciddi problemlər yaratdı. Aylıq inflyasiya səviyyəsi fantastik həddə çatırdı. Ona görə bütün sahələr, o cümlədən istehsal sahələri iflasa uğradı. Sonra müəyyən müddət kommersiya ilə məşğul oldum. 93-cü ildən özümü avtomobillərin ehtiyat hissələrinin, antifriz və yağların istehsalında sınamağa başladım. Nəticələr də uğurlu olurdu. 1998-ci ildə inşaat materiallarının satışına üstünlük verdim. Nəhayət, daxili biznes mühitini və beynəlxalq biznes təcrübəsini araşdıraraq qərara aldım ki, güclü brend yaratmağın əsl vaxtıdır. Müəyyən texnologiyaları tətbiq etməklə Azərbaycanda ilk dəfə olaraq sement əsaslı kafel metlax yapışdırıcılarının və aralıq doldurucularının istehsalına nail oduq. İşimizi daha əhatəli və sistemli etmək üçün 2000-ci ilin yanvar ayında “Mətanət A” şirkətini təsis elədik.

— “Mətanət A” şirkəti üçün rəqabət nə deməkdir?

Rəqabət inkişafın və innovasiyanın əsasını təşkil edir. Əksər sahibkarlar rəqabət faktoruna qorxulu bir hadisə kimi baxır. Əslində rəqabət həm şirkət, həm də istehlakçılar üçün faydalıdır. Rəqabət mühütünün olması şirkəti daha da təkmilləşməyə, daha yüksək xidmətlər göstərməyə, ən son texnologiyaları tətbiq etməyə sövq edir. “Mətanət A” şirkəti yarandığı dövrdə öz sektorunda xarici rəqiblərlə üz-üzə idi. Düzgün qurulmuş strategiyalar sayəsində şirkətimiz bü rəqabət mübarizəsindən qalib çıxdı. Bir şirkət olaraq “Mətanət A” daima sağlam rəqabət prinsipini əsas tutub və mübarizədə biznes etikasını həmişə nəzərə alıb. Rəqabət mübarizəsində əsas məqsəd sağlam rəqabət prinsiplərini rəhbər tutaraq xalqımıza və dövlətimizə daha layiqli, daha keyfiyyətli xidmət göstərmək olmalıdır. Rəqabət prosesində adətən ən böyük təhlükə uzun müddət biznes təcrübəsi olan xarici rəqiblərdən gəlir. Hazırda dövlətimiz gömrük siyasəti vasitəsilə bu problemi tənzimləyir və ümüd edirik ki, Ümumdünya Ticarət Təşkilatına üzv olacağımız təqdirdə də yerli istehsalçıların qorunması diqqət mərkəzində qalacaq.

— Qazandığınız uğurlarla, nailiyyətlərlə kifayətlənərək mövcud vəziyyəti saxlamaq fikrində deyilsiniz ki?

— Qərb təcrübəsində məşhur bir deyim var: “Dəyiş, yaxud da məhv ol!”. Müasir dövrdə inkişaf o qədər sürətlə gedir ki, bir vəziyyətdə durmaq özü təhlükəlidir. Daima yeni texnologiya və məhsullar üzərində çalışmaq, yeni struktur təkmilləşmələri etmək, yeni bazarlara doğru addımlamaq artıq inkişafın qanununa çevrilib. Bu baxımdan elmi-texniki araşdırmalarımızı davam etdirərək inşaat və təmir sektoruna yeni-yeni metodlar gətirmək ənənəmizi davam etdirəcəyik, bundan sonra da xalqımıza və dövlətimizə faydalı olmağa çalışacağıq.

 

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 7 mart.- S. 7.