Qarabağ təkcə Azərbaycanın
problemi deyil
Tarixi gerçəkliklər və
siyasi gəlişmələr bunu bir daha sübut edir
Dağlıq Qarabağ münaqişəsinin lokal
miqyasdan çıxaraq qloballaşması, fövqəlgüclərin
maraq dairəsinə daxil olması və beynəlxalq aləmin
region iddialarında vasitəyə çevrilməsi Azərbaycana
işğal olunmuş torpaqlarını hərbi yolla azad etməkdə
ciddi maneə törədir.
Əslində,
dünyanın düzəni də dəyişib, illər
öncə silahların həll etdiyi toqquşmaları
artıq informasiya siyasəti, diplomatik əlaqələr, demokratik
dünyaya inteqrasiyada tutulan mövqe, iqtisadi münasibətlər
və s. həll edir. Belə bir zamanda – silahlı
toqquşmaların öz yerini informasiya müharibəsinə
verdiyi dönəmdə təbliğat, həqiqətlərin
car çəkilməsi, konfliktlərin elmi-tarixi və nəzəri-praktik
mahiyyətinin tədqiq edilməsi, beynəlxalq qanunvericiliyə
uyğun hüquq qaydalarının mənimsənilməsi millətin
öz taleyini həll etməsində böyük önəm
daşıyır.
Məhz bu fakta görə
də konfliktlərin beynəlxalq hüquq müstəvisində
dərindən araşdırılmasına, qlobal iqtisadi-siyasi
gəlişmələrin diqqətlə izlənilməsi və
müqayisələrin aparılmasına, əxz edilən
siyasi və konfliktoloji biliklərin dəyərləndirilməsinə,
beynəlxalq proseslərin istiqamətinin müəyyənləşdirilməsinə
böyük ehtiyac duyulur.
Xüsusilə bu ənənələri
olmayan Azərbaycan kimi müstəqilliyini yenicə elan
etmiş ölkələrdə. Tarix elmləri namizədi
Füzuli İsmayılovun “Ermənistan-Azərbaycan
münaqişəsinin tarixi kökləri və müasir
dövr” monoqrafiyası da belə bir zərurətdən
meydana gəlib.
Əsərin dəyəri və əhəmiyyəti ondadır ki, münaqişənin tarixi, ermənilərin 18-ci yüzilin başlanğıcından, rus çarı Böyük Pyotrdan başlayaraq apardıqları siyasət və Azərbaycanın tarixi torpaqlarını mənimsəmək üçün bütün hiylə və məkrli planlarını müəllif konkret tarixi dəlillərlə, əsasən də erməni və rus qaynaqlarına istinad edərək üzə çıxarmağı bacarmışdır. Rusiya imperiyasını Fars körfəzinə və İstanbula qədər genişləndirməyə çalışan I Pyotrun Qafqaz siyasəti, imperiya maraqlarını təmin etmək üçün ermənilərdən istifadə, müsəlman və xüsusilə Türk dünyasının ortasında bir xristian dövlətinin qurulması istəklərini F.İsmayılov mənbələrlə bir daha açıb göstərib.
Özündə zəngin tarixi materialları əks etdirən bu əsər “Gülüstan” və “Türkmənçay” müqaviləsindən sonra ermənilərin Qafqaza – İrəvan və Qarabağ xanlığının ərazisinə köçürülməsi, bu köçürülmənin sülh müqaviləsinin şərtlərinə salınması yolunda erməni və rus siyasətçilərinin göstərdikləri canfəşanlığı onların öz məktubları ilə oxucuya çatdırır. Və nəticədə Dağlıq Qarabağ münaqişəsinin yüz illərə dayanan işğal siyasətinin tərkib hissəsi olduğu bütün çılpaqlığı ilə üzə çıxır. Bəlli olur ki, Qafqazda – bu İslam və Türk diyarında letibarlı xalqın” – ermənilərin yerləşdirilməsində təkcə Rusiya deyil, həm də bəzi Avropa imperiyalarının maraqları və məqsədləri varmış.
Daha doğrusu, Dağlıq Qarabağ – bir Ermənistan-Azərbaycan münaqişəsi deyil, Rusiyanın Osmanlı və İran dövlətlərinə qarşı Qərbin dəstəyi ilə apardığı çoxəsrlik mübarizənin məntiqi davamıdır. 20-ci əsrin ilk rübünə qədər Osmanlı imperiyasının İslam dininin əsas dayağı və qoruyucusu, İranın isə türklərin dövləti olduğunu nəzərə alsaq, bu münaqişənin nüvəsində İslam və Türk dünyasına qarşı yönəlmiş plan olduğu tamamilə aydınlaşar. Müəllif üzərinə götürdüyü bu tarixi gerçəkliyi üzə çıxarmaq funksiyasını çox uğurla bacarıb. Ancaq F.İsmayılov tarixi mətnlər və onların təhlilləriylə məhdudlaşmayıb, günümüzün reallıqlarını və siyasi gəlişmələrin istiqamətlərini də araşdırmaya cəlb edib.
Əsər bir daha sübut edir ki, Azərbaycanda konfliktologiya və sosiologiya bir elm sahələri kimi tam oturuşmasa da, inkişaf etməkdədir. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 1993-cü ildən üzü bəri aparılan danışıqları, diplomatik münasibətləri, siyasi gəlişmələri təhlilə cəlb edən F.İsmayılovun müəyyən paralellər və müqayisələrlə politoloji nəzəriyyələrini ortaya qoyması bunun nümunəsi sayıla bilər. Söhbət ondan gedir ki, az qala dünyanın düzənini müəyyənləşdirən beynəlxalq siyasi nəzəriyyəçilərinin əsərlərinə istinadla elmi-siyasi baxışlarını ortaya qoymaq və əsaslandırmaq uğurlu cəhdlərdir. Təbii ki, politologiya və konflitologiya sahəsində ənənəvi tədrisin olmaması beynəlxalq güclərin gözlənilməyən razılaşmalarını və ya iddia toqquşmalarındakı mövqelərini proqnozlaşdırmaqda müəyyən çətinliklər yaradır.
Mənə elə gəlir ki, F.İsmayılovun monoqrafiyasında da ABŞ-ın regional siyasətinin daha çox qabardılması fonunda Rusiya və İran faktorunun ikinci plana keçirilib, xüsusilə Abxaziya və Osetiya müharibəsindən sonra Rusiyanın hərbi-siyasi, İranın iqtisadi iradəsinin Qarabağ münaqişəsinə təsiri ayrıca qruplaşdırılmalı, paralellər aparılmalıdır. Ancaq bu təhlillərin olmaması belə monoqrafiyanın tarixi və elmi-siyasi dəyərinə xələl gətirmir. Çünki müasir dövrün elmi-siyasi gəlişmələri ayrıca tədqiqat tələb edir. Bu kitab isə münaqişənin daha qədim və yeni tarixi köklərinə həsr edilmiş dəyərli araşdırmadır və hesab edirik ki, Azərbaycan oxucusu ilə bərabər, monoqrafiya xarici dillərə də tərcümə edilərsə, informasiya siyasətimizə töhfə vermiş olar.
Anar YUSİFOĞLU
Xalq qəzeti.- 2010.- 7 mart.- S. 7.