Pedaqoji elmlərin
inkişafının əsas prioritetləri
Sosial-mədəni həyatın
yeniləşdirilməsində, cəmiyyətin intellektual-mənəvi
inkişafında təhsilin müstəsna əhəmiyyəti
var. Bu inkişafın isə, təbii ki, elmi-pedaqoji
proqramı olmalıdır. Bu mənada pedaqogika elminə yeni
qurulan cəmiyyətin mənəvi kompası kimi baxmaqla
inkişafımıza təminat verə bilərik.
Keçən əsrin
90-cı illərinin əvvəllərindən Azərbaycanda
pedaqogika elmi yeni inkişaf yolu seçdi. Azərbaycanda milli
dövlət quruculuğu prosesinin başlanması ilə
pedaqoji nəzəriyyədə əvvəllər bərqərar
olmuş stereotiplərin köhnəldiyi dərk edildi, yeni
pedaqoji konsepsiyalar, nəzəriyyələr irəli
sürüldü. Yeni pedaqoji təfəkkür, milli qaynaqlar
və ümumbəşəri dəyərlər zəminində
yaranan, məktəbin inkişafına təsir edə biləcək
tədqiqatlar meydana gəldi. Şagirdin bir şəxsiyyət
kimi formalaşdırılması təhsil sisteminin
başlıca vəzifəsi hesab olundu. Bu köklü vəzifənin
həyata keçirilməsi üçün təhsilin
humanistləşdirilməsi, humanitarlaşdırılması,
təlimin inkişafetdirici və tərbiyəedici
funksiyasının genişləndirilməsi ön plana çəkildi.
Pedaqogikanın metodoloji problemlərinə, strukturuna dair yeni
fikirlər formalaşdı. Bu dövrdə tərbiyə nəzəriyyəsində
ciddi dəyişikliklər baş verdi. İdeallar dəyişdi.
Dövlətin təhsil sistemi qarşısında qoyduğu
sosial tələblər zəminində tədqiqatlara
başlandı.
Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanda ictimai və humanitar elmlərin mövcud durumundan bəhs edən “İctimai və humanitar elmlər:zaman kontekstində baxış” adlı məqaləsində ictimai və humanitar elmlərin qarşısında duran vəzifələr konseptual şəkildə ortaya qoyulur, problemlərdən çıxış yolu göstərilir. Məqalədə qaldırılan məsələlər həm də pedaqoji elmlərin tədrisi və tədqiqinin dövrün tələblərinə uyğun yenidən qurulması baxımından da əhəmiyyətlidir. Akademik Ramiz Mehdiyev bu elm sahəsi ilə bağlı narahatlığını belə ifadə edir: “Əvvəllər pedaqogika üzrə ittifaq institutları var idi və biz də işimizi onların təqdim etdikləri metodikalara uyğun qururduq. İndi həmin pedaqoji mərkəzlərlə əlaqə kəsilibdir. Belə bir şəraitdə tədris metodikasının və pedaqogika elminin simasını özümüz formalaşdırmalıyıq. Pedaqogika üzrə çoxlu dissertasiya müdafiə olunur, bununla belə, elmi araşdırmaların səviyyəsi qeyri-qənaətbəxşdir.” Haqlı iraddır. Bunun həm obyektiv, həm də subyektiv cəbəbləri vardir. Fikrimizcə, bu səbəblərdən biri Azərbaycanda pedaqoji tənqidin bir elm sahəsi kimi formalaşmamışı, onun aparıcı və istiqamətverici qüvvələrinin aşkar edilməməsi, heç bir kəsin pedaqoji tənqidçi sözünün ağırlığını öz üzərinə götürməməsidir. Deyirlər ki, ədəbi tənqid ədəbiyyatın prokurorudur. Bu sözləri pedaqoji tənqid haqqında demək çətindir.
Pedaqoji elmin müəyyən zaman kəsiyində nə ilə nəfəs aldığı, hansı problemləri önə çəkdiyi, hansı istiqamətin aparıcı olduğunu şərh edən yazılar yoxdur. Oxucu rəyinin pedaqoji tənqidi əvəz etməsi faktdır və pedaqogikanın sinxron inkişafı ilə bağlı narahatlıq yaradır. Pedaqoji tənqidlə professionallar məşğul olmalıdır. Elə buna görədir ki, bəzi kitablar haqqında dərc olunan təsviri resenziya və rəylərdə subyektivizmə yol verilir, tənqid meyarları itir, yaxşı ilə pis bir-birinə qarışdırılir, zəif kitab da, uğurlu kitab da nailiyyət kimi qələmə verilir, pedaqoji tənqidin passivliyi nəticəsində aşağı səviyyəli pedaqoji əsərlərin kəmiyyətcə artımı keyfiyyəti üstələyir. Çox hallarda pedaqoji əsərlər obyektiv qiymətləndirilmir, resenziyalar və rəylər dərin elmi təhlildən çox təqdimat xarakteri daşıyır, yersiz təriflərə, lüzumsuz məddahlığa meyil edilir. Bir çox əsərlərdə dərin elmi təhlil yoxdur. Pedaqogikanın nəzəri problemlərindən bəhs edən əsərlərdə bu məsələlər daha çox nəzərə çarpır. Çox zaman əsərlərdə (xüsusilə dissertasiyalarda) mövcud ədəbiyyatı tənqidi surətdə təhlil etmədən, həmin məsələ barəsində əvvəllər söylənilmiş baxışlara istinad etmədən, müqayisələr aparmadan nəticələr çıxarılır. Bir çox əsərlərdə çoxdan məlum olan pedaqoji həqiqətlərdən elə danışılır ki, guya bunlar həmin müəllifin kəşfləridir. Belələri məşhur fizik Paskalın məlum fikrini, nədənsə, unudurlar. O, demişdir: “Heç vaxt elə düşünməyin ki, hər hansı bir fikir birinci sizin ağlınıza gəlibdir”.
Pedaqoji tənqiddə təsviri resenziyaçılıq deyəndə haqqında bəhs edilən əsərlərin sadəcə olaraq məzmununun şərhini nəzərdə tuturuq. Belə yazıların əksəriyyətində forma vahidliyi sanki qorunub saxlanılır: ənənəvi şəkildə əsərin aktuallığından, müasirliyindən, məzmunundan danışılır, ayrı-ayrı fəsillər, bölmələr səciyyələndirilir, yekunda isə o, müəllifin ən uğurlu əsərlərindən biri kimi təqdim olunur. Belə “təhlil” və “tənqidin” isə nə müəllifə, nə də elmə xeyri var. Çox zaman verilən qiymətlər, söylənilən fikir və mülahizələr əslində faktik dəqiqlikdən məhrum olur, bu qiymətlər, fikir və mülahizələr bilavasitə əsərlərin məziyyətindən doğmur. Pedaqoji tənqidin vəzifəsi pedaqogikanın inkişafı üçün münbit zəmin yaratmaqdan ibarətdir və həmin inkişafa təbii ki, sağlam tənqid təsir edə bilər. Sağlam elmi mübahisələr, fikir müxtəlifliyindən doğan müzakirələr pedaqoji elmin inkişafına xidmət etmək istəyindən doğmalıdır. “Fikir azadlığı olduqca tənqidin faydası o olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fikir və rəylərin toqquşmasından haqq yerini tutacaqdır” (M.F.Axundov). Elə buna görə də həmişə pedaqogika elminin inkişafı naminə açıq, prinsipial və sağlam diskussiyaya ehtiyac hiss olunur.
Elmi-nəzəri və praktik əhəmiyyəti az olan məqalə və resenziyalar axınında sönük yubiley məqalələri xüsusi yer tutur. Bu zaman çox hallarda meyar pozulur, pedaqoji prosesə münasibətdə tənqidin qiymət meyarı heç də həmişə eyni dərəcədə yüksək və obyektiv olmur. Hamıya eyni ölçü ilə yanaşılır. Məqalələri oxuyanda seçmək olmur: Azərbaycan pedaqoji fikrinin inkişafında kimin rolu nədən ibarət olmuşdur, kim-kimdən sonra dayanmalıdır. Ona görə də ayrı-ayrı şəxsiyyətlərin elmi xidmətləri obyektiv meyarlarla qiymətləndirilməli, orijinal pedaqoji ideyaları və müəyyən elmi konsepsiyaları olmayan şəxsiyyətlərin müəyyən münasibətlə söylənilmiş fikirləri ilə pedaqoji fikir tariximiz ağırlaşdırılmamalıdır. Pedaqoji fikir tarixinin nəinki səriştəsiz, hətta professional tədqiqatçıları çox zaman Azərbaycan pedaqoqlarını milli zəmindən ayırmağa, onu az qala başqa xalqların yetişdirdiyi pedaqoji fikir klassiklərinin “şagirdi” kimi qələmə verməyə çalışırlar.
Təsdiq, yaxşı mənada tərif həqiqi tənqidin ümumi pafosunu təşkil etməlidir, bu şərtlə ki, inandırsın, sübut etsin. Əgər müəllif təhlil etdiyi əsərin müəllifinin Azərbaycanda pedaqoji elmin inkişafında böyük rolundan bəhs edirsə, orijinal fikir daşıyıcısı kimi qiymətləndirirsə, ancaq bu yüksək fikri təsdiq etmək üçün tutarlı elmi dəlil gətirə bilmirsə, həmin tərif sadəcə söz yığını təsiri bağışlayır.
Son illərdə zəif əsərlərin tənqidin mühakiməsindən kənarda qalması pedaqoji ədəbiyyat nəşrində əlavə problemlər yaratmışdır. Çap olunmuş tədqiqatların heç də hamısı müasir məktəbin tələbatına cavab vermir, çox zaman ümumi xarakter daşıyır: bilavasitə məktəb həyatı, pedaqoji təcrübə və müəllimlə heç bir əlaqəsi olmur, yeniliyin, novatorluğun əlamətləri görünmür.
Pedaqoji tənqidin mühakiməsindən kənarda qalan digər bir məsələ-pedaqoji qüvvə və vəsaitin çoxlu xırda mövzulara səpələnib dağılmasıdır. Nəticədə bir çox mühüm pedaqoji problemlərin həlli ləngiyir, həyata keçirilən tədqiqatların səmərəsi cüzi olur. Pedaqogikanın elə problemləri, spesifik cəhətləri var ki, məhz bunlar üzrə birinci növbədə tədqiqatlar aparılmalıdır. Pedaqogikada xaotik yaradıcılıq pərakəndəliyinin nəticəsidir ki, eyni mövzudan aspirant da, dissertant da, professor da yazır. Meyar itib, mövzunun siqləti, sosial dəyəri, pedaqoji tutumu, tədqiqatçının təcrübəsi, istedadı, təfəkkürü və zəngin həyat müşahidəsi nəzərə alınmır.
Ciddi problemlərdən biri son dövrlərdə pedaqoji əsərlərə biganəlik, zəif maraqdır. Yeni əsərlərin – çap olunmuş kitab və kitabçaların, metodik göstərişlərin böyük hissəsi tanınmış pedaqoq – alimlərin diqqət mərkəzinə düşmür, öz təhlilini tapmır, həqiqi elmi qiymətini almır. Bu səbəbdən çoxlu sayda gərəksiz – elmi və praktik əhəmiyyəti olmayan, məlum fikirlərin bəsit şəkildə təkrarından ibarət “əsərlər” meydana gəlir. Məhdud tirajlı belə əsərlərdə orijinallıq, yeni deyim tərzi, yeni baxış, yeni pedaqoji təfəkkür çatışmır.
Respublikamızın pedaqoji təmayüllü universitet və institutlarında, Təhsil Problemləri İnstitutunda pedaqoji elmlər üzrə hər il xeyli tədqiqat və nəşr işləri hazırlanır. Elmi-pedaqoji və metodik təminata olan ehtiyacın xeyli artmasına baxmayaraq hələ də müəllimlərin metodik təminatına etibarlı zəmanət verəcək vahid fəaliyyət mexanizmi yoxdur. Bu məhsulun ən yaxşı halda 15-20 faizi çap olunub pedaqoji ictimaiyyətə çatdırılır, yerdə qalanlar arxivə verilir. Gərgin zəhmətin məhsulu olan namizədlik dissertasiyalarının taleyi daha pisdir. Dissertasiyalar əsasən bir məqsədə — elmi ad almağa xidmət edir. Bir neçə illik elmi axtarışlar, nəzəri təhlillər, eksperimentlərin nəticələri, nəhayət, ümumiləşdirilmiş fikirlər cildlənib kitabxanaya verilir. Pedaqogika kafedralarında elmi tədqiqat işlərinin planına uyğun olaraq bir problem eyni müəllif tərəfindən bir neçə dəfə “tədqiq” olunur. Təbii ki, belə “tədqiqatların” nə müəllifə, nə də elmə xeyri var. Çap etdirilmiş əsərlər həmin elmi məhsulun cüzi bir hissəsini təşkil edir. Unutmaq olmaz ki, dünya ideya bazarında ən az tapılan ideya pedaqoji ideyadır. Bu ideyalar da özlüyündə işi irəli aparmır. Onu praktiklər – müəllimlər hərəkətə gətirirlər. O qabaqcıl müəllim və tərbiyəçilərin işində zərrəciklər halında olur. Bu zərrəciklər ən yaxşı məktəb və müəllimlərin fəaliyyətinin hərtərəfli və uzun müddətli, dərin və təkrarən, səmərəli və mütəşəkkil surətdə müşahidə zamanı, məktəb sənədlərinin, şagirdlərin yaradıcılıq məhsullarının öyrənilməsi zamanı aşkara çıxarıla bilər. Təbii ki, məktəb təcrübəsinin ümumiləşdirilməsi, klassik irsin mənimsənilməsi pedaqoji elmin tədqiqat imkanlarını genişləndirir, onun metodoloji cəhətdən qüvvətlənməsi üçün təcrübi zəmin yaradır.
Digər bir nöqsan isə az-çox çap olunmuş əsərlərin taleyi, elmi-pedaqoji tövsiyələrin tətbiqi ilə bağlıdır. Elmi-nəzəri fikirlərin, tövsiyələrin nəticəsi ilə maraqlanmamaq kimi anlaşılmaz bir hal yaranmışdır. Külli miqdarda vəsait xərclənir, tədqiqatlar aparılır, onun nəticələri nəşr edilib yayılır, tövsiyələr irəli sürülür, lakin onların müəllimlər tərəfindən necə tətbiq edildiyi, tövsiyələrin həyati olub-olmaması, müvəffəqiyyət qazanıb-qazanmaması məsələləri ilə maraqlanılmır. Deməli, köklü bir pedaqoji problem meydana çıxır: müəyyən dərəcədə pedaqoji tədqiqatların nəticələrinin tətbiqi uçota (hesaba) alınmır, məktəb təcrübəsindən ayrı düşmüş halda fəaliyyət göstərilir.
Belələrinin “yazdıqları” elmi-nəzəri və praktik əhəmiyyəti ilə seçilməyən əsərlər “özündən qabaq öləcək” (professor Ə.Əlizadə). Az-çox qabiliyyəti olan gənc elmi işçilərin əksəriyyəti dərin elmi iş aparmaqdan açıq surətdə boyun qaçırır, namizədlik dissertasiyası müdafiə etdikdən sonra elmdən uzaqlaşaraq yalnız pedaqoji işlə məşğul olmağa üstünlük verirlər. Deməli, bir tərəfdən elmə gələn gənclər düzgün seçilmir, digər tərəfdən müxtəlif obyektiv səbəblər elmi kadr potensialını stabilləşdirməyə imkan vermir.
Akademik Ramiz Mehdiyevin ictimai və humanitar elmlər sahəsində mövcud vəziyyətin analitik təhlilinə həsr olunmuş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsi, fikrimizcə, pedaqogika elminin qarşısında aşağıdakı vəzifələri qoyur:
— pedaqoji elm milli dəyərlərə, qaynaqlara və ümumbəşəri sərvətlərə əsaslanmaqla müstəqil inkişaf etməlidir;
— pedaqoji elmlər sahəsində tədqiqatlar yeni istiqamətdə aparılmalı, fakt və hadisələr müasirlik baxımından təhlilə cəlb edilməli, tarixi həqiqətlər üzrə çıxarılmalıdır;
— milli psixologiyaya, əxlaqi-mənəvi dəyərlərə, milli tərbiyə tələblərinə əsaslanmaqla gənc nəslin təlim və tərbiyə işinin təşkili yolları və üsulları öyrənilməli, tərbiyə problemləri azərbaycançılıq, islam əxlaqi və ümumbəşəri dəyərlər zəminində araşdırılmalı, təhsilin məzmunu milli zəminə yaxınlaşdırılmalı, məktəb və pedaqoji fikir tarixinin aktual məsələləri araşdırılmalı, təhriflər və yanlışlıqlar aradan qaldırılmalı, elmilik və tarixilik prinsipinə ciddi riayət olunmalıdır;
— elmi-pedaqoji tədqiqatların səmərəlilik meyarları işlənilməlidir;
— pedaqogika kursunun strukturu təkmilləşdirilməli,təlim və tərbiyə nəzəriyyəsindəki çatışmazlıqlar aradan qaldırılmalıdır;
— pedaqoji tədqiqatların əsas istiqaməti ümumavropa əməkdaşlıq şəraitində, informasiya mübadiləsi sistemində yaşayacaq, daha rəqabətli iqtisadi mühitə uyğunlaşmağı bacaran, müxtəlif ittifaq, birlik, təşkilatlarla əməkdaşlıq edə biləcək şəxsiyyətin formalaşmasına istiqamətləndirilməlidir;
— pedaqogika məktəbli şəxsiyyətinə məxsus keyfiyyətlərin formalaşdırılmasının imkan və yollarını, prinsip və üsullarını təkmilləşdirməklə yanaşı, ona pedaqoji prosesin və ümumiyyətlə, hər cür fəaliyyətin (bədii, əmək, təlim, fiziki, ictimai və s.) azad subyekti kimi yanaşmalıdır. Belə yanaşma məktəblilərdə fərdi qabiliyyətlərin sürətli inkişafı üçün zəmin yaratdığından əməkdaşlıq pedaqogikasının əsasını təşkil etməlidir;
— müasir dövrdə məktəb təliminin yenidən qurulmasının əsas vəzifəsi ekstensivlikdən (keyfiyyətcə deyil, kəmiyyətcə) intensivliyə (səmərəli, keyfiyyətli) keçməkdən ibarət olmalıdır. Ona görə də təlim-tərbiyənin məqsədi, məzmunu, metodları, forma və vasitələri, yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır.
— pedaqogika elminin məktəb təcrübəsi ilə əlaqəsi genişləndirilməli, inteqrasiyası gücləndirilməli, pedaqogika elmi daim məktəbin nəbzini tutmalı, orada gedən prosesləri təhlil etməli, onların daxili qanunauyğunluqlarını aşkara çıxarmalı, təlim-tərbiyə işinin səmərə və keyfiyyətini yüksəltməyə istiqamət verən elmi tövsiyələr hazırlamalıdır. Pedaqoq-alimlər, psixoloqlar tərəfindən irəli sürülmüş elmi fikirlər, konsepsiyalar konkret metodik tövsiyələrdə ifadəsini tapmalı, məktəblərə çatdırılmalıdır. Pedaqogika elmi təlim-tərbiyə prosesinin sadəcə müşahidəçisi olmamalı, təcrübəni qabaqlamalı, məktəbi yeni elmi ideyalarla təmin etməli, praktikaya dəyişdirici təsir gücünə malik olmalıdır.
— alimlərin yaradıcı əməyi stimullaşdırılmalı, elmi-pedaqoji tədqiqatların keyfiyyətini və son nəticəsini müəyyən edən təsirli və nüfuzlu ekspertiza yaradılmalıdır;
— elmi-tədqiqat işinin daha sistemli və müntəzəm aparılması üçün pedaqoji elmlərin müxtəlif sahələrini və problemlərini əhatə edən mövzular siyahısı hazırlanmalı, pedaqogika mütəxəssisləri tərəfindən müzakirə olunub, bəyənildikdən sonra Respublika Əlaqələndirmə Şurasının perspektiv planına daxil edilməlidir.
- elmi tədqiqat işləri nəşr olunmalı, pedaqoji praktikaya tətbiq edilməli, məktəblər alimlərin yaradıcılıq laboratoriyasına çevrilməlidir;
— Azərbaycan məktəb və pedaqoji fikir tarixinin öyrənilməsi sahəsində yol verilmiş təhrif və saxtalaşdırma halları aradan qaldırılmalı, yeni mənbələr, sənədlər üzə çıxarılmalı, tarixilik və elmilik prinsipinin tələbləri baxımından dərin və obyektiv elmi araşdırmalar aparılmalı, milli sənətə, milli mənəvi sərvətlərə baxış dəyişməli, tarixi hadisələrə tarixi-estetik axardan yanaşılmalı, milli mənafe ön plana çəkilməli, tarixi gerçəkliyə uyğun olaraq Azərbaycan pedaqoji fikri üç kontekstdə (ümumtürk, rus , ərəb və farsdilli) öyrənilməlidir. Tədqiqatlar Cənubi Azərbaycan məktəb və pedaqoji fikrini də əhatə etməlidir. Bunsuz bitkin və bütöv Azərbaycan məktəb və pedaqoji fikir tarixini yaratmaq olmaz. Ermənistandakı Azərbaycan məktəblərinin tarixinin tədqiqində buraxılmış nöqsanlar bizə dərs olmalı, Gürcüstan və Dağıstandakı Azərbaycan məktəblərinin tarixi tədqiqatlara cəlb olunmalıdır;
— tarixi-pedaqoji tədqiqatların səmərəliliyi üçün onların metodoloji funksiyasını, dünyagörüşü istiqamətini qüvvətləndirmək, nəzəri səviyyəni yüksəltmək lazımdır. Belə tədqiqatlar təsvirçilikdən, faktların sadəcə sadalanmasından azad olmalı, ciddi nəzəri ümumiləşdirmələrlə və nəticələrlə səciyyələnməlidir;
— pedaqogika elminin sovet hakimiyyəti illərindəki inkişafına obyektiv mövqedən yanaşılmalıdır. Onu həddən artıq idealizə etmək və inkar etmək elmi yol deyil. Yol verilmiş nöqsanların obyektiv və subyektiv səbəbləri müəyyənləşdirilməli, onların aradan qaldırılması istiqamətində işlər görülməli, sovet məktəb və pedaqogika elminin inkişaf yolu elmi əsasda təhlil edilməli, gələcək məktəbin inkişaf istiqamətləri müəyyənləşdirilməlidir. Pedaqoji elmin daha perspektivli sahələri üzərində tədqiqatlar davam etdirilməlidir.
— klassik pedaqoqların, sələflərimizin və müasirlərimizin fundamental tədqiqləri toplanmalı və nəşr olunmalı, Azərbaycan məktəb və pedaqoji fikir tarixinin oçerkləri və antologiyası işlənib hazırlanmalı, pedaqoji ensiklopediya, pedaqoji lüğət və pedaqogikanın nəzəriyyəsini və tarixini əhatə edən pedaqoji biblioqrafiyalar yaradılmalıdır;
— elmi-pedaqoji kadr hazırlığında xidməti olanların (elmi rəhbər, dissertasiya şurasının üzvləri, opponentlər, ekspert komissiyasının üzvləri, aparıcı müəssisənin rəyini hazırlayanlar və s.) əməyi stimullaşdırılmalıdır;
— tədqiqat prosesində pedaqogika əlaqədə olduğu elmlərin (fəlsəfə, psixologiya, sosiologiya, fiziologiya, kibernetika və s.) imkanlarından keniş istifadə etməlidir. Bu elmlərin nailiyyətlərini nəzərə almadan pedaqogikada yeni elmi fikir söyləmək mümkün deyildir. Çünki tarixən ən böyük elmi yeniliklər müxtəlif elmlərin əlaqəli araşdırılması prosesində aşkara çıxarılmışdır.
Bu mürəkkəb və həm də çətin vəzifələri həyata keçirmək, dövlətin təhsil siyasətini elmi-pedaqoji əsaslarla reallaşdırmaq üçün, pedaqoq və psixoloqların qüvvəsini eyni məcraya yönəltmək məqsədilə müstəqil Pedaqoji Elmlər Akademiyası yaradılmalıdır. Əgər bu mümkün olmasa, onda heç olmasa, pedaqoji tədqiqatlar Azərbaycan MEA-da koordinasiya edilməli, orada uyğun institut və ya şöbə yaradılmalı, pedaqoji-psixoloji elm adamlarının da Respublika Milli Elmlər Akademiyasına seçkisi təmin edilməlidir. Bu kimi dövlət səviyyəli tədbirlər respublikada pedaqoji elmlərin inkişafına səbəb olmaqla yanaşı, yüksək səviyyəli alimlər nəslinin yetişməsinə güclü stimul vermiş olardı.
Fərrux RÜSTƏMOV,
Azərbaycan Dövlət Pedaqoji
Universiteti pedaqoji fakültəsinin
dekanı, pedaqoji elmlər doktoru,
professor
Xalq qəzeti.- 2010.- 7 mart.- S. 6.