“Telli sazın
meydanı” xalqımızın qəlbidir
Respublikanın müxtəlif bölgələrində,
qonşu ölkələrdə yaşayan, qədim ozan xalq sənətini
yaşadan aşıqların Bakı səhnəsində hər
çıxışı paytaxtın mədəni həyatında
həmişə xoş hadisəyə çevrilir,
könüllərdə təravətli, unudulmaz təəssürat
yaradır. Baharın ilk günlərində ölkənin ən
böyük toplantı salonu olan Heydər Əliyev adına
Sarayda Azərbaycan aşıqlarının növbəti
konserti də böyük uğurla keçdi.
“Telli sazın
meydanı” adlı bu saz-söz məclisi bədii tutumuna,
çal-çağıra qoşulan sənətçilərin
sayına və coğrafi dairəsinə görə bu vaxtadək
keçirilən aşıq konsertlərinin ən
böyüyü idi. Milli aşıq sənətinin müxtəlif
üslublarını və nəsillərini əhatə edən
kişi və qadın aşıqlar, telli saz qrupları 4 saata
yaxın bir vaxtda bu ulu xalq yaradıcılığının
ən yaxşı örnəkləri ilə mədəni
irsimizə sıx bağlı olan tamaşaçıları
coşdurdular, heyran qoydular.
Məclisin əvvəlində
aşıq sənəti pərəstişkarlarını hərarətlə
salamlayan Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq
şairi Zəlimxan Yaqub bildirdi ki, min illər əvvəl
olduğu kimi, bu gün də aşıq sənəti
xalqımızın milli-mənəvi dəyərlər
sistemində layiqli yer tutur. Aşıq sənəti
çağdaş mədəni tələbatın rəngarəngləşdiyi,
kütləviləşdiyi bir dövrdə də sevilir, dəyərləndirilir,
qayğı ilə qorunub inkişaf etdirilir. Ulu saz tarixən
xalqımızın ən çətin günlərində
mübarizə, döyüş meydanında olduğu kimi, bu
gün də xalqımızın ağrı-acıları və
sevinci-uğuru ilə nəfəs alır.
Aşıqlar Birliyi
yazın ilk günlərində aşıqların bu sənət
hesabatını təşkil etməklə, əslində,
ölkəmizdə yaxınlaşan Novruz şənliklərinə
start verir. İndi bir səhnədə
çalıb-çağıran bu ünlü sənətçilər
evlərinə dönəndən sonra xalq şənliklərində
fəal iştirak edəcəklər. Onların meydanı
xalqımızın yaşadığı bütün ulu yurd
yerləri olacaq. Nə qədər xalqımız var, o qədər
də telli saz olacaq, onun milli ruhumuzu yaşadan, qidalandıran
ölməz havaları olacaq. Əsrlərin sınağı,
müstəqil dövlətimizin himayəsi və
xalqımızın öz kökünə
bağlılığı milli aşıq sənətimizə
həmişəyaşarlıq qazandırıb.
Sonra meydan telli saza
verildi. O axşam bu nəhəng salonda hər şey sazın
sözünə, səsinə, sehrinə bələndi. Səhnənin
uca yerində asılan iri saz da, bir-birilə bəhsə
girişmiş ustad və istedadlı aşıqların
coşğun ifaları da, susmaq bilməyən alqışlar
da, hətta ifaçıların şərəfinə səhnəyə
gətirilən sazabənzər əklil də Dədə
Qorqud yadigarı saza xalqımızın sonsuz sevgi və
ehtiramını ifadə edirdi.
Konsert Nemət
Qasımlının rəhbərliyi ilə uşaq
aşıq ansamblının ifa etdiyi dövlət himnimizlə
başladı. Balaca aşıqlara qoşulan bütün salon
telli sazın sədaları altında himnimizi oxudu. “Baş
sarıtel”, “Ruhani”, “Döşəmə Koroğlu”, “Dilqəmi”,
“Göyçə gözəlləməsi”, “Göyçə
gülü” kimi ruhumuzun min bir əhvalına sığal
çəkən aşıq havaları, yetkin-bitkin ifalar qədirbilən
tamaşaçıları, sanki, tarixin müxtəlif dövrlərindən
keçirib, yurdumuzun yaxın-uzaq bölgələrindən
dolandırıb bu günümüzə gətirdi.
Abbas Musaxanoğlu, Azər
Xanlaroğlu, Solmaz Kosayeva, Səyyad Pənahov, İlham Aslanbəyli,
Ulduz Sönməz, Zülfiyyə, Həbib Musayev, Zülal Məmmədov,
Firudin Tovuzlu, Telli Borçalı, Səlim Abdullayev, Ədalət
Dəlidağlı, Avdı Musayev, Rakif İsmayılov, Ramil
Qarayev, Əhliman Allahverdiyev və daha neçə-neçə
aşığın barmaqları telli sazın möcüzəsini
dönə-dönə nümayiş etdirdi.
Həmin axşam
aşıq sənətinin müxtəlif üslub və nəsilləri
bir məcrada qovuşub coşğun bir sel kimi
çağladı, sazın ölməzliyini bir daha təsdiqlədi.
Bir daha aydın oldu ki, telli sazın meydanı
xalqımızın qəlbidir.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2010.- 7 mart.- S. 6