Qadın hüquqlarının
etibarlı hamisi
Azərbaycan qadını 8 Mart
Beynəlxalq Qadınlar Gününü ruh yüksəkliyi
şəraitində qeyd edir, layiq olduğu ictimai diqqət və
qayğını məmnunluq duyğuları ilə
qarşılayır. Həmişə sülhün, əmin-amanlığın
fəal carçısı olmuş Azərbaycan
qadınları tarixən ölkə həyatı və taleyi
ilə bağlı ictimai-siyasi proseslərin gedişində
üzərlərinə düşən vəzifələrin
öhdəsindən ləyaqətlə gəlmiş, milli
dövlətcilik mövqeyindən cıxış etmişlər.
Cəmiyyətin sosial-mədəni həyatında və
dövlət idarəetmə sistemində fəal mövqe tutan
qadınlarımız bu gün də respublikamızın
inkişafı, dövlətçilik ənənələrinin
möhkəmlənməsi naminə əllərindən gələni
əsirgəmirlər.
Qadına yüksək hörmət və qayğı Azərbaycan xalqının daxilindən gələn nəcib və ali keyfiyyət olmaqla, tarixən milli mental və dini dəyərlərimizin əsas qayəsini təşkil etmişdir. Xalqımız həmişə qadına, onun cəmiyyət həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmış, onun müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər.
Xatırlatmaq vacibdir ki, Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan insanpərvər siyasətin nəticəsidir. Ümummilli liderin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımların bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır.
1998-ci ilin 14 yanvarında isə ulu öndər Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalamış, bu qurum geniş səlahiyyətlərlə təmin edilmiş, həmin il, eyni zamanda, müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin həmin qurultayda söylədiyi bu fikirlər isə qadınlarımıza verilən ən yüksək qiymətdir. “Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayır”.
Azərbaycan qadınları həmin qurultayla cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etmək, fəallıqlarını artırmaq istəklərini bir daha nümayiş etdirdilər. Qurultayın qərarlarında diqqəti çəkən məqamlardan biri də qadın siyasətinin artıq yetkinləşməsi və gerçəkləşməsi tələbatı olmuşdur. Məhz bu istək və zərurətin nəticəsi kimi ulu öndər Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 3 mart 2000-ci il tarixli fərmanı imzalamışdır. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna diqqətlə nəzər yetirilmiş, respublikamızın mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər səviyyədə təmsilçiliyi təmin edilməlidir. Eyni zamanda, Nazirlər Kabinetinə respublikada gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanların yaradılmasını təmin etmək tapşırığı verilmişdir. Sözügedən fərman dövlət həyatının bütün sahələrində qadınlarımızın öz müqəddəratını təyin etməsinə əlverişli şərait yaratmış, həmçinin gender tarazlığına nail olmaq istiqamətində operativ tədbirlərin görülməsini təmin etmişdir.
Bu siyasəti 7 ilə yaxın müddətdə inamla davam etdirən dövlət başçısı İlham Əliyev qadınların cəmiyyətdə fəal iştirakını, hüquq və azadlıqlarının yüksək səviyyədə təminatını, gender bərabərliyinin qorunmasını insan hüquqları sahəsində həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birinə çevirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.
2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun əsas məqsədi isə kişi və qadınların ictimai həyatın bütün sahələrində bərabər imkanların təmin edilməsi, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir. Konstitusiyamızın 35-ci maddəsinə əsasən, hər bir qadının sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğulliyət və iş yeri seçmək hüququ vardır. Qadınların və 16 yaşa qədər uşaqları olan çoxuşaqlı anaların əmək hüququ və sosial müdafiəsi Konstitusiyadan əlavə Əmək Məcəlləsində, “Məzuniyyətlər haqqında”, “Vətəndaşların pensiya təminatı haqqında” və “Əhalinin məşğulluğu haqqında” və digər qanunlarda əksini tapmışdır.
Ölkə qadınları bu gün cəmiyyətin bərabərhüquqlu üzvü kimi hüquqlarını qorumağa, problemlərini həll etməyə qadirdir. Respublika qadınları hakimiyyətin bütün qollarında, o cümlədən məhkəmə-hüquq və ədliyyə orqanlarında layiqincə təmsil olunur, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən çoxşaxəli siyasətə fəal surətdə dəstək verir.
Bu gün qadınlarımız təkcə xeyirxah və insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalararası mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, elmi-humanitar və mədəni əməkdaşlığının dərinləşməsində genişmiqyaslı işlər görürlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti buna ən bariz sübutdur. Son illərdə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qadın hüquqlarının qorunması, savadsızlığın, dini, irqi ayrıseçkiliyin aradan qaldırılması kimi nəcib bəşəri ideyalar üstünlük təşkil etmişdir.
2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yöndə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva forumdakı dərin məzmunlu çıxışında həmçinin demişdir ki, bu gün qadınları sivilizasiyaların dialoqunda və ümumi məqsədlərə nail olmaq istiqamətində beynəlxalq hərəkatlara fəal cəlb etməyə ciddi ehtiyac yaranmışdır. Azərbaycanın birinci xanımı bütün qadınları mədəniyyətlərin dialoqu və millətlər arasında anlaşmanın inkişaf etdirilməsi istiqamətində birlikdə çalışmağa, sülhün və insanların dinc yanaşı yaşamasının düşmənlərinə qarşı mübarizə aparmağa çağırmışdır. Onun fikrincə, forumda aparılacaq müzakirələr dünyada qadınların qarşılaşdıqları problemlərin həllində mühüm rol oynayacaqdır. Mehriban xanım Əliyeva, eyni zamanda, Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni həyatında daim mühüm rola və mövqeyə malik olduqlarını xüsusi vurğulamışdır: “Bu gün qadınlarımız idarəetmə, hüquq və məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Onlar ölkə üzrə məktəb müəllimlərinin 71, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər. Bu yolu Azərbaycan qadını 90 il ərzində keçmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir. Şərq ilə Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan, beləliklə, gender məsələsində də nümunə ola bilər. Biz qadınları, adətən, iki model ilə üz-üzə qoyurlar. Belə hesab olunur ki, Şərq qadını daha çox ailəyə bağlıdır, Qərb qadını isə cəmiyyətdə yüksək mövqe axtarır. Reallıq isə iki mövqedən də çox-çox uzaqdır. Mən elə hesab edirəm ki, həm Şərq qadını, həm Qərb qadını tarix boyu elə nailiyyətlər əldə edib ki, onlardan biz hamımız faydalana bilərik. Bu yanlış stereotipdən bu məsələdə uzaq olsaq, bu, həm Şərqə, həm də Qərbə kömək edə bilər”.
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm də Azərbaycan qadınının üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasına, onların cəmiyyətdə öz layiqli yerlərini tutmasına yönəlmişdir. Bu fəaliyyət qadınlarımız tərəfindən böyük rəğbətlə, ehtiramla qarşılanır, onların ölkə iqtidarına, Prezident İlham Əliyevə inamını daha da artırır. Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir – xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, insan hüquqlarının qorunması, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva üzərinə götürdüyü çətin, fəqət, xoşməramlı missiyasını layiqincə davam etdirir. Bu fəaliyyəti ilə o, həm də həyatının mənasını insanlara təmənnasız köməkdə, xeyirhax və nəcib əməllərdə axtaran, bəşəriyyətin nicatı, xilası üçün çalışan nəcib insanlarla bir sırada dayanır.
Nigar RƏSULBƏYOVA,
Azərbaycan Respublikası Ali
Məhkəməsinin hakimi
Xalq qəzeti.- 2010.- 7 mart.- S. 4.