Biz daim yeniləşən bir ölkənin vətəndaşlarıyıq

 

Bu inkişafda Heydər Əliyev Fondunun xüsusi xidmətləri var

 

Bu gün hər bir azərbaycanlı bu torpağın övladı olması ilə fəxr edə bilər. Günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikası artıq Cənubi Qafqazda lider ölkə hesab olunur. Fəxrlə deyə bilərik ki, Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında ən islahatçı ölkə kimi tanınır. Bu inkişaf, bu tərəqqi ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu nəticəsidir. Və bu gün Azərbaycanımız ümummilli liderin ideyalarından güc alan möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən, davamlı siyasəti nəticəsində sabaha uğurlu addımlarla irəliləyir.

 

Ölkə həyatının hansı sahəsini götürürsən-götür, orada inkişaf var, tərəqqi var. Bugünkü nəsil son 17 ildə Azərbaycanda həyata keçirilən islahatların canlı şahididir. Azərbaycanın bundan əvvəlki vəziyyətinə nəzər yetirsək görərik ki, son illər ölkəmizdə əsaslı sıçrayışlar baş vermişdir. İqtisadiyyatımız, sosial həyatımız, mədəniyyətimiz, təhsilimiz tamamilə yeniləşmişdir. Əhəmiyyətli olan budur ki, biz müstəqil bir ölkənin vətəndaşlarıyıq və müstəqilliyimiz də ildən ilə möhkəmlənir. Ulu öndərin bu ifadəsini xatırlayıram: “Azərbaycanın müstəqilliyi, əbədidir, dönməzdir”. Cənab Prezidentimiz İlham Əliyev isə bu müstəqilliyi öz davamlı siyasəti ilə daha da möhkəmləndirir.

Azərbaycanda hüquqi, demokratik mühit formalaşmışdır. İndi hər kəs öz hüququnu müdafiə edir, mətbuatda azad fikir söyləyə bilir. Davamlı həyata keçirilən gender siyasəti qadınlarımızın da cəmiyyətdəki roluna müsbət təsir göstərmişdir.

Son illər qəbul olunan dövlət proqramları inkişafımıza əsaslı stimul yaratmışdır. Təkcə təhsil sahəsində 16 dövlət proqramı hazırlanıb həyata keçirilir. Bu isə Azərbaycanın gələcəyi üçün çox vacib olan milli təhsilimizin inkişafına göstərilən yüksək dövlət qayğısının nəticəsidir.

Yoxsulluğun aradan qaldırılması, sahibkarlığın, səhiyyənin və mədəniyyətin inkişafı ilə bağlı qəbul olunan proqramlar cəmiyyətimizin inkişafında əhəmiyyətli rol oynamış və oynamaqdadır.

Biz azərbaycanlıyıq. Bizim zəngin milli-mənəvi dəyərlimiz var və onların qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması dövrümüzün mühüm problemlərindəndir. Bu istiqamətdə reallaşdırılan ardıcıl tədbirlər bir daha təsdiq edir ki, ulu öndərin mədəniyyətin inkişafı ilə bağlı tövsiyələri həyata keçirilir və ölkəmiz artıq sivil mədəniyyət diyarına çevrilmişdir.

Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərini qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun yaradılması 2004-cü ilə təsadüf edir. Həmin il martın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün sərəncam imzalamışdır ki, həmin sərəncamın 12-ci bəndində ictimai əsaslarla Heydər Əliyev Fondunun yaradılmasından bəhs olunurdu. Həmin il mayın 10-da, ulu öndərin ad günündə Heydər Əliyev Fondunun rəsmi açılışı oldu, ölkənin birinci xanımı Mehriban Əliyeva fondun prezidenti təyin edildi. Bu uğurlu təyinat çox keçmədi ki, öz müsbət bəhrəsini verdi.

Həyatımızın hər bir sahəsində Heydər Əliyev Fondunun fəaliyyətinin nəticələrini görürük. Fond məktəblər tikir, xəstələrə sağlamlıq bəxş edir, qaçqın və məcburi köçkünləri evlərlə təmin edir, uşaqlara himayədarlıq göstərir, Azərbaycan tarixi və mədəniyyətinin dünyada təbliği ilə məşğul olur, Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Ən əsası budur ki, fond bu gün dünyaya bir azərbaycançılıq məfkurəsi yayır.

Bu fondun həyata keçirdiyi bəzi layihələrə diqqəti yönəltmək istərdik. Onlardan bir neçəsi təhsillə bağlıdır. Ulu öndər Heydər Əliyev deyərdi: “Azərbaycanın gələcək tərəqqisi, hərtərəfli inkişafı, uşaqların, gənclərin yüksək səviyyədə təhsil almasından çox asılıdır”. Cənab Prezidentimiz İlham Əliyevin bu fikri isə ulu öndərin ideyalarına sadiqliyini bir daha təsdiqləyir: “Təhsil bizim gələcəyimizdir və ölkənin inkişaf perspektivlərini müəyyən edən sahədir”. Arzusu uşaqlarımızın dünyanın ən yüksək standartlarına cavab verən təhsilə yiyələnməsi olan Mehriban xanım Əliyeva fondun xətti ilə “Yeniləşən Azərbaycana – yeni məktəb” layihəsini reallaşdırmağa başlamış və hazırda bu sahədə çox uğurlu nailiyyətlər qazanılmışdır. Ölkəmizin elə bölgəsi yoxdur ki, orada fondun inşa etdirdiyi yeni məktəb, yeni uşaq bağçası tikilməmiş olsun, yaxud məktəblər əsaslı təmir edilməsin. Abşeron, Şamaxı, Lənkəran, Astara, Samux, Kəlbəcər, Gəncə və s. şəhər, rayon mərkəzləri və kəndlərimizdə müasir standartlara cavab verən yeni məktəblərin inşası milli təhsilimizin maddi- texniki bazasının möhkəmləndirilməsində əhəmiyyətli rol oynamışdır.

Bu gün nüfuzlu beynəlxalq təşkilat olan YUNESKO-nun Azərbaycanla əməkdaşlığının genişlənməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın xidmətləri danılmazdır. Artıq bu təşkilatın köməyi və iştirakı ilə milli mədəniyyətimizin qorunması və inkişafı ilə bağlı bir sıra tədbirlər reallaşdırılıb. Azərbaycan həqiqətən dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilmişdir. Heydər Əliyev Fondunun milli mədəniyyət incilərinin mühafizəsi, eləcə də musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi prosesini diqqət mərkəzində saxlaması mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə gözəl töhfədir. “Azərbaycan – İrs” jurnalının nəşri milli mədəniyyətimizin dünyada təbliği işində mühüm rol oynayır.

Qala kəndində yaradılan Arxeoloji Etnoqrafik Muzey Kompleksi də Heydər Əliyev Fondunun dəstəyi ilə istifadəyə verilmişdir. Azərbaycan muğam sənətinin təbliğində Mehriban xanımın xidmətləri olduqca böyükdür. Milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği ilə çoxsaylı layihələr həyata keçirən Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyəti qarşısında ən böyük xidmətlərindən biri musiqi incimiz olan muğamın inkişafı və təbliği ilə bağlı atdığı ciddi addımlardır. “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə nəşri, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir. Bakıda Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi isə muğamsevərlərə çox qiymətli töhfə oldu.

Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar bayramı gəlir. Bu münasibətlə Azərbaycanımızın bütün qadınlarını səmimi qəlbdən təbrik edir, onlara xoş həyat, firavan ömür arzu edirik.

 

 

Mehriban ABASQULİYEVA,

YAP Sabunçu rayon təşkilatının sədri,

tibb elmləri namizədi

 

Xalq qəzeti.- 2010.- 7 mart.- S. 4.