Qadınlar dünyanın təbəssümüdür

 

Biləsuvarda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan bayram tədbirinin hər anı məhz bu təbəssümün işığına bələnmiş, gözlərə-könüllərə özünəməxsus bir aydınlıq yaymış, nur çiləmişdi.

 

Məclisə təşrif gətirən hər kəs özünü sanki ən əziz, ən sevimli adamının ad günündəki, şad günündəki kimi hiss edir, ürəkdən fərəhlənir, zərif və gözəl varlıqların ünvanına səslənən tərifli sözlərə, qanadlı fikirlərə ortaqlığını baxışları ilə, alqışları ilə göstərirdi. O gün elə bil ki, bir etiraf məclisi qurulmuşdu. Ana-bacılara, ömür-gün sirdaşlarına, tale yoldaşlarına məhəbbət, fəxarət, sədaqət etirafları o qədər səmimi idi ki, kimsənin zərrəcə şəkk eləməsinə yer qalmırdı. “Zirvə” sarayının Şərq zalında adına bayram süfrələri açılan qadınlarsa layiq olduqları zirvədə xalqa-millətə başucalığı gətirmələri və qoca Şərqi şərəfləndirmələri ilə qürur duyurdular.

İcra hakimiyyətinin başçısı Adil Məmmədovun ürəyi lap dolu idi. Çıxışında dünyaca şöhrət, hörmət-izzət, şəfqət və ləyaqət sahibi olan Mehriban xanım Əliyevanın şəxsində çağdaş Azərbaycan qadınının YUNESKO və İSESKO kimi mötəbər beynəlxalq qurumlara xoş məramlı səfir seçilməsini, bu yaxınlarda isə Fransa kimi bir dövlətin “Şərəf Legionu” ordeninin zabit dərəcəsinə layiq görülməsini böyük şərəf və qabiliyyət örnəyi kimi dəyərləndirən natiq baharın ilk bayramının məhz bahar büsatlı, çiçək xilqətli dünyadaşlarımıza aid olduğunu vurğuladı. O dedi ki, həyatımızda qadınların yerinin ilbəil artmasını elə Biləsuvarın timsalında da aşkar görmək olar. Bu rayonda əhalinin yarıdan çoxu- 45,4 mini qadınlardır. Onlar abadlıq, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışanların yetmiş faizini təşkil edirlər. Beş məktəbin, on uşaq bağçasının, dörd idarənin müdiri qadınlardır. Dekabrda keçirilmiş bələdiyyə seçkilərində yerli özünüidarə orqanına üzvlüyə otuz qadın seçilib və onlardan ikisi bələdiyyə sədridir. Həyatımızın bütün rahatlıqlarına – evlərimizin biş-düşünə, əyin-başımızın səliqə-sahmanına, qapı-bacamızın, şəhərimizin təmizliyinə, ətrafımızın gül qoxusuna, gül balalarımızın gündəlik çəkilən qayğılarına görə məhz səbrli, dözümlü, yorulmaz qadınlarımıza borcluyuq. Onlar ömrümüzün təbəssümüdür.

Sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin adından qadınların böyük bir qrupuna fəxri fərmanlar və çiçək dəstələri təqdim edildi. Şəhid analarına və xanımlarına hədiyyələr verildi.

Rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyətçiləri məclisə məxsusi rəng qatdılar. İstedadlı müğənnilər İradə İsayeva, Böyükağa Cavadov, Babək Kərimov, Əzizgül Xudaverdiyeva, Arzu və Seymur dueti, özü balaca olsa da, dam dolusu səsi-sədası olan Əfsanə və başqaları qadınları vəsf eləyən gözəl mahnılar oxudular. Yeniyetmə xoreoqrafların ifasında təqdim olunan bal rəqsləri onlara ilk tamaşaçı alqışları qazandırdı.

Şəhər 4 saylı orta məktəbinin direktoru Əli Əliyev rəhbərlik etdiyi təhsil ocağı pedaqoqlarının mütləq əksəriyyətinin qadınlardan ibarət olduğunu söylədi və onların timsalında bütün qadınları bayram münasibətilə təbrik edib ən xoş arzularını çatdırdı. Rayon Qadınlar Şurasının sədri Xalidə Ağayeva və şəhər 6 saylı orta məktəbinin gənc müəllimi Nigar Sevdiyeva ürək sözlərini ifadə elədilər, daimi diqqətə, qayğıya görə ölkə rəhbərliyinə hədsiz minnətdarlıqlarını bildirdilər.

Qadınlar, qızlar şən musiqi təranələri ilə qol qaldırıb süzdülər, deyib güldülər, şənləndilər. Bayram iştirakçıları dəqiqələrin, saatların unudulmaz bir məclisin şirinliyində necə əridiyini bilmədilər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 7 mart.- S. 4.