Qadınlarımızın cəmiyyətdə fəal iştirakı üçün hər cür şərait yaradılıb

 

Bəşər sivilizasiyasının yaranması və inkişafında, müasir səviyyəyə çatmasında kişilərlə bərabər qadınların çox böyük rolu və xidmətləri olmuşdur. Bu bir faktdır ki, insan həyatının elə bir sahəsi yoxdur ki, qadınların fəaliyyəti olmadan orada yüksək nailiyyətlər, yadda qalan uğurlar qazanılmasın.

 

Cəmiyyətin və müstəqil dövlətçiliyimizin inkişafında, həmçinin ailə səadətinin bərqərar olunmasında qadın dünyasının özünəməxsus xidmətləri var. Qadınlarımız ölkənin həm siyasi, həm iqtisadi, həm də mədəni həyatında çox fəal rol oynayaraq müstəqil dövlətimizin beynəlxalq aləmdə daha böyük nüfuz sahibi olması üçün bütün imkanlarından səmərəli istifadə etmişlər. Bu gün müstəqil Azərbaycanın dünya miqyasında söz sahibi olmasında qadınlarımızın əməyi xüsusilə qeyd olunmalıdır.

Qadınlarımızın cəmiyyətdə yeri və rolu, onların ictimai həyatda fəal iştirakı daim diqqət mərkəzində olmuşdur. Bu, bir tərəfdən mövcud ictimai-siyasi şəraitlə bağlıdırsa, digər tərəfdən onlara dövlətin, dövlət başçısının göstərdiyi münasibətdən asılıdır.

Bir qədər keçmişə nəzər salsaq, bir daha şahidi olarıq ki, Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində qadınların xüsusi fəallığı diqqəti cəlb edib. Kəşməkeşli tarixə malik olan xalqımızın başına gətirilən müsibətlərdə, müharibə və döyüşlərdə qadınlarımız da kişilərlə bərabər qəhrəmanlıq nümayiş etdirmişlər. Bununla bərabər qadınlarımız bilik və bacarıqlarını dövlət quruculuğu prosesində reallaşdıraraq müstəqilliyimizin əbədi və daimi olmasında yüksək fəallıq göstərmişlər. Onlara etimad edilən işin öhdəsindən layiqincə gələrək ölkəmizin demokratiya yolunda inkişafına təkan vermişlər. Ulu öndər Heydər Əliyev qadınların əməyini, dövlətçiliyin inkişafındakı rolunu yüksək qiymətləndirərək demişdir. “Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək üçün, realizə etmək üçün yaranan imkanların nəticəsidir. Məhz ona görədir ki, dövlət orqanlarında qadınlar çox müvəffəqiyyətlə işləyirlər”.

Ümummilli lider Heydər Əliyev qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə 1998-ci il yanvarın 14-də “Qadın Problemləri üzrə Dövlət Komitəsi”nin yaradılması barədə fərman imzaladı. O vaxt MDB-nin bir çox ölkələrində hələ belə bir komitə yaradılmamışdı. Bu komitənin yaradılması qadınlarımızın ictimai-siyasi həyatdakı fəallığını daha da artırdı. Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən, yarımçıq qalmış ideyalarını həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev “Qadın Problemləri üzrə Dövlət Komitəsi”nin bazasında “Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi” yaradaraq qadınlarımızın cəmiyyətdəki fəallığının genişləndirilməsinə, daha da artırılmasına əlverişli şərait yaratdı. Son illər ölkəmizdə baş verən sosial proseslər, sosial-iqtisadi sferadakı islahatlar qadınlarımızın ictimai-siyasi həyatda rolunu xeyli canlandırmışdır. Dövlət siyasətinin müxtəlif istiqamətlərində – təhsil, səhiyyə, məşğulluq, dövlət işlərinə cəlb olunmaları onların siyasi rolunu bir qədər də gerçəkləşdirdi. Ölkəmizin demokratiya yolunda inamla irəliləməsinə və beynəlxalq aləmdə yadda qalan uğurlar qazanılmasında qadınlarımızın fəaliyyəti yüksək qiymətləndirilir. Mən Azərbaycan qadınlarının lideri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki rolunu xüsusi qeyd etmək istərdim. Azərbaycan mədəniyyətinin, incəsənətinin, xüsusilə də muğamımızın dünya miqyasında yayılmasında və tanınmasında onun yorulmaz fəaliyyəti sözün həqiqi mənasında təqdirəlayiqdir. Mehriban xanımın mötəbər beynəlxalq qurumların tribunalarından müxtəlif xarici dillərdə məruzələr etməsi Azərbaycan qadınının hansı biliyə, hansı qabiliyyətə və siyasi düşüncələrə malik olmasından xəbər verir. Bununla yanaşı, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz və incəsənətimizlə daha yaxından tanış olmaq üçün Bakıda bir neçə nüfuzlu beynəlxalq konfransın keçirilməsini də xüsusi qeyd etmək vacibdir. Çünki bu tədbirlərə gələn xarici ölkə nümayəndələri həm də Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı törətdikləri vandal aktları ilə yaxından tanış olur, torpaqlarımızın 20 faizinin işğalı nəticəsində bir milyondan artıq soydaşımızın məcburi köçkün halına düşmələrinin şahidi olurlar. Onu da qeyd edim ki, Mehriban xanımın yüksək siyasi fəallığı mötəbər beynəlxalq qurumların da diqqətindən yayınmamış və o, həmin təşkilatların ali mükafatları ilə təltif olunmuşdur. Bu günlərdə Mehriban xanım daha bir ali mükafata layiq görülmüşdür. Azərbaycanın birinci xanımı ictimai, mesenantlıq fəaliyyətinə, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələrə görə Fransa Prezidentinin sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif olunmuşdur.

Qadınlarımızın beynəlxalq aləmdəki siyasi fəallığından söhbət açanda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın da rolu xüsusi qeyd olunmalıdır. Onun təşkilatçılığı ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası beynəlxalq aləmdə böyük əks-səda doğurmuş, dünya ictimaiyyəti erməni vəhşiliyi və qəddarlığı ilə daha yaxından tanış olmuşlar. Bu faktın özü bir daha təsdiqləyir ki, yetişən gənc nəsil arasında öz siyasi baxışları, geniş dünya görüşü ilə beynəlxalq miqyaslı hadisələrə təsir etmək imkanına malik qadınlarımız var. Biz bununla fəxr edirik.

8 Mart qadınlarımızın həyatında ən əlamətdar gündür, onların əziz bayramıdır. Bu bayram bütün yer üzündəki qadınların bayramıdır. Bu münasibətlə bütün bacılarımızı təbrik edirəm. Arzu edirəm ki, hər bir evdən qadın səsi, qadın gülüşü eşidilsin, hər bir ailədən qadın nəvazişi heç vaxt əskik olmasın, çünki qadın ailənin yaraşığıdır, qurucusudur.

 

 

Sona MƏMMƏDBƏYOVA,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

mətbuat xidmətinin rəhbəri, filologiya elmləri namizədi

 

Xalq qəzeti.- 2010.- 7 mart.- S. 3.