Qadınlar həyatın
mənası, bəzəyi
və əbədi gözəlliyidir
Ülvilik, zəriflik və gözəllik rəmzi
olan qadın adı, ana adı ölkəmizdə həmişə
uca tutulmuşdur. Azərbaycan qadını bütün
dövrlərdə öz istedadı, zəkası, iradəsi
və əzmi ilə milli - mənəvi dəyərlərimizin
qorunub saxlanması və yaşadılmasında müstəsna
xidmətlər göstərmişdir.
Tariximizin və mədəniyyətimizin
neçə-neçə şanlı, parlaq səhifəsi məhz
onun adı ilə bağlı olmuşdur. Azərbaycan
qadını dünyaya bəşəriyyətin mədəni
fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər,
görkəmli elm və sənət adamları,
tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın
təfəkküründə ana məfhumu doğma yurdun, Vətən
torpağının təcəssümüdür. Ötən
əsrdə qadın hüquqlarının qazanılması və
qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan
qadını bu gün artıq ölkəmizin ictimai-siyasi,
iqtisadi, mədəni həyatının fəal
iştirakçısıdır. O, taleyüklü milli məsələlərin
həllinə sanballı töhfələr verir. Dövlət
quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu
gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında
sıx birləşən xalqımızın və cəmiyyətimizin
bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət,
səhiyyə və digər sahələrdə
qazandığı nailiyyətlər Azərbaycan
qadınının çox böyük potensiala malik
olduğunu zaman - zaman təsdiq etmişdir.
Bəşəriyyət
tarixində ən əlamətdar günlərdən biri olan 8
Mart Beynəlxalq Qadınlar Günü bayram kimi ilk dəfə
Romada keçirilsə də indi hər il müxtəlif
dünya dövlətlərində, eləcə də
respublikamızda təntənəli şəkildə qeyd
olunur. Əvvəllər yalnız qadınlar günü kimi
tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı
tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar
Günü olaraq qeyd edilir. Bineyi - qədimdən Azərbaycanda
qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş,
ana həmişə müqəddəs olmuş, namus, qeyrət
rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur
sərkərdə, istedadlı şair və sənətkar
qadınlarımızın adları çoxəsrlik
tariximizin səhifələrinə qızıl hərflərlə
yazılmışdır.
Ulu öndər Heydər
Əliyevin imzaladığı “Azərbaycan Respublikasında
Dövlət qadın siyasətinin həyata keçirilməsi
haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə
əlaqədar olaraq aparılan uğurlu işlər belə
statistik nəticəyə gəlməyə əsas verir ki,
respublikada qadınların təhsil, məşğulluq,
sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə
təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən
getdikcə yüksələn xətt üzrə inkişaf
edir. Zaman keçdikcə, bütün dünyada olduğu
kimi, Azərbaycan cəmiyyətində də qadının
rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın
fəal iştirakçısına çevrilir. Taleyüklü
məsələlərin həlli yönündə qərar
vermək səlahiyyəti əldə etməklə bu
günün lideri rolunu oynayır.
Müasir dövrdə
qadınlarımız müstəqil Azərbaycanın
inkişafına öz dəyərli töhfələrini
verir, beynəlxalq qadın hərəkatında fəal
iştirak edirlər. Azərbaycanın dahi oğlu,
ümummilli lider Heydər Əliyev qadınların bu xidmətlərini
– gənc nəslin sağlam, vətənpərvərlik ruhunda
böyüməsində sərf etdikləri əməyi
yüksək qiymətləndirir, onlara daim böyük diqqət
və qayğı göstərirdi. Ulu öndərimiz deyirdi:
“Qadınlar bir belə əziyyət çəkərkən nə
istəyirlər? Sadəcə onlara diqqət, qayğı və
ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də,
qayğı da müxtəlif formalarda ola bilər. Ancaq
kişilər gərək qadınları həmişə
yüksəkdə görsünlər, qadınlara gərək
xüsusi hörmət etsinlər, qadınlara diqqətlə
yanaşsınlar”.
8 martın
qadınların bayramı olduğuna görə onlar məhz
bu gün daha çox diqqətə, qayğıya ehtiyac
duyurlar. Qadın övlad yanında ana olur, bacı-qardaş
yanında bacı olur, həyat yoldaşı, ər
yanında, qeyrətli kişi yanında və qayğı əhatəsində
qadın olur – zəif, zərif, gözəl qadın... Qadınları
qayğısız, diqqətsiz qoymayın, kişilər!
Çünki bütün qadınlar həmişə mənəvi
dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə
ehtiyac duyurlar.
Qadınlar xarakter
baxımından bir-birinə bənzəməz: – zəifi
olur, güclüsü olur. Onları birləşdirən yeganə
bir ad var – ana adı! Qadınlar fərqli olsalar da analar fərqli
olmur: istəkləri, arzuları, sevinc və kədərləri
ilə bir-birlərinə bənzəyirlər. Bütün
analar övlad yolunda hər cür cəfaya hazır olur:
gözlərinin nurunu, saçlarının rəngini, gecələr
yuxusunu balasından əsirgəmir. Balası güləndə
gözləri gülən, ağlayanda gözlərindən
leysan tökən analar, halımıza yanan,
yaşımızdan asılı olmayaraq hər an
aradığımız, soraqladığımız analar! Nə
yaxşı ki, sizlər varsınız!
Ümummilli lider Heydər
Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə
bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün
bayramlar içərisində ən gözəl bayramdır. Çünki
bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində
qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca
onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat
yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri
bütün başqa xidmətlərlə yanaşı, ona
görə ən yüksək qiymətə layiqdirlər ki,
onlar anadırlar...”
Bu gün ümummilli
lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan
Respublikasında Dövlət qadın siyasətinin həyata
keçirilməsi haqqında” fərmandan irəli gələn
məsələlərin həlli Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar
ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə
çalışırlar. Bu gün Azərbaycanın birinci
xanımı, YUNESKO-nun və İSESKO-nın xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər
ölkəmizdə, istərsə də vətəndən
uzaqlarda öz işi, bacarığı və əvəzsiz
keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən
yüksək səviyyədə təmsil edir və Azərbaycan
qadınının nələrə qadir ola biləcəyini
gördüyü işlərin sanbalı ilə sübut edir.
Təkcə bu gün
yox, sabah da, o biri gün də – daim üzünüz
gülsün, əziz xanımlar! Sizi həmişə zərif
görmək istəyirəm. Qadın adını, ana
adını və şərəfli nənə adını
daşımağı hər bir azərbaycanlı xanıma
arzu edirəm. Çünki onlar buna və bundan da yüksək,
ali mənsəbə, hörmətə və məhəbbətə
layiqdirlər. Unutmamalıyıq ki, bəşəriyyətin
yarıdan çoxunu təşkil edən qadınlar, analar –
bu zərif məxluqlar həyatın mənası, bəzəyi
və əbədi gözəlliyidir.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2010.- 7 mart.- S. 3.