Ustaddan yadigar

 

Mart yazın nübar ayıdır. Gül-çiçək, xeyir-bərəkət fəslidir. İlin bu çağında doğulanlar təbiətən romantik olurlar. Qəlbini, taleyini sözə, musiqiyə bağlayırlar. Və çox vaxt da bu yolu tutur, ömrün mənasını bu yolda görürlər. Bahar ünvanlı sənətkarlardan biri də qəlbən sevdiyim, xatirəsini uca tutduğum mahir qarmon ifaçısı Fərman Nəzərov idi.

 

Qəlbi yaradıcılıq eşqi ilə döyünən insanlar bəzən çox yaşamırlar. Fərman Nəzərov da istisna olmadı. Cəmi 59 il yaşadı. Bu ömrün yarısından çoxunu pedaqoji fəaliyyətə — İ.Əbilov adına Mədəniyyət Mərkəzindəki dərnəkdə gənclərə qarmon sənətinin öyrədilməsinə sərf etdi. Bu gün Fərman Nəzərovu, ola bilsin ki, gənc nəsil bir o qədər də tanımasın. O heç vaxt ekran-efirə can atmayıb. Lakin sənət dünyasında kifayət qədər tanınıb seçilib. Dövrün ən populyar ifaçı və xanəndələri ilə yaradıcılıq əlaqələri saxlayıb. Əbülfət Əliyev, Habil Əliyev, Arif Babayev, Ağaxan Abdullayev, Teymur Mustafayev və digər ustad xanəndələri öz ecazkar muğam ifaçılığı ilə müşayiət edib, onların alqışını qazanıbdır. Milli musiqimizdə qarmon sənətinin korifey ifaçılarından sayılan Teyyub Dəmirov, Məmmədağa Ağayev, Abbas Abbasov kimi ustadların ifalarına bağlılığı onun bu yolun davamçısı kimi tanınmasına səbəb olmuşdur.

Başqa cür də ola bilməzdi. Gözünü açanadan atası Mütəllim kişinin evində dövrün tanınmış sənət adamlarının bir çoxunu görüb tanımış, çal-çağırlarının şahidi olmuşdu. Atası dövrün tanınmış ziyalılarından olub. Bir həkim kimi Suraxanı rayonunda onu tanımayan yoxdur, çox böyük xətir-hörməti vardı. Qapıya, necə deyərlər, dava-dərmana gələni naümüd qaytarmazdı. Musiqiyə, xüsusən də muğama olan xüsusi rəğbəti sayəsində bir çox ustad xanəndə və ifaçılarla dostluq əlaqəsi saxlamış, onları evinin qonağı etmişdi. Belə sənət adamlarından biri də Azərbaycanın ən mahir qarmon ifaçısı Teyyub Dəmirov idi. Belə görüşlərin sayı çox olsa da, onlardan yadigar qalan balaca Fərmanın ad gününə ustadın hədiyyə etdiyi qarmondur.

O gün sevincdən uçmağa qanadı olmayan balaca Fərman az bir zamanda qəlbən qarmona bağlanır. Teyyub Dəmirovu dinlədikcə, onun kimi çalmağa səy göstərir. İlk gündən ustadın özünün bəstələdiyi “Dilşadı”, “Bəxtəvəri”, “Solmazı” havalarını öyrənir. Muğam ifaçılığında yaradıcılıq improvizələrinin səciyyəviliyini nəzərə almaqla T.Dəmirovun melodik sisteminin orjinallığını, ifaçılıq məziyyətlərini olduğu kimi qoruyub saxlamağa çalışır. Fərman Nəzərovun qarmon ifaçılığında qazandığı uğurlar onu əvvəlcə mədəniyyət evinə, daha sonra isə musiqi məktəbinə gətirdi.

Qarmon müəllimi Əyyub Babayev Fərman Nəzərovun ifasını dinləyərək bacarıq və qabiliyyətinə çox yüksək qiymət verib sənətdə daha da püxtələşməsinə şərait yaradır. Əvvəlcə məktəb, sonra rayon tədbirlərində, kəndin, dost-tanışın xeyir işlərində tez-tez çıxış etdiyindən populyar qarmon ifaçısı kimi tanınır. Çaldığı muğam və oyun havalarında Teyyub sənətini, onun ifaçılıq üslubunu olduğu kimi saxlamağa çalışır. Çoxları kimi Fərman Nəzərovun böyük səhnəyə gəlişi də bədii özfəaliyyətdən başlayır.

Bir çox müsabiqə və festivalların qalibi olmuş Fərman respublikanın bir çox aparıcı musiqi kollektivlərinə dəvət alsa da, pedaqoji fəaliyyətə üstünlük verir. Teyyub sənətinin gözəlliyinin, ülviliyinin, ölməzliyinin təminatını bu sənətin gənc nəslə öyrədilməsində görür. Bu səbəbdən də 1967-ci ildən İ.Əbilov adına Mədəniyyət evində qarmon sənətinin tədrisinə başlayır. Ən böyük arzusu isə vaxtıilə Teyyub Dəmirov əsərlərinin nota köçürülməsi sahəsində yarımçıq qalmış işlərin tamamlanmasına, bir də Azərbaycan bəstəkarlarının qarmon ilə orkestr üçün əsərlər yazmasına nail olmaq idi. İlk gündən mədəniyyət evi nəzdində qarmonçalanlar ansambılı yaradır. Bir təcrübəli pedaqoq kimi dərs dediyi uşaqlara bu sənətin incəliklərini daha dolğun, daha asan mənimsətmək üçün özünün xüsusi proqramını hazırlayır. Bu proqramın əsasını muğam və milli oyun havaları təşkil edir. Məhz bu səbəbdən də mədəniyyət evinin əksər uşaqları Fərman müəllimin tələbəsi olmağa çalışırdılar. O, məktəbdə nə qədər ciddi və tələbkar idisə, evdə, dərsədn kənar vaxtlarda bir o qədər şən və zarafatcıl idi. Boş vaxt tapan kimi istər evdə, istərsə də dost-tanış yanında qarmonu dizinə alıb öz həzin, bir az da kövrək ifasıyla dağı arana, aranı dağa daşıyardı. Xəyalən bizi də öz gözəl ifasıyla o illərə aparardı. Bu sənətin ölməzliyinə, yaşamına görə də biz bu sənət fədaisinə minnətdar olmalıyıq.

Yaradıcılığının məhsuldar bir vaxtında 2006-cı ilin baharında 59 yaşında dünyanı tərk etdi. Bir yaz səhəri dünyaya göz açmışdı, elə yaz səhəri də onu tərk etdi. Lakin hər kəsin qəlbini, könlünü riqqətə gətirən “Zabul”u, “Hümayun”u, “Dilkəş”i, dünya durduqca Fərmanın xatirəsini onu yaxından tanıyanların — həyat yoldaşı Ədilə xanımın, ən başlıcası isə nəvəsi, bu sənətin yeni davamçısı olan balaca Fərmanın qəlbində əbədi yaşadacaqdır. Ruhun şad olsun.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2010.- 10 mart.- S. 7.