İstedadlı iqtisadçı alim bacarıqlı təşkilatçı

 

Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

“... Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir”. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sözlərini Azərbaycan alimləri sırasında özünəməxsus yer tutan iqtisad elmləri doktoru, professor Natiq Qasımova da şamil etmək olar. N. Qasımov hər bir soydaşımıza örnək olası şərəfli bir ömür yaşayır: müəllim adına ucalıq, şərəf gətirmiş mərhum əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, “Şöhrət” ordenli, Yazıçılar İttifaqının üzvü Əbülfəz (“Bərəkət”) müəllimin və Validə xanımın ailəsində boya-başa çatmış, valideynlərinin şəxsi nümunəsi və zəhmətsevərliyi həyat yolunda ona yol göstərən çıraq olmuş, uşaq yaşlarında qəlbində biliyə və yeniliyə sonsuz həvəs oyatmışdır.

 

N.Qasımov 1960-cı ilin mart ayının 19-da Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Aqrar Universiteti) iqtisadiyyat fakültəsini və 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) fərqlənmə diplomları ilə bitirmiş, iqtisadçı-təşkilatçı və politoloq ixtisasları almışdır.

Natıq müəllim elmə sıx bağlı insandır. O, 1986-cı ildə iqtisad elmləri namizədi dərəcəsini müdafiə etmiş, 1996-cı ildə dosent elmi adı, 1998-ci ildə iqtisad elmləri doktoru dərəcəsini almışdır. 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən N.Qasımova professor elmi adı verilmişdir.

N.Qasımovu başqalarından fərqləndirən bir cəhət isə budur ki, onun elmi fəaliyyəti əmək fəaliyyəti ilə sıx çulğalaşmışdır. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan ETKT İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi kimi başlayan N.Qasımov çox qısa müddətdə özünün potensialını ortaya qoya bilmiş, ona müvafiq vəzifələr tapşırılmışdır. Təsadüfi deyil ki, əmək fəaliyyətinin bir hissəsi məhz elmlə bağlı olan sahələrin payına düşür. N.Qasımov 1988-1993-cü illərdə Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, 1993-1994-cü illərdə “Azəryeyintisənaye” Elmi-Tədqiqat İnstitutunun direktoru, 1994-1996-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin baş idarə rəisinin müavini, 1996-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dosent, professor, 1998-2000-ci illərdə Əmək və Sosial Problemlər üzrə ET və Tədris mərkəzinin direktoru vəzifəsində işləmişdir. Elmi-tədris fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə N.Qasımov 1998-cü ildə Beynəlxalq İqtisadçılar İttifaqının və 2004-cü ildə Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü seçilmişdir.

Natiq Qasımov əmək fəaliyyətinin son illərini vergi sistemi ilə bağlamışdır. O, 2000-2001-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarəsi rəisinin birinci müavini vəzifəsində çalışmışdır. Əmək fəaliyyətində əldə etdiyi nailiyyətlər ölkə rəhbərliyi tərəfindən də qiymətləndirilmişdir. Belə ki, N.Qasımov ulu öndərimiz Heydər Əliyevin 17 yanvar 2002-ci il tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2005-ci il tarixli sərəncamı ilə N.Qasımova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilmişdir.

N.Qasımov vergi sistemində Azərbaycan təcrübəsinin öyrənilməsi və təbliği sahəsində fəal iştirak edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və inkişafımızın müasir mərhələsində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin fəal təbliğatçısı və tədqiqatçısı kimi onun səmərəli fəaliyyəti də təqdirəlayiqdir. O, 100-dən çox elmi-praktiki əsərin müəllifidir və onlardan 45-i müxtəlif ölkələrdə çap olunmuş monoqrafiya, kitablar və məqalələrdir.

Müəllifi olduğu “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “İpək yolu bəşəriyyətin tərəqqi yoludur”, “Ərzaq təhlükəsizliyi problemləri”, “Azərbaycanın sosial inkişafında islahatların rolu”, “Azərbaycanda bazar münasibətləri şəraitində sosial problemlər”, “Heydər Əliyev və sosial-iqtisadi islahatlar”, “Azərbaycanda bazar iqtisadiyyatına keçid şəraitində vergi sistemi”, “Vergi sisteminin təkmilləşdirilməsi davamlı prosesdir”, “Azərbaycan Respublikasının vergi sisteminin inkişaf problemləri”, “Vergi siyasətinin beynəlxalq standartlar səviyyəsinə qaldırılması dahi öndərimiz Heydər Əliyevin xidmətidir”, “Heydər Əliyevin vergi konsepsiyası və onun psixoloji əsasları”, “Müasir vergi sisteminin formalaşdırılmasında Heydər Əliyevin rolu əvəzedilməzdir”, “Azərbaycan və dünya: iqtisadi inteqrasiya məsələləri”, “Milli iqtisadi modeldə vergi sisteminin formalaşması və onun inkişaf strategiyası”, “Azərbaycan beynəlxalq sistemə sıx inteqrasiya edir”, “Müasir iqtisadi şərait yeni yanaşma tələb edir”, “Ölkənin iqtisadiyyatı inkişaf etdikcə vergi islahatları da davam etdiriləcək”, “Beynəlxalq təcrübəyə əsaslanan milli vergi sistemi təkmilləşdirilməkdədir” və s. kimi ciddi tədqiqat əsərləri ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Bu yaxınlarda dərc olunmuş vergilərə dair son dövrlərin dəyərli əsərlərindən olan “Vergilər Nazirliyi — 10 il” kitabının işıq üzü görməsində də Natiq Qasımovun təşəbbüsü və böyük əməyi olmuşdur.

Respublikanın tanınmış iqtisadçılarından olan professor Natiq Qasımov, ümumiyyətlə, son on beş il ərzindəki fəaliyyətini bütünlüklə Heydər Əliyev modelinin ayrı-ayrı elementlərinin tədqiqinə həsr edən, bu mövzuda ardıcıl olaraq müxtəlif beynəlxalq səviyyəli elmi-praktiki konfrans, simpozium, seminarlarda və nəşrlərdə çıxışlar edən tədqiqatçılarımızdandır. O, bilavasitə respublikada bir neçə konfrans və seminarın təşkilatçısı olub.

N.Qasımov həm respublikada, həm də MDB və Avropa dövlətlərində keçirilən beynəlxalq məclislərdə Azərbaycan iqtisadiyyatının inkişafı, vergi sistemində həyata keçirilən islahatların tətbiqi haqqında çıxışlar etmişdir.

Mərhum atası Əbülfəz (Bərəkət) Qasımovun müəllifliyi ilə 2009-cu ildə dərc olunmuş “Yeni əsrin yeni lideri” kitabının məsləhətçisi olan N.Qasımov ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev barədə yazdıqlarını daim örnək gətirir. Qeyd edək ki, bu dəyərli kitab böyük oxucu kütləsi toplamışdır.

Natiq müəllim müdrik, özündən çox başqaları haqqında düşünən, mərd, səbirli, intizamlı, öz üzərində müntəzəm çalışan ziyalı kimi daima yeniliyə, həyatın tələbatına uyğun meyl göstərən, həmişə mütaliə edən iqtisadçıdır. O, öz təvəzökarlığı, müsbət əxlaqi keyfiyyətləri və elmi-praktiki biliyi ilə iqtisadçılar ordusu arasında layiqli yerini daim tutmaqdadır.

Son dərəcə səmimi, mehriban və eyni zamanda tələbkar olaraq heç kimdən köməyini əsirgəməyən qayğıkeş dost Natiq müəllimin 50 illik yubileyi ərəfəsində onu ürəkdən təbrik edir, uzun ömür, həyatda ən şirin nemət olan cansağlığı, şəxsi həyatda səadət diləyirik!

 

 

Asəf NADİROV,

akademik

 

Ziyad SƏMƏDZADƏ,

akademik

 

Xalq qəzeti.- 2010.- 10 mart.- S. 6.