Azərbaycanda narkotiklərin
qanunsuz dövriyyəsinə qarşı mübarizə ildən-ilə
güclənir
Müasir dünyamızın ən mühüm
problemlərindən birinin — narkotiklərin qanunsuz dövriyyəsi
ilə mübarizə probleminin effektiv həlli
yollarının axtarışı davam edir. Əvvəllər
narkotiklərdən sui-istifadə problemi bir neçə
ölkə qarşısında dururdusa, hazırda vətəndaşlarının
narkotizasiyasının acı nəticələrini hiss etməyən
dövlət tapmaq, demək olar ki, mümkün deyildir. Ümummilli
liderimiz Heydər Əliyev 1997-ci ilin fevral ayında Bakıda
keçirilən BMT-nin Yaxın və Orta Şərqdə
narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət
və bununla bağlı problemlər üzrə
Yardımçı Komissiyanın 32-ci sessiyasının
açılışında söylədiyi nitqində qeyd
etmişdir ki, “narkotiklərə nəzarət, narkomaniya və
narkobiznes ilə mübarizə əsrimizin son illərində
dünyada ümumbəşəri bir problem olmuşdur. Bu
mübarizə hər bir ölkənin, xalqın, millətin
fiziki və şüuri sağlamlığı uğrunda
aparılan mübarizədir”.
Birləşmiş Millətlər
Təşkilatının narkotiklərə nəzarət
haqqında Proqramı və BMT-nin bu sahədə
apardığı iş, onun xüsusi orqanlarının fəaliyyəti
təqdirəlayiqdir. İftixarla qeyd edilməlidir ki, narkotiklərə
nəzarət haqqında BMT-nin Proqramı Azərbaycanda da
layiqincə həyata keçirilir. Çünki narkotik maddələrin
qeyri-qanuni dövriyyəsi, qanunsuz istifadə olunması,
narkobiznes bu gün üçün də, gələcək
üçün də həqiqətən bəşəriyyətə
təhlükə doğuran amillərdən biridir. Azərbaycan
Respublikası bu proqramın həyata keçirilməsi sahəsində
öz üzərinə düşən vəzifələri
ardıcıllıqla yerinə yetirir, bəşəriyyətin
bu böyük bəladan — narkomaniya xəstəliyindən və
narkobiznes kimi təhlükəli bir haldan xilas edilməsi
üçün öz səylərini əsirgəmir.
Narkomanlıq və
narkobiznes cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə
böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi
təsir göstərən, insanların həyat və
sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın
artmasına səbəb olan amillərdir. Eyni zamanda, transmilli
mütəşəkkil cinayətkarlığın, beynəlxalq
terrorçuluğun maliyyələşdirilməsində əsas
rol oynayan narkotiklərin qanunsuz dövriyyəsi, onunla
mübarizəyə kompleks yanaşılmasını, bu
işə bütün qüvvə, imkan və vasitələrin
səfərbər olunmasını tələb edir. Qeyd edilənlərlə
əlaqədar, eləcə də Azərbaycanın ərazisindən
narkotiklərin Asiyadan Avropaya daşınması
üçün istifadə olunmasına göstərilən cəhdlər,
habelə narkosituasiyanın təhlili nəzərə
alınmaqla, respublikada narkotiklərin qanunsuz dövriyyəsi
ilə mübarizənin güclənməsinə xidmət edən
qanunvericilik bazasının təkmilləşdirilməsinə,
beynəlxalq əməkdaşlığın genişləndirilməsinə,
hüquq-mühafizə orqanlarının fəaliyyətinin
effektivliyinin artırılmasına böyük diqqət
yetirilir.
“Narkomanlığa və
narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il
tarixli fərman, 2005-ci ildə qəbul olunmuş “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında” Azərbaycan Respublikasının
Qanunu, həmçinin “Şəxsin cinayət məsuliyyətinə
cəlb edilməsi üçün kifayət edən narkotik
vasitələrin və psixotrop maddələrin miqdarına,
habelə onların külli miqdarına görə”, eləcə
də “Azərbaycan Respublikasının ərazisində
dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış
və nəzarət edilən narkotik vasitələrin, psixotrop
maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində
idxalına, ixracına, tranzit nəql edilməsinə və
istehsalına lisenziya (xüsusi razılıq) tələb
olunan prekursorların siyahılarının təsdiq edilməsi
haqqında” qanunlar bu sahədə dövlət
orqanlarının, fiziki və hüquqi şəxslərin vəzifələrinin
mövcud ictimai münasibətlərə uyğun şəkildə
tənzimlənməsində mühüm əhəmiyyət kəsb
edir.
2004-cü ilin yanvar
ayında Bakıda keçirilmiş “Böyük İpək
Yolu dövlətlərində narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə”
mövzusundakı beynəlxalq konfransın
iştirakçılarına müraciətində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd
etmişdir ki, coğrafi mövqeyindən, ictimai-iqtisadi
quruluşundan, inkişaf səviyyəsindən, mədəni
və tarixi əlaqələrindən asılı olmayaraq elə
bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən
biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə
qarşılaşmasın. Bu, bir daha göstərir ki,
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı
mübarizənin səmərəliliyi üçün birgə
səylərlə ciddi, kəskin, barışmaz və
ardıcıl tədbirlərin həyata keçirilməsi
olduqca zəruridir.
Ölkə başçısının göstəriş və tövsiyələrini əməli fəaliyyət proqramına çevirən, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi keçən ili uğurla yola salmışdır. Narkotik vəziyyətə dair əməliyyat müşavirəsində bildirilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi, onlardan sui-istifadə halları ilə mübarizə sahəsində nöqsan və çatışmazlıqların aşkar edildiyi şəhər-rayon polis orqanlarına müxtəlif məzmunlu göstərişlər göndərilmiş, bəzi şəhər-rayon polis orqanlarına isə əməli köməkliklər edilmişdir. Bundan əlavə, güclü təsirə malik narkotiklərin mənbəyinin aşkar olunması məqsədilə hər fakt üzrə tövsiyələr hazırlanıb yerlərə göndərilmişdir
Belə tədbirlər cari ildə də davam etdirilir. “2009-cu ildə Azərbaycan Respublikasında narkotik vəziyyət barədə” icmal-arayış, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə ərazi polis orqanlarına əlavə göstərişlər, tövsiyələr çatdırılmışdır. Bundan başqa, Ümummilli Məlumat Bankına daxil edilməsi üçün nəzərdə tutulan kartoçkalarla proqram təminatı arasında yaranmış uyğunsuzluqlar aradan qaldırılmış, ərazi polis və aidiyyəti dövlət orqanlarından alınan məlumatların həmin banka daxil edilməsi təmin olunmuşdur.
Regional əməkdaşlığın gücləndirilməsi, narkotiklər üzərində hüquqi nəzarətin və əməliyyat üsullarının yerli şəraitə uyğun tənzimlənməsi, beynəlxalq nəzarətli göndəriş prosedurlarının, eləcə də narkotiklərlə bağlı kəşfiyyat məlumatlarının toplanılması və paylanması işinin yaxşılaşdırılması, bu sahədə polisin mübarizə qabiliyyətinin artırılması məqsədilə Baş İdarənin əməkdaşları beynəlxalq təşkilatların tövsiyyəsi ilə keçirilən tədbirlərdə fəal iştrak etmişlər. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin İnkşaf Proqramı və Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) regional yardım Proqramının təşkil etdikləri müxtəlif məzmunlu elmi-praktiki konfransları, habelə Avstriyanın Vyana, Ukraynanın Kiyev, Türkmənistanın Aşqabad, Rusiyanın Sankt-Peterburq şəhərlərində keçirilmiş beynəlxalq seminar və toplantıları, həmçinin Amerika Birləşmiş Ştatlarının maliyyə yardımı ilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunmuş “Əfqanıstan narkotikinin daşınmasının qarşısının alınması” təlim əməliyyatını qeyd etmək olar.
Ötən il DİN-in kollegiya qərarlarının, müvafiq əmr və göstərişlərinin tələblərindən irəli gələn vəzifələrin icrasının yerində öyrənilməsi məqsədilə Baş İdarənin əməkdaşlarının şəhər-rayon polis şöbələrinə xidməti ezamiyyətləri təşkil olunmuşdur. Ezamiyyətlərin nəticələri nazirliyin rəhbərliyinin yanında geniş müzakirə olunmuş, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlara görə bəzi şəhər-rayon polis orqanlarının narkotiklərlə mübarizə xidmətlərinin əməkdaşları intizam məsuliyyətinə cəlb edilmiş, əməliyyat işləri üzrə rəis müavinləri isə ciddi xəbərdarlıq almışlar. Bununla yanaşı, yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün ərazi polis orqanlarına əməli köməkliklər də göstərilmişdir.
Baş İdarənin iş planına müvafiq olaraq ötən il Cənub və Qərb bölgələri üzrə regional şöbələrdə narkotiklərlə mübarizənin vəziyyəti, bu istiqamətdə aparılan agentura-əməliyyat işinin təşkili, 2008-ci ilədək Ümummilli Proqramın yerinə yetirilməsi üzrə DİN-in tədbirlər planının, digər əmr və göstərişlərin icrası bir daha öyrənilərək müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.
Təşkilatçılıq fəaliyyətinin və nəzarət mexanizminin yaxşılaşdırılması, regional şöbələrin və ərazi polis orqanlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər daha məqsədyönlü və səmərəli olmuş, əsas diqqət narkotik vasitələrin külli miqdarda satışının aşkarlanmasına yönəldilmişdir.
2009-cu il ərzində respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3076 fakt aşkar olunmuşdur ki, onun da 1176-sı narkotik vasitələrin qanunsuz olaraq satışı, 1766-sı narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz şəkildə əldə edilib saxlanılması, 121-i isə narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi ilə bağlı olmuşdur.
Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən ümumi çəkisi 1 tondan çox olan müxtəlif növ narkotik vasitələr götürülmüşdür ki, bu da 2008-ci ilin göstəricisindən az qala iki dəfə artıqdır. Müsadirə olunan narkotik vasitələrin 214,8 kiloqramı marixuana, 545,5 kiloqramı həşiş, 122,4 kiloqramı tiryək, 131,7 kiloqramı heroin, 5 kiloqramı psixotrop maddələr, 9 kiloqramı isə digər bihuşedici vasitələr olmuşdur. İl ərzində narkotik vasitələrlə bağlı cinayət törətmiş 58 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilmiş, ümumilikdə onlardan 237 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Azərbaycanda narkotik tərkibli bitkilərin müəyyən məqsədlərlə qanuni əkilməsi həyata keçirilməsə də, ölkədə və onun hüdudlarından kənarda narkotik vasitələrin satış bazasının genişlənməsi ilə əlaqədar narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi halları mövcuddur. Bunun qarşısının alınması məqsədilə keçirilən “Xaş-Xaş-2009" adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində 719 hektardan çox sahədən ümumi çəkisi 453,6 ton olan narkotik xassəli bitkilər aşkarlanaraq məhv edilmişdir.
Narkotiklərlə əlaqəli cinayətlər mütəşəkkil xarakter daşıdığından onunla mübarizənin düzgün təşkili, digər ağır cinayətlərin də açılmasına əlverişli şərait yaradır. Bunu bir il ərzində ayrı-ayrı şəhər-rayon polis orqanlarında, Cənub və Qərb regional şöbələrdə Baş İdarənin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan faktlar da aydın göstərir.
Avropa və Asiya qitələrinin qovşağında yerləşən Azərbaycanın coğrafi-strateji mövqeyi onun ərazisindən narkotiklərin tranzit daşınması üçün əlverişli şərait yaradır. Təkcə ötən il ümumilikdə 237,4 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya daxil olmasının qarşısı alınmış, bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş bir sıra xarici dövlətlərin vətəndaşları yaxalanaraq həbs edilmişlər. Yeri gəlmişkən göstərək ki, Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və həmin ərazilərin nəzarətsiz qalması narkotik bitkilərin əkilib-becərilməsinə, narkobiznesin geniş yayılmasına əlverişli şərait yaratmışdır.
Araşdırmalar göstərir ki, güclü təsirə malik narkotik vasitələr ölkə ərazisinə əsasən qonşu dövlətlərdən, o cümlədən Əfqanıstandan, İran İslam Respublikasından, Rusiya Federasiyasından və Orta Asiya respublikalarından gətirilir. Həmin narkotiklərin bir hissəsi yerli “qara bazara” daxil olsa da, digər hissəsi müxtəlif gizli üsullar və yollarla Avropa ölkələrinə daşınır.
Faktlardan göründüyü kimi, respublikamızda narkomaniya və narkobizneslə mübarizə uğurla aparılır. Bu barədə keçən ilin axırlarına yaxın DİN-in kollegiya iclasında da ətraflı söhbət getmişdir. Lakin bununla kifayətlənmək və arxayınlaşmaq olmaz. Ayrı-ayrı ictimai birlik və təşkilatların, müxtəlif dövlət strukturlarının, xüsusən də hüquq-mühafizə orqanlarının bu istiqamətdə səylərinin birləşdirilməsi və gücləndirilməsi vacibdir. Narkomaniya və narkotizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində xarici ölkələrin, beynəlxalq təşkilat və qurumların iş təcrübəsinin öyrənilib tətbiq edioməsi də əsrimizin ən böyük bəlalarından birinin azalmasına müsbət təsir göstərə bilər.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2010.- 10 mart.- S. 6.