Milli şüurun yetkinləşməsində
və ziyalı təbəqənin elitar sistemə keçməsində
yeni dövr
Tarixə nəzər salsaq, görərik ki, dövlət
idarəçiliyində elm, alim həmişə güclü
qüvvə kimi qəbul edilmişdir. Əmir Teymurun hakimiyyəti
illərində sənətkarların, din və elm xadimlərinin,
yazarların öncül yerdə olması, eyni zamanda,
yürüşlər zamanı fateh ordunun zəbt etdiyi yerlərdən
alimlərə, sənətkarlara toxunmadan onların saraya
alınması məhz çevrənin mükəmməlləşdirilməsi
siyasətini güdmüşdür.
Mustafa Kamal
Atatürkün türk aydınlarını önəçəkməsi
Türkiyə Cümhuriyyətinin sivil bir dövlət kimi
özülünü möhkəmləndirmişdi.
Azərbaycan Xalq Cümhuriyyətini quranların ziyalılardan, şair və alimlərdən, hüquqşünaslardan təşkil olunması Şərqin ilk demokratik dövlətinin cəmi bir neçə ay ərzində əsrlərə bərabər işlər görməsini təmin etmişdi. Bunlar tarixi gerçəklikdir.
Ümummilli lider Heydər Əliyevin öz ətrafında ziyalıların böyük dəstəsini toplaması, onlarla şəxsi təması, sıx əlaqələri təkcə real vaxta deyil, həm də gələcək zamana hesablanmışdı. Bu gün deyirlər: “Heydər Əliyev ziyalılara, sənət adamlarına, elm xadimlərinə böyük diqqət yetirirdi”. Bu mükəmməl siyasət idi. Ulu öndər bilirdi ki, “orta qızıl xətt” deyilən ziyalı təbəqəsi həm də, “zaman gələndə mərkəz hücumçusu yerində” oynaya bilir. Ulu öndər ziyalıların ölkədə nüfuz sahibi olmasına, ondan kənarda isə tanınmasına çalışırdı.
Böyük mədəniyyət hamisi Azərbaycan alimlərinin elmi nəticələrinin digər respublikalarda tətbiq edilməsinə, bədii əsərlərin tərcümə olunmasına, başqa ölkələrdə çap edilməsinə, musiqilərinin böyük konsert salonlarında səslənməsinə, teatr əsərlərinin başqa dillərdə, ölkələrdə səhnəyə qoyulmasına, kinonun inkişafına misilsiz kömək göstərirdi. Nəticədə, ətrafında nüfuzlu, tanınan ziyalı ordusu cəm olmuşdu. Bu həqiqətdir ki, cəmiyyətin seçilmiş nümayəndələri ölkədən kənarda söz sahibi olarsa, önəmli məsələlərdə və həlledici anda milli mənafedən çıxış edərsə bu ciddi mənəvi qüvvədir və dövlətə böyük dəstəkdir.
Şübhəsiz ki, orta qızıl xəttin formalaşması fərdi potensiala bağlıdır. Yəni hər kəs özünü inkişaf etdirməli, kamilləşdirməli, ortaya mənəvi-intellektual məhsul qoymalıdır. Belə insan kapitalına dövlət dəstək verməklə elitar cəmiyyət formalaşdıra bilər.
Bu gün Azərbaycan reallığında vəziyyət necədir? Tarazlaşdılırmış və balanslaşdırılmış xarici siyasət kursu, iqtisadi uğurlar, artan aqrar nailiyyətlər, mükəmməl neft strategiyası və qeyri-neft sektorlarının inkişaf etdirilməsi, gəncliyə inam, regionların inkişafı, turizmə yeni yol açılması ölkədə sabitliklə müşayiət olunan daxili siyasət, sosial məsələlərə diqqət və infrastrukturun yeniləşdirilməsi bugünkü Azərbaycan dövlətinin siyasi, iqtisadi, mədəni mənzərəsidir. İdmanda və musiqidə əldə olunan nəticələr yüksələn xətt üzrə inkişaf edir.
Qalır ziyalı təbəqəsi. Orta qızıl xətt — müəllimlər, həkimlər, alimlər, yazıçı və şairlər, rəssamlar, heykəltəraşlar, bir sözlə, sənət adamları. Bu təbəqənin maddi — sosial bazasını möhkəmləndirməyə, onların özünü realizəsi üçün geniş şərait yaratmağa ehtiyac var. Bu zümrənin cəmiyyətdə formalaşmasına diqqət yetirmək, ziyalılıqdan elitaya, ondan isə aristokratiyaya keçmə mərhələsini təmin etmək zərurəti yaranmışdır.
Elitar cəmiyyətin mütləq qanunları var. Belə cəmiyyət göz önündədir, cəlbedici mühitdir. Orada nüfuz var, dəyər var, imtiyaz var, sayılıb-seçilmək var. Çox sayda insanlar o çevrəyə can atar. Bəs kimlər ora daxil ola bilər, və ya daxil olsa da orada qala bilər? Elitar cəmiyyətin tələbləri nədir? Elitar sayılanlar kimlərdir? Bunun üçün nə lazımdır? — Üçüncü nəsil ziyalı olmaq, mükəmməl təhsil, dil bilmək, ölkədən kənarda oxumaq, işləmək və ya təbliğ olunmaq, yüksək mədəniyyət, dünyagörüşü, yaradıcılıq və əlbəttə, zənginllik zəruri şərtlərdir.
Oxumuşlar
ziyalıdır, hər oxumuş isə ziyalı deyil. Ziyalılar elitar cəmiyyəti
təşkil edir, hər ziyalı isə elitar ola bilmir. Elita
aristokratiya üçün bazadır. Amma hər elita
nümayəndəsi aristokrat sayılmır.
Bəzən iddiya edirlər
ki, aristokratiya varlılıq deməkdir. Pulun varsa, guya,
aristokratik mühitdəsən. Belə düşünmək
kökündən yanlışdır. Çünki zənginlik
bu mühit üçün yalnız bir tələbdir.
Başqa çox mühüm tələblər var.
Qəbul edilmiş ümumi
qaydadan kənar, milli hadisə, Tanrı hadisəsi kimi
yaranıb yetişən insanlar da olur. Bu insanlar etnosun
qütsal energetikasının daşıyıcısı
olaraq yetişir və Yaradan ona böyük şanslar verir. Əksər
kuralları bilmədən, kortəbii, mərhələ-mərhələ
müqavimətlərlə qarşılaşsa da, sanki,
gözəgörünməz bir əl onu daim irəli “itələyir”.
Bu “əl” təbii qüvvədir. Etnosun yaşama, diri olma
instinkidir. O öz içərisindən zaman-zaman kimlərisə
yetişdirir və özünün yaşama, varolma keyfiyyətini
qoruyur. Onun təbii yolla yetişdirdikləri milli dəyərin,
düşüncə keyfiyyətinin
daşıyıcısı kimi milli varlığı
mühafizə edir.
Milliliyi toplum yaratsa da, onun
formalaşıb millətə çevrilməsində,
bütöv qüvvə olaraq yaşamasında və
inkişafında milli amil önəmli rol oynayır. Millət
özünün seçilmişlərini həmişə
yetirir. Seçilmişlər üçün isə
böyük maneələr var. Maneələri hər kəs
özü dəf etməlidir. Fridrix Nitşe
yazmışdır: “Dərrakəli insanın yüksək
qabiliyyəti o, böyük işlər görəndə
üzə çıxmır, dərrakəsiz insanlar onu inkar
edəndə üzə çıxır”. Bu hər yerdə
və hər zaman belədir. Ziyalı mühitində və
aristokratik cəmiyyətdə maneələr daha böyük
və amansızdır. Seçilmişlər burada təbii sərvət
kimidir. Onun emalı, cilalanması qaçılmazdır.
“Biz ümumən Azərbaycan
elmini əyalət ab-havasından xilas edərək, onun
dünya elm məkanına inteqrasiyasına can atmalıyıq”
— “İctimai və humanitar elmlər: zaman kontekstində
baxış” məqaləsində akademik Ramiz Mehdiyevin
vaxtında söylənilmiş və proqram xarakteri
daşıyan bu fikirində “elm” həm də milli-mənəvi
şüurun, intellektual potensialın, müasir
dünyagörüşün daşıyıcısı kimi
götürülür. Elmin müasir dünya düzənində
keyfiyyət və forma dəyişikliyi baş verməkdədir.
Əvvəllər çox oxuyan, çox öyrənən,
daim mütaliə edən insan bilikli hesab olunurdu. Bu gün
bilgisayar sistemindən yararlana bilən, biliyini artıran,
müasir innovasiya-texnologiya uğurlarından bəhrələnən
və bununla yeni dünyagörüşü, zəngin məlumat
ehtiyatı yığan hər kəs daha öndədir.
Nəticədə, yaşlı nəslə mənsub ciddi alimlərin əksəriyyəti müasir iş texnikası ilə bağlı çətinliklərlə üzləşir. Çətinliklər isə kompleks yaradır, geriləməyə səbəb olur. Son olaraq, elmdə, sənətdə, nəsillər dəyişməsində, tendensiyanın, biliyin, təcrübənin, energetikanın ötürülməsində problemlər yaranır. Bu isə ola bilər ki, bir neçə ildən sonra arzuolunmaz nəticələr versin. Akademikin haqlı olaraq tövsiyə etdiyi kimi müasirləşmə çıxış yoludur: “XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi, strateji seçim və dövlət siyasətinin prioritetinə çevrildi”. (Akademik Ramiz Mehdiyev, “Azərbaycann efir məkanı: problemlər və vəzifələr”.
Son prezident seçkilərindən sonra, 2008-ci ildən ölkədə demokratikləşmə, təşkilatlanma, inkişaf və perspektiv yeni mərhələyə keçdi. Sağlam və demokratik cəmiyyət olaraq bizə artıq elitar cəmiyyət statusunu qazanmaq qalır. Ölkə liderinin Prezident İlham Əliyevin yeni islahatları, ölkənin birinci xanımı Mehriban Əliyevanın geniş sosial-mədəni missiyası ziyalılığın və aristokratizmin gələcəyinə nikbinliyi artırır.
Bizim mədəniyyət rasional Qərb və emosional Şərq təfəkküründən fərqli, hər ikisinin birləşdiyi üstün bir keyfiyyət yarada bilər. Bu keyfiyyət birləşdirici təfəkkür sistemi kimi də özünü göstərə bilər. XIII əsrdə Səfiəddin Urməvinin simasında not sistemi yaradan, altı min ildən artıq yazılı tarixi olan, Şərqdə ilk opera yazan, ilk baleti səhnəyə qoyan, ilk demokratik dövlət quran, ilk olaraq qadınların seçki hüququnu tanıyan, ilk qəzeti nəşr edən, ilk orkestr yaradan, ilk dirijorluq sənətinə yiyələnən xalqın mənəvi-intellektual imkanları hüdudsuzdur.
Bütün dünyada atı ilk dəfə əhilləşdirən, təkəri və bunun ardından arabanı düzəldərək texniki hərəkətin başlanğıcını qoyan, birgəyaşayışın ağsaqqallarla tənzimlənən ibtidai hüquqi qanunlar sistemini yaradan, bunun nəticəsində tarixin ilk dövlət quruculuğuna sahib olan xalqı kimi tanınan, ütüdən və cib dəsmalından məişət əşyası kimi istifadə edən, dəmiri kəşf edən möhtəşəm Azərbaycan — Türk mədəniyyəti elat mədəniyyəti olduğu qədər də aristokratik mədəniyyətdir.
Natəvan DƏMİRÇİOĞLU,
yazıçı
Xalq qəzeti.- 2010.- 10 mart.- S. 5.