75 il ekranlarda

 

Azərbaycan Dövlət Film Fondunda “İsmət” filminin ekranlara çıxarılmasının 75 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə filmin yaranma tarixindən, onun rejissoru Mikayıl Mikayılovun yaradıcılığından, filmin Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr edilməsindən danışıldı.

 

Filmin yaranma tarixi barədə bildirildi ki, 30-cu illərin əvvəllərində Bakıda baş vermiş iki hadisə — Əli Bayramov adına Qadınlar klubunun fəal üzvü Səriyyə Xəlilovanın atası və qardaşı tərəfindən qətlə yetirilməsi və gənc azərbaycanlı qızı Leyla Məmmədbəyovanın ilk təyyarəçi qadın olması faktları gənc kinorejissor Mikayıl Mikayılova yeni ideya verdi.

Filmin istehsalına 1934-cü ildə başlanılmışdır. Bu filmlə səssiz kinonun gözəl nümunələrindən birini yaradan gənc rejissor Azərbaycan qadınlarının azadlıq mübarizəsini əks etdirmişdir.

Filmin çox maraqlı süjeti var. İsmətin çalışdığı toxuculuq müəssisəsindən bir qrup işçi hamiləri olduğu təyyarəçilərə qonaq gəlmişlər. Təyyarəçilər qonaqlardan bir neçəsini təyyarə ilə gəzdirmək qərarına gəlirlər. Elə ilk təşəbbüsə qoşulan da İsmət olur və təyyarədə külək onun çadrasını aparır. Bu simvolik görüntü əslində “Sevil” filmindən başlayan qadın azadlığı probleminə bir təkan idi. Aydın səmalara yüksəliş, qara çadradan azad olmuş sağlam çöhrə, sizin təbəssüm — məqsədə xidmət edən bu kadrlar quruluşçu rejissorun yüksək sənətkarlığını göstərən əlamətlər idi.

Rejissor M.Mikayılov xatirələrində yazırdı ki, 1933-cü ildə Əli Bayramov adına Qadınlar klubunun üzvü Səriyyə Xəlilovanı, qadınlar arasında fəal iş apardığı üçün, qardaşı və atası vəhşicəsinə öldürmüşdülər. Onun dəfni zamanı demək olar ki, bütün Bakı ayağa qalxmışdı. Cənazə Əli Bayramov adına Qadınlar klubundan götürüldü. Həmin Azərbaycan qadınının obrazını ümumiləşdirərək əsərimin qəhrəmanı, peşəsini isə təyyarəçi etdim. Bu, həm kino üçün yeni əlverişli sahə, həm də simvolik mənada yüksəklərə ucalmağa səy edən Azərbaycan qadınları üçün xarakterik idi.

Moskva Ümummittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yetirməsi olan kinorejissor Mikayıl Mikayılov filmin bədii həlli üçün çox orijinal forma tapmışdır. Səssiz kinonun bütün vacib tərəflərini dərindən öyrənmiş rejissor filmdə hərəkətlərlə sanki dialoqlar qurur, qəhrəmanın daxili dünyasını açır.

Filmdə ikinci planda olan qəhrəmanlar daha mükəmməl işlənmişdir. Ailə qədri bilməyən Səməd, alverçi-dələduz, vasvası qaynana, avam ata Yunis kişi və s. obrazlar əsas qəhrəmanın — İsmət obrazının tamamlanmasına xidmət göstərirlər.

O illərdə Azərbaycan qadınının taleyindən həyəcanla, eyni zamanda iftixar hissi ilə danışan bu film təkcə incəsənət üçün deyil, həm də gərəkli həyat faktı idi. Təyyarəçi İsmətin nümunəsində minlərlə qadın öz keçmişindən ayrılıb cəmiyyətin fəal üzvü olmuşdur. Film ekrana çıxarılandan sonra kino qəhrəmanının taleyini həyat özü daha dolğunlaşdırdı. U-2 markalı təyyarəsində Azərbaycanın ən ucqar rayonlarına gələn Leyla çox vaxt özü ilə “İsmət” filmini da aparır, kənd camaatı arasında aviasiyanı, təyyarəçi peşəsini təbliğ edirdi. Müharibə illərində o, cəbhə üçün təyyarəçilər və paraşütçülər hazırlayırdı. Onun onlarla yetirməsi cəbhələrdə düşmənə qarşı igidliklə vuruşurdu.

Bu film haqqında söhbət açarkən onu da qeyd etmək lazımdır ki, o, dövrün tələbi ilə yaranmışdı. Çox cəsarətli və inandırıcı film idi.

Yaradılmasından 75 il ötməsinə baxmayaraq, film öz əhəmiyyətini bu gün də saxlayır. O, film kimi həm də tarixi hadisələri yaddaşlarda yaşatmaq üçün əhəmiyyətlidir.

Filmdə Mikayıl Mikayılovla yanaşı Məmməd Babayev, Heydər Vəzirov, Mirzə Mustafayev kimi azərbaycanlı kinematoqrafçılar da çalışmışlar. İsmət rolunu Yuka Mixelson ifa etmişdir. Bundan başqa İ.Daşdəmirov (Yunis), Xeyri Əzimzadə (Səməd), Möhsün Sənani (dükançı Qulu), Əlisəttar Məlikov (təyyarəçi), Həqiqət Rzayeva (Həqiqət), Mirzə Əli (Hacı) kimi aktyorlar da müxtəlif xarakterli rollar yaratmışlar.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 10 mart.- S. 5.