“Əsrin müqaviləsi”nin
reallaşdırılması istiqamətində növbəti
addım
Dəyəri 6 milyard dollar olan “Çıraq” neft layihəsinə
start verildi
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”,
“Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsü sazişi — “Əsrin müqaviləsi”nin
reallaşdırılması istiqamətində daha bir
mühüm addım atıldı. Dünən adı çəkilən
sazişin rəhbər komitəsi tərəfindən yeni
“Çıraq” neft layihəsinə sərmayə
qoyulmasına qərar verildi.
Bu münasibətlə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətində
keçirilən mərasimi giriş sözü ilə
şirkətin prezidenti Rövnəq Abdullayev açaraq
ümummilli lider Heydər Əliyevin müəllifi olduğu
yeni neft strategiyasının uğurlarından bəhs etdi. Qeyd
olundu ki, bu strategiyanın başlanğıcı sayılan “Əsrin
müqaviləsi” ilə Azərbaycanın zəngin ənənələrə
malik neft-qaz sənayesində misli görünməmiş
yüksəliş baş vermiş, yeni texnologiyaların,
müasir avadanlıq və mexanizmlərin istehsalata tətbiqi,
yeni idarəetmə metodlarının mənimsənilməsi
Dövlət Neft Şirkətinin fəaliyyətinin beynəlxalq
standartlar səviyyəsində qurulmasına imkan
yaratmışdır. Ötən müddətdə tərəfdaşlarla
aparılan birgə fəaliyyət nəticəsində Xəzərin
Azərbaycan sektorunda yeni yataqlar açılmış,
ölkəmizin təsdiq olunmuş neft-qaz ehtiyatları
artırılmış, həmin ehtiyatların dünya
bazarına çıxarılması üçün
alternativ nəql marşrutları yaradılmışdır.
Azərbaycanın yeni neft
strategiyasının hazırda ölkə Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini vurğulayan
Dövlət Neft Şirkətinin prezidenti bildirdi ki, bu gün
dünyanın 14 ölkəsinin 24 aparıcı neft şirkəti
Azərbaycanda fəaliyyət göstərir. Bildirildi ki, yeni
“Çıraq” neft layihəsinə başlamağa dair qərarın
qəbul edilməsi Azərbaycan dövlətinə olan inamın
parlaq təzahürüdür. “Əsrin müqaviləsi”nin
iştirakçılarının “Çıraq” neft layihəsi
ilə bağlı qərarı Azərbaycan hökuməti tərəfindən
müsbət qarşılanmış və yeni layihənin
başlanması məqsədəuyğun hesab edilmişdir.
Rövnəq Abdullayev daha
sonra bildirdi ki, bugünkü tədbir Azərbaycanın öz
enerji hasilatını artırmaq planlarının
reallaşdırılması yönümündə
atılmış mühüm bir addımdır. Bu planlar
ölkəmizin dünyanın neft bazarlarının əsas təchizatçıları
sırasındakı mövqeyini möhkəmləndirmək məqsədi
daşıyır. Bu, uzun müddətli faydalardır, lakin
inanırıq ki, layihənin dərhal gətirəcəyi
faydalar bizim üçün daha qiymətlidir. Layihə
üçün lazım olan bütün qurğuların
hamısı yerli ehtiyatlardan istifadə olunmaqla ölkə
daxilində inşa ediləcək və bu qurğuların
hamısı dünya səviyyəli milyardlarla dollar dəyərə
malik obyektlərdir. Bu o deməkdir ki, birinci dəniz
platformasının inşa edilməsindən bəri Azərbaycan
öz neft sənayesinin gücünü və
bacarıqlarını, o cümlədən işçi
qüvvəsi və infrastrukturunu elə inkişaf
etdirmişdir ki, bunlar indi dünya standartları səviyyəsindədir.
R.Abdullayev həmçinin
qeyd etdi ki, ötən illər ərzində Azərbaycanın
neft sənayesinə 38 milyard dollar sərmayə yönəldilmişdir
ki, bunun da 20 milyard dolları “Azəri — Çıraq — Günəşli”
layihəsinin reallaşdırılmasına sərf
olunmuşdur. Yeni “Çıraq” neft layihəsinin həyata
keçirilməsinə isə 6 milyard dollar vəsait yönəldiləcəyini
diqqətə çatdıran natiq bildirdi ki, layihə çərçivəsində
tikinti-quraşdırma işlərinin aparılması
zamanı ən müasir texnologiyalar tətbiq ediləcək ki,
bu da Xəzər akvatoriyasında bir çox yeniliklərlə
əlamətdar olacaq. “Əsrin müqaviləsi” çərçivəsində
ilk dəfə olaraq yeni “Çıraq” layihəsi ilə
bağlı bütün tikinti-quraşdırma işlərinin
Azərbaycanda daxili imkanlar hesabına həyata keçiriləcəyini
diqqətə çatdıran R.Abdullayev bildirdi ki, xaricdən
yalnız bir sıra material və avadanlıqlar gətiriləcək.
Layihə çərçivəsində nəzərdə
tutulan tikinti-quraşdırma işləri zamanı yerli
subpodratçıların imkanlarından maksimum istifadə
ediləcək, platformanın inşası Heydər Əliyev
adına Bakı Dərin Dəniz Özülləri Zavodunda və
Azfen — Tekfen — Amek istehsal sahələrində həyata
keçiriləcək. Dəniz əməliyyatlarının
aparılmasında isə Dövlət Neft Şirkətinin
donanmasının imkanlarından istifadə olunacaqdır.
Sonra bp Azərbaycan şirkətinin
prezidenti Rəşid Cavanşir çıxış edərək
bildirdi ki, son dərəcə vacib olan bu layihə “Azəri —
Çıraq — Günəşli” yatağının işlənməsinə
başlanandan bəri Dövlət Neft Şirkəti və Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkətinin birgə həyata
keçirdikləri böyük layihələrin uğurlu
davamıdır. Qeyd olundu ki, layihə “Azəri —
Çıraq — Günəşli” yataqlar blokunun işlənməsi
ilə bağlı indiyədək əldə edilmiş
nailiyyətlər üzərində qurulacaq. Həmin nailiyyətlərin
isə ən əsası kimi hazırda “Əsrin müqaviləsi”
çərçivəsində gündə təxminən
850 min barel neft hasil olunmasını diqqətə
çatdıran R.Cavanşir bunun da nəticəsində
hazırda təkcə Azərbaycanın hər il milyardlarla
dollar gəlir əldə etdiyini bildirdi. O, “Çıraq” neft
layihəsinin uğurla reallaşdırılmasını Azərbaycanın,
həmçinin tərəfdaşların birgə
uğurlarının gələcəyinə inamının təsdiqi
kimi dəyərləndirdi.
Məlumat üçün
bildiririk ki, “Çıraq” neft layihəsinin işlənməsi
ümumilikdə 360 milyon barel əlavə neft
ehtiyatlarının çıxarılmasına imkan verəcək.
Buna isə hazırda istismarda olan “Fasilə” kollektorları, eləcə
də ondan yuxarıda yerləşən “Balaxanı” lay dəstinin
X, IX və VIII kollektorlarına yeni quyular quraşdırmaqla
nail olunacaqdır.
Layihənin ümumi dəyərinin
təqribən 4 milyard dolları obyekt və qurğuların
tikintisinə və öncə qazma proqramına, qalan hissəsi
isə hasilat dövründə platformadan quyuların
qazılmasına sərf ediləcəkdir. “Azəri-Çıraq-Günəşli”
yatağının 15 il əvvəl başlanmış
işlənməsinin davamı olan “Çıraq” neft layihəsindən
ilk neftin hasilatı 2013-cü ilin sonlarına planlaşdırılır.
Mərasimdə
“Çıraq” neft layihəsinin rəhbəri İlqar Məmmədov
geniş təqdimatla çıxış edərək layihənin
təfərrüatları barədə ətraflı məlumat
verdi.
Axırda ARDNŞ-in prezidenti
Rövnəq Abdullayev və bp Azərbaycan şirkətinin
prezidenti Rəşid Cavanşir “Çıraq” neft layihəsinə
başlamağa dair sənədi imzaladılar.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 10 mart.- S. 4.