Meksikada Azərbaycan mədəniyyəti günləri
keçirilir
Latın Amerikası bölgəsində Azərbaycanla
tanışlığın artırılması məqsədi
ilə Meksikada martın 6-dan 11-dək davam
edəcək Azərbaycan
mədəniyyəti günləri
keçirilir.
Əlamətdar hadisə
ərəfəsində Meksikanın ingilisdilli mətbu
orqanı “The News” qəzeti martın 5-də ölkəmiz barədə
4 səhifəlik xüsusi buraxılış nəşr
etmişdir. Rəngarəng fotolarla zəngin
buraxılışda Azərbaycan Respublikasının
Meksikadakı səfiri İlqar Muxtarovun müsahibəsi, Azərbaycan
haqqında ümumi göstəricilər, habelə
xalqımızın tarixi, ədəbiyyatı, musiqisi, folklor
mədəniyyəti, milli mətbəximizə dair ətraflı
məlumat verilmişdir.
Səfir müsahibəsində
Latın Amerikası bölgəsində Azərbaycanın ilk
və yeganə diplomatik nümayəndəliyinin Meksika-Azərbaycan
əməkdaşlığının hərtərəfli
inkişaf etdirilməsinə
çalışdığını qeyd edərək,
münasibətlərimizin mövcud vəziyyətinə nəzər
salmışdır. Azərbaycanın enerji hasilatı və nəqli
sahəsində tarixi təcrübəyə malik olduğu barədə
danışan diplomat, Meksika ilə enerji sahəsində əməkdaşlıq
perspektivləri üzərində dayanmışdır. O, həmçinin
“The News” oxucularına Azərbaycan-Meksika ticarət dövriyyəsinin
artırılması, ölkələrimiz arasında neft-kimya
məmulatlarının istehsalı, turizm, təhsil və mədəniyyət
sahələrində potensial əməkdaşlıq
imkanlarının mövcud olduğunu
çatdırmışdır. Müsahibədə Ermənistanın
Azərbaycana qarşı işğalçı siyasəti, təcavüz
nəticəsində bir milyon azərbaycanlının
qaçqın və məcburi köckün vəziyyətində
yaşadığı qeyd edilmişdir. Diplomatın sözlərinə
görə, Meksika ilə Azərbaycan arasında siyasi əlaqələr
gündən-günə inkişaf edir, Meksika beynəlxalq
toplantılar zamanı Azərbaycanın haqlı mövqeyini
daim dəstəkləyir.
Nəşrdə Azərbaycan haqqında dərc edilmiş məqalədə, həmçinin milli mətbəximizin inciləri və təkamül tarixi barədə də ətraflı söz açılmışdır. Səfir Muxtarovun həyat yoldaşı Nərgiz Rəhimxanova “The News” qəzetinin müxbirini Azərbaycan mətbəxinin geniş nümunələri, xalqımızın süfrə mədəniyyəti və adətləri ilə tanış etmiş, xalqımızın misilsiz qonaqpərvərliyindən söhbət açmışdır.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi müxbiri
Mexiko
Xalq qəzeti.- 2010.- 10 mart.- S. 4.