Fidan Qasımovanın bayram sevinci

 

Onlar zərif, qayğıkeş, kövrək təbiətə, yüksək mənəvi keyfiyyətlərə malikdirlər. Uşaqlar anaların həzin səslərində eşitdikləri laylalarla yuxuya gedir, qucaqlarında hiss etdikləri ilıq nəfəsi dünyanın ən dəyərli neməti hesab edirlər. Onların bir xoş sözü, isti baxışı qəlbimizi ovundurur, dərdlərimizi yüngülləşdirir, mənəvi güc mənbəyimiz olur. Onlar ailənin milli dəyərlərini qoruyur, qayğılarını çəkirlər. Söhbət ana, bacı, həyat yoldaşı kimi çiyinlərində ağır və məsuliyyətli adları daşıyan, onu doğrultmağa çalışan və buna nail olan Azərbaycan qadınından gedir.

 

Qadınların müxtəlif sahələrdə, eləcə də mədəniyyətdə qazandıqları uğurlar həm də xalqın, ölkənin uğurudur. İstedadları, yüksək vokal imkanları ilə illərdir ki, tamaşaçıların qəlbində özlərinə yer etmiş, Azərbaycan vokal musiqi sənətini müxtəlif ölkələrdə tanıtmış, sevdirmiş Fidan və Xuraman Qasımova bacıları bu sənətin ən parlaq nümayəndələrindəndirlər.

Bu yaxınlarda ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Fidan Qasımova Azərbaycan incəsənətinin inkişafında və vokal sənəti sahəsində gənc ifaçıların hazırlanmasında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilmişdir.

Bu, sənətkarın sənətinə və yaradıcılığına olan yüksək diqqətin göstəricisidir. “Heç gözləmirdim, mənim üçün sürpriz oldu. Hesab edirəm ki, bu mükafat Prezidentimin mənə 8 Mart Qadınlar Bayramı hədiyyəsidir”-deyə xalq artisti sevinc və təəssüratlarını bu cür ifadə edib. Bu mükafat həm də Fidan xanımla yanaşı mədəniyyətimizə, vokal musiqi sənətinin inkişafına bir töhfədir.

Uşaqlıqdan səsinin vurğunu olduğum və çıxışlarına həvəslə qulaq asdığım bu bacıların vokal və opera sənətinin inkişafındakı xidmətləri danılmazdır. Avropa tamaşaçı auditoriyası Fidan və Xuraman bacılarının ifalarında Azərbaycan klassik vokal sənəti ilə tanış olur, onları sevir və alqışlayır. Fidan Qasımovanın yaradıcılığında opera əsərlərində çıxışları mühüm yer tutur. Nigarın (“Koroğlu” Ü. Hacıbəyov), Mikaellanın (“Karmen”, Corc Bize), Marqaritanın (“Faust”, Şarl Quno), Sevilin və Gülüşün (“Sevil”, Fikrət Əmirov), Çio Çio Sanın (“Çio Çio San”, Cakomo Puççini), Tatyananın (“Yevgeni Onegin”, Pyotor Çaykovski), Miminin (“Bohema”, Cakomo Puççini), Dezdemonanın (“Otello”, Cüzeppe Verdi) mürəkkəb partiyalarının yüksək sənətkarlıqla ifası bunlara nümunədir.

İtaliyada, Niderlandda, İsveçrədə keçirilən müxtəlif beynəlxalq müsabiqələrin laureatı olan Fidan xanımın repertuarına Azərbaycan və dünya bəstəkarlarının kamera-vokal əsərləri də daxildir. Onun ifasında klassik əsərlərlə yanaşı, “Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” kimi Azərbaycan xalq mahnıları daha doğma, gözəl səslənir. Fidan Qasımova xarici ölkələrdə keçirilən bir çox nüfuzlu vokal müsabiqələrin qalibi olub. Tələbəlik illərində o, Cenevrədə (İsveçrə) keçirilən beynəlxalq müsabiqədə gümüş medala layiq görülüb və Niderlandda ikinci yerə çıxıb. Onun ən böyük qələbələrindən biri 1977-ci ildə İtaliyada Vietti Beynəlxalq vokalçılar müsabiqəsinin birinci mükafatına layiq görülməsi olub.

Hazırda Fidan xanım Bakı Musiqi Akademiyasında pedaqoq kimi fəaliyyət göstərir. Tələbələri Fidan xanım kimi sənətkardan dərs aldığı, vokal sənətinin sirlərini öyrəndiyi üçün onunla fəxr edirlər. Pedaqoq üçün ən böyük arzu isə tələbələrinin daha böyük uğurlar qazanması, mədəniyyətimizə töhfələr verməsidir.

Vokal ifaçılarımızın hazırlanmasında, Azərbaycan musiqi sənətinin inkişafı ilə bağlı fəaliyyətində Fidan xanıma yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2010.- 10 mart.- S. 4.