Dövlətin qarşıya qoyduğu ali vəzifə

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması daim diqqət mərkəzindədir

 

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi nəticəsində azərbaycanlılar öz əzəli, tarixi yurdlarından zorla köçürülməyə, etnik təmizləməyə və deportasiyaya məruz qalmışlar. Bu səbəbdən də bu gün bir milyondan artıq soydaşımız öz ata-baba torpaqlarından, ev-eşiklərindən didərgin salınaraq qaçqın və məcburi köçkün olmuşlar.

 

Müxtəlif illərdə azərbaycanlılara qarşı misli görünməmiş qəddarlıq və vəhşilik törədən ermənilər hələ bu azmış kimi, 1988-ci ildə öz havadarlarının köməyinə arxalanaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini yenidən ortaya atdılar.

1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi — Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olundu. Kəndlər, qəsəbələr, rayon mərkəzləri yandırılaraq viran qoyuldu. Öz doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri xalqın təkidli tələbi ilə 1993-cü ilin iyunundan ölkəyə rəhbərlik edən ümummilli lider Heydər Əliyevin gündəlik qayğısına çevrildi. Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən ulu öndər qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdi.

İlk növbədə, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həll olunması qarşıya əsas məqsəd kimi qoyuldu. Ulu öndərin uzaqgörənliyi, düşünülmüş xarici siyasəti, həyata keçirdiyi tarixi əhəmiyyətli tədbirlər tezliklə özünü büruzə verdi. Nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğal etdikləri əraziləri qeyd-şərtsiz boşaltmaları, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarının təmin olunması ilə əlaqədar qəbul etdikləri qərarlar ölkəmizin uğurlu xarici siyasətindən xəbər verir. BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 nömrəli) qəbul etdi. Ulu öndər 1994-cü ilin may ayında atəşkəsə nail olmaqla ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinin və Azərbaycan oğullarının şəhid olmasının qarşısını aldı. Eyni zamanda, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsinə, müdafiə qabiliyyətinin artırılmasına imkan yarandı. Beynəlxalq miqyaslı tədbirlərdə Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi kəskin şəkildə pislənildi, qaçqın və məcburi köçkünlərin ağır şəraitdə yaşamaları diqqətə çatdırıldı. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yolla həlli istiqamətində mühüm qərarlar qəbul olundu. Artıq Ermənistanın işğalçı dövlət olması barədə beynəlxalq qurumlarda, habelə dünya ictimaiyyətində inam yaradılırdı. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi düşünülmüş tədbirlər tədricən öz təsirini göstərirdi. Ulu öndərin səyi nəticəsində ABŞ Konqresinin müstəqil Azərbaycana dövlət yardımı göstərilməsini qadağan edən 907-ci düzəlişin icrası 2002-ci ilin yanvarında dayandırıldı. Ümummilli lider ölkəyə rəhbərlik etdiyi müddətdə öz isti ocaqlarından didərgin salınmış soydaşlarımızın doğma torpaqlarına qaytarılması, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq Ermənistan prezidenti ilə 25, ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləri ilə 200-dən və 80 ölkənin dövlət başçıları ilə 500-dən çox görüşlər keçirdi. 1998-ci il sentyabrın 17-də isə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə uzunmüddətli Dövlət Proqramı” təsdiq edildi. Ölkədə iqtisadi problemlərin mövcud olduğu bir vaxtda ulu öndər ilk növbədə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirmiş, problemin siyasi yolla həlli üçün bütün imkanlarını səfərbər etmişdi. Məhz ulu öndərin uğurlu xarici siyasəti nəticəsində dünya ictimaiyyəti problemin əsl mahiyyətini düzgün dərk etdi. Tədricən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar beynəlxalq norma və prinsiplərə uyğun tam hüquqi baza yaradıldı. Ulu öndər öz ev-eşiklərindən, dədə-baba ocaqlarından didərgin salınmış soydaşlarımızın problemlərini şəxsən özü üçün bir nömrəli problem hesab edirdi və bu problemin aradan qaldırılmasını dövlətin ali vəzifəsi kimi dəyərləndirirdi.

1993-2003-cü illər ərzində qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar qəbul edilmiş normativ hüquqi sənədlərin sayına diqqət yetirdikdə bir daha şahidi oluruq ki, bu məsələ bir an da olsun dövlətin diqqətindən yayınmayıb. Həmin dövrdə ölkə Prezidenti tərəfindən 43 fərman və sərəncam imzalanmış, Milli Məclis 23 qanun, nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etmişdir.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunların qəbul edilməsi dədə-baba evlərindən didərgin salınmış soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm əhəmiyyətli tədbir kimi yüksək qiymətləndirildi. Bundan başqa, ölkə Prezidentinin müvafiq fərmanı ilə “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” təsdiq edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Qaçqın və məcburi köçkün statusunu almış şəxslərin iş və yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq” və “Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək” qaydaları təsdiq edilmişdir. Bütün bunlar qaçqın və məcburi köçkünlərin problemlərinin, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması məqsədini daşıyırdı.

Dövlət başçısının üç fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış 71,8 milyon manat vəsait hesabına 18 şəhər və rayonda bütün zəruri sosial-texniki infrastruktura malik 32 qəsəbə salındı, 400 min kvadratmetr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3150 şagird yerlik 18 məktəb, 18 uşaq bağçası, 2 xəstəxana, 16 tibb məntəqəsi tikildi, 197 kilometr uzunluğunda asfalt yol, 170 kilometr su xətti, 350 kilometr elektriktökmə xətti, 133 kilometr irriqasiya su kəməri və digər sosial obyektlər istifadəyə verilmişdir.

2009-cu ildə isə Dövlət Neft Fondunun hesabından qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə 89,9 milyon manat vəsait sərf olunmuşdur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin uğurları bu gün özünü bütün sahələrdə, o cümlədən qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin getdikcə yaxşılaşdırılmasında, sosial müdafiəsinin gücləndirilməsində də göstərir.

Böyük tarixi şəxsiyyətin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev öz isti ocaqlarından didərgin düşənlərin həyat səviyyəsinin yüksəldilməsi, məşğulluğunun artırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atıb. 2003- 2009-cu illərdə hökumət qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yüz milyonlarla manat sərf edib. Bunun 559,4 milyon manatını Dövlət Neft Fonduna toplanan vəsaitlər təşkil edir. Ümumilikdə, ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün 18 min 120 evdən ibarət 62 qəsəbə salınıb. 81 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb. Bununla da bütün çadır şəhərcikləri ləğv edilib. Bu yaxınlarda paytaxtın Binəqədi rayonunda istifadəyə verilmiş hündürmərtəbəli yeni yaşayış kompleksi də məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması yolunda mühüm addımdır. 369 məcburi köçkün ailəsi üçün tikilən yaşayış kompleksinin açılışında möhtərəm Prezidentimiz İlham Əliyev şəxsən iştirak edib. Buna qədər isə dövlət başçımızın sərəncamı ilə məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə onlara yemək xərci üçün verilən aylıq müavinətin məbləği 50 faiz artırılıb. Bu qəbildən olan insanlar ümumilikdə kommunal xərclərdən azaddırlar, rabitə haqqı ödəmirlər, hər ailə üzvünə 13 manat yemək xərci ödənilir. İşləməyən, yəni özündən asılı olmayaraq iş yerini itirmiş köçkünlərə aylıq orta əməkhaqqı ödənilir. Müalicə və ev alqı-satqısı zamanı bütün güzəştlər həyata keçirilir, əmək haqqı alarkən gəlir vergisindən azaddırlar. Bu il fevralın 17-də möhtərəm Prezidentimiz məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 milyon manat məbləğində vəsait ayrılıb. Yaxın gələcəkdə qaçqın və məcburi köçkünlər yeni yaşayış mənzilləri ilə təmin olunacaqlar.

Onların öz doğma torpaqlarına qayıtmaları üçün bütün imkanlardan istifadə edən dövlətimizin başçısı bu günlərdə Qəbələ rayonuna səfər edərkən orada məskunlaşmış məcburi köçkünlərlə görüşü zamanı da bu barədə ətraflı danışmışdır. Prezident İlham Əliyev demişdir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında artıq nüfuzlu beynəlxalq qurumlar da Azərbaycanın mövqeyini müdafiə edir: “Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunmasını istəyir. Bunu təsdiqləyən çoxsaylı sənədlər var... Öz siyasi və diplomatik səylərimizi istənilən müstəvidə, istənilən formada davam etdirəcəyik. Həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli münasibətlərdə bu məsələ daim gündəlikdədir”.

Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi yüksək qayğı bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanın iqtisadiyyatı gücləndikcə qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşır, məşğulluğu artır. Dövlət başçımızın apardığı düşünülmüş, uzaqgörən siyasət onu deməyə əsas verir ki, yaxın gələcəkdə torpaqlarımız işğaldan azad ediləcək, doğma yurdlarından, ev-eşiklərindən didərgin düşmüş soydaşlarımız öz yerlərinə qayıdacaqlar.

Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması təsdiqləyir ki, Azərbaycan üçün həll olunmayacaq problem yoxdur. Hazırda qəsəbələrdə məskunlaşan məcburi köçkünlər işğaldan azad edilərək abadlaşdırılacaq rayonlarda da rahat evlərlə təmin olunacaqlar.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 10 mart.- S. 1.