Ürəyimdə həsrət yükü...”

 

Dərd adamı şair eləyir. Həyatdan vaxtsız getmiş mərd xeyirxah insan Nizami Məmmədcanlının vəfatından bir müddət əvvəl işıq üzü görmüşYenidən bir ömür yaşaya bilsəmadlı kitabını vərəqlədikcə, buna bir daha əmin olursan...

 

Nizami müəllim, şübhəsiz, heç bir ədəbi iddiası olmayan şəxsiyyət idi. Tanrı ona həssas ürək, kifayət qədər güclü söz duyumu, fikirlərini sərrast ifadə edə bilmək qabiliyyəti bəxş etsə də, doğulub boya-başa çatdığı qədim türk-oğuz yurdunda – Qərbi Azərbaycanda yaşadığı çağlarda bəlkə heç ağlına da gətirmirdi ki, haçansa qələmə əl atacaq, görüb-duyduqlarını misralara düzəcək; çünki o torpağın saz-söz mühiti bu incə qəlbli insanın mənəvi ehtiyacını ödəyirdi və Nizami müəllim öz ixtisasına uyğun qaynar ictimai-təsərrüfat fəaliyyəti ilə məşğul olurdu. Amma... dövran dəyişdi, fələyin çarxı çöndü və Nizami Məmmədcanlı da yüz minlərlə soydaşımız kimi doğma el-obasından didərgin düşdü, Bakıya pənah gətirdi:

 

Taleyimə nəydi belə bu çıxdı,

Şimşək çaxdı, köhlənimi tez yıxdı...

 

Tam fərqli həyat ritminə malik bir mühitə düşən, ömrün sanki yarıda qırıldığını hiss edən, illər ötdükcə yurd həsrəti ovunmayıb daha da şiddətlənən Nizami müəllim istər-istəməz qəlb çırpıntılarını poetik biçimdə ifadə etməli oldu, sadəcə şeir yox, öz taleyini yazdı:

 

Didir ürəyimi həsrət ilə qəm,

Tək-tənha qalmışam qarda-sazaqda.

Bəzən gözlərimdə qaralır aləm,

İsitmir canımı od da, ocaq da –

Ağbabadan uzaqda.

 

Dəyişib elə bil suların səsi,

Sanki özgələşib ot da, yarpaq da.

Səngiyib dağların odlu nəfəsi,

Həsrətim göynəyir ana torpaqda

Ağbabadan uzaqda.

 

Həsrət göynərtisi, nisgil havasıYenidən bir ömür yaşaya bilsəmkitabında toplanmış şeirlərin, demək olar, hər bəndinə, hər misrasına hopmuşdur. Bu mənada, fikrimcə, kitabın bədii-estetik dəyərindən çox, qismətinə qaçqınlıq yazılmış insanın duyğu düşüncələrini əks etdirməsi önəmlidir. Ümumiyyətlə, son illər müxtəlif janrlarda qələmə alınmış mətnlərdən ibarət bu tipli çoxsaylı kitablar nəşr olunur. Həmin kitabların başlıca əhəmiyyəti yaşadığımız faciələrin canlı mənzərəsini yaratmaqla yanaşı, qaçqın soydaşlarımızda, xüsusən onların artıq başqa mühitdə dünyaya göz açıb böyüyən övladlarında Ermənistan adlanan torpaqlarımıza bağlılığın, o torpaqlara mənsubluq duyğusu şüurunun qorunub-saxlanmasına xidmət etməsindədir. Nizami Məmmədcanlının kitabı da bu qəbildəndir.

Kitaba ön söz yazmış filologiya elmləri doktoru, professor Buludxan Xəlilov onun ideya-mövzu dairəsini dəqiqliklə müəyyənləşdirmişdir: “Nizami Məmmədcanlının yaradıcılığını stimullaşdıran cəhətlər bunlardır: vətən dərdi, el-obaya bağlılıq, insanlara qiymət, hər şeyin qədrini bilmək, duz-çörəyi itirməmək, sədaqətli sadiq olmaq, sözünün ağası olmaq s.”. Odur ki, mən Nizami müəllimin şeirlərində mərkəzi yer tutan bir obrazadağ obrazına diqqəti yönəltmək istəyirəm. Qədim türk düşüncəsinin əks-sədası olan bu obrazda müəllifin yurd həsrəti, o yurda qayıtmaq ehtirası sıxılmış, rəmzləşmiş inikasını tapmışdır:

 

Ziyarətdə yenə qar qar üstədir,

Gözlərim yol çəkir, qulaq səsdədir.

Ürəyim gen düşüb sizdən, xəstədir,

Yenə gəlib sizi görəm, a dağlar.

 

Dağ obrazının ən yüksək ifadəsini kəlbəcərli şair Bəhmənə həsr olunmuş şeirdə görürük. Həmin şeirdə müəllif özünün dağa çevrilmək istəyini dilə gətirir:

 

Dağlarımız qoşa-qoşa,

Könül oxu dəydi daşa,

Gəlsənə, verək baş-başa,

Dönək dağa, daşa, Bəhmən!

 

Fikrimcə, bu misralar müəllifin doğma el-obasına, onun hər daşına-qayasına, çayına, gölünə, çəməninə... hədsiz məhəbbətinin təsirli poetik ifadəsi kimi dəyərləndirilə bilər.

Əlbəttə, Nizami Məmmədcanlının vətən sevgisi ata-baba yurdu ilə məhdudlaşmır. Kitabda onun Bakıya, Gəncəyə, Naxçıvana, erməni işğalında olan Şuşaya həsr olunmuş şeirlərinə rast gəlirik. Bu isə onun Azərbaycanı bütöv gördüyünün, bütöv görmək istədiyinin təzahürüdür. Xocalıda qopan haraypoeması ayrıca qeyd olunmalıdır. Burada müəllifin Xocalı qətliamını törədənlərə hiddət nifrəti emosional ifadəsini tapmışdır:

 

Xocalının harayı

Səs saldı yer üzünə.

Görəsən, bu dünyanın

Əyrisi , düzü ?

Hanı insaf, ədalət?!..

 

Xocalı faciəsi

Tarixlərdən gələn səs

Bu qanı, bu qadanı

Heç kəs unuda bilməz.

 

Göründüyü kimi, Nizami Məmmədcanlı özünün məruz qaldığı tarixi ədalətsizliklərin unudulmamasına çağırır çalışırdı. Bu mənada kitabda yer almış Ağbaba folklorundan nümunələr olduqca əlamətdardır. Müəllif Ağbaba mahalında geniş yayılmışQaçaq Usufdastanını, əfsanə rəvayətləri, inanc sınamaları yazıya almaqla, etnik yaddaşımızın bir parçasını itib-batmaqdan xilas etmiş buna görə hələ sağ ikən rəhmət qazanmışdır.

Nizami Məmmədcanlı həyatının son gününə qədər bitib-tükənməyən bir şövq ümidlə doğma torpağa qayıtmaq, yarımçıq qalmış ömrü yenidən yaşamaq istəyirdi.

 

Ürəyimdə həsrət yükü,

Öz yurduma tələsirəm

 

söyləyirdi.

 

Dönəcəyəm bir gün

pərvanə kimi

ocağının başına.

Dönəcəyəm, ana torpaq,

dağlarının qucağında,

yurdun ulu daşına

 

deyirdi. Olmadı. Həssas ürəyi yurd itkisindən doğan ağrılara, yuxusunu ərşə çəkən fikirlərin ağırlığına tab gətirmədi. 59 yaşında dünyasını dəyişdi. Neyləmək olar?! Özü demişkən:

 

Qədər ki Allahdan gələr,

Kimə əvvəl, kimə sonra.

 

Allah rəhmət eləsin...

 

 

Məsiağa MƏHƏMMƏDİ,

filologiya elmləri namizədi

 

Xalq qəzeti.- 2010.- 11 mart.- S. 6.