Masallıda ekoloji
tədbirlərə diqqət artırılıb
Azərbaycanın ümumi inkişaf konsepsiyasında ətraf
mühitin mühafizəsi, insanların sağlam təbii
mühitdə yaşaması və təbii sərvətlərdən
düzgün istifadəsi mühüm yer tutur. Prezident
İlham Əliyevin təşəbbüsü ilə cari ilin
ölkədə “Ekologiya ili” elan edilməsindən məqsəd
məhz bu məsələlərin uğurlu həllini təmin
etməkdir. Fevralın 18-də dövlətimizin
başçısının yanında ekoloji problemlərə
həsr olunmuş müşavirənin keçirilməsi ən
yüksək səviyyədə bu sahəyə
qayğının təzahürüdür.
Ekoloji tədbirlərə
diqqətin artırıldığı rayonlardan biri də
Masallıdır. Artıq bir neçə ildir ki, Masallıda
keçirilən tədbirlərdə ətraf mühitin
mühafizəsinə də toxunulur və bu sahəyə
cavabdehlik daşıyan təşkilatların vəzifə məsuliyyətinin
artırılması istiqamətində addımlar
atılır.
Masallı ölkəmizin
“yaşıl abidə”lərindəndir. Rayonun Təzə
Alvadı və Qumbaşı kəndləri tərəfdən
girişləri də, Yardımlıya
çıxışı da meşə zolaqları ilə əhatə
olunub. Burada torpaqların 1240 hektarı meşəlik ərazilərdir.
Zümrüd libaslı Talış dağları, səfalı
İstisu istirahət zonası, Viləş çayı, su
anbarının yaratdığı süni göl, şəfa
suları və bulaqlar rayonun dilbər guşələridir.
Masallının təbiəti ilin hər fəslində
gözəl olur. Rayon icra hakimiyyəti
başçısının müavini İsa Nuriyev “Ekologiya
ili” ilə əlaqədar artıq ayrıca tədbirlər
planının olduğunu bildirdi. Görülən və nəzərdə
tutulan işlərlə bizi tanış etdi. Masallı Meşə
Mühafizəsi və Bərpası Müəssisəsinin,
Viləşçay Su Anbarı İstismar İdarəsinin səmərəli
fəaliyyət göstərdiklərini bildirdi.
Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən təkcə ötən il 130 hektar sahədə əkin işləri aparılıb, 75 hektar sahə kol-kosdan təmizlənib, 320 hektarda təbii bərpaya kömək göstərilib. İl ərzində burada 300 minədək ting yetişdirilib ki, bunun da bir qismi rayonda aparılan abadlıq işləri ilə əlaqədar ağac əkini kampaniyası zamanı əkilib. Bununla bərabər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığı ilə Yardımlı və Lerik rayonlarının meşə mühafizəsi və bərpası müəssisələrinə 100 min ting verilib. Meşə zolağında on kilometr uzunluğunda yeni çəpərlər çəkilib, beş kilometr sahədə köhnə çəpərlər təmir edilib. Otuz altı hektarda isə səpin sahələrinə xidmət göstərilib və iki hektarda tinglik salınıb. Yanğın əleyhinə mineral zolaqların yaradılması on beş kilometr sahəni əhatə edib. On ton palıd toxumu tədarük edilib və meşə əkinləri zamanı istifadə olunub.
Bu il Masallı meşəçiləri əkin işləri aparmaq üçün 20 hektar sahə hazırlayıblar. Əkində göyrüş və ağcaqayına üstünlük veriləcək. Əkinlərdə şəxsi təsərrüfatlardan alınan üzvi gübrələrdən lazımınca istifadə olunur.
Viləşçay Su Anbarı İstismar İdarəsi 24 ildir ki, fəaliyyət göstərir. İdarə on min hektaradək əkin sahəsini suvarma suyu ilə təmin edir. Bundan ötrü idarənin balansında həcmi 46 milyon kubmetr olan əsas su anbarı, üç kiçik sututarı, 438 kilometrlik açıq suvarma kanalı, 169 hidrotexniki qurğu, 40 kilometr yüksək təzyiqli yeraltı boru kəməri və 5360 hektar qapalı suvarma şəbəkəsi var. Ötən il xeyli suvarma kanalları və çay məcrası təmizlənib, mühüm təmir işləri görülüb. Fiziki şəxslərə aid 6500 hektar sahədə suvarma aparılıb, bundan ötrü 30 milyon kubmetr su işlənib.
Rayonun Qızılağac, Yeddioymaq, Kalinovka, Xıl, Gəyəçöl, Şıxlar, Musaküçə kəndlərindəki qapalı suvarma şəbəkələrində 85 min manatlıq təmir aparılıb və mövsümdə şəbəkənin fasiləsiz işləməsi təmin edilib. Həsənli, Xırmandalı, Hacıtəpə, Səmidxan, Kürdəbaz, Boradigah, Banbaşı, Sirəbil, Sərçüvar kəndlərində suvarma kanalları lildən təmizlənib. Bir sıra digər kənd ərazilərində də kanalların təmizlənməsi həyata keçirilib. Məlum olduğu kimi, ötən ilin sentyabrında rayonda yağan leysan yağışları güclü sellə nəticələnmiş və təsərrüfatlara ziyan vurmuşdu. Bundan sonra sututarların və kanalların vəziyyətinə diqqət daha da artırılıb, zəruri və təcili tədbirlər görülüb. Bundan ötrü Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən idarəyə iki “Hyunday” və bir “Belarus”ekskovatoru, bir yeni buldozer verilib. İdarə tərəfindən rayonun yaşıllıqlarının artırılmasına kömək məqsədilə 2700-dən artıq ağac əkilib və suvarılması təşkil edilib. İdarə Heydər Əliyev parkının abadlaşdırılmasında da fəallıq göstərir.
Masallıda yaşanan bir problem şəhərdəki kommunal evlərdən axıdılan çirkab sularla bağlı idi. Rayon icra hakimiyyəti bu məsələni ciddi nəzarətə götürüb. Həmin suların nasoslarla vurulub kənarlaşdırılması üçün şəhər icra nümayəndəliyi “Su kanal” idarəsi ilə, həmçinin məişət tullantılarının daşınması üçün Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə müqavilə bağlayıb və icrasını təmin edib. Çoxmərtəbəli yaşayış binalarının xarici və daxili kanalizasiya xətləri dəyişdirilərək təzələnib, 250 ötürücü kanalizasiya quyusu quraşdırılıb, iki yeni çirkab su anbarı tikilib. Şəhərin mərkəzinə içməli su xəttinin çəkilməsi tələbatın müəyyən qismini ödəyib.
Ötən ilin payızında Masallıda 15800 ağac əkilib. Bunun 3200-ü Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən
163-177-ci kilometrlərində basdırılıb. Şəhərdə əkilmiş ağacların
sayı isə 9250 olub. Əkinlər əsasən Viləş
çayının şəhərdən
keçən hissəsində,
çay vadisində həyata keçirilib.
“Ekologiya ili”
ilə bağlı yanvar ayında Masallıda iməcilik yolu ilə 1500 ağac əkilib. Bunlar əsasən çinar, palıd, tut, göyrüş,
akasiya və sair ağaclardır.
Yeni əkinlərin qorunması,
suvarılması ayrı-ayrı
idarə və təşkilatlara həvalə
edilib. Rayonun mövcud yaşıllıqlarına
qulluq da eyni qayda ilə
kollektivlər arasında
bölüşdürülüb.
Masallının qazlaşdırılması
sahəsində də
bir sıra zəruri tədbirlər görülüb və bu il də davam etdiriləcək.
Bir sözlə, rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər
nikbinlik yaradır.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 11 mart.- S. 5.