Səviyyə varsa, inam da var
Söhbət son illər sürətlə inkişaf
edən Gəncə səhiyyəsinin işindən gedir
Hələ bir il qabaq Gəncə Şəhər Səhiyyə
İdarəsinin rəisi, Azərbaycan Respublikasının əməkdar
həkimi Mehman Rzayevlə tibbi xidmətin səviyyəsinin
yüksəldilməsi ilə əlaqədar görülən
işlərdən, perspektiv vəzifələrdən
danışarkən demişdi:
— Bizim ən
başlıca vəzifələrimizdən biri də
adamların Gəncə səhiyyəsinə inamının
artırılmasına nail olmaqdan ibarətdir. Axı nəyə
görə Azərbaycanın ikinci böyük şəhəri
olan, günü-gündən çiçəklənən,
tərəqqi edən Gəncə sakini müalicə
olunmağa, hətta müayinədən keçməyə
görə Bakıya və ya digər bir xarici ölkəyə
üz tutmalıdır? İndi Gəncə beş-on il
qabaqkı Gəncə deyil. Onun bütün sahələrində,
o cümlədən səhiyyə sistemində hədsiz
inkişaf var, geniş islahatlar aparılır. Düşünürəm
ki, şəhərdə səhiyyənin səviyyəsi, tibbi
xidmət yüksəldikcə, həkimlərimizə, tibb
ocaqlarımızın imkanlarına və gücünə də
inam artacaq...
İdarə rəisi ilə
həmin söhbətdən bir neçə ay qabaq, dəqiq
desək, 2008-ci ilin sentyabr ayının 24-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Gəncə
Diaqnostika Mərkəzinin açılışını
bildirən lenti kəsmişdi. Əslində şəhərdə
80-ci illərin əvvəllərində tikilmiş kiçik
bir diaqnostika mərkəzi var idi. Amma təbii ki, tələbatı
ödəmirdi. Yeni mərkəz isə nəinki təkcə
respublikanın Qərb bölgəsində, həmçinin
Qafqazda analoqu olmayan bir müalicə ocağıdır. Ən
müasir tibb avadanlıqları, müalicə və dializlər
üçün hər cür şərait, mərkəzdə
qəbul, hemodializ, funksional diaqnostika, kompyuter tomoqrafiyası və
sair bölmə və kabinetləri olan Gəncə Tibbi
Diaqnostika Mərkəzi hamını valeh edir.
Bir məsələni də
qeyd etmək lazımdır ki, Gəncədə bu vaxtadək
nə nüvə maqnit rezonans, nə də kompyuter
tomoqrafiyası olmayıb. Ona görə də adamlar müayinə
üçün Bakıya və keçmiş ittifaqın digər
şəhərlərinə üz tutublar.
Gəncə səhiyyəsində
diqqətçəkən məqamlardan ən
başlıcası budur ki, ölkədə tibb sahəsində
müasir, mütərəqqi nə varsa tətbiq olunur, hər
hansı xəstəxana, poliklinika və ya digər səhiyyə
ocağı əsaslı təmir olunursa və yenidən
qurulursa, o mütləq ən müasir tibb
avadanlığı ilə təchiz olunur, ixtisaslı kadrlar
seçilir, onlar təkmilləşdirilir, müvafiq kurslara
göndərilir, başqa ölkələrlə təcrübə
mübadiləsi aparılır. ABŞ-ın, Rusiyanın,
Türkiyənin, İsrailin və digər inkişaf etmiş
ölkələrin tanınmış mütəxəssisləri
dəfələrlə Gəncədə olub, öz tövsiyələrini
verib, təcrübə mübadiləsi aparıb, yerli həkimlərin
işindən razı qalıblar. Həmçinin Gəncənin
tibb işçiləri adları çəkilən ölkələrdə
və digər yerlərdə təcrübə keçiblər,
tanınmış həkimlərlə çiyin-çiyinə
çalışıblar, onlardan öyrəniblər, işdə
tətbiq ediblər.
Yeri gəlmişkən
qeyd edək ki, təmir olunan və müasir avadanlıqlarla təchiz
edilən tibb müəssisələrində xarici qonaqlara
göstərmək, onların fikrini öyrənmək
üçün hər cür şərait var. Bu baxımdan
şəhər səhiyyə idarəsinin elmi praktik konfranslar
və tədris resursları zalı xüsusilə diqqəti cəlb
edir. Artıq bura sözün əsl mənasında
işgüzar təbliğat, təşviqat, öyrənib-öyrətmə
mərkəzinə çevrilib. Ən müasir əyani vasitələrlə,
kompyuterlərlə təchiz olunmuş zalda elə həftə
olmur ki, tədbirlər, kurslar, müşavirələr,
elmi-praktik konfranslar və digər tədbirlər keçirilməsin.
Burada nəinki respublikamızın, həmçinin xarici
ölkələrin tanınmış mütəxəssisləri,
alimləri, həkimləri, həmçinin
tanınmış klinikaların əməkdaşları məruzələr
oxuyur, dəyərli tövsiyələrini verir, təcrübə
mübadiləsi aparırlar. 2008-ci ildə ABŞ-ın Texas
Universitetinin Sağlamlıq Təhqiqat Mərkəzinin,
İsrailin “Xorev” tibb mərkəzinin, Qadın sağlamlıq
institutunun, eləcə də respublikanın bir sıra
adlı-sanlı mütəxəsislərinin iştirakı ilə
ən müxtəlif tədbirlər həyata
keçirilmişdir.Bu baxımdan yola saldığımız
2009-cu il də istisna təşkil etməmişdir. Artıq
sürətli internet və telekonfranslar üçün video
aparatlar quraşdırılmış zalda Ə. Əliyev
adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun rektoru S. Kərimovun rəhbərliyi və 20-dək
aparıcı alim və mütəxəssisin iştirakı,
Ümumdünya QİÇS-lə Mübarizə Günü
və dekadası, respublika QİÇS-lə Mübarizə Mərkəzinin
direktoru, professor H.Qədirova və ÜST yoluxucu xəstəliklər
üzrə mütəxəssis C.Süleymanovanın, Səhiyyə
Nazirliyi üzrə regionlarda doğuşa yardım xidmətində
təxirəsalınmaz xidmətin təşkili vəziyyətinin
öyrənilməsi ilə bağlı tədbirlər
reallaşdırılmışdır. Bundan başqa, nazirliyin
doğuşa yardım komissiyası üzvlərinin, Elmi-Tədqiqat
Mama və Ginekologiya İnstitutunun direktoru F. Əliyevanın,
“İlkin səhiyyə xidmətində mama-ginekoloji xidmətin
təşkili” mövzusunda, Səhiyyə Nazirliyinin baş cərrahı
M. Kərimovun, Gəncənin və ətraf rayonların həkim
cərrahlarının iştirakı ilə “Cərrahi əməliyyatdan
sonrakı dərin venaların trombozu və ağ ciyər
arteriyası troliboemboliyasının profilaktikasına dair”
klinik protokolun şərhi və təqdimatı üzrə
digər konfranslar keçirilmişdir.
Yazıda bu konfransların,
müşavirələrin, məruzə mətnlərinin
adlarını ona görə qeyd edirik ki, oxucuda təsəvvür
olsun — Gəncə səhiyyənin ən müxtəlif sahələrinin
təbliği, öyrənilməsi, tətbiqi mərkəzinə
çevrilir.
Şəhərin tibb
müəssisələrində yaradılmış şərait,
həkim-xəstə münasibətləri ilbəil, aybaay
yaxşılaşır. Kollektivlərdə sağlam təlim
bərqərar olunub, nöqsanlara qarşı mübarizə
işində fəallıq açıq-aşkar hiss olunur. Hər
yerdə səliqə-sahman, təmizlik yaradılıb,
yaşıllığa, abadlığa diqqət
artırılıb. Bütün bunlar Gəncədə adamların
diqqətindən yayınmır.
Şəhərdə təcili
və təxirəsalınmaz yardımın səviyyəsi əvvəlki
illərlə müqayisədə tanınmaz dərəcədə
dəyişib. Maddi-texniki baza möhkəmləndirilib.
İndi Gəncənin küçələrində ən
müasir, hər cür tibb avadanlıqları ilə təchiz
olunmuş çoxlu “Mersedes” markalı təcili-tibbi yardım
maşınları şütüyür.
Şəhərdəki
2 saylı Doğum Evini də indi tanımaq olmur. Doğum
Evinin nəzdində “Ana və uşaqların
sağlamlığının qorunması üzrə tədbirlər
Proqramı”na uyğun olaraq Qərb bölgəsinə xidmət
göstərən və ən müasir tələblərə
cavab verən rayonlararası Perinatal Mərkəz nazirlik tərəfindən
ən müasir aparat və avadanlıqla, rabitə vasitələri,
müasir texnologiya ilə təmin olunmuşdur. Burada müasir
su, istilik, hava təmizləyici sistemlər, sanitariya
qovşaqları, duş kabinələri qurulmuş, ana və
yeni doğulan körpə üçün xüsusi sanitar
qovşağı və hər cür şəraiti olan təkadamlıq
palatalar yaradılmış, perinatal və neonatal xidmətlərin
keyfiyyətini artırmaq üçün tədbirlər
görülmüşdür. Mərkəzin fizioloji
doğuş, zahılıq, hamiləliyin patologiyası,
ginekologiya, reanimasiya şöbəsi və bölmələri
vardır. Təbii ki, bütün bunlar ana və uşaq
ölümü hallarının qarşısının
alınmasına əsaslı şərait yaradıb. Təsadüfi
deyildir ki, sosial-iqtisadi rifahın ən dürüst göstəriciləri
olan yenidən doğulmuşların sayında keçən
il 12 faizdən də artıq müsbət dinamika
müşahidə olunub. Məlum olduğu kimi, səhiyyə
xidmətində ana və uşaqların
sağlamlığının müdafiəsi, qadın məsləhətxanasının
işinin gücləndirilməsi, hamilə qadınların
vaxtında qeydiyyata götürülməsi, lazımi
müayinə və müalicəvi yardımla təmin
olunması, dispanser müşahidə və risk qrupunda olan
qadınlara xüsusi nəzarət həyata keçirilir. Yeri
gəlmişkən, Səhiyyə Nazirliyi tərəfindən
2009-cu buraxılış ili olan “Sonage X6” markalı 1 ədəd
ən müasir USM aparatı ayrılmışdır ki, həmin
aparat doğuşa yardım xidmətinin səviyyəsinin
yüksəldilməsi məqsədilə qadın məsləhətxanasına
verilmişdir.
Əvvəlki illərdə
olduğu kimi, 2009-cu ildə də yenidən
doğulmuşların “Elektron sağlamlıq kartı”
sisteminin icrası diqqət mərkəzində olmuşdur. Son
4 ildə anadan olmuş uşaqlara da elektron sağlamlıq
kartları sifariş olunmuş, onların müəyyən
hissəsi şəhərə gətirilmiş və valideynlərə
paylanmışdır.
Son üç ildə Gəncənin
müxtəlif tibb ocaqlarında elə şöbə və
bölmələr açılmışdır ki, bunlar
yalnız respublikanın paytaxtında var, digər şəhər
və rayonlarında yoxdur. Onların bir neçəsi ilə
tanış olaq. Təcili tibbi yardım xəstəxanasında
“Endoskopiya” bölməsi, kardioloji dispanserdə “Ürək
ritminin bərpası” şöbəsi, A. Səhhət
adına xəstəxanada “Oftopediya” xidmət sahəsi və
sair. Kardioloji dispanserin nəzdindəki hemodializ bölməsi
artıq xeyli vaxtdır şöbə kimi fəaliyyət
göstərir.
Şəhərin tibb
ocaqlarının ən müasir səviyyəyə
çatdırılması üçün aparılan iş
sistemli xarakter daşıyır və bir an belə səngimir.
2009-cu ildə də maddi-texniki bazanın möhkəmləndirilməsi
istiqamətində bir sıra mühüm tədbirlər həyata
keçirilmişdir. Yuxarıda adını çəkdiyimiz
Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya
şöbəsi Yaponiyanın respublikamızdakı səfirliyinin
köməyi ilə əsaslı təmirdən sonra yenidən
istifadəyə verilmişdir. Burada 80 min ABŞ dolları həcmində
təmir işləri görülmüş və şəhər
səhiyyə idarəsi tərəfindən 90 min manat dəyərində
tibbi aparat və avadanlıqlar təkmilləşdirildikdən
sonra istismara buraxılmışdır.
İndi Gəncənin xəstəxanalarına
və poliklinikalarına baş çəkmək adamda xoş
təsəssürat yaradır. Hiss olunur ki, daha heç kim
köhnəliklə, qeyri peşəkarlıqla barışmaq
istəmir. Həkimlərin, tibb bacılarının, hətta
texniki işçilərin geyim formalarından tutmuş
çarpayılara, bərk və yumşaq inventarlara kimi
hamısı yeniləşib, müasirləşib.
Respublika səviyyəsində
həyata keçirilən tədbirlərə ilk müsbət
reaksiya verən şəhər və rayonlar arasında Gəncə
birincilər sırasında gedir. Məsələn,
“Respublikada qrip və kəskin respirator xəstəliklərə
qarşı profilaktik tədbirlərin gücləndirilməsi
barədə” Səhiyyə Nazirliyi üzrə 28 aprel 2009-cu
il tarixli əmrdən dərhal sonra yoluxucu xəstəliklər
xəstəxanasında palatalar ayrılmış, bu müalicə
ocağı uyğun intensiv müalicə üçün dərman
vasitələri, unfizion məhlullar, antivirus preparatları,
dezinfeksiyaedici maddələr və digər materiallarla təmin
edilmişdir. Həmin xəstəxanaya ağ ciyərlərin
süni ventilyasiyası aparatı da verilmişdir. Bütün
tibb müəssisələrində tibbi heyət
üçün fərdi qoruyucu vasitələrdən istifadəyə,
cari dezinfeksiya işlərinin aparılmasına nəzarət
gücləndirilmişdir. Şəhərdəki 1 saylı
uşaq poliklinikası və 2 saylı şəhər
poliklinikası insanlar arasında qrip üzərində
epidemioloji nəzarət aparan tibb müəssisələri
kimi təsdiq olunmuş, qrip və kəskin respirator xəstəlik
hadisələri barədə həftəlik məlumatların
ərazi gigiyena və epidemiologiya mərkəzinə göndərilməsi,
xəstələrdən götürülən
materialların müayinə üçün respublika Taun əleyhinə
stansiyanın virusoloji laboratoriyasına göndərilməsi
üçün tədbirlər həyata
keçirilmişdir.
Şəhər səhiyyə
idarəsinin təşəbbüsü ilə ötən ilin
noyabrında ictimai nəqliyyat vasitələrində, məcburi
köçkünlərin yerləşdiyi yataqxanalarda, təhsil
müəssisələrində profilaktik dezinfeksiya tədbirləri
aparılmışdır.
2009-cu ilin “Uşaq
ili”elan olunması da səhiyyə işçilərinin məsuliyyətini
xeyli artırmışdır. Səhiyyə Nazirliyinin 29 mart
2009-cu il tarixli əmrinə müvafiq olaraq xüsusi tədbirlər
planı hazırlanmış, xüsusi tibb briqadaları
yaradılmış, məktəbəqədər və məktəbyaşlı
uşaqlar arasında kütləvi müayinələr
aparılmışıdır. Şəhərdə uyğun
42 min 466 uşaqdan 36 min 440 nəfəri müayinədən
keçirilmiş, nəticədə 4275 xəstə aşkar
olunmuşdur...
Bir məqama da
toxunmaq istərdik. Şəhər səhiyyə idarəsinin
rəisi Mehman Rzayev çox qısa vaxt ərzində illərdən
bəri yığılıb qalmış problemlərin həlli
üçün əlindən gələni etmişdir.
Təbii ki, özünün dediyi kimi, respublika səhiyyə
naziri O. Şirəliyevin və Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun
bu sahəyə gündəlik diqqəti, nəzarəti,
qayğısı və köməyi olmasaydı, bunlar
mümkün deyildi. Heç şübhəsiz
idarə rəisinin prinsipiallığı, neqativ hallara
qarşı barışmaz mövqeyi, peşəkarlığı,
işgüzarlığı, daim yeniliyə can atması həyata
keçirilən işlərə hədsiz təsir edib.
Şəhər səhiyyə idarəsində
müntəzəm keçirilən müşavirələr,
şura iclasları yalnız Gəncədə tibbi xidmətin
yüksəlməsi, xəstəxanalarda hərtərəfli
şəraitin yaradılması və nöqsanların aradan
qaldırılmasına yönəldilmişdir. Məsələn,
təkcə keçən il bir çox
vacib məsələlər — əməyin təşkili, mühafizəsi,
texniki təhlükəsizlik tədbirləri, o cümlədən,
qış mövsümü müəssisələrin işlədilməsi,
su təchizatı, qida və dərman təminatı,
stasionarda ambulator xəstə qəbulunun
qarşısının alınması, ilkin səhiyyə xidmətinin
təkmilləşdirilməsi müzakirə edilmişdir. Ayrı-ayrı səhiyyə ocaqlarının rəhbərlərinin
işə qeyri-qənaətbəxş münasibəti,
laqeydliyi qeyd olunmuşdur. Şuranın qərarı
ilə inzibati tədbirlər planı tətbiq olunmuş, iki
baş həkim və bir şöbə müdiri işdən
azad edilmişdir.
... Gəncə
səhiyyəsi hər gün, hər saat yeniləşir,
müasirləşir desək, bəlkə də
yanılmarıq. Amma tibb işçiləri
qətiyyən arxayınlaşmırlar. Qarşıda
görüləsi işlər hələ çoxdur. Maddi-texniki
bazanın daha da gücləndirilməsi, tibb kadrlarının
peşəkarlığının daha da yüksəldilməsi,
xəstələrin qida və dərman təminatının
tam yaxşılaşdırılması, bu işə nəzarətin
gücləndirilməsi, ilkin səhiyyə xidmətinin
inkişafı, xəstələrin müayinə və
müalicəsində elmi sübutlara əsaslanan klinik
protokolların tətbiqi və digər tədbirlər təxirəsalınmaz
vəzifələr sırasındadır.
— Mən inanıram ki, elə
bir gün gələcək, Gəncədən bir nəfər
də olsun xəstə müalicə və ya müayinə
üçün başqa yerə getməyəcək. Bizim ən başlıca məqsədimiz xəstələrin
inamını qazanmaqdır. Səhiyyə
varsa, inam da mütləq olacaq. Sevinirik ki,
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə
bu gün həmin səviyyəyə nail oluruq.
Şəhərin
səhiyyə idarəsi rəisinin bizə dediyi bu sözlərdə
çox böyük qətiyyət, inam və nikbinlik var. Gəncənin
tibb işçilərinin bugünkü fəaliyyəti belə
deməyə, belə düşünməyə əsas verir. Uğur olsun!
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 11 mart.- S. 5.