Prezident İlham ƏLİYEV: “Azərbaycan
vətəndaşları təmiz ekoloji şəraitdə
yaşayacaqlar”
Ekoloji tarazlığın bərpası istiqamətində
vacib addımlar atılacaq
Dövrümüz yenilikləri və nəticələri
ilə hələ də hamımızı həyəcanlandırır.
Cələcəyə ötəri baxış
düşüncələrimizdə atom, kosmik, urbanizasiya və
demoqrafik partlayış, informasiya texnologiyaları və gen
mühəndisliyi əsrinin obrazını canlandırır. Biliklərini
inkişaf etdirməklə insan silahının
gücünü, o cümlədən kommunikasiya və hərəkət
sürətini dəfələrlə artırmağı
bacarmış, makro və mikro aləmə nüfuz etməyi
öyrənmişdir. Hərtərəfli tərəqqi
göz qabağındadır. Lakin inkişaf, təəssüf
ki, özü ilə bərabər problemlər də gətirir.
Həmin problemlərdən biri də ətraf mühitin
çirklənməsi ilə bağlıdır. Bu problem
inkişafının sürətli dövrünü
yaşayan Azərbaycan üçün də aktualdır və
hökumət davamlı və tarazlı inkişafın
saxlanılması məqsədilə həyata keçirdiyi
kompleks tədbirləri keyfiyyətcə yeni səviyyəyə
yüksəldəcəyini açıqlayır. Nəticələr
də var.
Hər bir hökumətin
qarşısında duran vəzifələrdən biri də
ölkənin davamlı və tarazlı inkişafını təmin
etməkdən ibarətdir. Məhz davamlı və tarazlı
inkişaf sayəsində həyata keçirilmiş kompleks tədbirlər
lazımi səmərəni verir. Çünki yeni sosial-
iqtisadi paradiqma olan davamlı inkişaf konsepsiyası müasir
dövrün bütün tələbatlarını ödəməklə
yanaşı, gələcək nəsillərin də tələbatlarını
ödəmək qabiliyyətini və istəyini təhlükə
altına almır. Ətraf mühitdə və təbii
resurslarda uzunmüddətli dövr ərzində çirklənmə
və tükənmə olmadan əldə edilən iqtisadi
inkişafı nəzərdə tutan konsepsiyanın diqqət
mərkəzində saxladığı məsələlərdən
birinin də məhz insan-ətraf mühit münasibətlərinin
olması təsadüfi xarakter daşımır. Amma təəssüflə
qeyd edilməlidir ki, son əlli il ərzində elmi-texniki tərəqqinin
sürətli inkişafı sayəsində təbiətlə
insanın münasibətləri xeyli mürəkkəbləşmiş,
necə deyərlər, bir növ antaqonist xarakter
almışdır. Təbiət insandan aldığı hər
zərbəyə fəlakət və dağıntılarla
cavab verir. Buna görə də hər bir hökumət
ölkənin hərtərəfli inkişafının təmin
edilməsində ətraf mühitə olan münasibəti
mahiyyətcə yeni müstəviyə keçirməklə
təsirli ölçülər götürməyi prioritet vəzifə
kimi gündəmdə saxlayır.
Azərbaycan da hərtərəfli
inkişaf edən ölkədir. Xüsusilə də iqtisadi
inkişaf sahəsində nümayiş etdirdiyi göstəricilər
dünyanın diqqət mərkəzindədir. Son altı ildə
iqtisadiyyatın üç dəfə artması analoqu olmayan
inkişaf kimi qiymətləndirilir. Qarşıdakı illərdə
də Azərbaycanda iqtisadi artımın davam edəcəyi
şübhə doğurmur. Lakin qeyd etdiyimiz kimi, iqtisadi
inkişaf ətraf mühitə yeni münasibət göstərilməsini
də tələb edir. Xüsusilə də sənayenin
sürətli inkişafı, təbii resurslardan istifadə və
digər təsərrüfat subyektlərinin fəaliyyəti nətisəsində
ekoloji mühitə göstərə biləcəyi təsirlərə
qarşı səmərəli tədbirlərin həyata
keçirilməsi vəzifəsini ön plana
çıxarır.
Doğrudur, Azərbaycanda
ekoloji problemlər keçmiş SSRİ-dən miras
qalmışdır. Prezident İlham Əliyevin ekoloji problemlərə
həsr olunmuş müşavirədə bununla bağlı
dediyi sözlər problemin nə qədər köhnə
xarakter daşıdığını bir daha göz
önünə gətirmişdir: “Ekologiya məsələlərinə
gəldikdə, sirr deyil ki, əsrlər boyu bizim regionda bu məsələlərə
ciddi diqqət verilmirdi. Ekoloji tarazlığın bərpa
edilməsi, ekoloji tədbirlərin görülməsi, ətraf
mühitin qorunması sanki beşinci, onuncu dərəcəli
məsələ kimi gündəlikdə dayanırdı. Yəni,
hətta ekologiya sözü, əvvəlki illərdə o qədər
də çox işlədilmirdi”. Abşeron
yarımadasının torpaqlarının müəyyən
hissəsinin çirkləndiyini, məişət
tullantılarının utilizasiyası məsələləri
ilə, demək olar ki, ciddi məşğul
olunmadığını vurğulayan ölkə
başçısı əlavə etmişdir ki, bütün
sovet məkanında, postsovet məkanında, Sovet
İttifaqı zamanında daha çox planın icrası məsələləri
nəzərdə tutulurdu və ekoloji tədbirlər ya
yarımçıq görülürdü, ya
görülmürdü. Bununla belə, Prezident İlham Əliyev
bildirmişdir ki, keçmiş SSRİ-yə xas olan
bütün meyillərə rəğmən Azərbaycanda
ekoloji məsələlərin həlli işinə 1970-80-ci
illərdə böyük diqqət göstərilmişdir:
“Bu gün Bakının ətrafında
gördüyümüz ağaclar, meşəliklər, yaşıllıq
zolaqları ulu öndər Heydər Əliyevin təşəbbüsü,
onun şəxsi iştirakı ilə
salınmışdır. O illərdə Bakının
kanalizasiya probleminin həlli istiqamətində vacib addımlar
atılmışdır. Yəni, bütün bu məsələlər
o vaxt imkan daxilində görülürdü. Ancaq əlbəttə
ki, Azərbaycan müstəqil dövlət deyildi və bu sahədə
müstəqil siyasət apara bilmirdi”.
Bu gün Azərbaycan
müstəqil dövlət kimi inkişaf edir və ekoloji
problemlərin həllinə müstəqil şəkildə
müəyyənləşdirdiyi strategiya ilə
yanaşır. Müstəqillik əldə etdikdən sonra
bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda ətraf
mühitin qorunması sahəsində keyfiyyətcə yeni
ekoloji siyasət yürüdülməyə
başlanılmışdır. Ölkəmizdə ekoloji siyasətə
dair ilk sənəd kimi davamlı inkişaf prinsiplərinə
söykənən “Azərbaycan Respublikasının ekoloji
Konsepsiyası”nı göstərmək olar. Zaman keçdikcə
iqtisadi inkişafın fonunda ekoloji siyasətə dair daha
konseptual proqram “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Tədbirlər Planı” təsdiqlənmiş
və ötən müddət ərzində Bakı şəhəri
və Abşeron yarımadasında ətraf mühitin
yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atılmışdır. Müşavirədəki
çıxışında ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov “Azərbaycan Respublikasında
ekoloji vəziyyətin yaxşılaşdırılmasına
dair 2006-2010-cu illər üçün Tədbirlər
Planı”nın mövcud problemlərin həllinə,
xüsusilə Bakı şəhəri və Abşeron
yarımadasında ətraf mühitin
yaxşılaşdırılması istiqamətində
aparılan işlərə böyük təkan verdiyini
vurğulayaraq əlavə etmişdir ki, bir sıra dövlət
qurumları ekoloji problemlərin həlli istiqamətində tədbirlər
görürlər və tullantıların və çirkab
suların idarə olunmasının təkmilləşdirilməsi,
neftlə çirklənmiş ərazilərin, Bakı
buxtasının ekoloji vəziyyətinin
yaxşılaşdırılması və digər
mühüm istiqamətlərdə layihələr həyata
keçirilir.
Əlverişli
coğrafi mövqeyi Bakının nəinki Azərbaycanın,
o cümlədən Qafqaz regionunun ən böyük mədəniyyət,
elm və ticarət mərkəzi kimi diqqət mərkəzində
qalmasına şərait yaratmışdır. Ancaq neft
yataqlarının aşkar edilməsindən və
yataqların istismarına başlanmasından sonra
paytaxtımız geosiyasi və geoiqtisadi
ağırlığını artırmaqla yanaşı, həm
də ekoloji problemlərin cəmləşdiyi şəhərə
çevrilmişdi. Bu vəziyyət xüsusilə də
çar Rusiyası dövründə geniş vüsət
almış, sovetlərin vaxtında pik vəziyyətinə
çatmışdı.
Prezident İlham Əliyevin
də dediyi kimi, yalnız ulu öndər Heydər Əliyevin
təbiətə qarşı nümayiş etdirdiyi yüksək
münasibət sayəsində Bakı “qara qızıl”ın
rənginə boyanmamış, şəhərdə
yaşıllaşdırma işləri hər zaman davam
etdirilmişdir. Bununla belə, Bakı şəhərinin elə
yerləri var ki, hələ də ekoloji mühitinin
yaxşılaşdırılmasına ehtiyac var. Belə yerlərdən
biri də Bakı buxtasıdır. Prezident İlham Əliyevin
müşavirədə bununla bağlı dediyi sözlər
buxtanın paytaxtımız üçün nə qədər
əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir:
“Bakı buxtası Bakının gözəlliyidir,
Bakının tarixidir. Biz bu gözəl sərvəti
qorumalıyıq. Əfsuslar olsun ki, hazırda Bakı
buxtasında suyun təmizliyi bizi heç çür qane edə
bilməz”. Ciddi tədbirlərin görülməsi barədə
göstəriş verdiyini vurğulayan ölkə
başçısı ümid etdiyini
açıqlamışdır ki, yaxın zamanlarda kompleks tədbirlərin
görülməsi nəticəsində Bakı buxtasında
suyun təmizliyi lazımi səviyyədə olacaq. Prezident
İlham Əliyev məsələnin çox ağır olduğunu
bildirməklə yanaşı, əmin olduğunu da
açıqlamışdır ki, lazımi tədbirlər həyata
keçirilərsə, məsələnin həllinə nail
olmaq mümkündür.
Ümumiyyətlə,
şəhərin təmizliyinin qayğısına qalmaq qədim
dövrlərdə də gündəmdə olmuşdur. Məsələn,
qədim Romada “Əbədi Şəhər”i “narahat” edən
Tibr çayı iki yerə bölünmüş və hətta
çay yatağına nəzarət etmək
üçün vəzifə də təsis edilmişdi. İmperator
Neronun əmrilə Romanın ən qədim və çirkli
məhəllələrinin yandırılması da məlumdur.
Bu gun gözəlliyi və təmizliyilə hamını heyran
qoyan Amsterdam və Venesiya şəhərlərinin sakinləri
orta əsrlərdə çirkli havadan və müxtəlif
epidemiyalardan qorunmaq məqsədilə şəhər ətrafında,
sözün əsl mənasında, gizlənirdilər. Dünyanın
möhtəşəm şəhəri sayılan Paris də
iki yüz il öncə belə gözəl və təmiz
olmamışdı. “Sudan qorun!” sözünü deyərək
qışqıran parislilər yemək artığını
və ya sabunlu suyu pəncərədən bayıra
atırdılar. Maraqlıdır ki, IX Lüdovik başına
üç dəfə su töküldükdən sonra belə
bir xəbərdarlıq edilməsi barədə fərman
imzalamışdı. Almaniyanın, eləcə də
İngiltərənin şəhərlərində də vəziyyət
ürəkaçan olmamışdı. Avropanın digər
şəhərləri kimi kanalizasiya sisteminin
olmadığı Nürinberqdə, Berlində, Restlinqendə,
Frankfurtda natəmizlikdən küçələrdə
dolaşmaq müşkül məsələyə
çevrilmişdi. XVII əsrdə yaşamış ingilis
dramaturqu Con Fletçer yazırdı ki, şəhərdə
heç zaman rahatlıq və xoşbəxtlik əldə etmək
mümkün deyil.
Lakin İngiltərədə
baş vermiş aqrar-sənaye inqilabından sonra Avropa şəhərlərinin
siması dəyişməyə başladı və “köhnə
dünya”nın landşaftı və təsərrüfat həyatı
kökündən dəyişərək, yeni şəkil
aldı. Şəhərdə su və kanalizasiya sistemləri
yaradıldı, nəqliyyat infrastrukturu təkmilləşdirildi.
İkinci Dünya müharibəsindən sonra iqtisadi və
sosial inkişafı ön plana çıxarmaqla birləşmiş
Avropa şəhərsalma məsələsində başgicəlləndirən
uğurlara imza atdı. Təbii ki, ekoloji təmiz şəhərlərin
yaradılmasında insan-ətraf mühit münasibətləri
böyük rol oynadı. Doğrudur, Avropanın ekoloji cəhətdən
çirklənmiş şəhərləri hələ də
qalır. Lakin belə şəhərlərin sayı ümumi
mənzərəni pozmur və avropalılar ekosistemin
qorunması məqsədilə belə şəhərlərin
sayını mümkün qədər azaltmağı
planlaşdırırlar. Avropada ekoloji təmiz texnologiyalar
yaratmaqla bu problemin öhdəsindən gəlməyi
düşünürlər.
Göründüyü
kimi, rifah və tərəqqi məkanı olan Avropa şəhərlərinin
ekoloji tarixi heç də ürəkaçan
olmamışdır. “Köhnə dünya”nın sakinlərinə
yüz illər lazım olmuşdur ki, bu gün şəhərlərinin
ekoloji təmizliyi barədə ağızdolusu
danışsınlar. Bakı da qədim şəhərdir,
lakin paytaxtımızın təsərrüfat həyatının
fərqli inkişaf tarixi var. Təfərrüata varmadan deyə
bilərik ki, Bakının ekoloji probemləri heç də həmişə
hökumətin diqqət mərkəzində
olmamışdır. Yalnız ümummilli lider Heydər Əliyevin
hakimiyyətə gəlməsindən sonra paytaxtın təsərrüfat
sistemində aparılmış köklü dəyişikliklər
şəhərin ekoloji mənzərəsinin xeyli
yaxşılaşmasına şərait yaratmışdır.
Cənab İlham Əliyevin prezident seçilməsindən
sonra bu proses yeni vüsət almış və Bakının,
o cümlədən bütün Azərbaycanın ekoloji
problemlərinin həllinə yönəlmiş mühüm
addımlar atılmış və atılmaqdadır. Ötən
müddət ərzində ekologiyaya dair Prezident İlham Əliyev
tərəfindən təsdiq edilmiş qanun və sərəncamlar,
o cümlədən dövlət proqramları hökumətin
bu həssas məsələyə yüksək qiymət
verdiyini göstərir. Əminliklə demək olar ki,
hökumətin həyata keçirdiyi ekoloji siyasət
lazımi effektini göstərəcək. Müşavirədə
Prezident İlham Əliyev də buna şübhə etmədiyini
açıqlamışdır: “Mən şübhə etmirəm
ki, görülən və görüləcək tədbirlər
nəticəsində yaxın zamanlarda Bakı və Abşeron
yarımadasında və ölkəmizin digər yerlərində
ekoloji vəziyyət böyük dərəcədə
yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları
təmiz ekoloji şəraitdə yaşayacaqlar”.
Səbuhi MƏMMƏDOV
Xalq qəzeti.- 2010.- 11 mart.- S. 1-2.