Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
90 illik yubileyi təntənəli surətdə qeyd
olunmuşdur
Martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət
Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
(AQAC) yaradılmasının 90 illiyinə həsr olunmuş təntənəli
yubiley mərasimi keçirilmişdir.
AQAC-ın prezidenti, Milli
Məclisin deputatı Novruzəli Aslanov cəmiyyətin ötən
90 ildəki fəaliyyəti barədə məruzə
etmişdir. Bildirilmişdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti
1920-ci il martın 10-da təsis edilmişdir. Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı olan AQAC sovet hakimiyyəti illərində
də böyük uğurlar qazanmışdır. AQAC-ın
prezidenti, ümummilli lider Heydər Əliyevin xalqın təkidli
tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıdışından sonra qurumun fəaliyyətində
yeni dövrün başlandığını
vurğulamışdır. Bildirilmişdir ki, ulu öndərin
təşəbbüsü ilə 1994-cü ildə AQAC bir
ictimai qurum kimi dövlət tərəfindən rəsmən
tanınmış və bununla bağlı Milli Məclis
müvafiq qərar qəbul etmişdir.
Bu qərardan sonra Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası AQAC-ı özlərinin tam və bərabərhüquqlu üzv qəbul etdiklərini bildirən N.Aslanov, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində cəmiyyətin bu gün MDB ölkələri arasında ən inkişaf etmiş və ən yaxşı təchiz olunmuş milli cəmiyyətlərdən birinə çevrildiyini faktlarla diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan Prezidentinin 2008-ci il 7 aprel tarixli sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Qızıl Aypara günü” kimi qeyd edilir. Bu gün AQAC Azərbaycanda 260 mindən artıq üzvü olan yeganə qeyri-hökumət təşkilatıdır. Hazırda cəmiyyətin 83 rayon bölməsi və 7 regional mərkəzi uğurla fəaliyyət göstərir.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin adından AQAC-ın çoxsaylı üzvlərini əlamətdar yubiley münasibətilə təbrik edərək bildirmişdir ki, ölkəmizin ictimai-siyasi, sosial həyatında mühüm rol oynamış bir təsisatın 90 illiyinin bu gün dövlət səviyyəsində qeyd olunması onun nəcib fəaliyyətinə verilən qiymətin əyani təzahürüdür. Ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan indiyədək və ondan əvvəlki illlərdə də sosial həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş bu təşkilatın yubileyi onun müəyyən mənada xalq, beynəlxalq qurumlar və AQAC-ın inkişafına yardım göstərmiş dövlət sturukturları qarşısında görülmüş işlərə dair hesabatı deməkdir.
Əli Həsənov demişdir ki, əgər bir təşkilatın məramı ehtiyacı olanlara, dara düşmüş, fövqəladə vəziyyətə düçar olmuş insanlara yardım göstərməkdirsə, deməli, həmin təsisat cəmiyyətdə ən arzuolunan qurum hesab edilə bilər. Hər bir ictimai, siyasi, rəsmi, qeyri-rəsmi fəaliyyətin dəyəri cəmiyyətə, insanlara nə dərəcədə sərfəli olub-olmaması ilə ölçülür deyən Prezident Administrasiyasının şöbə müdiri, bu baxımdan AQAC-ın ölkəmizdə məhz hamıya lazımlı və gərəkli ictimai fəaliyyətlə məşğul olduğunu vurğulamışdır.
Ölkəmizdə Qızıl Aypara Cəmiyyətinin 1920-ci ildə yaranmasına baxmayaraq, onun təşəkkülündən 2 ay keçməmiş Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradığına görə bu qurumun sovet Azərbaycanı dövründə formalaşdığını və respublikamızda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin milli qurumu kimi fəaliyyət göstərdiyini xatırladan Əli Həsənov onun əsas inkişaf dövrünün ölkəmizin ikinci dəfə müstəqilliyinə qovuşması ilə sıx bağlı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan çətinliklər, xüsusilə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış problemlərin aradan qaldırılmasında əsas rol oynayan təşkilatlardan biri Azərbaycan Qızıl Aypara Cəmiyyəti olmuşdur. AQAC müstəqillik dövründə yenidən təşkilatlanmağa başladığı ilk gündən etibarən Azərbaycanın qarşılaşdığı ciddi problemlərin həlli istiqamətində fəal iş aparmışdır.
Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin bugünkü inkişaf mərhələsinə çatmasında dövlətin rolunu xüsusi vurğulayan Prezident Administrasiyasının şöbə müdiri, ümummilli liderimiz Heydər Əliyev tərəfindən hələ 1994-cü ildə - ölkəmizin çox çətin anlarında cəmiyyətin fəaliyyətinin təşkili və onun milli bir qurum kimi tanınması istiqamətində xüsusi sərəncam imzlandığını xatırlatmışdır. Bildirmişdir ki, bundan sonrakı dövrlərdə də ulu öndər AQAC-ın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəməmişdir.
Hazırda bu siyasətin Prezident İlham Əlivev tərəfindən uğurla davam etdirildiyini deyən Ə.Həsənov dövlətimizin başçısının “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 2004-cü il 31 yanvar tarixli sərəncamını diqqətə çatdırmışdır. Ümumiyyətlə, 2004-cü ildən bəri Azərbaycan Prezidentinin AQAC-a dövlət qayğısının artırılması ilə bağlı 5 sərəncam imzaladığını bildirən Ə.Həsənov ölkədə bu qədər diqqət və qayğı göstərilən ikinci bir ictimai təşkilatın olmadığını söyləmişdir. Şöbə müdiri AQAC-ın 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə cəmiyyətin 17 fəalının dövlət mükafatlarına layiq görülməsini qurumun fəaliyyətinə verilən qiymətin əyani nümunəsi olduğunu vurğulamışdır.
Sonra Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 mart tarixli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş cəmiyyətin bir qrup üzvünə yüksək dövlət mükafatını təqdim etmişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova AQAC-ın 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının təkcə əziyyətlər, zəhmətlər, fədakarlıqlar hesabına keçilən yolun qiymətləndirilməsi deyil, eyni zamanda, ülvi, bəşəri hisslərin - sevginin, qayğıkeşliyin, məhəbbətin, mərhəmətin təntənəsi olduğunu bildirmişdir. Qızıl ayparaçıların xalqımıza təmənnasız xidmət etdiklərini deyən B.Muradova AQAC-ın ən çətin, ən kəşməkəşli dövrlərdə insanlara dayaq olduğunu xatırlatmışdır. O, Milli Məclisin sədri Oqtay Əsədovun təbrik məktubunu cəmiyyətin rəhbərliyinə təqdim etmiş və qızıl ayparaçılara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Gürcüstandakı nümayəndəsi Elxan Rəhimov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı Tun Vandenhuv, Türkiyə Qızıl Ay Cəmiyyəti idarə heyətinin üzvü Heyati Çetin və başqaları AQAC-ın üzvlərini yubiley münasibətilə təbrik etmişlər.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Tadateri Konoenin və Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerin yubiley münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrikləri videogörüntülərlə tədbir iştirakçılarına çatdırılmışdır.
Yubiley mərasimi bayram
konserti ilə davam etmişdir.
Xalq qəzeti.- 2010.- 11 mart.- S. 2.