İngilis jurnalisti Skotland – Liddell erməni məkri haqqında

 

Erməni məkri təkcə türk xalqlarına deyil, ümumiyyətlə, bəşəriyyətə qarşı xəyanətdir. Ermənilər istədiklərinə nail olmaq üçün həmişə ən yaramaz üsullara əl atmağa hazırdırlar. Təəssüflər olsun ki, ermənilərin hiyləgərliyini olduğu kimi, çılpaqlığı ilə anlamaq və başa düşmək dünya xalqları üçün olduqca çətindir. Həmişə bütün dünya qarşısında ağlamaqla, yalvarmaqla və göz yaşı tökməklə yazıq, zavallı imici qazanmış ermənilərin imkan tapan kimi törətdikləri qəddarlıqların da həddi-hüdudu yoxdur.

 

Onlar başqalarını pulla, qiymətli hədiyyələrlə ələ almağı da yaxşı bacarırlar. Lakin bütün bunlara baxmayaraq müxtəlif dövrlərdə Avropada və bütün dünyada erməni hiylələrinə uymayan, ələ alına bilməyən, onların saxta “göz yaşlarına” inanmayan tək-tük vicdanlı insanlar da tapılır. Belə vicdanlı insanlardan biri də Birinci dünya müharibəsi illərində Şərq ölkələrində, xüsusilə Güney Qafqazda fəaliyyət göstərmiş ingilis hərbi müxbiri Skotland-Liddell idi. O, 1919-1920-ci illərdə Bakıda və Tiflisdə yaşamış, hərbi müxbir kimi Şuşaya, Zəngəzura getmiş, qaynar nöqtələrdən reportajlar hazırlamış, məlumatlar vermişdi. Azərbaycan Respublikasının Dövlət Arxivində Cümhuriyyət hökuməti Xarici İşlər Nazirliyinin sənədləri arasında Skotland-Liddellin həmin illərdə yazdığı məqalələrin ingilis və rus dillərində çoxlu surətləri saxlanılır. Zaqafqaziyada siyasi və millətlərarası münasibətlərə həsr edilmiş məqalələrində o, azərbaycanlılarla ermənilər arasında əlaqələr məsələlərinə geniş yer vermişdir. Arxivdə onun “Erməni-tatar (azərbaycanlı – A.P.) razılaşması – Qafqazda sülhün bərqərar olunması”, “Qarabağ erməniləri”, “Müsəlmanlarla müharibə... ermənilər yenə də hücum edirlər”, “Müstəqil Ermənistana müttəfiqlərin mərhəməti lazım deyil”, “Sovet Rusiyası və Zaqafqaziya bolşeviklərinin Gürcüstan və Azərbaycana notaları”, “Tiflisdə bolşevik bombaları”, “Azərbaycan sərbəst buraxıldı. Bakıdan ingilis orduları çıxarıldı”, “Bakıda faciə”, “Siyasət lazımdır” və başqa məqalələri mühafizə olunur.

Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında aparılmış uzunmüddətli danışıqlar nəticəsində 1919-cu il noyabr ayının 23-də Tiflisdə Azərbaycan hökuməti adından Baş nazir N.Yusifbəyov və Ermənistan hökuməti adından A.Xatisov tərəfindən imzalanmış müqaviləyə görə, hər iki tərəf döyüşləri dayandırmaq və gələcəkdə bir daha silaha əl atmadan mübahisəli ərazi və digər məsələləri danışıqlar yolu ilə həll etmək barədə razılığa gəlirlər.

“Erməni-tatar (azərbaycanlı – A.P.) razılaşması – Qarabağda sülhün yaranması” adlı məqaləsində S.Liddell bu hadisəni ürəkdən alqışlayır. O, yazırdı ki, belə müqavilələr üç Zaqafqaziya respublikası – Azərbaycan, Gürcüstan və Ermənistanda tezliklə qayda yaratmağa imkan verəcəkdir. Hazırda Azərbaycan şəhərlərinin çoxunda xeyli erməni əhalisi yaşayır və onlar yalnız erməni hakimiyyətinə tabe olmaq istədiklərini bildirirlər. Ermənistanda isə əhalinin çoxu müsəlmanlardı. Onlar da Ermənistanın qanunlarına tabe olmaq istəmirlər. Belə olarsa, Qafqazda çoxlu kiçik dövlətlər yarana bilər. Bu isə çox çətin və mümkün olmayan məsələdi.

Daha sonra o yazırdı: “Bu məsələlərdən ən çətini Yelizavetpol quberniyasına daxil olan Qarabağ məsələsi idi. Bu yaxınlarda o məsələ də həll olundu. Bakıda yığılan həm müsəlman, həm də erməni nümayəndələri qərara gəldilər ki, qılıncı qınına qoysunlar. Hazırda Qarabağda sülh hökm sürür. Sakinlərin dediyinə görə, əvvəllər Qarabağda heç vaxt belə sakitlik olmamışdır”.

S.Liddell yazırdı ki, “öz coğrafi mövqeyinə görə Qarabağ, həqiqətən də, ona iddia edən Azərbaycana məxsus olmalıdır. Lakin Şuşada əhalinin çoxu ermənilərdi və onlar müsəlmanlara tabe olmaqdansa, ölümü üstün tutduqlarını bildirirlər”.

Erməni liderlərinə Paris Sülh Konfransının Qarabağda idarə formasını müəyyən edəcəyi vaxta qədər gözləməyi məsləhət gördükdə onlarda bəyan edirlər ki, “müvəqqəti də olsa Azərbaycana tabe olmaqdansa, ölmək daha yaxşıdır”.

Göründüyü kimi, erməni həyasızlığının həddi-hüdudu olmadığını S.Liddell də yaxşı başa düşürdü. Ermənistan Respublikası ərazisində olan azərbaycanlıları kütləvi surətdə qırıb qovduqları bir zamanda Bakıda, Gəncədə, Şuşada və Azərbaycanın digər şəhərlərində yaşayan ermənilər Azərbaycana qarşı meydan oxuyurdular.

Ermənilərin bu hərəkətlərini dərindən dərk edən S.Liddell yazırdı: “Ermənilər dünyanın ən yaxşı təbliğatçılarıdı”. Onların bu qabiliyyəti son ayların işi olmayıb, uzun illər apardıqları təbliğatın nəticəsidir. “Ermənilərin bu ərazilərdəki “nüfuzundan” bəhs edən S.Liddellin sözlərinə görə, “nə Rusiyada, nə də Qafqazda elə bir adam tapa bilməzsiniz ki, o, ermənilər haqqında hər hansı yaxşı bir söz desin. Ruslar, tatarlar (azərbaycanlılar – A.P.), gürcülər ermənilərə nifrət edirlər və onları görən gözləri yoxdur. Bu belədir ya yox, bunu mənim deməyim lazım deyil, çünki burada ermənilər nifrət edilən irqdi. Ancaq xaricdə onların təbliğatı elə qurulmuşdur ki, Avropa və bütün dünya onların tərəfindədir”.

Qafqazda və Şərqi Anadoluda ermənilərə münasibətdən bəhs edən S.Liddell yazırdı ki, “əlbəttə, onlara çox əzab çəkmək lazım gəlib. Ancaq minlərlə müsəlman kişi, qadın və uşaqları da onlardan daha çox əzab görüblər”.

Öz məqalələrində o, “azərbaycanlıların ermənilərlə müqayisədə çox mərd və yüksəkdə dayanan bir millət” olduğunu qeyd edirdi. O yazırdı ki, Qarabağ barəsindəki məsələni dərindən öyrənərək mən belə qərara gəlmişəm və tam qətiyyətlə deyə bilərəm ki, bu qanunsuzluqların başlıca səbəbi qərəzli erməni təbliğatıdır.

O yazırdı ki, əgər erməni təbliğatçıları bu işə qarışmasaydılar, hər iki xalq öz həyat yollarını sülh şəraitində davam etdirməyə hazır idilər. Erməni təbliğatçıları öz vəzifələrini “vicdanla” yerinə yetirirlər. Zaqafqaziyada onların fəaliyyəti, sadəcə olaraq, təxribatdan ibarətdir və erməni mətbuatı isə təbliğatçılar üçün yüksək tribunadır. Məsələn, Tiflisdə erməni dilində iki gündəlik qəzet çıxır. İki-üç ay əvvəl erməni qəzetlərindən birində Qarabağda, İranın şimalında, Azərbaycanla sərhəddə erməni qırğını törədildiyi və üç mindən yuxarı adamın öldürüldüyü barədə məlumat verilmişdi.

S.Liddell yazırdı, bu məsələ ilə əlaqədar mən arayış hazırlamağa başladım və həmin qəzetin erməni naşiri ilə görüşərək məlumatı haradan götürdüyünü soruşdum. O bildirdi: bir neçə gün əvvəl bir nəfər erməni redaksiyamıza gələrək bu haqda məlumat vermişdi. Həmin qırğının harada və nə vaxt baş verdiyini soruşduqda o, cavab verə bilmədi. Nəhayət, uzun müddətli, gərgin axtarışdan sonra müəyyən edə bildim ki, bu hadisə 1918-ci ilin noyabrında hələ türklər Azərbaycanda olarkən baş veribmiş. Hadisəyə səbəb isə ermənilərin özləri olmuşlar. Ermənilər türklərə qarşı partizan müharibəsi elan ediblər, nəticədə də layiqli cavablarını alıblar. Ancaq erməni qəzetinin yazdığı kimi, ermənilər 3 min deyil, ən çoxu 300-ə yaxın itki vermişlər.

S.Liddell yazırdı ki, elə həmin həftə digər erməni qəzeti məlumatlarının birində bildirirdi ki, İngilislər Qafqazı tərk edir və Britaniya hökuməti ilə müqaviləyə əsasən 50 min türk britaniyalı əsgərləri əvəz edəcək. Mən yenə də həmin qəzetin naşirləri ilə görüşərək sual verdim: “Siz bu ağlasığmaz məlumata inanırsınızmı?”. Onlar “yox” cavabını verdilər. “Bəs onda nəyə görə dərc etmisiniz?”. Onlar cavab verdilər ki, xəbərlər az olduğu üçün müxbirlərimizdən aldığımız bütün məlumatları dərc etməyə məcburuq, əgər məlumat həqiqətə uyğun olmursa, növbəti nömrəmizdə təkzib veririk.

Təxminən elə həmin vaxt qəzet guya, Gürcüstanın Baş naziri N.Jordaniya və general V.Tomsonla aparılmış müsahibəni dərc etmişdi. Həmin müsahibədə deyilirdi: “General V.Tomson N.Jordaniyaya deyir ki, Sülh Konfransı Gürcüstanı Rusiyaya qaytaracaq və yalnız Ermənistan müstəqil dövlət olacaq”. Güya, bir neçə dəqiqə nitqi tutulan N.Jordaniya heç bir söz deyə bilməyib. Sonra isə o, V.Tomsona yalvarmağa başlayıb ki, əhali arasında ciddi qarışıqlıq yaranmaması üçün bu məlumatı elan etməsin. Guya, general V.Tomson da söz verir ki, bu xəbəri gizli saxlayacaq”.

S.Liddell yazırdı ki, bu müsahibə başdan-ayağa uydurma idi və növbəti nömrədə təkzib verilmişdi. Ancaq ermənilər istədiklərinə nail olmuş, lazımi zərbəni artıq vurmuşdular. Onun sözlərinə görə erməni mətbuatının uydurduqları belə yalanlardan çox gətirmək olar. Erməni mətbuatı qırğın, qətl və antitatar (azərbaycanlı – A.P.) təbliğatları ilə doludur. Həmin qəzetlərdə dərc olunan çoxlu təxribatlara görə, erməni mətbuatı hazırda Qafqazda və Ermənistanda baş verən bir çox millətlərarası mübahisələr üçün tam məsuliyyət daşıyır.

S.Liddell yazırdı: “Mən yanvarda (1919-cu il – A.P.) Şuşada olarkən bir nəfər ingilis zabitinə Zəngəzur dairəsinə getməyə hazırlaşdığımı bildirdim. Orada ermənilər tərəfindən zərər görmüş 40 minə yaxın müsəlman qaçqınlarının vəziyyəti ilə tanış olmaq istədiyimi dedim. Həm də bildirdim ki, eşitmişəm bu vaxta qədər həmin yerlərdə bir nəfər də olsun ingilis olmayıb... Mənim Zəngəzura getməyimə bir gün qalmış zabit mənə məsləhət gördü ki, ora getməyim. O, mənə dedi: “heç bir ingilis zabiti ora tək gedə bilməz. Əgər yaxşı silahlanmış mühafizə dəstəsi yoxdursa, bu, olduqca təhlükəlidir. Deyirlər ki, Zəngəzurda müsəlmanlar ingilislərin əleyhinədirlər...”. Həmin zabitin erməni tərcüməçisi onu belə başa salmışdı. Mən qərara gəldim ki, gedəcəyəm və getdim də. “Heç vaxt və heç yerdə mən Zəngəzur müsəlmanlarının mənə göstərdiyi qonaqpərvərliyi görməmişəm. Onlar məni ingilis səfiri kimi qarşılayırdılar”.

Zəngəzura səfəri zamanı dərc etdirdiyi yazısında o, erməni təbliğatı nəticəsində bir-birinə düşmən kəsilmiş sadə erməni və müsəlman əhalisinin münasibətlərini də təsvir etmişdi. Onu müşayət edən və əvvəlcə bir-birindən qorxan sadə azərbaycanlılar və ermənilər sonradan qısa bir vaxtda köhnə dostlar kimi mehribanlaşırlar. Bununla o, əyani şəkildə sübut edirdi ki, bu iki xalq arasında gərgin münasibətlərin əsl səbəbkarı erməni rəhbərləri, Daşnaksütyun liderləri və Andranik kimi başkəsənlərdir.

Skotland – Liddell yazırdı ki, Zəngəzurdakı müsəlmanlarla görüşəndən sonra, Şuşaya qayıtdıqda yenidən eşitdim ki, ermənilər deyirlər “yaxşısı budur ölək, amma tatarlara (azərbaycanlılara – A.P.) tabe olmayaq”.

S.Liddell yazırdı ki, 1919-cu ilin əvvəllərində Britaniya hökuməti Qarabağın Azərbaycana birləşdirilməsi barəsində qərar qəbul edir. Qarabağ Azərbaycanın tərkib hissəsi elan edilir, X.Sultanov isə Qarabağ general-qubernatoru təyin olunur. Azərbaycanla Ermənistan arasında müqavilə bağlandıqdan sonra isə Qarabağda sülh bərpa olunur.

S.Liddellin yazdıqlarından görünür ki, öz daşnak rəhbərləri tərəfindən qızışdırılaraq Azərbaycana qarşı çıxış edən sadə ermənilər də sülhə razı idilər. O, yazırdı: “Onlar (ermənilər) mənə deyirdilər ki, əvvəllər Şuşada və Qarabağda heç zaman bu qədər sakitlik və qayda-qanun hökm sürməmişdi. Ermənilər sərbəstcə şəhərin tatar (azərbaycanlı – A.P.) hissəsinə, tatarlar (azərbaycanlılar – A.P.) isə heç bir qorxu hiss etmədən şəhərin erməni hissəsinə gəlirlər”.

Lakin bu sülh uzun sürmür, Daşnaksütyunun rəhbərlik etdiyi Ermənistan hökuməti yenidən sülh müqaviləsini pozur. 1920-ci il yanvarın 19-da Ermənistan hökumətinin silahlı qüvvələri, silahlı erməni quldur dəstələrinin iştirakı ilə Zəngəzur tərəfdən Şuşa istiqamətində hücuma keçir və yol boyunca bütün azərbaycanlı kəndlərini dağıdırdılar. Azərbaycan Cümhuriyyəti hökumətinin xarici işlər naziri F.X.Xoyski yanvarın 25-də Ermənistan Respublikası Xarici İşlər Nazirliyinə göndərdiyi notada bildirirdi ki, 1919-cu il 23 noyabr tarixli müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəlikləri pozaraq Ermənistan ordusu qısa vaxt ərzində Zəngəzurda 40-a yaxın müsəlman kəndini dağıdıb.

Bununla əlaqədar S.Liddell 1920-ci il yanvarın 30-da “Müsəlmanlarla müharibə... ermənilər yenə də hücum edirlər” məqaləsini dərc etdirir. Məqalədə yazırlır: “Cənubi Qafqazda yenə də sakitlik yoxdur. Üç ay əvvəl erməni və azərbaycanlı orduları arasında vuruşma gedirdi. Bunun ardınca noyabrın 23-də hər iki hökumət Tiflisdə böyük dövlətlərin bu respublikaların sərhəd məsələlərini həll edənə qədər sülh şəraitində yaşamaq barəsində müqavilə imzaladılar. Müqavilənin bağlanılmasının ardınca Azərbaycan orduları həmin ərazilərdən geri çəkilən kimi ermənilər xaincəsinə Zəngəzur müsəlmanlarının üzərinə gedərək 40-a yaxın müsəlman kəndini dağıtmışlar. Azərbaycan hökuməti bununla əlaqədar nota verir, erməni hökuməti isə göstərilən faktları təkzib edirdi”.

Məqalələrinin məzmunlarından da görünür ki, S.Liddell erməni psixologiyasını, ermənilərin Zaqafqaziyada və ona qonşu ərazilərdə yeritdikləri şövinist millətçilik və ərazi tutmaq siyasətinin mahiyyətini çox yaxşı başa düşə bilmişdi. Beləki 1920-ci ilin yanvarında Paris Sülh Konfransı dövlətləri tərəfindən üç Zaqafqaziya Respublikasının müstəqilliyinin de-fakto tanındığı bir vaxtda daşnak Ermənistan hökumət ordusunun silahlı erməni quldur dəstələri ilə birlikdə Qarabağa, Şuşa istiqamətində hücumunu S.Liddell “təkcə cinayət deyil, həm də son dərəcə ağılsız hərəkət” adlandırmışdı. O yazırdı: “Ermənilər ona görə bədbəxt xalqdır ki, orada daşnak partiyası hakimiyyətdədir. Bu terrorçu inqilabi təşkilat çox illər ərzində ermənilərin ərazi iddiası ilə məqsədyönlü şəkildə müsəlmanlara qarşı hücuma çağırır. Sonunculardan layiqli cavab aldıqda isə onlar bu məsələni bilərəkdən şişirdərək dünya ictimaiyyətinin rəğbətini “yazıq elmənilərə” tərəf yönəltmək istəyirlər”.

S.Liddell qeyd edirdi ki, Londonda erməni bürosu var. Ermənilərin Fransada və Amerikada da belə təşkilatları var. Onların sevimli üsulları ucuz reklam xarakteri daşıyan “xristian” faktorundan gen-bol istifadə etməkdir. “Ancaq orada həqiqəti bilirlər. Əgər o, ingilis ictimaiyyətinə məlum deyildirsə də, ingilis nazirləri onu çox yaxşı bilirlər”.

S.Liddell yazırdı ki, bir neçə il ərzində ermənilərlə yaxından tanış olan bir ingilis zabiti onlar haqqında demişdi: “Ermənilər həmişə toqquşma axtarır və bunu əldə etdikdə, onu öz təbliğatlarında “sıxışdırma” adlandırırlar. Həqiqətdə isə bu, tamamilə onların özlərinin qazandıqları cəzadır. Daşnak üçün ölmüş erməni çox qiymətlidir. Əgər bu hadisədən necə lazımdırsa istifadə edilərsə, təbliğat üçün böyük xeyir gətirə bilər. Bu yaxınlarda söhbət etdiyim Nuru Paşanın sözləri ilə desək, “nə vaxtsa öldürülmüş erməni qəbirdən başını qaldıraraq bağıracaq: – Mən kütləvi qırğınlar zamanı öldürülmüşəm”.

Müəllif yazırdı ki, Zaqafqaziya respublikalarının müstəqilliyinin de-fakto tanınmasını Gürcüstan və Azərbaycan sevinclə, müttəfiq ölkələrinə səmimi təşəkkür etməklə qarşıladı. Lakin Ermənistanda hakimiyyətdə olan Daşnaksütyun partiyası isə buna nə öz razılığını, nə də təşəkkürünü bildirdi.

Ermənilərin ərazi əldə etmək hərisliyi, acgözlüyü olduqca böyükdür, onlar daha çox torpaq tutmaq istəyirlər. Bu məqsədlə də öz nizami ordularını Zəngəzur rayonunda müsəlman kəndlərinin üzərinə göndərib, sərhədlərini genişləndirmək üçün yol boyu bütün evləri dağıdır və sakinlərini isə qırırlar.

“Ermənilərə müttəfiqlərin mərhəməti lazım deyil” məqaləsində S.Liddell Daşnaksütyun partiyasınının Tiflisdəki rəsmi orqanı olan “Aşkatavor” qəzetindən gətirdiyi iqtibaslarla, yəni ermənilərin öz yazıları ilə onların şovinist millətçilik, bütün dünyaya açıqca meydan oxumaq cəhdlərini ifşa edirdi. O yazırdı ki, Daşnaksütyun partiyasının rəsmi orqanı olan Tiflisdəki “Aşkatavor” qəzeti baş məqalə dərc edərək orada Ermənistanın müstəqilliyinin tanınmasını rişxəndlə ilə “müttəfiqlərin gecikmiş mərhəməti” adlandırmışdı. “Aşkatavor” yazırdı ki, müttəfiq dövlətlərinin bu aktının erməni zəhmətkeş xalqı qarşısında qiyməti və əhəmiyyəti tamamilə başadüşülməzdir”.

Məqalədə ermənilərin şovinist-millətçi ideyalarını ifşa edən S.Liddell qeyd edirdi ki, ermənilər yekəxanalıqla müttəfiq dövlətləri nümayəndələrinin dəfələrlə yüksək parlament kürsülərindən erməni xalqını özlərinin “kiçik, lakin namuslu müttəfiqləri” elan etdiklərini qeyd edirdilər”.

“Aşkatavor” yazırdı ki, bu bəyanatlar haqq verir ki, erməni məsələsi həmin dövlətlərin nəzərində əsas diqqətin mövzusu olsun. Erməni əməkçi xalqının dünya müharibəsinin bütün cəbhələrində qəhrəmanlıqla iştirakı bizim bu inamımızı daha da artırırdı. İndi müharibə qurtardıqdan sonra Versal Ali Şurası özünün “qu quşunun son nəğməsi” ilə erməni demokratiyasının əldə etdiklərini heçə endirib. O, təkcə İrəvan hökumətini tanıyır, yaddan çıxarır ki, bizim üçün “paytaxtı İrəvan olan erməni hökuməti” yoxdur. Yalnız birləşmiş Ermənistan var, onun hökuməti və parlamenti artıq çoxdandır ki, dövlət quruculuğu ilə məşğuldur və heç bir tanınmaya da ehtiyacı yoxdur.

“Aşkatavor” yazırdı ki, 28 may müstəqillik aktı ilə (1918-ci il Ermənistanın İstiqlal bəyannaməsi nəzərdə tutulur – A.P.) zəhmətkeş erməni xalqı özünün yenilməz iradəsini ifa edərək birləşmiş Ermənistanın müstəqilliyini elan etmiş və biz “güc” dünyasının Ermənistanı iki yerə bölməsini heç cür başa düşmürük. Bu cür diplomatik gedişlər ən yaxşı halda yalnız zəhmətkeş erməni xalqının dərin etirazına səbəb ola bilər”.

Sonra qəzet yazırdı ki, müttəfiq dövlətlər başa düşməlidirlər ki, Ermənistanın müstəqilliyini onlar deyil, yüz minlərlə erməninin qanı və canı bahasına bu hüququ əldə etmiş erməni xalqı özü əldə edəcək və onların müttəfiq dövlətlərin mərhəmətinə ehtiyacı yoxdur.

S.Liddell öz məqalələrində Zaqafqaziyada yaşayan xalqları həmişə sülhə, qarşılıqlı anlaşmaya çağırır, Qarabağ və Zəngəzura səfərləri ilə bağlı yazdığı iri həcmli məqalədə göstərirdi ki, əgər Ermənistandakı və Qarabağdakı erməni rəhbərləri imkan verərsə, belə bir sülhün yaranmasına heç bir şübhə etmirəm. Erməni saxtakarlığını kəskin şəkildə ifşa edən S.Liddell 1920-ci il martın 30-da qələmə aldığı “Qarabağ erməniləri” adlı məqaləsində həmin il fevral ayının 21-də buraxılmış “Qrafik” jurnalının redaktoruna ünvanladığı etiraz məktubunda göstərirdi ki, Tiqran Nazaryan adlı şəxs öz yazısında sülh konfransını inandırmağa çalışır ki, Qarabağın siyasi cəhətdən Ermənistana qatılmasını sübut edən fakt odur ki, guya Qarabağdakı əhalinin 198 min nəfəri erməni, 80 min nəfəri isə müsəlmanlardı. S.Liddell qeyd edirdi ki, bu, yalandır. Bu sahədə böyük nüfuz sahibi və dəqiq hesablamalar müəllifi olan professor Şepotyevə görə, Qarabağda 415 min müsəlman və 170 min erməni var. Öz məqaləsində S.Liddell həmin il mart ayının 22-də müsəlmanların ən əziz Novruz bayramı günü bütün Qarabağda ermənilərin qaldırdıqları qiyam və qəfil hücumları bir daha erməni xəyanətinə bariz nümunə olduğunu qeyd edirdi. O yazırdı ki, bütün erməni təbliğatına baxmayaraq “Biz Zaqafqaziyadakı həqiqətləri bilirik. Sözsüz artıq vaxtdır ki, onu İngiltərə cəmiyyəti də bilsin”.

Burada S.Liddellin bir məlumatını da xatırlatmaq maraqlı olardı. Belə ki, o, 1920-ci il mart ayının 21-də Bakıda “Müsəlman respublikası de-yure tanındı” adlı xəbərində bildirirdi ki, İranla-Azərbaycan hökumətləri arasında müqavilə bağlandıqdan sonra təşkil edilmiş rəsmi mərasimdə İran nümayəndə heyətinin rəhbəri ağayi Təbətəbai bəyan etmişdir ki, İran hökuməti Azərbaycan Cümhuriyyətini de-yure tanıyır. Öz məqalələrində o, 1920-ci ilin əvvəllərində Bakı, Tiflis və Zaqafqaziyanın digər şəhərlərində Sovet Rusiyası, bolşevik təbliğatı və gizli təxribatlar barədə də məlumatlar verirdi. Əlbəttə, o dövrə aid İngiltərə mətbuatında və arxivlərində yəqin ki, Skotland-Liddellin bölgəmiz barədə çoxlu yazıları saxlanılır. Gələcəkdə onların aşkarlanması və tədqiqata cəlb olunması ingilis hərbi müxbirinin Zaqafqaziyada, xüsusilə Azərbaycanda baş verən hadisələrə münasibətini daha ətraflı açıqlamağa imkan verərdi.

 

 

Ataxan PAŞAYEV,

tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2010.- 12 mart.- S. 6.