160 saylı klassik gimnaziyada bayram sevinci
Pərdə açılar-açılmaz əlində
bir səbət alma ilə səhnəyə daxil olan balaca Əlinin
şirin səsi zal boyu yayıldı –
Qəbələdən
alma var,
Qızıləhmədi
adlanır.
Üstünə səpdim
saman,
Ah, ətirlidir,
yaman.
Baharın ilıq nəfəsi təbiəti oyatdığı
kimi, artıq insanların da çöhrəsində, ovqatında
yaz sevinci duyulur. Bakının Səbail rayonunda
yerləşən 160 saylı
klassik gimnaziyanın
II a sinif şagirdləri
bu yazı-bahar bayramını müəllimələri
Ulduz Ocaqovanın köməkliyi ilə hazırladıqları kiçik
tamaşa ilə qarşılayırdılar. Daha doğrusu, bayram sevinclərini məktəbin
müəllim-şagird kollektivi
ilə bölüşmək
fürsəti əldə
etmişdilər. Yazıçı Solmaz Amanovanın “Turacın nağılı”
əsəri əsasında
hazırlanan bu tamaşada balaca Əli Ömərovun payına şən nəğmə oxumaq, gözəl rəqs etmək düşmüşdü.
Yaşıdları Jalə
Hüseynova – Turac, Sürəyya Abbasova – Xanım kimi obrazlarla əsərin qəhrəmanları idilər.
Bakı Baş Təhsil İdarəsinin Səbail,
Qaradağ və Yasamal rayonları üzrə metodisti vəzifəsində çalışan
Solmaz Amanova uşaq psixologiyasını
gözəl bildiyindən
uşaqların dilində
danışmağı, yazmağı
ustalıqla bacarır. Bu, həm də onun sənətinə olan sevgisindən doğan duyğularıdır.
Məktəbin akt zalında keçirilən
Yaz bayramı şənliyi – “Turacın
nağılı” tamaşası
balaca “aktyorlar”ın könüldoyuran, qəlbsevindirən,
şirin-şəkər danışıqları
ilə zövq oxşasa da, gözəl səhnə dekorasiyası, tərtibat ustalığı da öz işini görmüşdü. Tamaşaya uyğunlaşdırılaraq
səhnədə quraşdırılan
avadanlıq – tonqal üçün çatılmış
çır-çırpı, nənənin sehrli sandığı, milli ornamentlərlə bəzədilmiş
pərdələr, naxışlı
xalı-xalçalar, qədim
qab-qacaqlar, ən başlıcası isə
noğul-badamla, paxlava-şəkərbura,
şirniyyatla dolu xonçalar olduqca gözəl görünürdü.
Uşaqların üz-gözlərindəki sevincdən hiss olunurdu ki, əsil Novruz
bayramı sanki ilk görüşlərini 160 saylı
məktəbdən – elə
o, şənlikdən başlayırdı.
Tamaşanın hazırlanmasında
Bülbül adına orta ixtisas məktəbinin, Kamera Teatrının əməkdaşları da
öz köməkliyini
əsirgəməmişdilər.
Tədbirdə məktəbin direktoru, respublikanın tanınmış
pedaqoqu Faina Ələkbərova, Səbail
Rayon İcra Hakimiyyəti
Aparatından və Bakı Baş Təhsil İdarəsindən
nümayəndələr də
iştirak edirdilər.
Bayram şənliyinin sonunda fidan balalara – tamaşa qəhrəmanlarına
gül-çiçək buketləri
təqdim olundu. Onların sevinci-şən
təbəssümləri dünyaya dəyəsi anlar idi.
A.ÜLVİ
Xalq qəzeti.- 2010.- 12 mart.- S. 5.