Dövlət çevrilişi cəhdinin qarşısı müdriklik və qətiyyətlə alındı

 

1995-ci ilin mart hadisələri xalqı ulu öndər Heydər Əliyevin ətrafında daha sıx birləşdirdi

 

1995-ci ilin mart hadisələrindən on beş il keçir. Hər il ölkəmizə Novruz bayramı qədəm qoyanda o illərin acı hadisələri bir anlıq da olsa göz önünə gəlir, hakimiyyəti silahlı yolla ələ almaq istəyənlərin xəyanətkar əməlləri yada düşür. Dərhal da düşünürük: “Nə yaxşı ki, həmin dövrdə ölkəyə dövlət idarəçiliyində zəngin təcrübəsi olan Heydər Əliyev kimi böyük tarixi şəxsiyyət rəhbərlik edirdi. Onun uzaqgörənliyi və qətiyyəti xəyanətin qarşısını aldı, dövlət çevrilişi baş tutmadı, müstəqilliyimiz daha da möhkəmləndirildi, əbədi oldu”.

 

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gəlişindən sonra müstəqil Azərbaycanın tədricən beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməsi hakimiyyəti ələ keçirmək istəyən bəzi qüvvələrin qısqanclığına səbəb olmuşdu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitlyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Bu inkişafı gözü götürməyən qüvvələr həmin ilin oktyabrında dövlət çevrilişi etməyə cəhd göstərsələr də, son anda ümummilli lider Heydər Əliyev qətiyyəti qarşısında təslim oldular. Sən demə, bu xəyanətkar qüvvələr pusquda dayanıb yeni bir məqam gözləyirlərmiş. Onların birinci xəyanətkarlığı ifşa edildikdən sonra həmin qüvvələr bundan nəticə çıxarmaq əvəzinə, növbəti xəyanətkarlıq barədə düşünürlərmiş. Onlara, xüsusilə də bu antidövlət kampaniyasında fəallıq göstərən Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Mahir və Rövşən Cavadov qardaşları 1995-ci ilin martında yenidən öz çirkin niyyətlərini həyata keçirməyə başladılar. Bu dəfə artıq plan dəyişmişdi. XTPD-nin üzvləri öz xəyanətkar əməllərinə regionlarda başlamışdılar.

1995-ci il martın 12-dən 13-nə keçən gecə Qazax rayonunun Xüsusi Təyinatlı Polis Dəstəsinin bölmələri Müdafiə Nazirliyinin bu ərazidəki hərbi hissələrindən birinə silahlı basqın edərək 5 ədəd zirehli texnika ələ keçirdilər. Onu da qeyd edək ki, Rövşən Cavadovun himayədarlıq etdiyi bu dəstə neçə vaxt idi ki, benzin, narkotik maddələr qaçaqmalçılığı və silah alveri ilə məşğul olurdu. Onlar artıq kimsəyə tabe olmaq istəmirdilər. Xidməti nizamnamə tələblərini kobud surətdə pozan dəstənin müəyyən hissəsi qatı cinayətkar əməllər törətməkdən belə çəkinmirdilər. Onlar Mahir və Rövşən Cavadov qardaşlarının tapşırıqlarını yerinə yetirərkən Qazax və Ağstafada, həmçinin ətraf bölgələrdə dövlətçiliyimizə arxadan zərbə vura biləcək qanunsuz addımlar atır, erməni təcavüzü altında yaşayan regionun əhalisini vahimə içərisində saxlayırdılar. Hüquq-mühafizə orqanlarının normal fəaliyyətini pozan XTPD-nin idarəolunmaz bir quruma çevrilməsi ictimaiyyətin hiddətinə səbəb olmuşdu. XTPD üzvlərinin özbaşınalıqları, xüsusi azğınlıqla fərqlənən cinayət əməlləri bu qurumun sağlam, vətənpərvər, xalqını, millətini sevən üzvlərini də nüfuzdan salır, onların üzərinə kölgə salınmasına gətirib çıxarırdı. Artıq xalq XTPD-ni qanunun və asayişin keşiyində duran bir qurum kimi deyil, azğınlaşmış bir cinayətkar dəstə kimi tanıyırdı. Çünki qısa vaxt ərzində artıq ikinci dəfə bu qurumun üzvləri silahlı yolla hakimiyyəti ələ keçirməyə cəhd göstərirdi. Onlar Qazax və Ağstafa rayonlarında kriminogen vəziyyəti getdikcə gərginləşdirir, dövlət idarələrinin normal fəaliyyətini pozmağa çalışırdılar.

Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə hakimiyyətə rəhbərlik edənlərin cəsarətsizliyindən, qorxaqlığından və qeyri-prinsipiallığından yararlanan belə qüvvələr qanunlara tabe olmaq istəmir, soyğunçuluq, quldurluq əməllərini davam etdirir, öz hegemonluqlarını qoruyub saxlamağa çalışırdılar. Lakin onlar sanki unudurdular ki, hakimiyyətə ulu öndər Heydər Əliyev kimi bir şəxsiyyət rəhbərlik edir.

Azğınlaşmış XTPD əməkdaşlarının rəhbərliyi ilə martın 12-dən 13-nə keçən gecə əksəriyyəti maskalarda olan 200-300 nəfər silahlı şəxs 2 BMP və 2 tankla Qazax Rayon Polis Şöbəsinə hücum edərək növbətçi hissəni ələ keçirmiş, şöbəyə məxsus 217 ədəd avtomat, 217 ədəd tapança, 18 ədəd qumbaraatan və digər hərbi ləvazimatları apardı, poçt, polis şöbəsi və rayon icra hakimiyyətinin inzibati binasını tutdu. Həmin gün səhərə yaxın XTPD-nin 100 nəfərə qədər silahlanmış əməkdaşı, naməlum şəxslər zirehli texnikanın gücü ilə Ağstafa Rayon Polis Şöbəsinə basqın etdilər. Şöbəyə məxsus 35 ədəd avtomat, 52 ədəd tapança, 2 ədəd qumbaraatan, 1 ədəd pulemyot, digər sursatlar, şəxsi heyətə veriləcək 6 milyon manat pul, xidməti QAZ-24 markalı avtomobil aparıldı, xidməti UAZ markalı avtomaşın yararsız hala salındı, polisin inzibati binası dağıdıldı, müvəqqəti saxlama təcridxanasında saxlanılan 14 nəfər dustaq buraxıldı.

XTPD-nin bir qrup silahlı əməkdaşı Bakı-Qazax yolunun Tovuz rayonunun sərhədində yerləşən yol nəzarət məntəqəsinə hücum etdi, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarından zorla 8 ədəd avtomat və 2 ədəd tapança alındı. Getdikcə azğınlaşan quldur dəstəsi Ağstafa rayonunun Köçəsgər yaşayış məntəqəsi yaxınlığındakı “Cavanşir” restoranı ətrafında mövqe tutaraq dövlət hakimiyyət orqanlarına qarşı təcavüzkar niyyətlərini açıq şəkildə bəyan edirdilər. Quldur dəstəsi Müdafiə Nazirliyinin Tovuzda yerləşən qoşun hissəsinə də silahlı basqın etdi. Sən demə, onların iştahası çox böyük imiş. Quldurlar hərbi hissəyə qəfil hücum etməklə oradakı əsgərləri də öz sıralarına qoşmaqla daha böyük qüvvə toplamağa çalışırdılar. Lakin budəfəki niyyətləri baş tutmadı. Hərbi hissənin şəxsi heyəti quldurların hücumunu dəf etdi, qısamüddətli döyüş nəticəsində hökumət qoşunları əvvəllər ələ keçirilmiş zirehli texnikanı da geri aldı, üstəlik, basqınçıları “Cavanşir” restoranının yaxınlığında tutduqları mövqedən vurub çıxardı.

Ulu öndərin qətiyyəti, respublika hüquq-mühafizə orqanlarının gördüyü operativ tədbirlər nəticəsində hər iki rayonda dövlət orqanlarının normal fəaliyyəti bərpa olundu. XTPD-nin başçısının ərköyünlüyü və bu qurumun bir qrup üzvünün özbaşınalıqları, qanunlara tabe olmamaları və quldurluq əməlləri dözülməz hala çatmışdı. Respublikanın daxili işlər naziri, general-mayor Ramil Usubovun 14 mart 1995-ci il tarixli əmri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv edildi.

13-14 mart hadisələri bir daha təsdiqlədi ki, Xüsusi Təyinatlı Polis Dəstəsi üzərinə düşən vəzifəni bir kənara qoyaraq, mafioz qruplarla və cinayətkar birləşmələrlə cinayət əlaqəsinə girmiş, xeyli sayda ağır cinayətlər törətmişdir. Halbuki, Xüsusi Təyinatlı Polis Dəstəsini yaradarkən qarşıya qoyulan əsas vəzifə respublikada başlanan erməni separatçı hərəkatının, torpaqlarımızın və xalqımızın təcavüzə məruz qalmasının qarşısını almaq idi. Təəssüf ki, yaxşı silahlanmış və təlim görmüş, xaricdən dəstəklənən düşmənlərlə mübarizə aparmaq məqsədi ilə yaradılmış XTPD-nin xəyanətkar üzvləri silahı öz xalqına, ölkədə ciddi intizam, qayda-qanun yaradan hakimiyyətə tuşladı. Əsas məqsədləri isə hakimiyyəti qeyri-qanuni yolla, silah gücünə devirmək idi.

1995-ci ilin mart hadisələri Azərbaycan xalqının, müstəqillik yolunda ilk kövrək addımlarını atan bir dövlətin tarixində iki cəhətdən yadda qaldı. Birincisi, hər addımda qışqıra-qışqıra dövlətin, dövlətçiliyin tərəfində durduğunu, guya xalqını, Vətənini canından artıq sevdiyini bəyan edənlərin iç üzləri açıldı. Sən demə, bütün bunlar hakimiyyətə gəlmək naminə boğazdan yuxarı deyilən quru sözlər imiş. Xalq öz cılız ambisiyaları üçün müstəqilliyi məhvə aparmağa hazır olan, millətinin qanına susamış xəyanətkarları tanıdı. İkincisi, dövlət özünü qorumaq iqtidarında olduğunu bir daha göstərdi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrinin qarşısı qətiyyətlə alındıqdan sonra xalqa bir daha bəyan oldu ki, ümummilli lider Heydər Əliyev kimi bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də Azərbaycanı xilas edib. Bundan sonra Azərbaycanın müstəqilliyi daha da möhkəmləndirildi və əbədi oldu.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 12 mart.- S. 4.