Müstəqillik regionların tarazlı sosial-iqtisadi inkişafında mühüm şərtdir

 

Dünyanın, xüsusən Avropanın qabaqcıl ölkələrinin əldə etdikləri böyük inkişaf təcrübəsi bunu əyani şəkildə təsdiqləyir. Səbəb də odur ki, hər bir müstəqil ölkə, ilk növbədə, öz varlığını qoruyub saxlamaq və möhkəmləndirmək üçün əlverişli imkanlardan səmərəli istifadə etməklə iqtisadiyyatını milli mənafelərə tam münasib səviyyədə inkişaf etdirməyə çalışır. Müşahidələr və faktlar göstərir ki, məhz həmin ölkələrin daxili imkanlarının səfərbər edilməsi bu taleyüklü məqsədin gerçəkləşdirilməsində həlledici təsirə malikdir. Təsadüfi deyildir ki, qabaqcıl ölkələrin yüksək sosial-iqtisadi inkişafını səciyyələndirən amillərdən birini regionlarda məhsuldar qüvvələrin tarazlı inkişafı təşkil edir.

 

Tale güclü iqtisadiyyat yaratmaq üçün Azərbaycana əlverişli coğrafi şərait, həm də böyük ehtiyatlara malik və çox gərəkli müxtəlif təbii sərvətlərlə zəngin ərazilər bəxş etmişdir. Lakin iki əsrə yaxın imperiyaların tərkibinə zorla qatılan və tam asılı vəziyyətdə olan Şimali Azərbaycan bu böyük imkanlardan öz iqtisadi tərəqqisi üçün istədiyi kimi istifadə edə bilməmişdir.

Keçən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsi ilə onun qətiyyətli, müdrik və uzaqgörən siyasəti nəticəsində o zaman keçmiş Sovet İttifaqında Azərbaycanın ətrafında yaranmış süni ədalətsizliklər və əngəllər böyük məharətlə aradan qaldırıldı, respublika həyatının bütün sahələrinin, o cümlədən iqtisadiyyatın hərtərəfli yüksək inkişafı təmin edildi. Bu zəmin əsasında o vaxtkı şəraitə uyğun regionların (regionlar məfhumu altında respublikanın paytaxtı Bakı şəhəri də daxil olmaqla çox fərqli yüksək sosial-iqtisadi inkişaf səviyyəsi olan Abşeron iqtisadi regionunun hüdudlarından kənarda yerləşən Azərbaycanın nisbətən zəif inkişaf edən başqa əraziləri nəzərdə tutulur) inkişafında da ciddi uğurlar qazanıldı. Regionlarda çoxlu yeni iri sənaye müəssisələri yarandı, istehsalın bütün başqa əsas sahələrində böyük artım əldə edildi. Tezliklə Azərbaycanın ümumi sənaye məhsulu istehsalında regionların xüsusi çəkisi 2 dəfədən çox artdı. Lakin Heydər Əliyevin Azərbaycan və sovet hökuməti rəhbərliyindən getməsi ilə respublika iqtisadiyyatı dərhal ciddi tənəzzülə uğradı, bir çox aparıcı istehsal sahələrində məhsul istehsalı xeyli aşağı düşdü. SSRİ-nin dağılmasından sonra müstəqilliyin ilk il yarımında gənc ölkənin idarə olunmasının naşı və səriştəsiz əllərə düşməsi Azərbaycan iqtisadiyyatını daha ağır böhrana sürüklədi. Bu ümumi geriləmədə ən çox zərbə ölkənin regionlarına dəydi.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə həyatının belə bir məsul dövründə yenidən respublika rəhbərliyinə dəvət edildi. Onun apardığı düzgün və gələcəyə istiqamətlənmiş siyasəti nəticəsində tezliklə ölkədə yenidən təşkilolunma dövrü başlandı. Ölkənin müqəddəratı ilə bağlı qarşıda duran təxirəsalınmaz problemlər içərisində Azərbaycanın mükəmməl iqtisadi inkişafı əsasında onun regionlarının sosial-iqtisadi yüksəlişinin təmin olunması da əsas hədəflərdən biri idi. Çünki müstəqil ölkənin dayanıqlı inkişafı üçün regionların imkanlarından əhatəli istifadə edilməsi bu vəzifənin uğurlu həllinin əsas şərtlərindən birini təşkil edirdi.

Şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafının səviyyəsi və səmərəliliyi, habelə onlar arasında zəruri tarazlığın yaranması məsələlərinin həlli o zamankı şəraitdə çox mürəkkəb və çətin idi. Məsələ onda idi ki, çar imperiyası dövrünə nisbətən Sovet hakimiyyəti illərində məhsuldar qüvvələrin regionlarda inkişafında xeyli müsbət irəliləyişlər baş versə də, onun əhatə dairəsi son dərəcə birtərəfli olmuş və bu proses axıra çatdırılmamışdı. Bütün bunlar son nəticədə onsuz da ümumi inkişaf səviyyəsi aşağı olan regionların həmahəng tərəqqisinə öz mənfi təsirini göstərmişdi. Odur ki, müstəqil Azərbaycanda dünyanın qabaqcıl ölkələrinin nümunələrinə uyğun olaraq regionların sosial-iqtisadi inkişafının əsaslı və mərhələlər üzrə həyata keçirilməsi tələb olunurdu.

Onu da deyək ki, regionlarda məhsuldar qüvvələrin artımında tarazlığın yaradılması təkcə onların sosial-iqtisadi inkişafı ilə məhdudlaşmırdı, başlıca məqsəd ölkənin ümumi maraqlarının təmin edilməsi idi. Bu vəzifənin həlli isə o zaman öz inkişafını az-çox sahmanlı vəziyyətdə saxlamış və dünya bazarlarında məhsullarına böyük tələbat olan neft-qaz sənayesinin dirçəldilməsi yolu ilə mümkün idi. Bunu ümummilli liderimiz Heydər Əliyev də çox yaxşı bilirdi. Məhz onun qətiyyəti və gərgin əməyi sayəsində ərsəyə gələn və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan ilk neft müqaviləsinin bağlanması ölkə qarşısında duran taleyüklü problemlərin həllini sürətləndirdi. Yüksək gəlirli və başqa böyük üstünlükləri ilə seçilən neft-qaz sənayesi öz sərvətlərinin tam sahibi olan Azərbaycan dövlətinə hər cəhətdən önəmli töhfələr verməyə başladı. Bu həm də belə bir acı həqiqəti üzə çıxardı ki, Azərbaycan öz milli tərəqqisi üçün uzun illər belə əlverişli imkanlardan nəinki məhrum olmuş, hətta imperiyaların böyük maraqlarına xidmət edən neft sənayesinin inkişafı nəticəsində Azərbaycana onun ancaq mənfi fəsadları miras qalmışdır. Həmin mənfi fəsadlardan biri də o illərdə Azərbaycan iqtisadiyyatında neft sənayesinin mütləq hakimliyi ilə onun birtərəfli inkişaf etdirilməsi idi. Neft-qaz sənayesi və onunla bilavasitə əlaqədar olaraq yaradılan istehsal kompleksi əsasən Abşeronda yerləşirdi. Bu da Abşeron iqtisadi regionu ilə ölkənin başqa regionları arasında ümumi iqtisadi inkişaf səviyyəsinə görə fərqlərin artmasına səbəb oldu.

Lakin ölkədə bazar istehsal münasibətlərinin geniş vüsət alması, liberallaşma və çoxcəhətli iqtisadi islahatların aparılması, xüsusən özəlləşdirmə proqramlarının uğurla həyata keçirilməsi, pul-kredit və maliyyə sisteminin yenidən qurulması və bu əsasda milli sahibkarlığın yaranması regionların da inkişafı üçün əlverişli zəmin yaratdı. Tezliklə regionlarda bir sıra sənaye və başqa istehsal sahələri bərpa edildi, yeniləri işə salındı. Regionların əksəriyyətində ət, süd, konserv müəssisələri, Gəncədə şüşə zavodu və iplik əyirici fabriki, Şəmkirdə Yenikənd su elektrik stansiyası, Mingəçevirdə kompyuter, Neftçalada nərə balıq yetişdirmə və çoxlu başqa istehsal müəssisələri tikilib istifadəyə verildi.

Məlumdur ki, regionların sosial-iqtisadi inkişafında 2004-2008-ci illəri əhatə edən birinci mərhələ çox uğurlu olmuşdur. Bu mərhələni regionların inkişafında böyük dönüş illəri də adlandırmaq olar. Onun əsasını ölkə Prezidenti cənab İlham Əliyevin 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramı haqqında imzaladığı fərman təşkil edir. Bu mərhələdə, ilk növbədə, regionlarda geniş təyinatlı infrastruktur şəbəkələrinin yaradılmasına başlanıldı. Mühüm istehsal sahələrini inkişaf etdirmək üçün mövcud infrastruktur sisteminin əhatə dairəsinin artırılması və müasirləşdirilməsi, xüsusən regionlarda elektrikləşdirilmə və qazlaşdırılma xətlərinin yeniləşməsi, onların əhatə dairəsinin genişləndirilməsi, magistral, rayonlararası və kəndlərarası avtomobil yollarının yenidən qurulması, Gəncədə, Naxçıvanda, Lənkəranda və Zaqatalada dünya standartları səviyyəsində müasir təyyarə limanlarının açılması, tikinti komplekslərinin və xidmət sahələrinin xeyli artırılması, çoxlu yeni məktəblərin, müalicə-diaqnostika mərkəzlərinin, olimpiya idman komplekslərinin, suvarma sistemlərinin inşası həyata keçirildi.

Bu möhtəşəm layihələrin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin vaxtında tikintisinin başa çatdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətinin artması, Azərbaycan İnvestisiya Şirkətinin yaradılması, “Aqrolizinq” Şirkətinin fermerlərə xidmətinin genişləndirilməsi, daxili investisiyaların yeni istehsal sahələrinə yönəldilməsi, Sahibkarlığa Kömək Milli Fondunun yerli iş adamlarına böyük dəstək verməsi, özəl sektorun inkişafı üçün əlverişli mühitin yaradılması və digər mühüm tədbirlər müstəsna rol oynadı. Nəticədə tezliklə regionlarda sosial-iqtisadi inkişafın mənzərəsi əsaslı şəkildə dəyişdi. İlk növbədə, Abşeron iqtisadi regionunun hüdudlarından kənarda yerləşən ölkənin başqa ərazilərinin 2008-ci ildə respublikada hasil edilən ümumi məhsulun həcmində xüsusi çəkisi artıq 19 faizə çatdırıldı.

Hələ növbəti prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev qarşıdakı 5 ildə ölkədə 600 min yeni iş yerlərinin açılacağı barədə vəd vermişdi. O, verdiyi sözə yüksək səviyyədə əməl etdi. 2008-ci ilin 31 dekabrınadək ölkədə 766,3 min yeni iş yeri açıldı ki, bunların da 73,4 faizi regionların payına düşürdü. Çox sevindirici haldır ki, 2008-ci ildə ölkə iqtisadiyyatında çalışanların orta illik sayının artıq 50 faizdən çoxu Abşeron iqtisadi rayonundan kənardakı regionlarda cəmləşmişdir. İstər yerli, istərsə də xarici iş adamlarının fəaliyyəti üçün münbit biznes mühitinin yaradılması nəticəsində sənaye obyektlərinin, ayrı-ayrı xidmət sahələrinin genişləndirilməsi hesabına regionlarda məhsul istehsalı artmış, ölkənin daxili tələbatının ödənilməsi ilə yanaşı, onların xaricə ixracı da təmin olunmuşdur. Məsələn, təkcə Aran iqtisadi regionu 2008-ci ildə Azərbaycanda hasil edilən elektrik enerjisinin 66 faizini vermişdir. Son illərdə bir sıra regionlarda (Naxçıvan MR, Lənkəran, Şəki-Zaqatala, Quba-Xaçmaz) tikilən elektrik stansiyalarını da nəzərə alsaq, ölkədə istehsal olunan elektrik enerjisinin 75 faizi regionların payına düşür. Ümumiyyətlə, son 4 ildə Azərbaycanda 10 yeni elektrik stansiyası tikilmiş və ölkənin enerji potensialı 40 faiz artmışdır.

Göründüyü kimi, bu gün regionlar ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Regionlar həmçinin Azərbaycanın ərzaq təhlükəsizliyinin qorunmasında da aparıcı mövqeyə malikdirlər. İndi regionlar ölkədə hasil edilən çox əhəmiyyətli məhsulların, o cümlədən alüminium xammalının, dəmir filizinin, qızılın, daş duzun, avtomobillərin, traktorların, kompyuterlərin, televizorların, soyuducuların, liftlərin, şəkərin və şəkər tozunun, pambıq xammalının, yunun, baramanın, yaşıl çay yarpağının əsas hissəsini hasil edirlər.

Beləliklə, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının çox böyük uğurla həyata keçirilməsi müstəqil Azərbaycan dövləti üçün müstəsna əhəmiyyət kəsb edən mühüm bir məsələnin – məhsuldar qüvvələrin ölkə ərazisi daxilində düzgün tənzimlənməsinin gerçəkləşdirilməsində çox vacib tarixi addımın atılmasına səbəb oldu. Bu, hər şeydən əvvəl əhalinin regionlar üzrə düzgün və səmərəli məskunlaşması məsələsinin həlli baxımından çox zəruridir. Söhbət paytaxtda və Abşeron iqtisadi regionunun başqa məntəqələrində əhalinin və istehsalın sıxlığının qarşısının alınmasından gedir. Məlumdur ki, müstəqilliyə qədər uzun bir dövr ərzində imperiyaların tərkibində olan Azərbaycanda bir çox zəruri sahələr zəif inkişaf edirdi və ya ümumiyyətlə, heç bir inkişaf nəzərə çarpmırdı. Bunun əksinə olaraq imperiyaların marağında olan digər sahələr, məsələn, neft sənayesi daha sürətlə inkişaf etdirilirdi. Bunun da nəticəsində uzun illər ərzində nəinki Azərbaycanın başqa ərazilərindən, həmçinin keçmiş SSRİ-nin müxtəlif bölgələrindən Abşeron yarımadasına, xüsusən Bakı şəhərinə insan axını sürətlənmişdi. Heç də təsadüfi deyildir ki, Azərbaycan əhalisi 1897-1991-ci illərdə cəmi 4 dəfə artdığı halda, Bakıda bu artım 16,4 dəfədən çox olmuşdur. Bu səbəbdən də Sovet Azərbaycanı əhalisinin 26,2 faizi (1959-cu ilin siyahıyaalma materiallarına görə), 1991-ci ildə isə 24,4 faizi Bakıda cəmləşmişdi. Sonralar, (hətta Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasəti nəticəsində burada xeyli miqdarda qaçqın və məcburi köçkünün yerləşdirilməsinə baxmayaraq) regionların sosial-iqtisadi inkişafının yüksəldilməsi ilə əlaqədar yerli sakinlərin öz regionlarında məskunlaşmasının tənzimlənməsi hesabına ölkə əhalisinin ümumi miqdarında Bakının xüsusi çəkisi 2008-ci ildə 22,9 faizə enmişdir.

Bununla belə etiraf etmək lazımdır ki, iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin ümumi inkişaf səviyyəsinə görə regionlar hələ də çox geri qalır. Onlar hətta keçən əsrin 70-80-ci illərindəki respublika sənayesində məhsul istehsalına görə 40 faizlik xüsusi çəki səviyyəsini belə bərpa edə bilməmişlər. Əslində, 2008-ci ildə regionların ölkə sənaye məhsulları istehsalında payı 5 faizdən də aşağı, sənaye müəssisələrində çalışan işçilərin xüsusi çəkisi isə 34 faizə bərabər olmuşdur. Bunun əsas səbəblərindən biri odur ki, fəaliyyət göstərən sənaye müəssisələrinin 60 faizə qədəri Abşeron iqtisadi regionunda toplanmışdır. Düzdür, son zamanlar regionlarda müxtəlif istehsal təyinatlı sənaye müəssisələrinin sayı daha böyük sürətlə artır. Məsələn, 2008-ci ildə regionlarda fəaliyyətdə olan müəssisələr 2000-ci ilə nisbətən 1,7 dəfə (Abşeron iqtisadi regionunda isə 1,3 dəfə) artmışdır. Digər tərəfdən, belə bir faktı da nəzərə almaq lazımdır ki, Abşeronda sənaye istehsalının hələlik çox ciddi bir üstünlüyü də mövcuddur. Məsələ ondadır ki, burada son elmi-texniki nailiyyətlər əsasında yenidən qurulan müəssisələrin əksəriyyəti çox böyükdür. Regionlarda isə yenicə formalaşan milli sahibkarlar istehsal təyinatlı daha iri sənaye layihələrini həyata keçirmək üçün o qədər də böyük maddi imkana malik deyillər. Ona görə də Abşeronda yerləşən sənaye müəssisələri məhsul istehsalının orta həcminə görə regionlardakı müəssisələrə nisbətən 14 dəfə böyükdür. Belə bir faktı da nəzərdən qaçırmaq lazım deyil ki, regionlarda son illər çoxlu yeni müəssisələr yaradılsa da, onları müxtəlif səbəblərdən tam layihə gücünə çatdırmaq olmur. Heç şübhəsiz, işə salınmış istehsal güclərindən tam istifadə edilməsi regionların ölkə sənayesində payını xeyli artıra bilər.

Bu bir həqiqətdir ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının böyük uğurla həyata keçirilməsi nəinki regionlarda qeyri-neft sektorunun güclü artımına səbəb oldu, eyni zamanda, məhsuldar qüvvələrin daha da artırılması üçün çox geniş imkanların mövcudluğunu bir daha təsdiqlədi. Bu istiqamətdə əldə edilən uğurlar bir daha göstərdi ki, vaxtilə uzun müddət əsassız olaraq böyük tərəqqi yolundan kənarda qalmış Azərbaycanın bütün regionlarında qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafı bundan sonra da məhz onların hesabına genişləndirilməlidir.

Regionların məqsədyönlü hərtərəfli sosial-iqtisadi inkişafının yeni mərhələsi 2008-ci ildən sonrakı dövrü əhatə edir. Onun başlıca mahiyyəti və vəzifələri ölkə Prezidenti cənab İlham Əliyevin 14 aprel 2009-cu ildə imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı haqqında” fərmanda geniş şərh edilmişdir. Bu tarixi fərmanda deyildiyi kimi, əvvəllər qəbul edilmiş “...sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurla icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyətcə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal xidmət və infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsinə təkan verilmiş, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasında, iqtisadiyyata investisiya qoyuluşunun artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və yoxsulluğun azaldılmasında mühüm rol oynamışdır.

... Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir”.

İqtisadiyyat sahəsində keçid dövrünü artıq başa çatdıran Azərbaycan indi inkişaf etmiş ölkələrin sıralarında öz layiqli yerini tutmaq üçün səylərini artırır. Ölkənin regionları üzrə məhsuldar qüvvələrin tarazlı tənzimlənməsi üçün qeyri-neft sektorunun hərtərəfli inkişafı, Azərbaycan iqtisadiyyatının diversifikasiyası və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası bu məqsədin gerçəkləşməsinin həlledici istiqamətlərindən birini təşkil edir.

Ümumiyyətlə, regionların inkişafında bundan əvvəlki mərhələlərlə növbəti mərhələ arasında əsas prinsipial fərq ondan ibarətdir ki, əgər əvvəllər regionlarda müxtəlif infrastruktur sistemlərinin genişləndirilməsi və müasirləşdirilməsi əsas vəzifə kimi həll edilirdisə, indi bu işlər davam etdirilməklə bərabər, başlıca diqqət Azərbaycan iqtisadiyyatı üçün zəruri olan istehsal sahələrinin yaranmasına yönəldilir. Bu məqsədlə ölkənin energetika təsərrüfatının daha da möhkəmləndirilməsi yenə də ön planda durur. Hazırda Taxtakörpü, Şəmkirçay su anbarlarının və Füzuli su elektrik stansiyasının tikintisi həyata keçirilir. Bundan başqa, qarşıdakı illərdə ümumi gücü 550 meqavata bərabər olacaq Poylu, Tovuz və Şıxlı su elektrik stansiyalarının tikintisinə başlanacaq. Bu baxımdan ölkə Prezidenti tərəfindən imzalanan “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın müstəsna əhəmiyyəti vardır. Sərəncamda ölkədə milli enerji təhlükəsizliyinin genişləndirilməsi üçün yeni enerji mənbələrinin yaradılması və ətraf mühitin qorunması məqsədi ilə alternativ və bərpa olunan enerji istehsalının öyrənilməsi və tətbiqinin təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu yeni enerji təminatının ölkə həyatında müstəsna əhəmiyyətini qiymətləndirmək üçün təkcə bir faktı göstərmək kifayətdir ki, respublikanın dağ çaylarında istehsal gücləri çox da böyük olmayan onlarca su elektrik stansiyası tikiləcəkdir. Onların ümumi gücü təqribən 500 meqavat həcmində olacaqdır. Bundan başqa, ilkin təcrübə kimi Naxçıvan MR-in Ordubad və Culfa rayonlarında günəş və külək elektrik stansiyaları yaradılacaqdır.

Müstəqillik şəraitində regionlarda iqtisadi inkişafın mahiyyəti və məqsədi də tamamilə dəyişmişdir. Hazırda istehsalın səmərəli inkişafı, ilk növbədə ölkənin və regionların öz tələbatı və başqa problemləri ilə bilavasitə əlaqəli olan sahələrin yaranmasının vacibliyi ilə səciyyələnir. Yüzlərlə yeni iş yerlərinin açılmasını təmin edəcək “Gilan ənd Knauf Gipso-Karton” Məhdud Məsuliyyətli Cəmiyyətin Goranboyda yaradılması və ya Şamaxıda istehsal gücü ildə 600 min kondisioner olan (burada gələcəkdə həm də soyuducular, tozsoranlar və digər məişət cihazları istehsal ediləcək) “Azərelektrotexnika” məişət cihazları istehsalı zavodunun, Naxçıvan avtomobil zavodunun istifadəyə verilməsi buna əyani misal ola bilər.

Bu cəhətdən regionlarda yerli sərvətlərdən istifadənin xarakteri də kökündən dəyişmişdir. Məlumdur ki, əvvəlki dövrlərdə Azərbaycanın çox qiymətli təbii sərvətləri ilkin emaldan sonra yarımfabrikat kimi başqa yerlərə göndərilirdi. Daha yüksək əməktutumlu və istehsalın yüksək gəlirliyi ilə səciyyələnən növbəti emal mərhələləri əsasən Sovet İttifaqının başqa yerlərində davam etdirilirdi. Hazırda Azərbaycanın təbii sərvətlərindən son məhsullar almaq üçün ölkənin özündə emal müəssisələri yaradılır. Məsələn, Gədəbəydə yerli xammal əsasında qızıl istehsal olunur və dünya bazarlarına çıxarılır. Mütəxəssislərin hesablamalarına görə, Gədəbəy yataqlarında qızıl, gümüş və mis ehtiyatı böyükdür. Alunit xammalı əsasında Gəncədə alüminium istehsalı zavodu, dəmir filizi ehtiyatları bazasında yenə də orada iri boru kompleksi zavodu tikilir, Lənkəranda böyük konserv zavodunun inşası başa çatmaq üzrədir və s.

Onu da xatırlamaq lazımdır ki, Azərbaycan bu gün zəruri olan bir sıra əsas yüngül sənaye məhsulları üzrə hətta keçən əsrin 70-80-ci illəri ilə müqayisədə xeyli az məhsul hasil edir. Halbuki həmin müəssisələr indi də mövcuddur. Sadəcə olaraq, onları müasir texnologiyalar əsasında yenidən qurmaqla ölkə nəinki öz tələbatını yerli istehsal hesabına ödəyə bilər, həm də dünya bazarlarına yüksək keyfiyyətli və ucuz müxtəlif toxuculuq və gön-dəri məhsulları çıxara bilər.

Yerli təbii xammal ehtiyatlarından və başqa istehsal imkanlarından səmərəli istifadə edilməsi və bu zəmində qeyri-neft sektorunun regionlarda sürətli inkişafı əldə etdiyimiz müstəqilliyin müasir Azərbaycanda yaratdığı böyük üstünlüklərdəndir. Bu böyük tarixi fürsət regionların sosial-iqtisadi inkişafını sürətləndirən əsas şərtlərdən biridir. Regionların sosial-iqtisadi inkişaf üçün hərtərəfli mənimsənilməsi, ilk növbədə, həmin ərazilərdə intellektual mülkiyyətin daha da genişləndirilməsinə, insanların həyat səviyyəsinin ardıcıl olaraq yüksəldilməsinə, yoxsulluğun minimuma endirilməsinə, məşğulluğun əhatə dairəsinin artırılmasına və onun səmərəliliyinin yüksəldilməsinə, adamlarının əsasən öz doğulduqları yerlərdə məskunlaşmasına səbəb olmaqla bərabər, həm də paytaxtda və onun ətrafında yaranan həddən artıq sıxlığın qarşısının alınmasına şərait yaradar.

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli fərmanından irəli gələn vəzifələrin tətbiq edilməsi də ölkənin bir sıra regionlarında məhsuldar qüvvələrin güclü inkişafına təkan verəcəkdir. Bu, ilk növbədə Naxçıvan Muxtar Respublikasına, Lənkəran və Quba-Xaçmaz regionlarına aiddir.

Regionların hərtərəfli istehsal potensialının ildən-ilə artması göz qabağındadır. Hələlik dövlət qayğısı ilə yaşayan və inkişaf edən regionlar tezliklə qeyri-neft sektoru sahələrinin sürətlə şaxələnməsi və yüksəlişi hesabına ölkə büdcəsini daha da artıracaq və bununla da respublikanın iqtisadi qüdrətini xeyli möhkəmləndirəcəklər.

 

 

Asəf NADİROV,

akademik

 

Xalq qəzeti.- 2010.- 12 mart.- S. 3.