2010-Ekologiya ili
Səbət balı
Arıçılıq
Azərbaycanda qədim məşğulliyyətdir. Min bir
dərdin dərmanı olan balı hasil etmək
üçün arılar milyonlarla çiçəyə
qonub onun nektarını çəkir. Arılar
həmişə halallıq rəmzi hesab olunub. Saxta bal
düzəldənlərə ilk etiraz elə arılar
tərəfindən olur. Bəlkə buna görədir ki,
behişt kimi təbii sərvətləri ilə nümunə
olan məmləkətimizdə təmiz bal az qala
müşkül məsələyə dönüb. Bu haramlıqdan arılar pətəkləri tərk
edərək meşələrdə ağac
koğuşlarına, dağlıq yerlərdə
əlçatmaz qayaların daş oyuqlarına pənah
gətirirlər, Sanki onların halallığına
xələl gətirənlərdən birdəfəlik üz
döndərirlər.
Dördkünc
taxta arı pətəkləri, haradasa, son 70-80 ilin
təcrübəsidir. Arıçıların dili ilə
desək, arılara baxım və qulluq işləri asan olur,
nə etdikləri “göz qabağında” bilinir. Əslində, Qurani-Kərimdə deyildiyi kimi,
insanlara şəfa neməti hazırlamaq əmri verilmiş
arılar elə sirli-soraqlı bir dünyadır. Onun
əsl yeri elə səbətdir – iş prinsipi xəlvəti
yerdir. Hətta, Misir Universitetinin
təbiətşünasları şəffaf materialdan
(sülidadan) arı pətəyi düzəldərək
kənardan onların iş proseslərini müşahidə
etmək qərarına gəliblər. Lakin 3-4 günün
içərisində bal arıları
sülidanın hər yerini: bərəmumla suvayaraq
eşikdən içərinin görüntülərini
bağlayıblar. Bəs onda ata-babalarımızın
böyük uzaqgörənliklə hazırladıqları
səbət toxuması nədir, bu halallığa dayaq olmaqda
görəsən nəyi əsas tutublar ?
Şahbuz rayonunun ucqar dağ
kəndi Keçilidə dünyaya göz
açdığımdan, ağlım kəsəndən
100-110 il yaşamış məşhur arıçılardan
Hacı Nurəli, Məşədi İsa, Məşədi
Qəmbər və Musa müəllimdən eşidib
gördüyüm, canlı şahidi olduğum
arıçılıq barədə bilgilərimi
hörmətli oxucularla
bölüşmək istəyirəm.
Əvvəla,
səbət yalnız gərməşov bitkisinin cavan
pöhrələrindən toxunur. 40 ilin
söhbətidir. Məşədi İsa baba
əlində səbət toxuyanda dedi ki, ay oğul, bu
gərməşov şivlərinin elə kəsgin iyi var ki,
ona arıların azar-bezar deyilən xəstəlikləri,
kiçik arı gənələri dözüb tab
gətirə bilmədən məhv olurlar. Bax,
bu dördkünc təzə hazırlanan taxta pətəyin
içərisində arının boğazından
yapışaraq onu öldürən “Varratoz”
gənələridi, yerişi açıq —aşkar görünür.
Bu da 60-70 il bundan əvvəl toxunan,
hələ də iyini saxlayan köhnə gərməşov
səbətidir, gənələr qırılıb
hamısı ölüb. İndi yeni
səbətlər toxuyuram.
Məşədi İsa baba
hələ yarızarafat dedi:
— Siz oğul deyilsiniz,
babanız Hacı Nurəli 500-dən çox arı
səbəti saxlayırdı, ayrıca arıxana tikmişdi,
onun balını kəsmək azı bir həftə
çəkirdi. O qədər halallıqla arı
artırmışdı ki, ta təzə çıxan arı
beçələrini tutmurdu. Deyirdi becəgir
qətirin, kimə lazımsa, beçəni tutub aparsın,
arı saxlasın, haram qatmasın. Yoxsa onun
da mənim də arılarım məhv olar.
Maraqlıdır ki, 130 ildən çox ömür
sürən Hacı Nurəli baba 60 ildən artıqdır ki,
dünyadan köçsə də onun arı
damazlığı hələ kənddə kəsilməyib. Bir
dəfə yeddi oğlundan sonbeşiyi Mehdi soruşur: – Ay
dədə, eyni arı, eyni çöl-çəmən,
necə ola bilir ki, sənin arıların səbətdə
axırıncı “çeşmə”yədək bal
şanları çəkib doldurur, mənə verdiyin
səbətlərsə yarımçıq olur
?
Hacı deyir: – Oğul,
mən günün saatlarını üç yerə
bölmüşəm, 8 saatını tər
töküncə çalışıram, 8 saatını
ibadətə, istirahətə və
çay-çörəyə ayırmışam, 8
saatını isə yatıram. Mən
Tanrıya bəndəlik edirəm, əlavə olaraq da 5 hektar
meyvə bağı salmışam, vaxtı bada vermirəm.
Siz cavanlar isə papağı günə
verirsiniz. Əlbəttə, mənim
arı səbətlərim ağzınadək dolu olar. Keçilidə arı ilə bağlı “Ball
düz” “Ballı qaya” toponim adları da vardır.
Toxunan
səbətləri mal peyini ilə suvayıb qurudardılar. Belə
pətəklər təbii havalanma mühiti yaradar. İşlək
arıların iş mövsümündə ömrü 30-35
gün olsa da, hər cür çiçəkdən
şirələr çəkib pətəyə gətirir. İş bölgüsünə görə,
qapıda dayanan növbətçilər “tozsuz” gələn
arıları, qanadı-ayaqları qırılan,
şikəst arıları içəri buraxmaz. Onlar gətirilən ruzini alıb
çəkdikləri şan üsküyündə bala
çevirən arılara təhvil verərlər. Bal hasilatı üçün su
daşıyanlar hava isti olanda qanadlarını pər kimi
vızıltı ilə işə salıb sərinlik yaradan,
hava yağışlı, küləkli olduqda isə
nəfəsi ilə isidən işçi qruplar dayanmadan bal
hazırlayırlar. Səbətdə
arının düzəltdiyi bala “tapı”, “dalaq” da deyilir.
Bitki çiçəkləri ilə
yanaşı, tumurcuq, yarpaq və meyvələrin
səthindəki örtük təbəqəsindən
xüsusi maddələr daşıyan arılar ikinci arı
məhsulu sayılan “bərəmum” da hazırlayır. Bal qədər bakterisid tərkibə malik olan
bərəmumla arılar kənar
giriş-çıxış yerlərini elə suvayır ki,
oraya digər həşaratlar, xəstəlik
törədiciləri yol tapa bilməsin.
Məşədi
İsa baba onu da deyirdi ki, bir dəfə ərsinlə
(arıçılıq aləti) səbətin
içərisini təmizləyəndə əyri-üyri bir
uzun bərəmuma rast gəldim. Ərsini salıb
bərəmumu qaldıranda gözlərimə inanmadım.
Sən demə, haradansa bir ilan səbətə
daxil olur, arılar sancıb onu öldürürlər. Səbətdən eşiyə çıxarmağa
gücləri çatmır, hər yandan bərəmumla
ilanı suvayırlar ki, iyi-qoxu bilinməsin. Demə, min illərdi fironlardan tutmuş, ta
müxtəlif hökmdarlaradək ölmüş insanları
mumyalamaq arılardan qalma üsuldur.
Arı mumu,
arı südü, arı tozu, arı zəhəri də min
bir dərdin dərmanı olan balın tərkib
hissələrindəndir. Minnətsiz, kənd camaatının
dili ilə desək, halallıqla işləyən bitki
florasında təbii tozlanmanın, dözümlü sortlar
yaranmasında əvəzsiz rolu olan bal arılarının
məhsulu pətəkdən yad adamlar tərəfindən
oğurlandıqda, yaxud 5-3 kq təmiz balı əsas tutub saxta
bal düzəldərək qarışıqlıq
yaratdıqda arılar bunu qəbul etmir, tələf olurlar. Hətta, rayonlarda telefon qurğularının geniş
radius dairəsində maqnit sahəsi yarandıqda
arıları saxlamaq çətinləşir, tələf
olurlar. Arı təbiətdə saf
ünsürlərin dəqiq barametridir. Ekoloji
çirklənmə mühitində arıdan bal
gözləmək çətindir.
Bəzən
arıçılar deyirlər ki, dördkünc taxta
pətəkdə arı saxladıqda ona qulluq işləri
asan olur, kimyəvi dərmanlarla arılara dərman
üfürülür. Bəs səbətdə
necə? 95 il ömür sürən, Böyük
Vətən müharibəsinin I qrup əlili Musa
müəllim arı pətəklərinə baldırqan,
acı yovşan, sirkə iyi verən kəklikotu,
gərməşov yarpaqlarını 5-6 gündən bir
dəyişməklə kom halında qoymaqla kimyəvi
dərman işlətmədən arı
xəstəliklərilə mübarizə aparar,
saxladığı 200-dən çox arı
pətəyindən təmiz bal əldə edərdi. Deyərdi ki, arı zərərverici və
xəstəlik törədicisi baldırğanın iyinə
uyğunlaşsa, onu dərhal acı yovşanla, kəskin iyli
kəklikotunu tutub onları təbii üsulla ləğv
edirəm, arılar bu iydən çəkinmədən
həvəslə işləyirlər.
İnfarktdan
qurtarmaq olarmı? – Bu sualın cavabını da oxuculara
çatdırmağı özümə borc bildim.
Çünki, 28 il öncə mən qəflətən bu xəstəliyə
düçar oldum. Rayon, şəhər
xəstəxanalarından tutmuş, Bakının ən
mötəbər kardioloji şöbələrinədək
müxtəlif ünvanlara müraciət etdim, 6 aydan çox
yatdım, müalicə oluna bilmədim. Vurulan
çoxsaylı iynələr, dava-dərmanlar səhhətimi
daha da korladı, ayaqlarım da tutuldu. Açıq-aşkar
şikəst oldum. Sonda arıçı loğmanlar dadıma
çatdılar. O vaxtlar 9 ilə yaxın
baş aqronomu və 5 ildən çox Kənd
Təsərrüfatı İdarəsinin rəisi
işlədiyim Şahbuz rayonunun dağ yamaclarında 200
hektaradək(ən böyük sahələr 0,5-1 hektar olmaqla)
dəmyə yerlərdə qiymətli xaşa bitkisi əkinini
şəxsən öz nəzarətim altında
apardım. Sən demə, dünyada xaşa bitkisi
qədər arıların sevdiyi ruzi mənbəyi yoxdur.
Hətta, xaşa sahələrini yamaclarda kərənti
ilə biçəndə arılar aman vermirdi. Şahbuz
balı elə vüsət almışdı ki, sorağı
ən böyük şəhərlərdən gəlirdi: Bunu
qiymətləndirən arıçılar şikəst olub
işdən aralanıb evdə otursam da məni unutmadılar.
Bir də baxdıq ki, saf,təbii, halal təmiz baldan
gətrilən paylar 100 kilonu keçib. Dedilər ki, “Sirab”
suyu ilə təmiz balın şərbətini qəbul
etsən ayağa qalxa bilərsən. Bal haqqında
məlumatlı idim. Can şirin olar, deyilən
məsləhətləri qəbul etdim. Balı “Sirab”la
qarışdırıb gündə 3 dəfə içdim,
bir ildən sonra elə bil, bu azar-bezardan
əsər-əlamət qalmadı.
Ana
təbiətin qüdrətli möcüzəsinə mən
də borclu qalmadım. Hələ 1987-ci ildə 120-dək
(sonralar onları 200-ə-çatdırdım) nadir
şəfa bitkilərinin ana dili, rus, ingilis, latın
dillərində və Şərq xalqları üçün
ərəb qrafikası ilə gözəl beynəlxalq
sərgisini yaratdım. Moskva, Bakı, Naxçıvan
şəhərlərində, hətta ucqar dağ
kəndlərinədə nümunəvi sərgilər
təşkil etdim. Mineral sular və məlhəmlər,
şəfa çiçəklərinin baş
tərəfində isə səbət balını
nümayiş etdirdim.
Ulu
öndərimiz Heydər Əliyev də bu sərgiyə
tamaşa edərək, onu yüksək qiymətləndirdi.
Fəxri adlar, pul mükafatları, təbriklər,
təşəkkürlər alsam da, əsl mükafatım ana
təbiətin güc və qüdrətini dərk etməyim
oldu. 25 ildə milyonlarla tamaşaçının diqqətini
təbiətə yönəltdim. Deməli,
çoxumuzun qorxduğu infarktı zərif məxluq olan arı
qanadlarının vızıltısı da qova
bilərmiş, ümidi üzülənə həyat da
bəxş edərmiş. Hətta yüksək qan təzyiqi
və şəkər xəstəliyinin müalicəsində
böyük rolu olan Tayqadan gətirdiyim 50 dərəcəyədək
şaxtaya dözən Sibir qara və qırmızı
qarağatları və mot-motu tinglərindən
artırdığım kollardan bir yük maşını
tutan qədər əkin materialını təmənnasız
olaraq, AMEA-nın Naxçıvan bölməsinin Bioresurslar İnstitunun
Nəbatət bağına hədiyyə etdim. Orada nadir
süfrə üzüm sortları və öz kökü
üstə 200 ildən artıq bitən nadir qazan
qızılgülü də var idi. Səbəbsiz
deyildi: respublikamızda, onun ayrılmaz bir parçası olan
Naxçıvanda gedən böyük ekoloji
səfərbərlik, əli-ayağı iş tutanların
yaşıllığa, abadlığa, su
çəkilişinə səfərbər olması yurdumuza
düşmənlərin vurduğu yaraların sağalmasına
yönəldilib. Bu işdə hamı öz
payını verməlidir. Ölkə başçısı
bu ili “Ekologiya ili” adlandırıb.
Ana
təbiətlə sıx ünsiyyətdə olmaq,
təbiəti qorumaq elə özümüzü qorumaq
deməkdir. Çünki,
hər birimizin saf, təbii bala arada bir ehtiyacı olur.
Qaşdar ƏLİYEV, respublikanın əməkdar
təbiəti mühafizə işçisi, Həsən
Əliyev adına Ekologiya Mükafatı laueratı
Xalq qəzeti.- 2010.- 14 mart.- S. 8.