Adil İsgəndərov-100

 

Korifeylər unudulmur

 

Bir əsr bundan əvvəl – mayın 5-də böyük Nizaminin doğulduğu şəhərdə dünyaya bir uşaq göz açdı. Adını Adil qoydular onun. Deyəsən, valideynləri onu ədalətli görmək arzusu ilə bu adı vermişdilər ona. Valideynləri, qonşuları və qohumları bu körpəni Ədil deyə çağırırdılar. Elə sonralar da ona Ədil müəllim deyə müraciət edirdilər.

 

Adil İsgəndərov uşaqlıq və gənclik illərini doğulduğu Gəncə şəhərində keçirdi. Bu şəhərin zəngin mədəni mühiti onun daxilində özgə bir ovqat formalaşdırmışdı. Xüsusilə teatra güclü həvəsi onu Teatr Texnikumuna gətirdi. Sonra isə A.V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutu... Moskva Bədaye teatrında isə sənət təcrübəsi keçdi.

Adil müəllimin teatra hədsiz həvəsi təsadüfən yaranmamışdı. Azərbaycanda teatr bir sənət kimi çoxdan yaranmışdı. Bizim teatrlarda nəhəng aktyorlar, rejissorlar yetişməyə başlamışdı. Adil İsgəndərov isə bu axına qoşularaq, milli teatrımıza öz töhfəsini vermək üçün bütün həyatını ona həsr etməyi qərarlaşdırmışdı. Və o, öz teatr məktəbini yaratmaq kimi mühüm bir missiyanı böyük şərəflə yerinə yetirdi.

Adil İsgəndərov sənət fəaliyyətinə Akademik Dram Teatrından başladı. Bu teatrda iyirmi beş ilə yaxın görünməmiş dirçəlişə, yüksəlişə nail oldu. Burada rejissor kimi fəaliyyətə başlayan bu gənc sənətçi çox keçmədi ki, teatrın baş rejissoru, sonra isə həm də direktoru oldu. “Polad qartal” tamaşası ilə çox uğurlu rejissor debütü edən Adil müəllimin yaradıcılığına teatr mühitinə maraq yarandı. Aydın hiss olunurdu ki, Azərbaycan teatrına yeni bir istedad gəlmişdir. Aktyorlarla işləməyində, dekorların qurulmasında, mizan-səhnələrin yaradılmasında, bir sözlə, tamaşanın ərsəyə gəlməsində yeni bir üslub yaratdı. Onun rejissoru olduğu tamaşalarda müasirlik aydın hiss olunurdu. Adil müəllim klassik ənənələrlə müasirliyi olduqca bitkin formada birləşdirir, yeni teatr yaradırdı.

“Polad qartal”, “Həyat” tamaşaları dövrün ən çox baxılan səhnə əsərləri idi. Amma “Vaqif” tamaşası ilə yaradıcılığının şah əsərini tamaşaçılara təqdim etdi. Bu tamaşa haqqında çox yazılıb. Onun milli teatr tariximizdəki yeri dəqiq müəyyənləşdirilib. Tamaşada baş rolun ifaçısı Ələsgər Ələkbərovun necə böyük sənətkarlıq nümayiş etdirdiyini o dövrün tamaşaçıları yaxşı xatırlayır. Nə yaxşı ki, Vaqif haqqında çəkilmiş sənədli filmdə həmin tamaşadan bir parça canlı olaraq əks etdirilib. Bu tamaşanın Moskvada necə böyük təmtəraqla nümayiş etdirilməsi yaddaşlardan silinməyib.

Adil isgəndərov bu teatrda işlədiyi illərdə onun fəaliyyəti xeyli genişləndi. O dövrün aktyorları xatırlayırlar ki, teatr səhnəsinə ən istedadlı aktyorlar dəvət olunur, ən gözəl əsərlər tamaşaya qoyulurdu. Burada işləmək böyük şərəf hesab olunurdu. Səhnəyə qoyulan əsərlər öz monumentallığı ilə seçilirdi. Çox maraqlı repertuar hazırlanmışdı. “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqin səhəri”, “Otello”, “Türkiyədə” və s. tamaşalar o dövrün böyük maraqla baxılan səhnə əsərləri idi.

Güclü təşkilatçılıq bacarığı, kollektivlə dil tapa bilməsi, ünsiyyət mədəniyyəti onu ətrafındakılara sevdirirdi. Adil müəllim həm də tələbkar insan idi. O, istəyirdi ki, Azərbaycan teatrı yüksəlsin, xalqın mənəvi inkişafına yardımçı olsun. Ona görə də Qərbin və Şərqin teatr ənənələrini səhnəmizə gətirməyə, milli klassik teatrımızın zənginləşməsinə can atırdı. Bunun nəticəsidir ki, keçən əsrin 50-60-cı illərində Azərbaycan teatrında yeni yüksəliş dövrü başlandı. Teatrlarımızın səhnəsinə yeni, müasir əsərlər gətirildi. Bu teatrın elə günü olmurdu ki, Azərbaycan ziyalıları, müxtəlif peşə adamları oraya axışmasınlar.

O, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostuduyasına direktor (1966-1974) təyin olunduğu dövrə qədər bu teatrda böyük arzularını həyata keçirdi. 1966-cı ilə qədər Adil müəllim kinoda yalnız aktyor kimi işləmişdi. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova “O olmasın, bu olsun” filmində qoçu rolunu vermişdi. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bircə dəfə görürük. Bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir ovqat gəlir. Onun aktyor ifaçılığında bir bütövlük var. Oynadığı rollar həmişə öz koloriti ilə diqqəti çəkir.

1958-ci ildə “Uzaq sahillərdə” (rej. Tofiq Tağızadə) filmində sahibkar Rosselininin rolunu böyük istedadla yaradıb. Bu obraz da o qədər böyük deyil, ancaq nədənsə tamaşaçı bu epizodu həmişə səbirsizliklə gözləyir. “Qara daşlar”, “Məhəbbət dastanı” filmlərində də onun ifa etdiyi qəhrəmanlar öz milli koloriti ilə tamaşaçı diqqətindən yayınmır. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Ə. İbrahimovun “26 Bakı komissarı” filmndə çəkildi.

Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi “Axırıncı aşırım” filmində yaratdığı Kərbəlayı İsmayıl idi. Bu obraz mürəkkəb tarixi dövrün qəhrəmanı idi. Sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycanın ucqar əyalətində baş verən dəhşətli hadisələrin mərkəzində dayanan Kərbəlayı hər şeyini itirmək təhlükəsi ilə üzləşib. Torpaqları, var-dövləti ilə yanaşı, ləyaqətinə, şəxsiyyətinə də təcavüz edilən Kərbəlayı yeni cəmiyyətə müharibə elan edir. Abbasqulu bəyin “elçi” kimi onu barışığa çağırması belə, Kərbəlayı İsmayılı bu yoldan döndərə bilmir. O, yeni cəmiyyətlə barışmaq istəmir. Nəticə isə çox acınacaqlı olur. Nə qədər insanlar tələf olur, evlər, ailələr dağılır. Bu rolda da, o, bütövdür, obrazın bütün çalarlarını tamaşaçıya ustalıqla çatdırır və əsl azərbaycanlı kişi obrazı yaradır. Bu obrazı bütün film boyu tamaşaçının gözündə ucaldır. O əyilmir hətta, ən ağır anlarda belə öz kişilik qürurunu saxlamağı bacarır. Kərbəlayı haqq-salamı itirən adam da deyil. Qəmlonun şıltaqlıqları belə onu öz yolundan döndərə bilmir.

Adil İsgəndərov bu rola görə Ümumitifaq kinofestivalının “kişi rolunun ən yaxşı ifasına görə” nominasiyasının qalibi olmuşdu. Bu aktyorun yaratdığı obrazlar içərisində “Qanun naminə” filmindəki Kamilov xüsusi qeyd edilməlidir. Kamilov rayonda İcraiyyə Komitəsinin sədridir. Əslində mənfi tipdir. Adil İsgəndərov bu rolu o qədər təbii, o qədər səmimi ifa edir ki, tamaşaçı onun istedadına valeh olur. Eyni sözləri “Dərviş Parisi partladır” filmindəki Hatəmxan ağa obrazı haqqında da demək olar.

“Arxadan vurulan zərbə” filmindəki prokuror Dadaşlı rolu bu aktyorun böyük istedad sahibi olduğunu bir daha təsdiqlədi. Bu, onun kinoda son aktyor işi idi.

Adil İsgəndərovun kino aktyorluğunda çox aydın sezilən bir səmimiyyət var. Onu tamaşaçıya sevdirən də elə istedadla səmimiyyətin vəhdətidir.

Adil İsgəndərovun portretində bir mühüm ştrix də unudulmamalıdır. Bu da onun kinorejissor kimi fəaliyyətidir. “Əhməd haradadır?” bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. Bu filmdə isə o, rejissor kimi səmimidir. Tamaşaçı onun səmimiyyətini hər kadrda duyur. O istəyirdi ki, azərbaycanlılar öz obrazlarını kinoda da olduğu kimi görsünlər. O, təbiətcə kosmopolitlikdən çox-çox uzaq idi. Film boyu tamaşaçını xoş bir ovqat müşayiət edir. Onun qəhrəmanları əsl azərbaycanlılardır. Hadisələr çox məzəli bir süjet üzərində qurulmuşdur və tamaşaçı film boyu bu insanların taleyini maraqla izləyir. Adil müəllim burada da çox maraqlı aktyor ansamblı yarada bilib. Azərbaycan aktyorluq sənətinin Mustafa Mərdanov, Nəcibə Məlikova, Lütfəli Abdullayev, Məmmədrza Şeyxzamanov, Bəşir Səfəroğlu kimi korifeyləri filmdə maraqlı rollarda çəkilmiş və ona xüsusi təravət gətirmişlər.

Adil İsgəndərovun yaradıcı irsi, doğrudan da, əsl məktəbdir. Və bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malikdirlər.

68 illik ömrünün 42 ilini sənətə həsr etmiş bu qüdrətli sənətkarın xatirəsi bizim üçün həmişə əziz və doğmadır.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 14 mart.- S. 8.