Xatirələrdə yaşayacaq

 

Müəllim ömrünü yanar şama bənzədənlər yanılmırlar. Bunun açması sadədir. Müəllimlərimiz şam işığı kimi bizim ömür yolumuza nur saçırlar. Bizə biliklər öyrədir, təlim-tərbiyə verir, dünya sirlərindən xəbərdar edirlər. Bu xeyirxah, nəcib insanların əməyi əsil alqışa layiqdir. Bütün mənalı ömrünü uşaqların təlim-tərbiyəsinə, təhsilinə həsr etmiş Fizzə Məmmədova da belə pedaqoqlardan idi. Onu xatırlayanlar deyirlər ki, elə bil müəllimlik onun tale yazısı idi. Bu peşəni özü sevdiyi qədər başqalarına sevdirməyə çalışırdı.

 

Fizzə xanım bu gün düşmən tapdağı altında olan Zəngilan rayonunda doğulmuşdu.

Müəllimlik onun uşaqlıqdan arzusu idi. Institutu bitirdikdən sonra sevib-seçdiyi peşə üzrə işə başlayan bu gənc tezliklə öz fəaliyyəti, pedaqoji qabiliyyəti ilə ətrafındakıların diqqətini cəlb edir.

Fizzə müəllimə 1961-ci ildən ömrünün sonuna kimi Bakı şəhəri Səbail rayonunun 7 saylı məktəbində ibtidai sinif müəllimi olub. Bu gün onun yetirmələrinin səsi nəinki respublikamızın, eləcə dünyanın müxtəlif guşələrindən gəlir. O, ömrünü gilə-gilə bu yolda əridib. Çətinlikləri olub. Lakin saysız-hesabsız fərəhli günlər yaşayıb. Uşaqlara təkcə müəllim deyil, ana gözü ilə baxıb. Fizzə xanımın adı həmişə qabaqcıllar sırasında olub. Məktəbə yoxlama gələndə nümunəvi sinif kimi onun dərslərində olublar. Fizzə müəllimə uşaqlara fərdi yanaşmağı bacarırdı. Onların qabiliyyətini üzə çıxarmağa çalışırdı.

Onun həm gözəl təşkilatçılıq bacarığı var idi. Uzun illər məktəbin həmkarlar təşkilatına rəhbərlik etmişdi.

Son illərZəngilandan yaman nigaranam”, deyirdi. O, doğulduğu bu torpağı bütün qəlbi ilə sevirdi, elə uşaqlarda da həmişə vətənə, torpağa məhəbbət hissi aşılayırdı. Dərslərində erməni qəsbkarlarının törətdikləri vəhşiliklərdən danışar, tezliklə torpaqlarımızın azad olunacağını bildirərdi. Amma o, bu günü görə bilmədi.

Fizzə xanım Azərbaycanın müstəqilliyini həmişə arzulamışdı. 1991-ci ildə bu arzusuna çatan Fizzə xanım uşaqlara deyirdi: “Siz xoşbəxt bir ölkənin vətəndaşlarısınız. Bundan böyük səadət olarmı?” Özü 15 ilə yaxın müstəqil Azərbaycanda təhsilin inkişafına xidmət göstərdi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi minlərlə təhsil işçisi kimi onu da sevindirdi. O, da təhsildə islahatların tərəfdarı idi. Deyirdi ki, çox yaxın gələcəkdə Azərbaycanda dünya standartlarına cavab verən təhsil sistemi formalaşacaq.

Fizzə müəllimənin uzun illik pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, “Qabaqcıl maarif xadimi”, “SSRi maarif əlaçısı”, “Metodist müəllimfəxri adlarına layiq görülmüşdür.

Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Fizzə xanımaTərəqqimedalı verilmişdir.

Ömrünün 80-ci baharında dünyasını dəyişən bu təcrübəli pedaqoqun xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaqdır.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 14 mart.- S. 7.