Orijinal düşüncənin, dərin
filoloji təfəkkürün məhsulu
Tanınmış ədəbiyyatşünas alim
Qurban Bayramov ədəbiyyatımıza bağlı olan
ömrü, taleyi, yaradıcılıq fəaliyyəti, əməlləri,
filoloji fikrə xidmətləri ilə Azərbaycan ictimai fikir
aləmində dəyərli nüfuz qazanmışdır. O, ədəbiyyatşünaslıqda,
ədəbi-tənqiddə həmişə ədəbiyyatın
mənafeyini düşünmüş, dəyərli elmi tədqiqatlarında,
ədəbi-tənqidi məqalələrində ancaq bu
mövqedən çıxış etmişdir.
Onun növbəti,
monumental monoqrafiyasını əks etdirən irihəcmli
kitabı qarşımdadır, səhifələyirəm, diqqət
kəsilib nəzərdən keçirirəm... Qəflətən
xəyal məni geriyə, 60-cı illərin ortalarına, tələbəlik
illərinə aparır... Qarşımda bəstəboy,
sarışın çöhrəli, iri, təsirli,
nüfuzedici mavi gözləri olan, gur şabalıdı
saçlarını o dövrün dəbinə uyğun
darayan, zövqlə geyinən, çevik hərəkətləri,
isti, səmimi münasibəti ilə nəzərləri cəlb
edən gənc oğlan canlanır...
Biz onda, indi ADPU
adlandırılan ali təhsil ocağında, filoloji fakültədə
oxuyurduq. Feyzulla Qasımzadə, Ə.Dəmirçizadə,
Kamal Qəhrəmanov, Əhəd Hüseynov, Xeyrulla Məmmədov
kimi müdrik alimlərdən dərs alırdıq. Qurban bizdən
yuxarı kursda təhsil alırdı, fəal ictimaiyyətçi
kimi fərqlənirdi, institutun “Gənc müəllim” qəzetində
şeirlər, esselər nəşr etdirirdi. Onun
respublikamızın tanınmış şairlərinin, alimlərinin
iştirakı ilə keçirilən Səməd Vurğunun
60 illik yubileyində, institumuzun böyük zalında
böyük şairə həsr etdiyi 5-6 səhifəlik
lirik-romantik “poemasını” sevimli müəllimimiz Əhəd
Hüseyinovun təhrik və tələbi ilə oxuması
indiki kimi yadıma düşür... Rəhmətlik Əhəd
müəllim olmasaydı, kim idi o böyük, təntənəli
müsamirədə tələbəyə tribuna verən?!
Sonralar bir müddət ayrı düşsək də, 70-ci illərin ortalarından onun imzasına mətbuatda şair kimi yox, gənc tədqiqatçı kimi müntəzəm rast gəlirdim, onun yaradıcılığını izləyir, ədəbi prosesdə getdikcə tanındığını görür, tələbəlik illərindən bələd olduğum həmkarımın uğurlarına sevinirdim... 80-ci illərin başlanğıcında onu ayda iki dəfə mavi ekranda, xüsusən o dövrdə populyar və məşhur olan “Ədəbiyyatşünaslıq və zaman” verilişinin aparıcısı kimi gördüm. Qurban müəllim tanınmış, nüfuzlu alimlərlə, yazıçı və şairlərlə, ədəbiyyat adamları ilə filologiya elminin ən müxtəlif problemlərini ilham və ağılla şərh edirdi... Qurban müəllim M.Ə. Sabirə həsr edilən silsilə verilişlərə bir sabirşünas kimi məni ardıcıl dəvət edirdi.
Qurban Bayramov müasir tənqid və ədəbiyyatşünaslığımızda geniş yaradıcılıq imkanları ilə tanınan alimlərimizdəndir. Onun hələ 70-80-ci illərdə çap etdirdiyi “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman ( Səməd Vurğun poeziyasında lirik qəhrəman)” kitabları və bir çox məqalələri elmi konfraslardakı məruzə və çıxışları konseptuallığı ilə diqqəti cəlb etmiş, böyük maraq doğurmuşdu...
Onun əsərlərini dərin ağıl, obyektiv, prinsipial münasibət, operativ tənqidçi müdaxiləsi, ehtiraslı, oxunaqlı akademik üslub, zəngin nəzəri fikir axını həmişə fərqləndirmişdir.
Tanınmış ədəbiyyatşünas-tənqidçinin “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman”, “Yaşar Qarayev: Milli yaddaş təlimi - Azərbaycançılıq”, “Poeziyanın sirri...”, həmçinin son illərin məhsulu olan “Əlı İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü” monoqrafik kitabları, “Yaralı Vətənin yaralı övladları” kimi bədii-publisist əsəri filoloji fikrimizi zənginləşdirən nümunələrdir...
Bütün bunlar və 300-ə qədər elmi-nəzəri, ədəbi-tənqidi, ictimai-publisist məqalələri, 40 illik ədəbi-ictimai fəaliyyəti belə qənaətə gəlməyə imkan verir ki, Qurban Bayramov müasir filoloji təfəkkürlə düşünən, ədəbi prosesi ardıcıl, yaxından, məsuliyyətlə izləyən, ədəbiyyatı milli mənafe mövqeyindən, kompromissiz təhlil edən, ədəbi-bədii meyilləri vaxtında müəyyənləşdirib tərəfsiz və qərəzsiz bir tərzdə qiymətləndirən fəal və çevik təfəkkürlü geniş yaradıcılıq imkanlarına malik alimlərimizdəndir.
Qurban Bayramovun tanınmış yazıçı, publisist, jurnalist Əli İldırımoğlunun yaradıcılığına monoqrafik tədqiqat miqyasında müraciət etməsi də təsadüf deyildir.
Qurban Bayramov danışdığımız bu yeni, növbəti monoqrafik tədqiqatında müasir Azərbaycan nəsrinin və jurnalistikasının mühüm problemlərini görkəmli yazıçı – jurnalist Əli İldırımoğlunun 60 illik zəngin yaradıcılığı əsasında işləmiş, mühüm elmi-nəzəri nəticələr əldə etmişdir.
Müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik – xatirə-roman janrının təkamülü və inkişaf meyillərinin, struktur xüsusiyyətlərinin, kompozisiyasının, mövzu, məzmun və obrazlar sisteminin mahiyyəti, milli özünəməxsusluğu dünya ədəbi-bədii və filoloji nəzəri fikir işığında tədqiqi maraq doğurur...
Qurban Bayramov ilk dəfə bu sanballı monoqrafiyası ilə Əli İldırımoğlunun müxtəlif istiqamətlərə şaxələnən yaradıcılığının geniş, əsaslı elmi-nəzəri təhlilini vermişdir.
Əli İldırımoğlu öz sələflərindən gələcəyə ötürülən estafeti bacarıqla, istedadına və yaradıcılıq fəhminə uyğun bir tərzdə qəbul edib inkişaf etdirən, lakin təəssüf ki, çox vaxt ədəbi tənqidin nəzərlərindən uzun müddət uzaqda qalmış istedadlı sənətkarlarımızdandır... Qurban Bayrmovun belə bir təvazökar, istedadlı, nisbətən kölgədə qalan zəngin yaradıcılığa malik yazıçıya monoqrafik tədqiqat səviyyəsində müraciət etməsi təqdirəlayiqdir... Əli İldırımoğlu ilk qələm təcrübələri ilə mətbuatda 1952-ci ildən Qubadlı rayonunda çıxan “Avanqard” qəzetində çıxış etməyə başlayıb. Bu qəzetə məsul katib, sonra redaktor vəzifəsinə təyin edilib, sonralar isə uzun illər respublikanın müxtəlif regionlarında o dövrdə dövlətin aparıcı mətbu orqanı olan “Kommunist” qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib.
Əli İldırımoğlu Prezident sərəncamı ilə 2007-ci ildə, 80 illik yubileyi münasibətilə “Şöhrət” ordeninə layiq görülmüşdür. Onun bir çox əsərləri fars, rus, rumın, türk dillərində çap olunmuşdur. Yazıçı son dövrdə “Aqibət” romanını (2005) və “Zorən jurnalist” romanının ikinci hissəsini (2007) yazıb kitab şəklində çap etdirmişdir. Yazıçının “Seçilmiş əsərlər”i 10 cilddə nəfis şəkildə çap edilib oxuculara təqdim edilmişdir.
Əli İldırımoğlunun publisistik yaradıcılığının xeyli hissəsi – məqalələri, oçerkləri, felyetonları müxtəlif illərdə dərc edilmiş “Mayaklar” (1975) “Yazım, yazmayım” (1982), “Çınarlı” (1984), “Telepat” (1994), “Silinməz izlər” (1997) kitablarında toplanıb oxuculara təqdim edilmişdir.
Qurban Bayramov bütün əsərlərini tədqiqata cəlb edərək göstərir ki, Əli İldırımoğlu söz sənətinə böyük məsuliyyətlə yanaşan sənətkarlarımızdandır və o, həqiqətən, öz taleyini yazan, tərcümeyi-halı bütövlükdə yaradıcılığının əsasını təşkil edən, avtobioqrafik yazıçıdır. O, bir sənətkar kimi Azərbaycan ədəbiyyatında avtobioqrafik nəsrlə ardıcıl, sistemli məşğul olan, bəlkə də, ilk qələm əhlidir. Onun, demək olar ki, bütün romanlarında avtobiqrafiklik bədii sistem təşkil edir. Avtobioqrafik roman janrının üslubi imkanları şaxələnə-şaxələnə istifadə olunaraq sənət səviyyəsinə yüksəlir. Tədqiqatçı göstərir ki, Əli İldırımoğlunun “Həmin adam”, “Zorən jurnalist”(I hissə, 1995; II hissə, 2007), “Közərən sətirlər” (1999), “Mənim rəncbər atam” (2002) və başqa əsərləri bioqrafik roman janrında Azərbaycan romançılığı tarixində hərəsi bir “dəyişməz dəyərdir” – milli nəsrimizin dəyəri...
Q.Bayramovun göstərdiyi kimi, Əli İldırımoğlunun nəsri hadisələrə tamamilə milli mövqedən, azərbaycançılıq mövqeyindən, müstəqil xəlqılik konsepsiyası müstəvisində bədii şərh verən dəyərli bədii əsərlərdir. O, bir romançı kimi, elə mövzulara, milli şüurun, mənəviyyatın elə qatlarına toxunur ki, əsərləri bütövlükdə milli mənəviyyatın bədii salnaməsinə çevrilir.
Monoqrafiyada bədii nəsrin qiymətli nümunələrindən olan və Əli müəllimin yaradıcılığına qədər ədəbiyyatımızda nisbətən az görsənən xatirə-roman janrının inkişafı sahəsində ədibin xidmətlərinin tədqiqinə geniş yer verilmişdir. Odur ki, bu monoqrafiya həm ədəbiyyatımızda avtobioqrafik roman janrının inkişafı sahəsində Əli İldırımoğlunun xidmətlərini üzə çıxarmış, həm də ədəbiyyatşünaslığımızda avtobioqrafik roman janrının təkamülünün ilkin və çox tutarlı təhlil və tədqiqinin nümunəsini yaratmışdir. Monoqrafiya müəllifinin müşahidələrinə görə, Əli İldırımoğlunun bir jurnalist kimi publisistik yaradıcılığında yazıçılıq qabiliyyətindən irəli gələn bir cəhət, çox vaxt sənədli oçerklə bədii oçerkin sərhədini aradan çıxarmasında özünü göstərir. Onun oçerklərinin əsas məzmununu insan amili, şəxsiyyətin ictimai-siyasi borcu, insani münasibətlər, zəhmət adamı necə olmalıdır kimi məsələlər təşkil edir. Oçerklərində mühüm cəhətlərdən biri hekayə modelinə yaxınlıqdır – “dilin lakonikliyi, təsvirin lirikliyi və emosionallığı, zəhmətin və təbiətin qovuşuğundan, harmoniyasından yaranan saflıq, təsvirin təbiiliyi, görümlülüyü”dür. Yazıçı publisistikasında olduğu kimi, ümumiyyətlə, bütün yaradıcılığında folklor motivlərindən, şeir və bayatılardan, xalqın etnoqrafik yaddaşından, xalq əfsanələrindən, atalar sözü və məsələlərdən geniş istifadə etmişdir. Məlumdur ki, Əli İldırımoğlunun publisistikasında felyeton janrı da mühüm yer tutur. Qurban Bayramov Azərbaycan felyeton janrının tarixinə nəzər salmış, onun inkişaf yolu barəsində məlumat vermiş, yeni faktlar üzə çıxarmış, bu sahədə Əli İldırımoğlunun xidmətlərini ətraflı işıqlandıraraq göstərmişdir ki, onun yaradıcılığında mənəvi-etik felyeton tipi üstünlük təşkil etmişdir.
Monoqrafiyada ciddi və oxunaqlı bir üslubda yazıçının satirik hekayələri, publisistik əsərlərdə portret yaratma ustalığı, erməni xislətinin ifşası kimi mühüm məsələlər də tədqiq edilmişdir. Bütün araşdırmalar prosesində müəllif Əli İldırımoğlu yaradıcılığı fonunda XX əsr Azərbaycan publisistikasının orijinal keyfiyyətlərini üzə çıxarmağa çalışmış və müasir jurnalistika üçün örnək olası cəhətləri önə çəkmişdir.
Lakin monoqrafiyanın ən mühüm hissəsi, qeyd etdiyimiz kimi, Əli İldırımoğlunun roman yaradıcılığıının təhlilinə, bədii, avtobioqrafik nəsrin süjet, kompozisiya, struktur, mövzu, ideya məsələlərinə həsr edilmişdir.
Müəllif göstərir ki, Əli İldırımoğlunun romanları estetik məziyyətləri ilə Azərbaycan romançılığı tarixində özünəməxsus yer tutur. Onun bütün əsərləri “ciddi sosial bəlalar yaradan əxlaqsızlığa və mənəviyyatsızlığa qarşı hədsiz və hüdudsuz bir barışmazlıqla ortaya çıxmışdır”. Müəllif bu cəhətdən onun romanlarını mənəvi, əxlaqi problemlər romanı adlandırmaqda haqlıdır.
Qurban Bayramov bu qiymətli monoqrafiyası ilə Əli İldırımoğlunun əsas ideyalarını, xəlqi-milli keyfiyyətlərini, sənətkarlıq qabiliyyətini, avtobioqrafik roman janrı sahəsində gətirdiyi yenilikləri üzə çıxarmış, yazıçı-publisistin zəngin yaradıcılıq yolu barədə aydın və geniş təsəvvür yarada bilmiş, bununla da müasir Azərbaycan nəsrinin imkanlarını elmi-nəzəri cəhətdən əsaslandıraraq dürüst müəyyənləşdirmişdir.
Monoqrafiyanın redaktoru professor Qəzənfər Kazımov əsərə “İstedad və zəhmətin bəhrəsi” adlı geniş, dəyərli ön söz yazmış, akademik Bəkir Nəbiyev, professor Akif Hüseyinov, professor Şamil Vəliyev, professor Bəhlul Abdullayev kimi tanınmış ədəbiyyatşünas və tənqidçilər kitabın rəsmi rəyçiləri olmuşlar.
Bu monoqrafiya elmi-nəzəri istiqamətinin aktuallığına və yeniliyinə, ədəbi-estetik fikirlərin zənginliyinə, ictimai-sosial məzmununa görə ciddi maraq doğurur. Cəsarətlə deyə bilərik ki, Qurban Bayramovun “Əli İldırımoğlunun yaradıcılıq yolu...” monoqrafiyası təkcə bir nasirin yox, ümumiyyətlə, müasir Azərbaycan nəsri haqqında düzgün, səhih elmi təsəvvür yaradır.
Tərlan NOVRUZOV,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2010.- 14 mart.- S. 7.