Yeni nəşr

 

“Azərbaycan folkloru və kitab mədəniyyəti”

 

Dünyanın ən qədim mədəni mərkəzlərindən biri olan Azərbaycan özünün zəngin və bənzərsiz mədəniyyəti ilə fərqləndiyi kimi, bu ərazinin köklü etnosu olan Azərbaycan xalqı da dünya mədəniyyəti xəzinəsinə nadir və qiymətli incilər bəxş etmişdir. Xalqımız minilliklər ərzində çoxşaxəli mədəniyyət nümunələri yaratmış, onları zaman-zaman cilalayaraq inkişaf etdirmiş və daha da təkmillləşdirərək nəsildən-nəslə ötürmüşdür. Bu misilsiz mənəvi sərvətlər içərisində şifahi xalq ədəbiyyatımız - milli folklorumuz özünəxas yerə və qədim tarixi köklərə malikdir.

 

Xalqımızın keşməkeşli tarixi boyunca formalaşan və bir nəslin digər nəslə əmanəti kimi çatdırılan rəngarəng folklor mədəniyyəti el ağız ədəbiyyatı örnəklərinin toplanması, qorunub saxlanması və ötürülməsi vasitələrinin təkamülünü, konkret sosial-siyasi şəraitə uyğunlaşması proseslərini də zərurətə çevirmişdir. Ona görə də bəsit folklor izlərini özünə hopdurmuş qədim şəkil-yazılar və yazılı abidələr Azərbaycan-türk etnosunun həyatının ayrılmaz bir parçası kimi mühüm tarixi əhəmiyyət kəsb edir.

Bu da bir həqiqətdir ki, Azərbaycan xalqının uzun əsrlər boyu yaratdığı mənəvi sərvətlər xəzinəsində ən möhtəşəm və şərəfli yerlərdən biri milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan kitaba və kitabxanaya məxsusdur. Yazının meydana gəlməsi, əlifbanın yaranması, kitabın təşəkkülü və inkişafı, kitabxanaların təşkili xalqımızın mədəniyyət tarixinin inkişafında və formalaşmasında mühüm yer tutur. Azərbaycan xalqının bədii, elmi, fəlsəfi dühasını əks etdirən, kəşməkəşli həyatını, tarixi mübarizəsini, sosial və mədəni tərəqqi yolunu işıqlandıran milli kitabımız ümumdünya kitab mədəniyyətinin qiymətli sərvətidir.

Filologiya elmləri namizədi A.Əliyeva-Kəngərlinin nəfis şəkildə çapdan çıxmış “Azərbaycan folkloru və kitab mədəniyyəti” adlı monoqrafiyasının elmi yeniliyini şərtləndirən əsas cəhətləri də xalqımızın çoxəsrlik tarixə malik milli-mənəvi dəyərlərini özündə qoruyub saxlamış folklor kitabının təşəkkülünün və tarixi inkişaf prosesinin hərtərəfli araşdırılmasının mühüm aktuallıq kəsb etməsi ilə müəyyənləşdirmək olar.

Bu baxımdan monoqrafiyada vurğulandığı kimi, Azərbaycan xalqının zəngin həyat tərzini, dünyaya fəlsəfi-estetik baxışlarını, adət-ənənələrini, arzu və istəklərini, milli düşüncəsini, kainata münasibətini, insanlarla ünsiyyətini, ən başlıcası isə xalqımızın dilini və ruhunu özündə aydın şəkildə əks etdirən folklor nümunələrinin və onları bir yerdə cəmləşdirən folklor kitablarının müstəna rolu vardır. Tarixi mənbələr birmənalı şəkildə təsdiqləyir ki, ən qədim zamanlardan bəri Azərbaycan xalqı folklor və etnoqrafiya ilə sıx bağlı olmuş, keçmişdən bu günə qədərki tarixi-mənəvi mövcudluğu prosesində onları daha da zənginləşdirmiş və şaxələndirmişdir. Xalqımız öz təfəkkürünün məhsulu olan şifahi ədəbi nümunələri gələcək nəsillərə çatdırmaq üçün yazıya köçürmüş, qiymətli əlyazma topluları yaratmış, bununla da milli mədəniyyətimizə əvəzsiz töhfə vermişdir. Bu dəyərli folklor inciləri XIX əsrin əvvəllərindən başlayaraq ayrı-ayrı toplularda kitab şəklində çap olunmuş, əlyazmalardan nəşr formasına keçməklə təkmilləşmiş, ildən-ilə tirajını çoxaltmış, XX əsr ərzində dəfələrlə çoxlu nüsxələrlə çap olunaraq geniş oxucu kütləsi arasında yayılmışdır.

Folklor nümunələrinin yazıya alınaraq qorunub saxlanılması və mühafizəsi zərurəti onun inkişafında keyfiyyətcə yeni mərhələ almış və obyektiv zərurətdən irəli gəlmişdir. “Divani-lüğət-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Oğuznamə” və başqa möhtəşəm folklor abidələri elə bu səbəblərdən yazıya alınmış, XIX yüzillikdən etibarən çap kitabı mərhələsinə daxil olmuş, XX əsrdə folklor mədəniyyətinin öyrənilməsi sistemli elmi tədqiqat işinin mövzusuna çevrilmişdir.

Monoqrafiyanın “Azərbaycan kitab mədəniyyəti tarixində folklor kitabı”nın yeri adlı I fəslində müəllif “Folklor kitabı” anlayışına, onun elmi-nəzəri prinsipləri və ilkin qaynaqları” məsələsinə aydınlıq gətirmiş, “Azərbaycan folklor kitabı” anlayışını ilkin qaynaqlar əsasında tarixi-müqaisəli aspektdə izah etmişdir. Burada “Azərbaycan folklor kitabı” anlayışının mahiyyəti, semantikası, missiyası, komponentləri, qaynaqları və təməl mərhələsini tarixi-fəlsəfi baxımdan ilk dəfə olaraq əhatəli şəkildə araşdırılmış, folklor mədəniyyətinin hər bir xalqın milli-mənəvi mövcudluğunun əsas atributlarından biri olduğu bir daha təsdiqlənmişdir. Dil, din və folklor-etnoqrafiya mədəniyyətinin sintezinin üzvi əlaqəsini inandırıcı elmi əsaslara söykənərək aydınlaşdırılması, folklor biliyinin statik və dinamik vəziyyətlərinin mahiyyətinin şərh edilməsi, bununla da “Folklor kitabı” anlayışının etimologiyasının açılması monoqrafiyanın uğurlu cəhətlərindən biri kimi qiymətləndirilməlidir.

A.Əliyeva-Kəngərli bu monoqrafiyada belə bir fikri haqlı olaraq vurğulamışdır ki, adi insanların və bütövlükdə xalqın fədakar əməyinin nəticəsi kimi yaranan və yaşayan şifahi və yazılı folklor nümunələri qoşa qanad kimi həmişə paralel inkişaf etmiş və bu gün də ənənəvi qaydada inkişaf etməkdədir. Müəllif eyni zamanda Azərbaycan folklor mədəniyyəti və kitabının geniş sistemini araşdırmış və onun tarixi-etnik, tarixi-coğrafi arealını düzgün müəyyənləşdirmiş, onu düzgün olaraq ümumtürk folklor landşaftının tərkib və müştərək hissəsi kimi təhlil etməyi bacarmışdır. “Folklor kitabı”nın ilk qaynaqlarının: ibtidai-bəsit yazıyaalmaların mahiyyəti, məzmunu, xüsusilə Orxon Yenisey abidələri və onlarda əks etdirilən informasiyaların dövlətçilik baxımından strateji əhəmiyyət kəsb etməsi ideyasının üzə çıxarılması monoqrafiyada diqqəti cəkən məqamlardandır.

Orta yüzilliklər Türk dünyasının məşhur simalarından olan Mahmud Kaşğarinin qələmə aldığı “Divani-lüğət-it-türk” adlı möhtəşəm ədəbi abidənin Azərbaycan folklor kitabının təməl mərhələsi olduğunu müasir elmi metodologiya əsasında və tutarlı dəlillərlə izah edə bilməsini də müəllifin məntiqli uğurlarından biri hesab etmək olar. A.Əliyeva-Kəngərli araşdırma nəticəsində belə bir qənaətə gəlir ki, folklor örnəklərini türk etnosunun mənəvi varlıq göstəricisi kimi məqsədyönlü şəkildə toplayıb yazıya almağın, yəni kitab şəklinə salmağın zəruriliyi ilk dəfə XI əsrdə dahi alim Mahmud Kaşğari tərəfindən “Divani-lüğət-it-türk” əsərində həyata keçirilmişdir. Əsərdə oğuz türklərinə məxsus materialların üstünlük təşkil etməsi şərti anlamda onu “Azərbaycan folkloru kitabı”nın təməl mərhələsi hesab etməyə tam əsas verir.

Monoqrafiyanın “Orta cağ əlyazma-folklor kitabının tarixi-mədəni səciyyəsi” adlanan II fəslində dövrün tarixi şəraiti konteksində meydana gələn folklor nümunələri araşdırılmışdır. Burada xüsusilə Türk-Oğuz mədəniyyətinin misilsiz örnəyi olan “Kitabi-Dədə Qorqud” “Azərbaycan folklor kitabı”nın ana abidəsi kimi geniş təhlil edilmiş, dastanın Drezden və Vatikan nüsxələri kitabşünaslıq baxımından tədqiqata cəlb edilmişdir. Alim “Kitabi Dədə Qorqud”un Drezden variantının yaranması səbəblərini və şəraitini, eləcə də dil və üslub xüsusiyyətlərini elmi obyektivliklə aydınlaşdıra bilmişdir. O, eyni zamanda özündən öncəki araşdırmalara söykənərək dastanın statik vəziyyətdən dinamik vəziyyətə, yəni yazılı şəklə keçmə prosesi, mahiyyət baxımından folklor kitabı halına gətirilməsi, Türk-Oğuz və Şərq mədəniyyətinin möhtəşəm nümunəsinə çevrilməsi fikrini əsaslandırmışdır. Bu fəsildə o dövrdə meydana gələn “Oğuznamə” (XVI əsr), “Əmsalı-türkanə” (XVIII əsr) kimi ədəbi abidələr və onların varinatları da tədqiq edilmişdir.

Monoqrafiyanın III fəsli “Azərbaycan folklor kitabı” yeni tarixi mərhələdə” probleminə həsr olunmuşdur. Burada “Folklor kitabının” XIX əsrdə Azərbaycan eposunun əlyazma-kitab taleyi, “Folklor kitabı” işinin təşkilində mətbuat və təhsil-tədris sistemlərinin rolu, “Əlyazma kitabı” mərhələsinin “Çap kitabı” ilə əvəzlənməsi: çoxtirajlı folklor nəşrləri kimi məsələlər geniş şəkildə təhlil olunaraq ümumiləşdirilmişdir.

Əsərdə göstərilir ki, XIX əsrin 30-40-ci illərindən etibarən Rusiya Qafqaz regionunu öz təsiri altına aldıqdan sonra bu ərazilərdə yaşayan xalqların zəngin adət-ənənələrini və folklor nümunələrini sistemli şəkildə öyrənməyə başlamışdır. Elə bu dövrdə maarifçi ziyalılarımız “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu”nda (SMOMPK), “Əkinçi”, “Ziya”, “Kəşkül”, “Kavkaz” və başqa mətbu orqanlarda xeyli folklor materialları dərc etdirməklə milli-mənəvi dəyərlərimizin qorunması işinə mühüm töhfələr vermişlər. Monoqrafiyada tədqiqatçı adı çəkilən məcmuə və qəzetlərdə dərc olunmuş yerli folklor örnəklərinin öyrənilməsi, toplanılması və mühafizəsi məsələlərini arxiv materialları və biblioqrafik mənbələr əsasında tədqiq etmiş, onların müəllifləri haqqında dəyərli məlumatları ümumiləşdirmişdir. Burada Azərbaycan folklor mədəniyyəti nümunələrinin rus dilinə tərcüməsi və bununla da onun təbliği işinin elmi təməlinin qoyulması, eyni zamanda onun “Folklor kitabı” arxitekturası üçün metodik baxımdan örnək rolu oynaması əsaslandırılmışdır.

Müəllif belə bir mülahizəyə də aydınlıq gətirmişdir ki, XIX əsrin sonunda - 1899-cu ildə Məmmədvəli Qəmərlinin toplayıb çap etdirdiyi “Atalar sözü” kitabı yeni mərhələnin ilk müjdəçisi olmuş, bu toplunun nəşri ilə Azərbaycan folklor kitabının əlyazma kitab mərhələsi çap kitabı mərhələsi ilə əvəzlənmişdir. Az nüsxəli əlyazma kitabdan çoxtirajlı çap kitabına keçid həm folklor kitabı, həm də ümumi kitab mədəniyyəti tarixində ciddi dəyişiklik və böyük canlanma yaradır. Daha sonra Y.V.Çəmənzəminli, F.Köçərli, M.A.Abbaszadə və başqa ziyalılarımız folklor kitabının inkişafı tarixində əvəzolunmaz işlər görür, kitab mədəniyyəti tariximizdə əhəmiyyətli yer tutan ilkin folklor nəşrlərini hazırlayırlar. Bütün bunlar monoqrafiyada konkret faktlar əsasında şərh edilmiş, kitab mədəniyyəti tarixində yeni mərhələ - əlyazma mərhələsindən çap kitabına keçid mərhələsinin başlanması kimi dəyərləndirilmişdir.

Monoqrafiyanın IV fəsli “Azərbaycan folklor kitabı”nın XX əsrdəki təzahür formaları: elmi və kütləvi nəşrlər” adlanır. Müəllif “Folklor kitabı” işinin fərdi təşəbbüs səviyyəsindən elmi-təşkilati fəaliyyət müstəvisinə adlaması məsələsini konkret faktoloji materiallar əsasında aydınlaşdırmış, bu sahədə müəyyən təşəbbüs göstərmiş bütün ziyalıların və görkəmli mütəxəssislərin zəhmətini yüksək qiymətləndirmişdir. Burada 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəzdində təşkil olunmuş “Xəlqiyyat şöbəsi”nin bu sahədəki elmi-təşkilati fəaliyyəti barədə ətraflı məlumat verilmiş, Azərbaycan folklor kitabının hazırlanması işinin dövlət himayəsinə keçdiyi qeyd edilmişdir. Müəllif xüsusi vurğulamışdır ki, bu sahəyə folklor işi ilə professional şəkildə məşğul olan mütəxəsislərin cəlb edilməsi, toplanma və nəşr işi üçün maliyyə vəsaiti ayrılması folklor kitabı istiqamətindəki çalışmaların geniş vüsət almasına təkan vermişdir. Elə buna görə də həmin dövrdə Vəli Xuluflu, Hənəfi Zeynallı, Salman Mümtaz, Hümmət Əlizadə və başqa folklorçuların fədakar əməyi sayəsində folklorun rəngarəng janrlarını əhatə edən kitablar və analoji nəşrlər meydana çıxmışdır.

Əsərdə “Koroğlu” eposunun mətnlərinin toplanması və yazıya alınması işinin təşəkkülü, xüsusilə Paris və Tiflis nüsxələrinin ümumi səciyyəsi, fərqli cəhətləri, onların tərcüməsinin tarixi-mədəni əhəmiyyəti izah olunmuş, Tiflis nüsxəsinin üstünlükləri müqayisəli təhlil əsasında üzə çıxarılmışdır. Eyni zamanda “Koroğlu” eposunun XX əsrdə professor M.H.Təhmasib tərəfindən hazırlanmış nəşrləri geniş təhlil edilmiş, eləcə də nağıl və dastan antologiyaları hərtərəfli şəkildə araşdırılmışdır.

Monoqrafiyada XX yüzilliyin son dövrlərində Şimali Azərbaycanda Ə.Axundov, N.Seyidov, H.Qasımov, V.Vəliyev, P.Əfəndiyev, A.Nəbiyev, B.Abdulla, M.Həkimov və başqa folklorçuların, eləcə də Cənubi Azərbaycanda M.Fərzanə, Y.Şeyda, S.Cavid, S.Behrəngi, Z.Vəfayi və digərlərinin Azərbaycan folklor kitabının hazırlanması işində fəallıq göstərdiklərini, çoxillik zəhmətləri sayəsində arxaik janrları, mərasim folklorunu, mifoloji mətnləri, əfsanə və rəvayətləri, aşıq yaradıcılığı örnəklərini cəmləşdirən xeyli folklor nəşrlərini gerçəkləşdirdiklərini minnətdarlıqla qeyd etmişdir.

Müəllif Azərbaycan folklor kitabının müstəqillik illərindəki vəziyyətinə də nəzər salmış, bu istiqamətdə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışdır.

Beləliklə, cəsarətlə demək olar ki, ümumi kitab mədəniyyətimizin mühüm tərkib hissəsi olan Azərbaycan folklor kitabının tarixi inkişaf yolunun zaman-zaman formalaşması mərhələlərinin təhlili, hər bir mərhələnin özünəməxsus xüsusiyyətlərinin üzə çıxarılması, etnokulturoloji hadisə kimi folklor kitabının ictimai mahiyyətinin kompleks şəkildə araşdırılması ilk dəfə filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərlinin bu monoqrafiyasında öz hərtərəfli əksini tapmışdır. Bütövlükdə müasir dövrdə mühüm əhəmiyyət kəsb edən bu sanballı monoqrafiya milli folklorumuzun Azərbaycan-türk etnosun formalaşmasındakı tarixi mədəni rolu haqqında mükəmməl elmi-tədqiqat işi kimi təqdirəlayiqdir. “Azərbaycan folkloru və kitab mədəniyyəti” monoqrafiyasını milli folkloristika və kitabşünaslığımız üçün mühüm töhfə kimi dəyərləndirmək olar.

 

 

Abuzər XƏLƏFOV,

əməkdar elm xadimi,

tarix elmləri doktoru,

professor

 

Knyaz ASLAN,

pedaqoji elmlər namizədi,

dosent

 

Xalq qəzeti.- 2010.- 14 mart.- S. 6.