Dəniz suyunun şirinləşdirilməsi su qıtlığını aradan qaldırmağın yeganə yoludur

 

Yer kürəsinin əsas hissəsi sudan ibarət olduğundan, onu prinsipcə “su planeti” də adlandırmaq olar (hidrosfer yer səthinin 71 faizini təşkil edir). İlk baxışda elə düşünmək olar ki, planetimizin dördə üç hissəsi sudur və su təminatı barədə narahatçılığa heç bir əsas yoxdur. Lakin dəniz və okeanlardakı suyun miqdarı 1350 milyon kubkilometr təşkil etməsinə baxmayaraq onların duzluluğu bir litrdə təxminən 35 qramdır ki, belə sudan nəinki içmək üçün, heç təsərüffat məqsədləri üçün də istifadə etmək mümkün deyildir.

 

Digər tərəfdən, yer kürəsində şirin su ehtiyatının xeyli hissəsi (30-50 milyon kubkilometr) buzlaqlarda cəmləşmişdir ki, ondan da praktiki olaraq istifadə etmək mümkün deyil. Beləliklə, dünyada mövcüd olan şirin su (bir kiloqram suyun tərkibində bir qrama qədər duz olduqda bu su şirin adlanır) ehtiyatı ümumi su ehtiyatlarının 0,06 faizini (0,8 milyon kubkilometr) təşkil edir və bu ehtiyatlar regionlar və dövlətlər arasında qeyri-bərabər paylanmışdır. Odur ki, hazırda 40-dan artıq dövlətdə şirin su çatışmazlığı mövcüdür. Digər tərəfdən, məlum səbəblərə görə şirin su hövzələrinin sürətlə çirklənməsi üzündən bu mənbələrin yararsız hala düşməsi şirin su çatışmazlığı problemini daha da dərinləşdirir.

Bununla bərabər planetimizdə əhalinin artması (XX əsrdə təxminən 4 dəfə artmışdır) və sənayenin sürətli inkişafı şirin su ilə təminat məsələsini praktiki olaraq bəşəri probleminə çevirməkdədir və zənnimizcə, yaxın gələcəkdə şirin su təminatı məsələsi enerji resurslardan da çox strateji əhəmiyyət kəsb edəcəkdir. Ola bilsin ki, bu gün mövcud olan “neft müharibəsi” ifadəsi gələcəkdə “su müharibəsi” ifadəsi ilə əvəz olsun və təbii şirin suyun qiyməti kəskin artaraq neftin qiymətinə yaxınlaşsın. Ona görə də ilk növbədə, mövcud şirin su mənbələrinin qorunması, daha doğrusu, bu mənbələrin çirklənməsinin qarşısının alınması, şirin suya qənaət edilməsi və onun ancaq lazım olan məqsədlər üçün istifadə edilməsi dövrün tələbidir. Alternativ su mənbələrinin işlənməsi, daha doğrusu, şirin suyun əvəzinə kifayət qədər bol olan yüksək minerallı (dəniz, okean, yeraltı və s.) sulardan istifadə problemi olduqca böyük əhəmiyyət kəsb edir. Bu sahədə digər dövlətlərdə, o cümlədən respublikamızda da uzun illər elmi axtarışlar aparılır. Bu işlər barədə məlumat verməmişdən əvvəl ortaya haqlı bir sual çıxır: respublikamızda, birinci növbədə Bakı şəhərində şirin sudan səmərəli istifadə edirikmi? Bu sahədə görülən işləri qənaətbəxş saymaq olarmı? Hesab edirəm ki, son illərdə bu sahəyə böyük diqqət yetirir. Belə ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev başda olmaqla dövlətimiz böyük vəsait sərf edərək, Bakı şəhərini şirin su ilə təmin etmək məqsədilə şəhərə əlavə su xətlərinin çəkilməsinə və rayonlarımızda su təchizatı məsələlərinin yaxşılaşdırılmasına xüsüsi diqqət yetirir, lokal xarakterli sutəmizləyici qurğular işə salınır.

Lakin bununla belə yenə də Bakı şəhərində və onun ətraf kəndlərində su qıtlığı yaşanmaqdadır. Bunun əsas səbəbi şəhərin su təchizatı sistemində böyük itkilərin olması, şirin sudan olduqca səmərəsiz istifadə edilməsi və israfçılıqdır. Şəhərə daxil olan şirin suyun miqdarına və əhalinin sayına görə aparılmış sadə hesablamalar göstərir ki, adambaşına düşən suyun miqdarı kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Deməli, su təchizatı sistemində böyük itki mövcuddur və burada həddən artıq israfçılığa yol verilir.

İndi şəhərdə avtoyuma məntəqələrinin sayı-hesabı yoxdur. Həmin məntəqələrdə səhərdən axşamadək heç bir nəzarət olmadan şirin sudan istifadə olunur. Maraqlıdır ki, bu məntəqələrin ətrafındakı binalara su qrafiklə verilir və səbəbi su çatışmazlığı göstərilir. Digər qəribəlik ondan ibarətdir ki, maşınların yuyulmadığı hallarda da su boş-boşuna axır. Fikirləşirsən ki, görəsən aidiyyətı qurumlar hara baxır? Niyə onlar dövlət tərəfindən böyük vəsait hesabına gətirilən suyun israfçılığına belə biganə yanaşırlar? Olmazmı ki, şəhərdə mərkəzləşdirilmiş avtoyuyulma sexləri yaradılsın və həmin sexlərdə texniki sudan, həm də təkrar istifadə olunsun? Praktiki olaraq suyun təkrar istifadə edilməsi üçün mürəkkəb təmizləmə texnologiyası da tələb olunmur, çünki bunun üçün adi çökdürmə üsulu kifayyətdir. Eyni zamanda, belə mərkəzləşdirilmiş sexlərdə sərf olunan suyun miqdarına ciddi nəzarət də mümkündür.

İsrafçılıq hallarını təsdiqləyən başqa bir misal kimi bəzi müəssisələrin az minerallı quyu suyuna malik olmalarına baxmayaraq, şirin sudan istifadə etmələrini göstərmək olar. Şəhər kommunal təsərrüfatında şirin su israfçılığı hallarını isə saymaqla qurtarmaq olmaz. Əksər binaların həyətlərində və pəncərələrin yanlarında sayğacdankənar çoxsaylı su xətlərinə qoşulmalar mövcuddur. İsrafçılıq, biganəlik və nəzarətsizlik o dərəcəyə çatıb ki, bəzi həyətlərdə 5-10 kubmetrlik çənlər sayğacdan kənar su xəttinə qoşulur. Həmin çənlərdə aşma xətləri də nəzərdə tutulub. Çənin həmişə dolu qalması məqsədilə xətdən su fasiləsiz olaraq çənə axır, aşma xətti isə kanalizasiyaya qoşulur. Yumşaq desək, bu qədər də məsuliyyətsizlik, insafsızlıq və biabırçılıq olmaz. Aydın məsələdir ki, bir yandan su təchizat sistemlərdəki böyük itkilər, digər tərəfdən israfçılıq su qıtlığı yaradır.

Sual olunur: niyə bu cür qanunsuz qoşulmalar elektrik xətlərində yox dərəcəsindədir? Çünki ciddi nəzarət vardır və aşkar edildikdə kifayət qədər yüksək cərimələr ödənilməlidir. Bu cür yanaşma su xətlərində niyə tətbiq edilmir? Zənnimcə, suya nəzarətin təşkili və təmini məsələləri elektrik enerjisinə olan nəzarətdən də ciddi olmalıdır. Çünki su həyat deməkdir.

Əhalinin şirin su ilə təminat məsələsinə ölkəmizdə həmişə xüsusi diqqət yetirilib. Bu yaxınlarda hörmətli Prezidentimiz cənab İlham Əliyev alternativ su mənbələrinin işlənilməsi, daha doğrusu, Xəzər suyunun şirinləşdirilməsi ilə əlaqədar qurğuların yaradılması barədə göstəriş vermişdir. Yeri gəlmişkən qeyd etmək istiyərəm ki, dünyada ilkin termiki üsulla dəniz suyunu şirinləşdirən qurğu vaxtilə məhz Bakıda, Bayıldakı “Krasin” adına istilik elektrik stansiyasında tətbiq olunmuş və ərp yaranma problemini həll etmək mümkün olmadığı üçün istifadəsi dayandırılmışdır.

Keçən əsrin ortalarında professor İsmayıl Makinski yenidən bu problemə müraciət edərək dəniz suyunun şirin su əvəzinə sənayedə (ilk növbədə, istilik energetikasında) istifadə probleminin əsasını qoymuşdur. Görkəmli alim o dövr üçün böyük nəaliyyətlər əldə edərək qeyd olunan problemin həlli texnologiyasını yaratmışdır. Həmin texnologiya əsasında dəniz suyunu şirinləşdirən qurğu uzun illər sənaye miqyasında “Şimal” İstilik Elektrik Stansiyasında istismar olunmuşdur. Beləliklə o, dünya miqyasında dəniz suyunun termokimyəvi üsulla yumşaldılması texnologiyasını təklif etmiş və yumşaldılmış dəniz suyu ilə buxarlandırıcı aparatların bilavasitə bəslənməsi ideyasını irəli sürmüşdür. Bu tədqiqatların nəticəsi olaraq keçmiş ittifaqın Elm və Texnika Komitəsinin qərarı ilə Azərbaycan Neft-Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyasında) “Dəniz suyunun sənayedə istifadəsi” problem laboratoriyası açılmışdır və hazırda həmin laboratoriya fəaliyyətini davam etdirir.

Professor İsmayıl Makinskidən sonra onun tələbələri Dövlət Neft Akademiyasında və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində bu istiqamətdə elmi axtarışlarını daha da genişləndirərək dəniz suyunun dərin yumşaldılma texnologiyasını yaratmışlar. Bu texnologiyaya əsaslanan yumşaldılmış dəniz suyunun termiki üsulla şirinləşdirmə qurğuları “Şimal” və Sumqayıt 1 saylı istilik elektrik stansiyalarında tətbiq edilmişdir.

Professor Həsən Feyziyevin dəniz suyunun dərin yumşaldılması ilə əlaqədar təklif etdiyi texnologiyanın başqalarından üstün cəhəti ondan ibarət idi ki, istilik energetikasında geniş istifadə olunan standart avadanlıqların tətbiqi və yumşaldılma prosesində kənardan heç bir kimyəvi reaqent, yaxud maddə tələb olunmurdu.

Neft Akademiyasında da tədqiqatlar davam etdirildi, dəniz suyunun yumşaldılma texnologiyasının təkmilləşdirilmiş variantı, yəni dəniz suyunun kompleks emal texnologiyası irəli sürüldü və əksər vacib mərhələləri “Şimal” İstilik Elektrik Stansiyasında sənaye miqyasında aprobasiya edildi. Eyni zamanda, buxarlandırıcı qurğuların (o cümlədən istilik elektrik stansiyalarının barabanlı qazan qurğularının) yumşaldılmış dəniz suyu ilə bəslənməsinin mümkünlüyü elmi və praktiki cəhətdən əsaslandırıldı. Beləliklə, dünya miqyasında ilkin olaraq istilik elektrik stansiyasının çoxməqsədli istilik elektrik su-kimya kombinatına çevrilməsi elmi cəhətdən əsaslandırılıdı. Belə olan halda hazırkı istilik elektrik stansiyası istilik və elektrik enerjisi hasil etməklə yanaşı, dəniz suyundan şirin su və çoxlu miqdarda kimyəvi məhsullar hasil edən çoxməqsədli müəsissəyə çevrilir.

Məsələ ondan ibarətdir ki, dünyada dəniz suyunun şirinləşdrilməsi məqsədilə çoxlu metodlar mövcuddur. Ancaq geniş tətbiq olunan metod termiki və əks-osmos metodlarıdır. Məqsədim bu üsulları müqayisə etmək və elmi cəhətdən əsaslandırmaq deyil, çünki yazdığım material ümumi məlumat xarakteri daşıyır. Ancaq qeyd etmək istəyirəm ki, xarici dövlətlərdə tətbiq olunan termiki metodun əsas mənfi cəhətlərini təklif etdiyimiz dəniz suyunun yumşaldılması texnologiyası aradan qaldıraraq bu metodun iqtisadi göstəricilərini kəskin şəkildə yaxşılaşdırır. O ki qaldı əks-osmos üsuluna, burada əsas məsələlərdən biri membranlarda çöküntülərin yaranmasıdır. Bu sahədə də daha effektiv təkliflər işlənilmişdir.

Son zamanlar hörmətli Prezidentimiz cənab İlham Əliyevin dəniz suyunun şirinləşdirilməsi barədə göstərişindən sonra televiziya və dövri mətbuatda çirkab sularının təkrar istifadəsi barədə bəzi mülahizələr səsləndirilir. Ona görə bu problem haqqında da bəzi məlumatların qeyd edilməsini vacib bilirəm. Çünki ən azı keçmiş ittifaq miqyasında bu problemin elmi əsası məhz Neft Akademiyasında irəli sürülmüş və çoxlu elmi axtarışlar aparılmışdır. Yeri gəlmişkən, keçmiş ittifaqın Elm və Texnika Komitəsinin qərarı ilə bu problem üzrə Neft Akademiyası keçmiş ittifaq üzrə aparıcı təşkilat təyin edilmişdi.

İstər dəniz suyunun yumşaldılması və onun şirinləşdirilməsi, istərsə də şəhər çirkab sularının təkrar istifadəsi sahəsində elmi axtarışların nəticələri Moskvada, İngiltərədə və respublikamızda nəşr olunmuş kifayət qədər böyük həcmli monoqrafiyalarda öz əksini tapmışdır. Bununla yanaşı, qeyd etdiyimiz sahələr üzrə ölkəmizdə, o cümlədən onun hüdudlarından kənarda tanınmış elmi məktəb mövcuddur. Ona görə də aidiyyətı qurumlara çatdırmaq istəyirəm ki, respublikamızda bu sahədə kifayət qədər elmi potensial mövcuddur və bu istiqamətdə əksər məsələləri onların köməyi ilə uğurla həll etmək mümkündür.

Eyni zamanda, qeyd etməyi vacib hesab edirəm ki, Azərbaycan Neft Akademiyasında və Azərbaycan Memarlıq və İnşaat Universitetində haqqında danışdığımız elmi tədqiqat işlərinin nəticələri keçmiş ittifaqın və respublikamızın rəhbər təşkilatları, bir sıra digər nazirlikləri tərəfindən bəyənilmiş, tətbiqi tövsiyyə edilmiş və hətta bir neçə layihə işləri böyük uğurla yerinə yetirilmişdir.

 

 

Kamal ABDULLAYEV,

Azərbaycan Dövlət Neft Akademiyasının

“İstilik energetikası” kafedrasının və

“Sənayedə dəniz və çirkab sularının istifadəsi”

problem laboratoriyasının müdiri,

əməkdar elm xadimi, professor

 

Xalq qəzeti.- 2010.- 14 mart.- S. 5.