1905-1906-cı il Tiflis hadisələri Ömər Faiq Nemanzadənin gözü ilə

 

Ədibin “Qafqazdan İstanbula xatirələr” əsəri azərbaycanlıların soyqırımının tarixçəsi kimi səslənir

 

XIX əsrin sonu—XX əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycanın görkəmli ədibi, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadə həmin dövr Qafqazın, o cümlədən, Osmanlı imperiyasının ictimai-siyasi həyatında baş vermiş bir sıra mühüm hadisələri özünün “Qafqazdan İstanbula xatirələr” adlı əsərində ətraflı şəkildə təsvir etmişdir.Müəllif ilk dəfə olaraq əsərdə 1905-1907-ci illər Tiflisdə baş vermiş erməni-müsəlman (Azərbaycan türkləri nəzərdə tutulur-T.C.) qarşıdurmasının baş vermə səbəblərini və gedişatını təfərrüatı ilə işıqlandırmağa cəhd göstərmişdir. Məhz bu baxımdan əsər bəhs olunan hadisələrin geniş şəkildə təhlili, təbliği və öyrənilməsi baxımından olduqca dəyərli mənbə hesab olunmaqdadır.

 

Müəllif əsərdə XX əsrin əvvəllərində Cənubi Qafqazda çar Rusiyasının birbaşa dəstəyi ilə həyata keçirilən etnik təmizləmə siyasətinin baş vermə səbəblərini, həmçinin hadisələrin xronikasını ardıcıllıqla verməyə çalışmışdır. Əsərdə baş verən hadisələr həmin dövrdə Cənubi Qafqazın mədəni mərkəzi sayılan Tiflis şəhərində cərəyan etmişdir. Məqalədə 1905-1906- cı illər Tiflisdə erməni millətçi ekstremistlərinin azərbaycanlı əhaliyə qarşı kütləvi silahlı çıxışları və həmin hadisələrin acı nəticələrindən bəhs edilir. İlk öncə müəllif əsərin giriş hissəsində bəhs olunan dövrdə Tiflis şəhərinin ictimai-siyasi həyatında baş vermiş bir sıra mühüm hadisələri təhlil edərək yazır: “Əsrin əvvəlində Gürcüstanın mərkəzi Tiflis şəhərini ardı-arası kəsilməyən mitinqlər bürümüşdü. Mitinqlərin keçirilməsində sadə xalq kütlələrinin əsas istəyi Gürcüstanda yaşayan etnik azlıqların dinc yanaşı yaşama hüququnun bir qrup hökumət məmurları tərəfindən kobud şəkildə pozulduğunu çar hökumətinin diqqətinə çatdırmaq idi”. Müəllifin Tiflisdə yaşayan etnik dinc yanaşı yaşam tərzinin hökm sürdüyünü və ara-sıra “anlaşılmaz” halların çar hökuməti tərəfindən bilərəkdən qızışdırıldığını dönə-dönə vurğulaması bizlərə əsas verir ki, məlumatlara birmənalı şəkildə deyil, əslində bir qədər ehtiyatlı və tənqidi mövqedən yanaşaq. Çünki, müəllif baş verən hadisələrin bütün günahlarını çar hökumətinin üzərinə atmaqla əslində Tiflis şəhərində etnik azlıqlar arasında baş verməkdə olan bu kimi qarşıdurmaların arasında nələrin və kimlərin gizlədildiyinin üzərindən sükutla keçir. Bir qədər də təhlilə yol versək görərik ki, əslində əsrin əvvəllərində baş verən hadisələrin kökündə dini birlikdən milli birliyə çağırış şüarları dayanırdı. Bu sahədə daha çox maarifçilərin rolunu qeyd etmək lazımdır. Əhalini milli birliyə səsləyən bu qüvvələr dərk edirdilər ki, yaxın gələcəkdə çar Rusiyasının müstəmləkəçilik buxovlarından qurtulmağın yeganə yolu xalqın milli birliyindədir. Məhz bu yolla gedildiyi halda azadlığa, hürriyyətə nail olmaq olardı. Bunu çar çinovnikləri çox gözəl bildiklərindən və xalqın milli birliyini məhv etmək üçün xalqları bir-birinə qarşı qoymaqla bu planların qarşısından xətt çəkmiş olurdular. Məsələyə digər tərəfdən yanaşdıqda burada erməni millətçi ekstremistlərinin azərbaycanlılara qarşı planlı şəkildə apardıqları təxribatçı siyasətin şahidi oluruq. Bu işdə Gürcüstandakı erməni diasporasının anti-türk fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Çox təəssüflər olsun ki, daima türklüyə, türk millətinə qarşı nifrət hisslərini gizlətməyən, terrorun, etnik-milli təmizləmə siyasətinin əsas hərəkətverici qüvvəsinə çevrilmiş erməni diasporunun apardığı bu mənfur, çirkin siyasət tarixçilərin diqqətindən yayınmış, demək olar ki, bu məsələ təfərrüatı ilə öyrənilməmişdir. Məhz bu baxımdan Ö.F. Nemanzadənin həmin əsəri bəhs etdiyimiz məsələlərin bu və ya digər şəkildə tədqiqi və öyrənilməsi baxımından olduqca dəyərlidir.

XX əsrin əvvəllərində vüsət alan Azərbaycan türklərinin milli oyanış hərəkatında əsas ideya müəlliflərindən olmaqla millətin görən gözünün, düşünən beyninin yad ünsürlərin zəhərlənmiş fikirləri ilə doldurulmasından ehtiyatlanaraq bu istiqamətdə yorulmadan fəaliyyət göstərən, xalqı uçuruma aparanlara qarşı nifrət hissi ilə alışıb-yanan Ö.F.Nemanzadə 1906-cı ildə yazmış olduğu məqalələrinin birində bu olaylar zamanı aldadıldığını təəssüf hissi ilə etiraf edirdi: “Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəllər hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış... Bu söylədiyimiz səbəbilə cümləmiz yenə ermənilərlə qədim sayaq üzrə sülhanə rəftar edib rahat və arxayın olmağı vəd və bəyan edirdik və bu sürətlə millətimizin gözünü bağlayıb uçuruma sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq”. Sözsüz, burada əlavə şərhə, eləcə də izahata ehtiyac yoxdur. Tarixin ibrət dərslərindən vaxtında bəhrələnməməyimiz, hər xırda məsələyə belə barmaqarası baxmağımız bizləri bu cür dəhşətli fəlakətlərə sövq etmişdir. Bu bir xalq, qövm üçün olduqca təhlükəli məsələdir. Xüsusilə qeyd etmək lazımdır ki, 1878-ci il Berlin konqresinə qədər Qərbi Avropanın aparıcı dövlətlərinin yağlı vədlərinə uymaqla Anadolu torpaqlarında müstəqil erməni dövlətinin yaradılacağına ümid etmiş erməni kilsəsi və onun ətrafında sıx-sıx birləşmiş diaspor təşkilatlarının bu və ya digər yollarla apardığı həmin kampaniya ümumi erməni işinin ikinci fazasını təşkil etdi. Bütün bu sadalanan məsələlər dərindən öyrənilmək və nəticə çıxarmaq baxımından gənc tədqiqatçılar üçün olduqca dəyərlidir.

XIX əsrin sonu – XX əsrin əvvəllərində erməni cəlladlarının Osmanlı imperiyasının Şərqi Anadolu bölgəsində apardığı etnik-milli təmizləmə siyasəti “uğurla nəticələnmədiyindən” bu siyasətin davamı olaraq Qafqazda sabitliyi pozmaq, burada azərbaycanlı əhaliyə qarşı qırğın törətmək və bu işdə çar Rusiyasının maddi və mənəvi köməyindən bəhrələnmək məsələsi ön plana keçdi. Əslində hadisələr Şərqi Anadoludakından fərqli olaraq Qafqazda planlı şəkildə həyata keçirilirdi. Çünki Qərbin maliyyə dəstəyi ilə silahlanan ermənilər Şərqi Anadolu bölgəsində törədilən qiyamlar və qırğınlarda sınaqdan çıxmışdılar. Məhz bu baxımdan onların Tiflisdə törətdikləri hadisələr aparılan siyasətin davamı idi. Hadisələrin çox gərgin məcraya yönəldiyini qeyd edən müəllif yazır ki, ölkədə dinindən, irqindən və milliyyətindən asılı olmayaraq xalqlar arasında milli birlik əhval-ruhiyyəsi hökm sürürdü. Milli birlikdən qorxan hökumət vaxt itirmədən öz çirkin siyasətini həyata keçirməyə çalışırdı. İlk olaraq partiya və bir sıra təşkilatlar arasında fitnə-fəsad törətməyə çalışan çar hökuməti bu çirkin əməllərdən bir nəticə əldə etmədikdə hiyləni təşkilatlanmış ermənilərin vasitəsilə həyata keçirməyə çalışırdı. Gizli formada, xəfiyyələr simasında fəaliyyət göstərən hökumət nümayəndələri erməni tacirlərini, sənətkarlarını və digər təbəqədən olan vətəndaşlarını aldadaraq azərbaycanlılara qarşı istifadə edirdilər. Müəllif yazır ki, günlərin birində cəsuslardan biri erməni tacirinin yanına gələrək ona bir sıra təxribat xarakterli tapşırıqlar verməyə çalışır və sonrakı hadisələri belə şərh edir: “Türklərin silahlandığını siz də, əlbəttə duymuş olarsınız. Biz daha öncə təsbit etdik, onlar sizin üzərinizə hücum etmək istəyirlər. Siz də, biz də nə də olsa xristianıq. Vəhşi türklərin din qardaşlarımızı qətl edib, bizə də pislik etmələrinə razı ola bilmərik. Daima oyanıq və tədbirli olmanız üçün Sizə xəbər veririk. Siz də silahlanıb özünüzü qorumağa hazırlaşın, yoxsa hamınız qətlə yetiriləcəksiniz. Bunu bizdən xəbər tutduğunuzu heç kimə söyləməyin. Hökumət və türklər duymasın”. Göründüyü kimi bu insanlar hökumətin məsul işçiləri olub bilərəkdən azərbaycanlı əhaliyə qarşı təxribatçı əməllərini həyata keçirməyə səy göstərirdilər. Müəllif sonrakı hadisələri qələmə alaraq yazır: “Ertəsi gün bir qrup hökumət nümayəndəsi türk tacirinin yanına gələrək ona aşağıdakıları xatırlatmağa çalışır: “Hacı, sizin nə qədər xətrinizi istədiyimizi bilirsiniz. Dövlət sirri hər kəsə söylənilməz, fəqət siz əcnəbi deyilsiniz. Buna görə də aldığımız gizli xəbərləri sizə söyləməyi lazım bilirik. Ancaq bu deyilənləri heç kəsə söyləməyəcəyinizə and için. Biz savaş istəmirik.

– Əfəndi nə söyləyirsiniz? Biz kimi öldürmək istəyirik ki?

– Qonşunuz ermənilərin gecə-gündüz silahlandıqlarını, varlarını-yoxlarını silaha yatırdıqlarını daha duymadınızmı? Polis tərəfindən onlara silah verildiyini öz gözlərimizlə gördük”. Bəhs olunan dövrdə hadisələrin kritik məcraya yönəldiyini qeyd edən müəllif daha sonra yazır. “Ölkə barıt çəlləyinə bənzəyirdi. Ona sadəcə od vurmaq kifayət idi”.

Müəllif baş verməkdə olan etnik qarşıdurmaların əsas bəhanəsinin məhz 1905-ci ilin oktyabr ayının 20-də axşam saat 9-da 3 nəfərin faytonla erməni məhəlləsi tərəfindən gələrək “Şeytan bazarı”ndakı türklərin “Roza” gül mağazası önündən keçərkən havaya açdıqları 5-10 atəşin olduğunu qeyd edir və bu haqda yazır: “Həmin gün türklər (azərbaycanlı əhali nəzərdə tutulur-T.C) ermənilərin, ermənilər də türklərin məhəllələrini güllə yağışına tutdular. Günlər ötdükcə proses daha da dərinləşirdi. Yolda silahlı ermənilər sağa-sola qaçır, panikaya qapılmış xalq körpüyə doğru axınla hərəkət edirdi. Biz də axan bu insan seli arasında körpüyə yaxınlaşdıq. O anda çaydakı faciəni görəndə Qafqazın mədəni bir mərkəzində olduğuma inanmaq istəmədim. Çayda törədilən qanlı faciəni (burada Kür çayının Tiflisdən keçən hissəsi nəzərdə tutulur-T.C.) seyr etməyə gələn millətin halı mənə Neron zülmünün səhnələrini xatırladı”. Ömər Faiq azərbaycanlı əhaliyə olmazın işgəncələrin verilməsini ağlasığmaz qəddarlıq kimi qiymətləndirərək yazır: “Vorontsov körpüsündən keçən türk vətəndaşlarını tutaraq bağırda-bağırda körpünün kənarına gətirir və buradan çaya yuvarlayırdılar. Bu azmış kimi Peska və Vorontsov məhəllələrində çalışan türk işçilərin işlədiyi yerlərdən çıxarıb xəncərlə dəlik-deşik etdikdən sonra çayın kənarındakı dəyirmanların hündür yerlərindən aşağıya-suya atırdılar. Suya atılan yaralılar boğulmamaq üçün var gücləri ilə çırpınaraq çayın kənarına çıxmağa çalışır, lakin kənardakı erməni vəhşilərinin açdıqları atəşlə yenidən suya baş vurur, sonda görünməz olurdular”. İnsanlığa sığmayan bu cür vəhşiliyin qarşısında özünü gücsüz, tənha hiss edən Ömər Faiq xalqın nicatı üçün hökumətin bu biçarə və zavallı şəxslərin halına acıyacağıa, onlara yardım edəcəklərinə ümid edirdi. O, yazırdı: “Heç kəsin tükü belə tərpənmirdi. Sanki hər kəs tutulan insanların suya necə atılacağını, suda yaralı vücudu ilə nə cür çırpınıb-çabalayacağını, daşlarla necə mücadilə edəcəyini, güllələrdən sonra nə cür boğulacağını təkrar-təkrar görməkdən zövq alırdı. Hadisələr Tiflis şəhərində kulminasiya nöqtəsinə çatmışdı. Bütün Tiflis əhalisi ayağa qalxmışdı, kimi boğuşur, kimi də evində qorxu ilə hadisələrin sonrakı prosesini gözləyirdi. Ertəsi gün yenidən atəş səsləri eşidildi və getdikcə daha da şiddətləndi. Güllə yağışı bütün məhəlləni darmadağın etmişdi. Gözümün önündə ölüm qorxusu ilə varlığını itirmiş, mənən kiçildilmiş, alçaldılmış vücudlar, qulaqlarıma gələn dua və yalvarış səsləri məni olduqca hiddətləndirmişdi. Yerə diz çökmüş, Həzrəti Abbası köməyə çağıran bu zavallıların imdadına yetişib onları sakitləşdirməyə çalışırdım”.

Qeyd etmək lazımdır ki, hadisələrin şiddətli vaxtlarında Tiflisin bütün erməni məhəllələrini qarış-qarış gəzərək insanların bu çirkin oyundan əl çəkmələrini istəyən Ömər Faiq xatirələrində yazır: “Mən Tiflisi qarış-qarış gəzərək yol qırağında tikilmiş çayxanada ayaq saxladım. Burada insanların vahimə içində olduğunu görüb çaş-baş qalmışdım. Burada tanıdığım bir neçə gənc var idi ki, onlardan bir neçəsini çağıraraq: “Görmürsünüz, hər iki tərəfdən də insanlar qətlə yetirilir, əsl savaşı törədənlər isə ortalıqda görünmürlər. Bu anlaşılmaz savaşın sonu necə olacaq? İki xalq vəhşicəsinə bir-birini qırdıqdan sonra yenə peşman olub utana-utana bir-birinin üzünə baxmayacaqlarmı? Hər iki tərəfin də istədiyi nədir ? Nə üçün savaş edirsiniz? Ortada bir savaş səbəbi yox ki, biləsiniz! – dedim.

Gənclərdən biri: – Biz nə edək, savaşı onlar (ermənilər) başladılar. Bizi tamamilə yox etmək istəyirdilər. Guya onlar bizdən daha mədənidirlər, qonşu savaşının pisliyini, faydasızlığını onlar bizdən öncə düşünüb savaşa başlamışlar. Hanı, barışmaq istədiklərini göstərən bir işarət varmı – dedi:

Mən: – Xeyr yanılırsınız, dedim. Savaşı çar hökuməti törətdi. Türk-erməni münasibətlərini pozan qüvvələr məhz ölkəni mədəni bir səviyyədə idarə etməyi bacarmayan hökumətdir. Üç ay öncəki mitinqi xatırlayırsınız. Orada hökumətdən nə istəyirdilər: hürriyyət, bərabərlik, rifah və öz təmsilçiləri vasitəsi ilə idarə etməyə qatılmaq,deyilmi? İndiyə qədər öz keyfi ilə hərəkət etməyə alışmış olan rejim buna razı olarmı? Əlbəttə, olmaz. Bu çirkin oyunda kimin məhv olmasını isə bir az düşünün! Bu savaşda qazancınız nə olacaqdır? Nə gözləyirsiniz? Nə qədər igidlik göstərib irəliyə getsək, ertəsi gün nə bizə ermənilərin mağazalarını, nə də ki, ermənilərə bizim dükanları verəcəklər. Ara yerdə vəhşicəsinə qırılıb tələf olacağıq”. Göründüyü kimi, Ömər Faiq hadisələrin gedişatını əvvəlcədən duymuş və sadə xalqın bu çirkin oyunda məhv olmasını istəməmiş və insanlarla mütəmadi olaraq fərdi söhbətlər apararaq bu işin başında çar Rusiyasının dayandığını açıq-aydın anlatmağa çalışmışdır. Məhz bu yanlış düşüncənin girovuna çevrilən Ömər Faiq çox-çox sonralar öz səhvlərini anlamağa çalışmışdır və aldadıldığını zənn etmişdir. Ömər Faiq hər iki xalqın nümayəndələrindən ibarət bir təşkilatın yaradılmasının vacibliyini məqsədəuyğun hesab etdi. Nəhayət, Sosial Demokratlara müraciət edilərək ilk öncə Sülh Komissiyasının yaradılması, gürcü və ruslardan ibarət sülhməramlı silahlı qüvvələrin təşkil edilməsi qərara alındı. Komissiyaya gürcülərdən Jordaniya, ermənilərdən Yerkezyan, azərbaycanlılardan isə Ömər Faiq rəhbərlik edirdi. Sülhməramlı silahlı dəstə də komissiyanın ixtiyarına verilmişdi. Silahlı dəstənin əsas vəzifəsi Tiflis şəhərində törədilmiş qırğınların qarşısını almaq, gələcəkdə bu kimi xoşəgəlməz hadisələrin bir daha baş verməməsi üçün xalqları maarifləndirmək idi. Müəllif yazır ki, Qafqazın mərkəzi olan Tiflis kimi böyük bir şəhərdə iki millət bir-birinə top və tüfənglə atəş açdığı halda hökumət bu vəhşiliyə göz yumurdu.Şəhərdə mükəmməl bir təşkilat olduğu halda yanğınlar saatlarla deyil, günlərlə davam edirdi və şəhər idarəsi bu yanğınları sadəcə seyr etməklə kifayətlənirdi. Hətta vəziyyət o dərəcəyə çatmışdı ki, hökumət buradan Afrikaya Qızıl Xaç yardımı göstərdiyi halda öz şəhərində yaralı insanlara nə həkim, nə də ki, dərmanla yardım edirdi”.

Qeyd etmək lazımdır ki, artıq savaşın onuncu günü türk və erməni məhəllələrinə böyük əsgəri qüvvə göndərildi. Hər iki tərəfə atəşin dayandırılması əmri verildi və türk məhəlləsinə bütün Tiflis camaatını yığaraq savaşın başa çatdığını və canişinin birbaşa göstərişi ilə dayandırılmasını bildirdilər. Onlar bu savaşın məhz “aravuranlar” tərəfindən törədildiyini yalandan xalqa çatdırır və hesab edirdilər ki, bu işdə çar hökumətinin heç bir əli yoxdur. Toplantıda söz alan Ömər Faiq tribunaya çıxaraq deyir: “Qardaşlar! Mən uzun danışmayacağam. Ancaq məni diqqətlə dinləmənizi və düşünmənizi rica edirəm. On gündən bəri azərbaycanlıların və ermənilərin bir-birlərini öldürdüklərini hamınız öz gözlərinizlə gördünüz. Uşaq və dəli deyilsiniz, bir düşünün, bu gün əsgər və polisin gəlməsi ilə savaş anındaca kəsildi. Bu gün hökumət məmurları buraya gələrək “barışın” dedi. Ancaq aravuranlar elə bu məmurların özləridir – deyərək tribunadan aralandım. Alqış səslərindən təşvişə düşmüş hökumət nümayəndələri mənim nə demək istədiyimi sonradan başa düşüb məni həbs etməyə çalışsalar da buna nail ola bilmədilər”.

Nəhayət, 1906-cı il mart ayında Tiflis şəhərində “siyasi oyun”un nəticəsi olaraq Sülh Məclisi quruldu. Sülh Məclisi hökumət üçün o qədər önəmli idi ki, hətta Məclisə Qafqaz canişini Vorontsov -Daşkov rəhbərlik edirdi. Məclisə azərbaycanlılardan Qarabəy Qarabəyov, Adilxan Ziyadxanov, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Kərbəlayi İsrafil Hacıyev və Ağaxan İrəvanski, ermənilərdən isə Arutyunov, Qalantar, Xatisov, Taqanasov, Ter-Avetisov, Arekelov,Qarabetov və Xocayev qatılmışdı. Sülh məclisinin əsas amalı savaşın səbəblərini araşdırmaq, dəymiş ziyanı aradan qaldırmaq və bundan sonra savaşın baş verməməsi üçün hər iki xalqın nümayəndələri içərisində maarifləndirici tədbirlər planı həyata keçirmək idi.Canişin çıxışının sonunda əsl günahkarın məhz qanunlara əməl etməyən erməni millətçi ekstremistlərinin və nüfuzlu türklərin himayəsində hərəkət edən gizli silahlı türk dəstəsinin olduğunu bəyan edirdi. Müəllif daha sonra qeyd edir ki, “Məclisə qatılan məşhur senator Kuzminski isə savaşın baş verməsində dini, milli və iqtisadi səbəblər arayır və beləcə guya yeni ictimai qanun kəşf etmiş olurdu”. Doğrudur, müəllif senator Kuzminskinin gətirdiyi şərhləri rədd etməklə kifayətlənir. Əslində isə senatorun bu çıxışının arxasında bir çox həqiqətlərin işartısı sezilir. Məclisdə iştirak edən türk təmsilçiləri çəkinmədən mərdi-mərdanə şəkildə erməni Daşnaksütun partiyasını günahlandırır və savaşın onlar tərəfindən başlandığını bildirir, ermənilər isə məsuliyyəti üzərlərindən atmaqla, ümumiyyətlə, Daşnaksütun partiyasının fəaliyyətinin buradakı türklərə qarşı deyil, Osmanlı dövlətinə qarşı yönəldiyini iddia edirdilər. Ermənilər cəsarət edib açıq-aşkar söyləməsələr də türklərdən daha irəli gedərək hadisələrdə bəzi hökumət məmurlarının əli olduğunu bildirirlər. Amma tərəflərdən heç biri, nə azərbaycanlılar, nə ermənilər, nə də ki, hökumət əslində savaşın əsl səbəbkarını ictimaiyyətin bilməsini istəmirdi. Daha doğrusu, azərbaycanlılar həqiqəti söyləmir, ermənilər hökumətdən ehtiyat edir, hökumət isə günahkar olduğunu boynuna almaqdan çəkinirdi. Lakin çox keçmir ki, Molla Nəsrəddin jurnalı ilk sayından etibarən savaşın səbəblərini açıq-aşkar bəyan etməyə, hadisələrin gedişatını və əsl səbəbkarın kim olduğunu çəkinmədən açıqlamağa başlayır.

 

 

Taleh CƏFƏROV,

ADPU-nun Türk və Şərqi Avropa

xalqları tarixi və tarixin tədrisi

metodikası kafedrasının müəllimi

 

Xalq qəzeti.- 2010.- 14 mart.- S. 4.