ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin son qərarı təkcə Türkiyənin deyil, Azərbaycanın da milli maraqlarına ziddir

 

Müsahibimiz siyasətşünas Rasim Musabəyovdur.

 

— Rasim müəllim, ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbul olunması, qondarma iddianın tanınması istiqamətində bir mərhələnin geridə qalması deməkdir. Sizcə bundan sonrakı mərhələdə qanun layihəsinin Konqresdə müzakirəsi baş tutacaqmı?

— Mən məsələnin Nümayəndələr Palatasında müzakirəyə çıxarılacağına qətiyyən inanmıram. Keçmişdə dəfələrlə belə olub. Qondarma “erməni soyqırımı” ilə bağlı məsələ palatanın gündəminə salınıb, ancaq sonra onun müzakirəsi dayandırılıb. Düşünürəm ki, bu dəfə də belə olacaq. Ancaq hər bir halda bu göstərir ki, Türkiyəyə qarşı təzyiqlər mexanizmi hazırlanır. ABŞ bu təşəbbüslərin həyata keçirilməsinə şərait yaradaraq çalışır ki, Ankaranı öz siyasətinə daha çox tabe etdirsin. “Soyqırımı”yla bağlı qanun layihəsini komitədə qəbul etdirməklə demək istəyir ki, “bizim siyasətimizə dəstək verməsəniz, başınızı ağrıda bilərik”. Digər tərəfdən, bununla həm də Ermənistan tərəfinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda özlərini arxayın hiss etməsinə də imkan yaratmış olurlar. Yəni Xarici Əlaqələr Komitəsinin son qərarı təkcə Türkiyənin yox, Azərbaycanın da milli maraqlarına ziddir.

— Siz maraqlı bir məqama toxundunuz. Yəni həqiqətənmi komitənin qərarı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda özünü imtiyazlı tərəf kimi aparmasına şərait yaradacaq? Bunu hansı arqumentlərlə əsaslandırmaq olar?

 

— Məsələ burasındadır ki, ermənilərin “soyqırımı”nı dünyada tanıtmağa cəhd göstərməsinin səbəbi, bir tərəfdən Türkiyəni təzyiq hədəfinə çevirməkdirsə, digər tərəfdən ona qarşı təzminat və torpaq iddiasını daha qətiyyətlə irəli sürməkdir. Ancaq bu gün həm ermənilər, həm də bəzi beynəlxalq güclər anlayır ki, Türkiyədən heç müharibə yolu ilə də bir qarış torpaq almaq mümkün deyil. Bu iddiaya düşən dövlət və ya dövlətlər ən azı 50-100 min hərbçisini qısa zamanda itirəcəyini bilir və bunun heç bir nəticə verməyəcəyini də yaxşı anlayır. Heç bir ölkə, o cümlədən Amerika ermənilərin yolunda üç nəfərini belə qurban vermək istəməz. Bunu yaxşı başa düşən ABŞ “soyqırımı” məsələsini gündəmə gətirməklə Türkiyəyə mesaj vermək istəyir ki, guya, siz vaxtilə ermənilərə divan tutubsunuz və indi onlara torpaq və təzminat verməyiniz də mümkün deyil. Bu şərtlə ki, Azərbaycanı dəstəkləməyin. Heç olmasa, ermənilər Azərbaycanın torpaqları hesabına özlərinə təsəlli tapsınlar və sizdən əl çəksinlər. Bu gün “erməni soyqırımı”nın qəbul olunmasının mahiyyəti budur. Hətta bəzi siyasi dairələr həyasızcasına Türkiyəyə öz imkanlarından istifadə edərək Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsində Azərbaycanı yola gətirməyə dəvət edir.

ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “soyqırımı”na dair qərarın qəbulu, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə dəstək xarakteri də daşıyır. Gələcəkdə bu məsələ Konqresdə də qəbul olunarsa, onda ermənilər qondarma iddianın dünyanın super dövləti tərəfindən də tanındığını əsas gətirərək deyəcəklər ki, biz “əzilmiş xalq”ıq və buna görə də Amerikanın bizə təzyiq göstərəcəyini gözləməyin.

— Rasim müəllim, azərbaycanlı və türkiyəli siyasətşünasların böyük əksəriyyəti deyir ki, ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində layihənin qəbulu Ankaranı Ermənistan ilə imzalanan protokolların Türkiyə Böyük Millət Məclisində ratifikasiya etməyə vadar etmək məqsədi daşıyır.

— Mən belə düşünürəm ki, Ermənistan Amerikanın Türkiyədən “istəklər zincirində” çox kiçik bir yeri tutur. Ankaradan ABŞ-ın istəkləri ilk öncə İran və İraqla bağlıdır. Ancaq bu həqiqətdir ki, Amerikanın Ermənistan-Türkiyə əlaqələrini Azərbaycanın itkiləri hesabına normallaşdırmaq niyyəti var. Bunların hesabları belədir ki, onsuz da Azərbaycan Dağlıq Qarabağı müharibə etmədən geri ala bilməyəcək. Müharibə isə risk deməkdir və buna görə də ABŞ savaşın olmasını istəmir. Çalışırlar ki, danışıqlar prosesindən yorulan Azərbaycan ümidini itirsin və nəticədə Dağlıq Qarabağı Ermənistana versin. Guya, bundan sonra Ermənistan tərəfi və erməni lobbisi Ankaraya qarşı “soyqırımı” iddialarından əl çəkəcək və Türkiyə ilə münasibətlərin normallaşmasına mane olmayacaq. Türkiyə isə bölgədə Qərbin nüfuzunun artmasında körpü rolunu oynayacaq.

Maraqlıdır ki, bu siyasət Azərbaycanın itkiləri hesabına həyata keçirilməyə çalışılır. Azərbaycan isə bu gün Qərb üçün ən etibarlı tərəfdaşdır. O, öz enerji ehtiyatlarının istifadəsində Qərb ölkələri ilə sıx əməkdaşlıq edir, strateji mövqeyi isə ABŞ-ın və Avropa ölkələrinin Xəzərə çıxışına imkan verir. Ölkəmizin mühüm əhəmiyyətə malik olduğunu bütün dünya anlayır və qəbul edir. Bu gün Azərbaycan Qərbin ən yaxın tərəfdaşı olduğu halda nəyə görə itirən tərəf biz olmalıyıq? Madam ki, bəzi dövlətlər bizimlə tərəfdaşlıq edir, qoy bu tərəfdaşlığı bizim milli maraqlarımızın qorunmasında da sübut etsinlər.

Təəssüflər olsun ki, dünya ədalət üzərində qurulmayıb. Güclü dövlətlər öz iradələrini zəiflərə qəbul etdirməyə çalışırlar. Ona görə də biz daim güclü olmalıyıq və regionda marağı olan dövlətlər də anlamalıdırlar ki, Azərbaycandan nəsə aldıqdan sonra bunun qarşılığını verməlidirlər. Biz dünyada ikili standartların olmasından şikayət etmək yerinə, ikili standartlarla yaşamağı öyrənməli, hətta yeri gələndə öz siyasətimizi də buna uyğun müəyyənləşdirməliyik. Bundan gileylənməyə isə dəyməz. Biz öz imkanlarımızdan elə istifadə etməliyik ki, maraqlarımız tapdaq altında qalmasın.

Onu da deməliyəm ki, bu gün Azərbaycan hətta 5 il bundan əvvəlki Azərbaycan deyil. Ölkəmizdə böyük inkişaf prosesləri gedib. Ötən müddət ərzində strateji müttəfiqimiz Türkiyə də xeyli güclənib. Buna görə də bizim səsimiz Qərbdə daha yaxşı eşidilir. Komitənin son qərarına reaksiyamız və bunun doğurduğu nəticələr də belə deməyə əsas verir. Bu gün Amerikada da anlayırlar ki, “soyqırımı” qəbul etdikdən sonra Türkiyədən və Azərbaycandan nəyisə istəməyə, hansısa xahişlərini çatdırmağa üzləri olmayacaq.

 

 

Söhbəti qələmə aldı: Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2010.- 14 mart.- S. 3.