ABŞ Konqresi “soyqırımı
oyunu”nu yenidən gündəmə gətirməklə regional
təhlükəsizliyə zərər vuracaq
ABŞ Konqresinin Nümayəndələr
Palatasının Xarici Əlaqələr Komitəsinin “erməni
soyqırımı”nın tanınması haqqında qətnamə
qəbul etməsi həm Türkiyəni, həm də Azərbaycanı
silkələdi. Bu qeyri-obyektiv qərar layihəsinin
tanınması Vaşinqtonla Ankara arasındakı münasibətlərə
ciddi xələl gətirdi. Söz yox ki, yaranmış
situasiya hələ ABŞ-ın “erməni
soyqırımı”nı tanıması kimi dəyərləndirilməməlidir.
Buna baxmayaraq, bu qeyri-demokratik, ədalətsiz addımın
atılması Türkiyəyə təzyiq vasitəsidir. Görəsən,
ABŞ-ın işğalçı Ermənistanı dəstəkləməkdə
məqsədi nədir?
Milli Məclisin deputatı Rüstəm Xəlilov bu
barədə dedi:
— Doğrusu, ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən “erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsinə müsbət münasibət bildiriləcəyinə inanmırdım. Birincisi, ona görə ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupu həmsədrlərindən biridir. İkincisi isə, bu ölkə özünü dünyada ən demokratik və insan hüquq və azadlıqlarının müdafiəsində nümunəvi dövlət kimi göstərir. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin işğalçı Ermənistanı dəstəkləməsi az qala bütün dünyanın uydurma kimi qəbul etdiyi “erməni soyqırımı”na həqiqət donu geyindirməyə çalışması həmin nümunəvi hərəkətlərin üstündən xətt çəkdi. Qeyd etdiyim kimi, Xarici Əlaqələr Komitəsinin qərarı hələ Konqresin qərarı deyil. Ancaq demokratik ölkələrdə bütün qurumlar demokratik və obyektiv olmalıdır. Hər halda ABŞ Administrasiyası unutmamalıdır ki, işğalçı Ermənistanı müdafiə edən Xarici Əlaqələr Komitəsi ABŞ Konqresi Nümayəndələr Palatasının tabeçiliyindədir.
Bu gün dünyanın əksər dövlətləri, nüfuzlu beynəlxalq qurumlar Ermənistanı işğalçı dövlət kimi tanıdıqları halda, ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ hələ də bu həqiqəti etiraf etməyib. Erməni terror təşkilatlarının törətdikləri soyqırımı faktlarını, dəhşətli vandalizmi görməməzliyə vuran demokratik ölkənin — ABŞ-ın bir sıra konqresmenləri bu vəhşiliyi törədən erməniləri soyqırıma məruz qalan xalq kimi tanıyırsa, onların insan hüquq və azadlıqlarından danışmağa mənəvi haqları çatmır.
Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra ABŞ-la həmişə sıx əməkdaşlıq etmiş, iki ölkə arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf etmişdir. Bu ölkənin tarixçiləri, ictimai-siyasi xadimləri, konqresmenləri, senatları çox yaxşı bilirlər ki, Ermənistan silahlı qüvvələri zaman-zaman Azərbaycana qarşı soyqırımı törədiblər . 1905-1907-ci illər qırğınları, 1918-ci il mart soyqırımı, 1948-53 -cü illər faciəsi, 1988-ci ildən başlayaraq bu vaxta qədər hələ də davam etdirilən terror hadisələri, tarixdə bənzəri olmayan Xocalı soyqırımı yaddaşlardan silinməyib və heç vaxt da silinməyəcək. Necə olur ki, 1915-ci ildə ölən ermənilər ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində yada düşür, amma lap yaxın vaxtlarda ermənilərin qəddarlığı, insanlığa sığmayan hərəkətləri nəticəsində yer üzərindən silinmiş Xocalı şəhəri, bu şəhərin vəhşicəsinə qətlə yetirilmiş sakinləri amerikalı konqresmenlərin yadına düşmür? Belə ayrı-seçkiliyə yol verən, düzü qoyub əyrini müdafiə edən, günahsız insanları qətlə yetirən qaniçənləri dəstəkləyənlərin demokratiyadan, haqq-ədalətdən danışması riyakarlıq deyilmi? Məgər ABŞ konqresmenləri bu gün öz yurd-yuvalarından didərgin salınmış, erməni vəhşiliyinin qurbanına çevrilmiş 1 milyondan artıq azərbaycanlını görmürlərmi? Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən bir ölkə üçün belə faktları görməmək rüsvayçılıq deyilmi?
ABŞ-ın dünyanın super dövlətlərindən biri olması danılmaz faktdır. Bu gücə arxalanıb ağa qara demək isə demokratik prinsiplərə uyğun deyil. Hər hansı bir dövlətə zorla nəyisə qəbul etdirmək, bundan ötrü müxtəlif vasitələrdən istifadə etmək beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin erməni kartından istifadə etməsi də Türkiyəyə qarşı təzyiq vasitəsidir.
Hazırda Türkiyənin nüfuzunun əvvəlki illərdən qat-qat artıq olması göz qabağındadır. Bu ölkə çox güclü iqtisadi, siyasi, hərbi potensiala malikdir. ABŞ-ın Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur etməsinə səbəb də bu inkişafdadır. İşğalçı dövləti müdafiə edən ABŞ rəsmiləri çalışırlar ki, bu gün acından ölmək həddinə çatmış ermənilər, iqtisadi cəhətdən gündən-günə tənəzzülə uğrayan Ermənistan Türkiyənin hesabına dirçəlsin, özünə gəlsin və məhv olmasın. Təbii ki, Türkiyə də bunun əvəzində öz şərtlərini ortalığa qoymalı idi və qoydu da. Çox ədalətli, haqlı bir tələb idi: Ermənistan öz işğalçılıq missiyasından əl çəksin, işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etsin. Ondan sonra sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası məsələsinə baxılsın. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi isə “erməni soyqırımı” məsələsini ortalığa atmaqla Türkiyəyə gələcəkdə başına gətirilə biləcək oyunlar barədə xəbərdarlıq edir. Söz yox ki, bu təzyiq yalnız hələ ki, bir komitə tərəfindən həyata keçirilməyə başlanılıb. Özü də çox cüzi bir səslə. Lakin buna baxmayaraq, artıq birinci addım atılıb. Elə birinci addımda da ABŞ səhvə yol verdiyini dərk etdi. Bunu Prezident Barak Obama və Dövlət katibi Hillari Klintonun “erməni soyqırımı məsələsi Konqresin müzakirəsinə çıxarılmayacaq” demələri də təsdiqlədi. Görünür, ABŞ Administrasiyasının rəhbərləri uydurma bir soyqırımı ilə əlaqədar komitə tərəfindən qəbul edilən qərarın tezliklə belə ciddi rezonans doğuracağını, həm Türkiyənin, həm də Azərbaycanın sərt müqavimət göstərəcəklərini gözləmirmişlər. Ona görə də dərhal reaksiya verdilər.
Bir faktı da qeyd edim ki, ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində belə bir qərarın qəbul olunmasında əsas məqsəd Ermənistanı müdafiə etməkdən çox, Türkiyəni təzyiq altında saxlamaqdır. Görünür, bəzi məsələlərin həllində bu variant Amerika üçün vacib imiş. Ancaq nə biləydi ki, daş qayaya rast gələcək.
Söhbəti yazdı: Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 14 mart.- S. 3.