“Şahdəniz” layihəsi çərçivəsində qaz hasilatı artır

 

Ötən il “Şahdəniz” yatağından 6,2 milyard kubmetr qaz və 1,7 milyon ton kondensat hasil olunmuşdur

 

2009-cu il Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan sayca ikinci ən böyük müqavilə – “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi üçün uğurlu olmuşdur. Xatırladaq ki, Azərbaycanı potensial qaz ixracatçısına çevirən “Şahdəniz” layihəsi 1996-cı ilin yayında həyata vəsiqə almışdır. Üç il sonra “Şahdəniz” yatağında qazılmış ilk kəşfiyyat quyusu burada zəngin qaz və kondensat ehtiyatlarının mövcudluğunu bir daha təsdiq etmişdir.

 

“Şahdəniz” yatağının ilkin işlənmə mərhələsi layihəsinə yeddi il əvvəl – 2003-cü ilin fevral ayında start verilmişdir. Ötən müddətdə layihə çərçivəsində bir sıra nəhəng tikinti işləri həyata keçirilmiş, Xəzər dənizində analoqu olmayan yeni platforma quraşdırılmış, qazın sahilə nəqli üçün sualtı boru kəməri çəkilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına çıxarılmasını nəzərdə tutan Cənubi Qafqaz boru kəməri tikilib istifadəyə verilmişdir. Yatağın istismarına isə təqribən üç il əvvəl başlanılmış və ötən müddətdə Azərbaycan qazının dünya bazarına ixracı uğurla davam etdirilmişdir.

Ötən il “Şahdəniz” layihəsinin reallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. bp-Azərbaycan şirkətinin ilin yekunları ilə bağlı açıqlamasında bildirilir ki, yanvar-dekabr ayları ərzində “Şahdəniz” layihəsi üzrə fəaliyyətlərin əməliyyat xərclərinə 192 milyon dollar, əsaslı məsrəflərinə isə 289 milyon dollar sərf olunmuşdur.

Hesabatda qeyd olunur ki, 2009-cu ildə “Şahdəniz” yatağındakı dörd öncəqazma quyusundan sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Məlumat üçün bildiririk ki, “Şahdəniz” layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko-ya satılır.

Yeri gəlmişkən, 2009-cu ildə “Şahdəniz” yatağından 7,5 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat çıxarılması nəzərdə tutulsa da, təchizatçı ölkələrdə “mavi yanacağa” tələbatın azalması ilə əlaqədar olaraq hasilat gözlənildiyindən bir qədər aşağı olmuşdur. Bununla belə, “Şahdəniz” platforması vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. Yanvar-dekabr aylarında platformadan gün ərzində 16,9 milyon kubmetr qaz və 35,8 min barel kondensat hasil edilmişdir ki, bu da əvvəlki dövrlərə nisbətən çoxdur. 2006-cı ilin sonunda hasilata başlanıldığı vaxtdan cari ilin yanvar ayının əvvəllərinədək “Şahdəniz” yatağından 4,45 milyon ton kondensat hasil edilərək Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə dünya bazarına yola salınmışdır. 2010-cu ildə isə adı çəkilən yataqdan 7,6 milyard kubmetr qaz və 2,01 milyon ton kondensat hasilatı nəzərdə tutulur.

“Şahdəniz” yatağında qaz və kondensat hasilatı ilə yanaşı, yeni quyuların qazıntısı da layihə iştirakçılarının qarşısında duran prioritet məsələlərdəndir. Artıq bu istiqamətdə də ilkin uğura imza atılmışdır. Məlum olduğu kimi, 2008-ci ilin sonlarında “Şahdəniz” platformasından qazıntısına başlanılmış SDA-05 quyusunda işlər ötən ilin əvvəllərindən davam etdirilmiş və quyu mart ayında istismara buraxılmışdır. 2009-cu ildə mövcud quyularla bağlı bəzi planlaşdırılmış əlavə işlərin aparılması ilə əlaqədar olaraq yataqda yeni quyular qazılmasa da, cari ildə “Şahdəniz” platformasından bir quyunun (SDA-06) qazıntısı nəzərdə tutulur. Bundan əlavə, il ərzində mövcud quyularda bəzi planlaşdırılmış işlər başa çatdırılacaq.

“Şahdəniz” zəngin qaz-kondensat yatağıdır. Adı çəkilən yatağın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində də məhz bu amil nəzərə alınaraq yatağın bir neçə mərhələdə işlənməsi öz əksini konkret şəkildə tapmışdır. Hazırda uğurla həyata keçirilən birinci işlənmə mərhələsindən sonra növbəti, çox mühüm ikinci mərhələyə başlamaq nəzərdə tutulur. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu vacib məqama toxunaraq demişdir: “... Biz “Şahdəniz” qaz yatağının ikinci fazasının işlənilməsinə başlamağa hazırıq. “Şahdəniz” yatağının ikinci fazasının işlənilməsi Azərbaycan iqtisadiyyatına ən azı 20 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır. Bu bizim üçün böyük bir fürsətdir”.

Bu mərhələyə başlamaq üçün isə hazırlıq işlərinə artıq start verilmişdir. Belə ki, 2009-cu ildə ikinci mərhələ planlarına dəstək vermək məqsədilə yataqda qiymətləndirmə işlərinin aparılması davam etdirilmişdir. Yeri gəlmişkən, 2008-ci ilin iyul ayında “İstiqlal” qazma qurğusu vasitəsilə qazıntısına başlanılan SDX-05 qiymətləndirmə quyusu ötən ilin yanvarında 6559 metrlik layihə dərinliyinə çatdırılmışdır. Həmin quyudan götürülmüş süxur nümunələrinin tədqiqi və digər vacib məlumatların əldə olunması istiqamətində işlər hazırda davam etdirilir. Məlumat üçün bildiririk ki, quyuda əldə edilmiş nəticələrdən isə hazırda mühəndis işlərinin aparıldığı ikinci işlənmə mərhələsinin planlaşdırılmasında istifadə olunacaqdır.

“Şahdəniz” yatağından çıxarılan qaz və kondensat sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəql olunur. Burada isə qazı qəbul edib ixrac sisteminə ötürmək üçün zəngin infrastruktur yaradılıb. Artıq terminalın texniki emal sistemlərinin gücü gündəlik 39,5 milyon kubmetrə çatdırılıb. Hələlik burada gün ərzində 25,5 milyon kubmetr qaz emal edilib ixraca yönəldilir. Xatırladaq ki, bütün bunlar Səngəçal terminalının genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilən uğurlu işlərin nəticəsidir.

“Şahdəniz” qazını Gürcüstan və Türkiyəyə ixrac edən Cənubi Qafqaz boru kəməri də uğurlu fəaliyyətini davam etdirir. Məlumat üçün bildiririk ki, Cənubi Qafqaz Boru Kəməri Şirkətinin səhmdarları bp (texniki operator – 25,5 faiz), Statoyl (kommersiya operatoru – 25,5 faiz) , Azərbaycan CQBK Ltd. (10 faiz), LUKoyl (10 faiz), NİKO (10 faiz), Total (10 faiz) və TPAO (9 faiz) şirkətləridir.

Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından etibarən isə Türkiyəyə “Şahdəniz” qazını çatdırır. 2009-cu ildə adı çəkilən boru kəməri ilə bağlı fəaliyyətlərə 7 milyon dollar əsaslı vəsait xərclənmişdir. Yeri gəlmişkən, layihə iştirakçıları cari ildə bu məqsədlə daha 12,7 milyon dollar vəsaitin xərclənəcəyini proqnozlaşdırırlar. Ötən il Cənubi Qafqaz boru kəmərinin orta gündəlik ötürmə gücü 15 milyon kubmetr “mavi yanacaq” təşkil etmişdir ki, bu da təqribən 92 min barel neft ekvivalentinə bərabərdir. Göründüyü kimi, ölkəmizi dünyanın potensial qaz ixracatçısına çevirmiş “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi uğurla həyata keçirilir. Növbəti illərdə layihə çərçivəsində platformadan qazılan yeni quyuların istismara daxil edilməsi ilə əlaqədar qaz hasilatı xeyli artacaq. Bütövlükdə isə yatağın birinci işlənmə mərhələsi çərçivəsində ən yüksək illik hasilat 8,6 milyard kubmetr qaz və gündəlik təqribən 45 min barel kondensat təşkil edəcək. “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin reallaşdırılmasına başlanılması ilə Azərbaycanda qaz hasilatı kəskin şəkildə artacaq. Bu da ölkəmizin ixrac imkanlarını xeyli genişləndirəcək.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 14 mart.- S. 2.