Hesabat konserti
Dünən M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Leapold və Mstislav Rastropoviçlər
adına 21 nömrəli on bir illik Uşaq Musiqi Məktəbinin
hesabat konserti keçirildi.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə
də Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsinin təşkilati dəstəyi ilə
keçirilən konsertdə xalq artisti Teymur Göyçayevin
bədii rəhbəri və baş dirijoru olduğu Q.Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə
məktəbin 12 gənc istedadı bir-birindən gözəl
ifalarıyla tamaşaçıların zövqünü
oxşadılar.
1967-ci ildən fəaliyyət
göstərən, 1996-cı ildən isə ulu öndər
Heydər Əliyevin sərəncamı ilə Leapold və
Mstislav Rastropoviçlərin adını daşıyan bu
musiqi ocağında hər il belə hesabat konsertlərinin
verildiyinin bir ənənə olduğunu söyləyən məktəbin
direktoru Rafiq Əzizov, bu konsertlərin gənc
ifaçıların həyatında çox mühüm rol
oynadığını, onların səhnə mədəniyyətinə,
professional ifaçılıq məziyyətlərinə
çox müsbət təsir göstərdiyini dedi. Bu
uşaqların arasında ümumrespublika, hətta Beynəlxalq
müsabiqələrin qaliblərinin və laureatlarının
olduqlarını açıqlayan R.Əzizov Qran-pri
mükafatçısı İsrafil Rəsulovun, Nəsrin
Mustafayevin, Fərəh Xəlilovanın, Prezident təqaüdçüsü
Turan Quliyevin, Məhəmmədəli Nuriyevin və digər
ifaçıların adlarını fəxrlə çəkdi.
Konsertdə Azərbaycan
bəstəkarlarıyla yanaşı, xarici ölkələrin
klassiklərinin də əsərləri səsləndi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2010.- 13 mart.- S. 8.