Milli təhsilin dinamik
inkişafı Azərbaycanın gələcəyinə əsaslı
təminatdır
Son illər Azərbaycanın qazandığı
uğurlar hər birimizdə böyük fəxarət hissi
doğurur. Artıq dünyanın hər yerində Azərbaycanı
yaxşı tanıyır, onun nailiyyətləri və
problemləri ilə yaxından maraqlanırlar. Dünyanın
nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın
ən islahatçı dövlət olduğunu etiraf edirlər.
Azərbaycanın Cənubi Qafqazda lider ölkə olması
faktı isə danılmazdır.
İldən ilə
güclənən dövlətimiz bütün sahələrə
olduğu kimi, milli təhsilin inkişafına da böyük
diqqət göstərir, təhsil islahatı bu gün prioritet
istiqamət təşkil edir. Bu inkişafın əsasında
ölkəmizi böyük tərəqqi yoluna
çıxarmış ulu öndər Heydər Əliyevin
ölməz ideyaları durur.
Məlumdur ki, ulu öndər
Heydər Əliyev təhsili millətin gələcəyi
adlandırırdı. Ona görə də ümummilli lider
hakimiyyətdə olduğu illərdə təhsili həmişə
diqqət mərkəzində saxlamışdı. 1999-cu il
iyunun 15-də ulu öndərin imzaladığı “Azərbaycan
Respublikasında Təhsil İslahatı Proqamının qəbul
edilməsi haqqında” sərəncamı müstəqil Azərbaycanda
təhsilin inkişafına əsaslı stimul yaratdı.
Bu gün ötən əsrin
sonlarına nəzər yetirsək görərik ki, milli təhsilimiz
o illər, doğrudan da, bərbad vəziyyətdə idi. Məktəbimizin
maddi-texniki səviyyəsi olduqca acınacaqlı vəziyyətdə
idi, müəllimlərimizin sosial durumu dözülməz həddə
çatmışdı. Ölkədə iqtisadi durum sabitləşdikcə
təhsilə diqqət də artmağa başladı.
2003-cü ildə
hakimiyyətə gələn hörmətli Prezidentimiz
İlham Əliyev təhsil sahəsində ulu öndərin
başladığı islahatları uğurla davam etdirərək,
bu sahəyə diqqəti artırdı. Təhsili Azərbaycanın
davamlı inkişaf strategiyasının ən öncül
istiqamətlərindən biri hesab edən cənab İlham Əliyev
ilkin olaraq təhsilin informasiyalaşdırılmasını
başlıca vəzifə kimi qarşıya qoydu. Cənab Prezident
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramının təsdiq edilməsi haqqında” 2004-cü ildə
xüsusi sərəncam imzaladı. Bu sahədəki nailiyyətlər
göz qabağındadır. Artıq ölkədə hər
29 şagirdə 1 kompyuter nisbəti həll edilmişdir. Ölkədə
təhsilin inkişafına dair 16 Dövlət Proqramı qəbul
olunmuş, onların bir qismi reallaşdırılmış,
bir qismi isə reallaşmaq üzrədir.
Ötən il biz Təhsil İslahatı Proqramının qəbul edilməsinin 10 illiyini qeyd etdik. Keçən 10 ilin yekunları göstərdi ki, dövrün, zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsas tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, fənlərin məzmununun konseptual müddəalarının maliyyələşdirilməsi və fənn kurikulumlarının yaradılması, təhsildə standartların reallığa çevrilməsi dövrün mühüm hadisələri olmuşdur.
Aydındır ki, təhsilin məzmunca yeniləşməsi dərslik sahəsində də əsaslı islahatın həyata keçirilməsini vacib şərt kimi qarşıya qoyurdu. Məhz buna görə də son illər ən böyük nailiyyətlərdən biri dərsliklərin yeniləşməsində əldə olunmuşdur. Böyük fəxrlə deyə bilərəm ki, bu gün ölkənin ümumtəhsil məktəblərində dərslik problemi demək olar ki, yoxdur. Ən böyük nailiyyət isə dərsliklərin pulsuz olaraq uşaqlara verilməsidir. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, dərsliklər tamamilə pulsuz paylanılır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi də həyata keçirilən islahatların mühüm nəticələrindəndir. Bu sahədə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası” hazırlanmış və Nazirlər Kabineti tərəfindən 13 yanvar 2009-cu il tarixdə təsdiq edilmişdir. Qiymətləndirmə sistemi əvvəlkindən fərqli olaraq üç komponenti - məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə edir. Yeni sistemdə şagird nailiyyətlərinə kompleks şəkildə yanaşılır, şagirdin əvvəlki illərdə və buraxılış sinfində nəticələri nəzərə alınır. Əhəmiyyətli tədbirlər nəticəsində ümumi orta təhsil sahəsində keyfiyyət göstəriciləri xeyli yüksəlmişdir.
Mən ümumtəhsil məktəbində çalışdığımdan bu sahədə həyata keçirilən islahatların canlı şahidi və iştirakçısıyam. Bu gün fəxrlə deyə bilərəm ki, Azərbaycanda keçirilən islahatlar daha çox ümumi təhsil sistemini əhatə edir. Bu təhsil sistemində reallaşdırılan dövlət proqramları həm sayına, həm də əhatə dairəsinə görə üstünlük təşkil edir.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının son illər getdikcə daha da möhkəmləndirildiyi də göz qabağındadır. Məktəb tikintisi, köhnə məktəblərin əsaslı təmiri və məktəblərdə əlavə korpusların inşası istiqamətində son vaxtlar ciddi nailiyyətlər qazanılmışdır. Hələ, 2003-cü ildə ümummilli liderin imzası ilə təsdiq olunmuş məktəb tikintisi üzrə Dövlət Proqramı uğurla reallaşdırıldı. Artıq bu sahədə yeni Dövlət Proqramı qəbul olunmuşdur və bu gün sürətlə həyata keçirilməkdədir.
Yeni məktəblərin tikintisində Heydər Əliyev Fondunun xidmətlərini də xüsusi olaraq qeyd etmək lazımdır. Bu gün ölkənin əksər bölgələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni məktəblərlə rastlaşmaq olar. Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Dövlət Proqramına əsasən 2009 — 2012-ci illərdə 450 məktəb üçün yeni binanın inşası, 600 məktəb üçün əlavə korpusun tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur.
Məsələ, təkcə yeni məktəblərin, məktəblərdə əlavə korpusların tikintisi ilə məhdudlaşmır. Bu gün həm də bu məktəblər yeni avadanlıqlarla, informasiya texnologiyaları ilə kifayət qədər təmin olunmuşlar. Eyni zamanda, məktəblərimizdə istilik sistemləri quraşdırılıb istifadəyə verilmişdir.
Ən mühüm fakt budur ki, təhsilin məzmunu yeniləşməyə başlamışdır. 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-tədris prosesinin sistemli planlaşdırılmasını özündə əks etdirən kurikulum islahatları adı altında aparılır. Azərbaycan hökuməti tərəfindən 30 oktyabr 2006-cı ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası” (Milli Kurikulum) sənədində ümumi təhsil üzrə təlim nəticələri və məzmun standartları, ümumi təhsilin hər bir pilləsində tədris olunan fənlər və s. məsələlər öz əksini tapmışdır. Bu konseptual sənədin tələblərinə uyğun hazırlanıb təsdiq edilmiş fənn kurikulumlarında isə hər bir sinif üzrə təlim nəticələri, məzmun və qiymətləndirmə standartları, müvafiq təlim strategiyaları əhatə olunmuşdur.
Artıq ötən dərs ilindən kurikulumların tətbiqinə başlanılmışdır. İkinci ildir ki, məktəblərimizdə bu islahata start verilmişdir.
Cənab Prezidentin sərəncamı ilə “ən yaxşı ümumtəhsil məktəbi”, ”ən yaxşı müəllim” nominasiyaları üzrə keçirilən müsabiqədə bizim məktəbin və onun müəllimlərinin mükafatlandırılması kollektivimizdə böyük ruh yüksəkliyi yaratmışdır. Söz yox ki, bu nailiyyətlər asan qazanılmayıb. Məktəbdə yaradılmış sağlam mühit təhsil prosesinin keyfiyyətinə də müsbət təsirini göstərmişdir. Biz yaxşı bilirik ki, ölkəmizin gələcək həyatı bugünkü təhsildən çox asılıdır. Ona görə də çalışırıq ki, yetişdirdiyimiz gənclər savadlı, bilikli, gələcəyin layiqli vətəndaşları olsunlar. Bunu bizdən dövlətimiz, prezidentimiz tələb edir.
Yəhya ABBASOV,
Bakı şəhər 244
saylı məktəbin
direktoru, fəlsəfə doktoru
Xalq qəzeti.- 2010.- 16 mart.- S. 7.