Azərbaycanlı ziyalının yaradıcılığı Romada yüksək qiymətləndirilmişdir

 

Beynəlxalq Sosial-İqtisadi Tədqiqatlar Akademiyası həmyerlimizin əsərini patentə layiq görmüşdür

 

Maraqlı və maraqlı olduğu qədər də iftixar hissi yaradan məlumatdır. Türk xalqlarının təmsilçiləri arasında ilk olaraq Azərbaycan ziyalısı dünya sivilizasiyasının əsas mərkəzlərindən olan Romada fəaliyyət göstərən beynəlxalq akademiyanın akademik üzvü seçilir və onun əsəri beynəlxalq patentə layiq görülür. Söhbət İtaliyadakı Beynəlxalq Sosial-İqtisadi Tədqiqatlar Akademiyasının prezidenti Elena Manprenin 15 fevral 2010-cu il tarixli imzasıyla Azərbaycana göndərilən məktubdan gedir.

 

Prezidentin imzaladığı rəsmi sənəddə qeyd edilir ki, beynəlxalq tədqiqatlar yoxlama komissiyasının üzvlərinin və elmi şura kollegiyasının yekdil qərarına əsasən azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin bədii-fəlsəfi yaradıcılığı yüksək qiymətləndirilmiş və onun yaradıcılığı barədə məlumatlar Şöhrət Komitəsinə təqdim olunmuşdur. Şöhrət Komitəsi üzvlərinin rəyi əsasında yazıçı Hacı Fərhad Mirzəyə “Kəlamlar” kitabında ortaya qoyduğu bədii-fəlsəfi fikirlərə görə Roma şəhəri üzrə Ustad sənətkar fəxri adı və BSİTA-nın akademik üzvü diplomu təqdim olunmuş, müəllif beynəlxalq patentə layiq görülmüşdür. Akademiya rəsmiləri bu qərarı əsaslandıraraq yazırlar ki, Hacı Fərhad Mirzə sosial sahədəki xidmətlərini öz ölkəsindən xaricə çıxarmaqla, milli-mənəvi dəyərlərin bəşəri dəyərlərə çevrilməsinə nail olmaqla müasir zamanın inteqrasiya prinsiplərinə xüsusi töhfələr vermişdir. Nümayiş etdirdiyi vətəndaşlıq mövqeyi ona dünyəvi dəyərlər yaratmış simalar sırasında yer ayırmışdır.

Beynəlxalq Sosial-İqtisadi Tədqiqatlar Akademiyası Romanın ənənələrinə uyğun olaraq bu qurumun mükafatını almış soydaşımıza “Kapitolinin Şöhrət Ordeni”ni və ordenin Perqamentini (yazılı “Şöhrət” şəhadətnaməsi) də göndərmişdir. Qeyd edək ki, Hacı Fərhad Mirzənin “Kəlamlar” kitabında oxuculara təqdim edilən fikirlər bundan əvvəl BMT yanında İctimai Təltiflər Şurasının, Avropa Təbiyyat Elmlər Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynələxalq Elmlər Akademiyasının, Rusiya Federasiyası Yazıçılar Birliyinin yüksək mükafatlarına layiq görülmüşdür. Eyni zamanda bu kitab Ankarada türkdilli, Moskvada isə rusdilli oxuculara təqdim edilmişdir. Yaxın vaxtlarda ingiliscə işıq üzü görəcək “Kəlamlar” kitabı daha böyük auditoriyanı əhatə edən oxucuların ixtiyarına veriləcəkdir.

 

 

Əlibəy MÜSƏDDİQ

 

Xalq qəzeti.- 2010.- 16 mart.- S. 7.