Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyası, öz milli maraqlarını təmin etmək siyasəti uğurla nəticələnir

 

Prezident İlham Əliyev: Biz nə qədər güclü olsaq, sözümüz də, beynəlxalq mövqelərimiz də o qədər güclü olacaqdır

 

Bir zamanlar ulu öndər Heydər Əliyevin söylədiyi “Biz Azərbaycan dövlətinin iqtisadi qüdrətini artırdıqca, onun siyasi nüfuzunu, sözünün kəsərini də artırmış olacağıq” — ifadəsi artıq günün reallığına çevrilmişdir. Dünyanın əksər böyük dövlətləri bütün məsələlərdə Azərbaycanın siyasi mövqeyi ilə razılaşmağı öz milli maraqlarına uyğun hesab edirlər. Təsadüfi deyil ki, artıq bütün beynəlxalq təşkilatlar Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün təşəbbüsü ələ almağa çalışırlar. Çünki qeyd edilən münaqişənin həllindən sonra regionun bütün ölkələri, əsasən də zəngin təbii sərvətlərə malik olan Azərbaycan Respublikası böyük iqtisadi inkişafa nail olacaqdır. Bizim ölkənin inkişafı isə regionda marağı olan ölkələr üçün çox vacibdir. Bütün bunları nəzərə alan dünya siyasətçiləri Azərbaycanın mövqelərini dəstəkləməklə gələcək illər üçün nəzərdə tutulmuş addımlar atırlar.

Avropa ekspertlərinin fikrincə dünya ictimaiyyətinin Azərbaycana diqqət ayırmasının, bu dövlətə inam və etimadla yanaşmasının təməlində dayanan əsas amillər təbii ehtiyatların zənginliyi ilə yekunlaşmır. Bu dövlətin ölkədə demokratik dəyərlərin bərqərar edilməsi üçün atdığı kəsərli addımlar, azad sahibkarlığın inkişafına verilən dəstək, neft gəlirlərinin mühüm hissəsinin ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsi, ən başlıcası beynəlxalq aləmə açıq ölkə kimi elan olunması rəsmi Bakıya göstərilən etimadın əsas səbəblərindəndir. Maraqlıdır ki, martın 12-də Dənizkənarı Milli Parkda yeni istifadəyə verilmiş Bakı Biznes Mərkəzində keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bu məqamlar dönə-dönə vurğulanmışdır. Həm Prezident İlham Əliyevin giriş və yekun nitqlərində, həm də konfransda çıxış edən natiqlərin söylədiyi faktlarda ölkəmizin son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin miqyası və həmin uğurların dövlətimizə qazandırdığı siyasi nüfuz fəxrlə vurğulanırdı. Həm dövlət başçısı, həm də digər natiqlər qeyd etdilər ki, bizim nailiyyətlərimizin əsas səbəblərindən biri də istənilən sahənin inkişaf etdirilməsi üçün elmi şəkildə işlənib hazırlanmış dövlət proqramlarının olmasıdır.

Regionların sosial-iqtisadi inkişafını təmin etmiş birinci proqramın və hazırda böyük uğurla icra edilən ikinci Dövlət Proqramının əhəmiyyəti, bu sənədlərin icrası zamanı nail olduğumuz göstəricilər, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, hətta, beynəlxalq böhran ilində belə adambaşına düşən ümumi daxili məhsul istehsalının artırılması barədə dəfələrlə yazmışıq. Hətta, çəkinmədən deyə bilərik ki, bu məsələləri əcnəbi ekspert və mütəxəssislər də elə təxminən bizim özümüz qədər təqdir ediblər. Ancaq bu gün beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər fonunda, Azərbaycanın iqtisadi inkişafının siyasi tərəflərini yada salmaq zərurəti yaranır. Yəni konkret iqtisadi göstəricilər, faktlar, rəqəmlər nə qədər çox olsa da, onların siyasi əhəmiyyəti daha çoxdur. Əlavə edək ki, bu məqam təkcə Azərbaycana aid deyil. Böyük siyasi çəkiyə malik olan ölkələrin hamısı öncə iqtisadi qüdrətə nail olublar. Biz həmin yolu keçirik. Ancaq sırf Azərbaycan reallıqları əsasında, Azərbaycan nümunələri yaratmaqla.

Təbii ki, istənilən dövlət beynəlxalq aləmdə söz sahibinə çevrilmək üçün əvvəlcə mənsub olduğu regionda liderliyi ələ almalıdır. Bu sahədə Azərbaycanın təcrübəsi fəxr və iftixar hissi yaradan səhifələrlə doludur. Prezident İlham Əliyev qeyd edilən konfransdakı giriş nitqində həmin məsələ ətrafında geniş danışmışdır: “Azərbaycan regionda çox mühüm rol oynayır. Bu, reallıqdır, bu həqiqətdir və bu həqiqəti biz yaratdıq. Nə enerji mənbələrimiz, nə coğrafi vəziyyətimiz öz-özlüyündə bu vəziyyəti bizim üçün yarada bilməz. Ancaq düşünülmüş siyasət, prinsipial mövqe, müstəqil siyasət və əlbəttə ki, coğrafi vəziyyət və bölgədəki vəziyyətə bizim münasibətimiz və təsirimiz bütün bu gözəl şəraiti bizim üçün yaradır”. Yəqin ki, hörmətli oxucuların diqqətindən yayınmadı. Biz yazının əvvəlində qeyd etmişdik ki, avropalı ekspert və mütəxəssislərin fikrincə Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanmasının əsas səbəbləri təkcə təbii sərvətlər deyil, həm də dövlətin yeritdiyi siyasətdir. Budur, dövlət başçımızdan gətirdiyimiz sitatda həmin arqumentin daha da əsaslandırılmış, üstəlik ən mötəbər şəxsin dilindən səslənən variantını eşitdik.

Başqa bir məqama diqqət yetirək. Biz yuxarıda qeyd etdik ki, bu gün beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Azərbaycanın mövqelərini müdafiə etməklə bizim ölkənin perspektivdəki inkişafına, həmin inkişaf nəticəsində qazandığımız siyasi nüfuza böyük ümidlə baxır, beş-on il sonrakı vəziyyətə hesablanmış addımlar atırlar. Həmin məqamı Prezident İlham Əliyevin martın 12-dəki konfransda söylədiyi nitqində də görürük: “Biz uzunmüddətli inkişaf perspektivlərimizi də bilirik. Ona görə ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi, özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək”. Təbii ki, Azərbaycan dövlətinin bu qətiyyətini görən əcnəbi siyasətçilər ölkəmizin gələcəyinə böyük inam və ümidlə baxır, Azərbaycanla əmədaşlığın perspektivinə çox böyük önəm verirlər.

Ancaq çox təəssüf ki, həmişə belə olmur. Azərbaycanın hərtərəfli inkişafını gözü götürməyən bəzi beynəlxalq qüvvələr ikili standartlardan əl çəkməməklə öz həqiqi simalarını ortaya qoyurlar. Belə qüvvələrin təmsilçiləri və züytutanları martın 12-də Azərbaycan Prezidentindən çox kəsərli mesaj aldılar: “Beləliklə, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənəcəkdir. Bunun nəticəsi olaraq ölkəmizin müstəqil siyasət aparmaq imkanları daha da genişlənəcəkdir. Bilirəm ki, bəzi xarici dairələrin xoşuna gəlmir ki, Azərbaycan sərf etməyən təşəbbüslərə qoşulmur, öz xalqının mənafeyini hər şeydən üstün tutur, öz xalqının milli maraqlarını heç kimə güzəştə getmir. Bilirəm ki, bəzi xarici qüvvələr bundan o qədər də razı deyillər. Amma bu, bizim problemimiz deyildir. Bizim problemimiz öz milli maraqlarımızı müdafiə etmək, Azərbaycan xalqının təhlükəsizliyini, sosial rifahını təmin etmək, ölkəmizi uğurla inkişaf etdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz etmək, bölgədə imkanlarımızı genişləndirməkdir”.

Görünür, xaricdəki mütərəqqi qüvvələr, xüsusən, dostlarımız və etibarlı tərəfdaşlarımız rəsmi Bakının qətiyyətini, dövlət başçımızın siyasi iradəsini və milli mənafe baxımından nümayiş etdirdiyi prinsipiallığı yüksək qiymətləndirərək Azərbaycanın sabahına inamla, ümidlə baxırlar. Bu inamın əsas təməllərindən biri isə ulu öndər Heydər Əliyevin işləyib hazırladığı siyasi kursdur ki, məhz bütün uğurlarımızı həmin kursun ardıcıl həyata keçirilməsi nəticəsində əldə edirik.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 16 mart.- S. 2.