İkibaşlı siyasət təhlükəli
oyundur
Tarix boyu böyük dövlətlər gücündən,
qüdrətindən istifadə edib dünyada öz
maraqlarına uyğun nizam yaratmağa çalışıb.
Bu zaman onlar kiçik, zəif xalqları öz tərəfinə
çəkmək üçün hər vasitəyə əl
atıb, qonşu dövlətlərin ziddiyyətlərindən
məharətlə yararlanıblar. Son 2 əsrin sürətli
elmi-texniki inkişafı həyatın məzmununu, cəmiyyətlərin
yaşam tərzini kökündən dəyişsə də,
dünya siyasətinin xarakteri əvvəlki kimi qalır. Ədalət,
dostluq, qardaşlıq pərdəsi arxasında
haqsızlıq, düşmənçilik, saxtakarlıq
özünü tez-tez göstərir.
XX əsrdə erməni
toplumu türk soyuna qarşı əsassız iddiaları ilə
Anadoluda və Qafqazda böyük dövlətlərin
maraqlarının həyata keçməsində alətə
çevrilib. Başabəla ermənilər Osmanlı, İran
və Rusiya imperiyaları arasında ziddiyyətlərin
körüklənməsi prosesində katalizator rolunu həvəslə
yerinə yetiriblər. Digər imperialist dairələr də
bu proseslərdə ermənilərdən yararlanmağa
çalışıblar. Birinci Dünya müharibəsi
dövründə maraqlı dövlətlər erməniləri
daha da fəallaşdırıblar. Nəticədə, Rusiya tərəfinə
xidmət göstərən ermənilər Qafqazdakı
türk torpaqlarında özlərinə dövlət
yaratmağa nail olmuş, Osmanlı imperiyası daxilində
müxtəlif dairələrə nökərçilik edən
ermənilər isə yerində otuzdurulub, zərərsizləşdirilib.
Bu xəyanətkar hərəkətləri
ilə ermənilər saysız-hesabsız türk məskənini
xaraba qoyublar, yüz minlərlə günahsız türkü
qətlə yetiriblər. Bütün bunları
ört-basdır etmək üçün onlar neçə
illərdir ki, öz havadarları ilə birlikdə “erməni
soyqırımı” yalanını uydurub dünyanı
aldatmaq, yeni fitnə-fəsadlara yol açmaq siyasəti
yeridirlər. Son illər susmaq bilməyən “erməni
soyqırımı” təbliğatı, bu yalanın
böyük siyasət meydanına çıxarılması
imperialist dairələrin Türkiyə öndə olmaqla
bütün türkdilli dövlət və toplumlara
qarşı növbəti hücumu üçün
ideya-siyasi əsas yaratmağa yönəldilib.
Belə olmasaydı son
günlərdə bir həftənin içində ABŞ-da və
İsveçdə parlament səviyyəsində erməni
yalanına “yaşıl işıq” yandırılmazdı. Özü
də bu yalanın mahiyyətini onu həqiqət kimi qəbul
edənlərin özləri də yaxşı bilirlər. ABŞ
Konqresi nümayəndələr palatası xarici əlaqələr
komitəsində və İsveç parlamentində səsvermə
zamanı təxminən eyni miqdarda deputat bu yalanı qəbul
etməyib. Lakin nəyin bahasına olursa-olsun, 1-2 səs
artıq səsə nail olmaqla saxta soyqırım layihəsinin
təsdiqinə nail olanlar öz məkrli məqsədlərini
açıq-aydın ortaya qoyublar. Hədəf Türkiyədirsə,
demək, həm də Azərbaycandır, türk
dünyasıdır. Ona görə də bu gün hər bir
türk övladı, hər bir namuslu insan bu həyasızlığa,
haqsızlığa qarşı səsini qaldırmalı,
etirazını bildirməli, erməni yalanlarının
iç üzünü, onların havadarlarının
çirkin məqsədlərini açıb göstərməlidir.
Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyası daxilində baş verən qanlı hadisələrin mahiyyəti yaxın keçmişin tarixinə az-çox bələd olanlar üçün aydındır. Rusiya və Antanta tərəfindən qızışdırılan Osmanlı vətəndaşı olan ermənilər Anadoluda və Qafqazda dinc türk əhalinin qanını axıtmışlar. Bu soyqırımın qarşısını almaq üçün o vaxtkı Osmanlı dövləti rəhbərliyi erməniləri xüsusi mühafizə altında imperiyanın təhlükəsiz ərazisinə köçürmüşdür. Dünya müharibəsi cəbhələrində, döyüşlərdə, türklərə qarşı basqınlarda ölən silahlı ermənilərin, ümumiyyətlə, tələf olanların sayı 250-300 min nəfərdən çox olmamışdır.
Bəs şişirdilə-şişirdilə 1,5—2 milyon nəfərə qaldırılan rəqəmlər haradan alınıb? Axı o vaxt Avstraliyadan Amerikayadək bütün dünyada bu qədər erməni yox idi. Yalanın, həyasızlığın da bir həddi-hüdudu olar. Əvvəla, o vaxt ermənilərin özlərinin bais olduqları və köçürülmə ilə nəticələnən hadisəni heç bir ölçü ilə soyqırım adlandırmaq olmaz. İkincisi, müharibə zamanı ölən ermənilərin sayı dəfələrlə şişirdilir. Əslində, o zaman Osmanlı dövlətinin silah-sursatını ələ keçirmiş, Rusiya və Antanta dövlətləri tərəfindən silahlandırılan ermənilər Anadoluda və Qafqazda türkdilli əhaliyə qarşı əsl soyqırım törətmişlər.
O vaxt ermənilərin viran qoyduqları obaların mənzərəsi, faciələrin izləri hələ də bu vəhşiliyə şahidlik edir. Mənim babalarımın yaşadığı Zəngəzurun Şəki kəndinin dinc əhalisini də 1918-ci ildə quldur Andranikin dəstəsi oda qalayıb. Babam Kərimin 2 qardaşını gözləri qarşısında işgəncə ilə öldürüblər. Atam 14 yaşlı Məmmədxan təsadüf nəticəsində sağ qalıb, Qarabağa qaça bilib. İndi Azərbaycanda elə bir ailə tapmaq olmaz ki, ermənilər öz vəhşilikləri, qanlı əməlləri ilə ona ölüm-bədbəxtlik gətirməmiş olsun.
Qondarma soyqırım havadarlarını isə həqiqət deyil, Türkiyəyə təzyiq göstərmək, erməniləri yeni cinayətlərə şirnikləndirmək düşündürür. Yəni Türkiyəni nə qədər sıxsan, döysən, günahlandırsan o qədər çox fayda götürərsən... Zəifləyəcək Türkiyənin üzərindən aşıb yeni məqsədlərə çatmaq olar... Özgə torpaqlarında dövlət quran, türk qanı axıtmaqla arxasında duranları sevindirən ermənilərin ötən əsrin əvvəllərində də, sonunda da törətdiyi münaqişə və qırğınlar bax bu siyasətdən qaynaqlanır, güc alır.
“Soyqırım aşiqləri”nə haqq-ədalət lazımdırsa gözlərinin qabağında törədilən Xocalı soyqırımına niyə göz yumur, qulaq bağlayırlar? Belələri niyə 20 ildən bəri çöllərə səpələnmiş, ən ağır şəraitdə yaşayan 1 milyon azərbaycanlı qaçqın-köçkünün bu halına ermənilərin bais olduğunu dilə gətirmirlər? Böyük dövlətlərin dildə bir, əməldə isə başqa bir mövqe göstərməsi, nəhayət, biabırcasına üzə çıxmaqdadır. “Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək lazımdır” – deyən böyük dövlətlər Ermənistanı işğalçılıq əməlindən geri döndərmək əvəzinə, daha da həvəsləndirir, mükafatlandırırlar.
Olmayan “soyqırım”ı təsdiq etməklə böyük dövlətlər bir vaxt bütün dünyaya bəla olacaq “erməni xəstəliyi”ni şiddətləndirirlər. Bir vaxt Hitler Almaniyasını keçmiş SSRİ-yə qarşı yönəldənlər çox keçməmiş özləri faşizmin qurbanı oldular. Bu gün Türkiyəyə, Azərbaycana meydan oxuyan Ermənistan, şəksiz, nə vaxtsa ABŞ-a, Rusiyaya, Fransaya, elə İsveçin özünə də təpik atacaq, buynuz göstərəcək.
Türkiyə dövlətinin sələfi olan Osmanlı imperiyası həmişə kiçik xalqları himayə edib. Belə olmasaydı ermənilər onun ərazisində artıb-çoxalmaz, əmin-amanlıqda yaşamaz, bir çoxu isə ali mənsəbə çata bilməzdi. Çağdaş Türkiyə dövləti bütün xalqlarla dostluq, qardaşlıq, qarşılıqlı fayda şəraitində yaşamaq siyasəti yeridir. Türkiyənin ABŞ-la münasibətləri strateji əməkdaşlıq müstəvisindədir. Qardaş ölkə Avropa ilə bir ailə olmağa can atır. ABŞ-da və Avropada erməni lobbilərinin təsirinə düşən siyasətçilər isə Ermənistanla Türkiyə, eləcə də Azərbaycan arasında münaqişəni dərinləşdirmək xətti yeridirlər. Amma ABŞ-ın da, Avropa dövlətlərinin də strateji maraqları Türkiyə və Azərbaycanla dostluq əlaqələrini möhkəmləndirməklə bağlıdır.
Türkiyə və Azərbaycan Avropanın ümumi inkişafında, enerji təhlükəsizliyində önəmli rol oynayır. ABŞ Türkiyə ilə strateji əməkdaşlıq tarixinə kölgə salan, faydalı münasibətləri korlayan addımlar atmaqdan çəkinməlidir. Bu gün sağlam məntiq erməni yalanlarına dəstək verməyin əleyhinədir. Çağdaş dünyada ikibaşlı siyasət heç kəsə fayda gətirmir. Avropa ilə Asiyanın, Şərqlə Qərbin, Şimalla Cənubun qovuşuğunda ABŞ-a və Avropaya regionda güclü mövqeyi olan Türkiyə və Azərbaycan lazımdır, yoxsa böyük dövlətlərin oyununda alət olan Ermənistan? Bu çağdaş dünya siyasətinin ən önəmli məsələlərindən biridir. Türkiyə və Azərbaycanı incik salan, itirən Qərb özünün Şərqə, türk-islam aləminə sərbəst çıxışını əngəlləyə bilər.
Mən “Əsrin müqaviləsi” kimi böyük bir layihənin reallaşmasında yaxından iştirak edən, bir sıra beynəlxalq məclislərdə Qərbdəki həmkarlarımla tez-tez görüşən, sıx təmasda olan, neft geofizikası sahəsində çalışan və tanınan bir alim kimi inanıram ki, əvvəllər olduğu kimi, bu dəfə də bəlalı, xəstə erməni kampaniyası cilovlanacaq. Qloballaşan dünyada layiqli yerini tutan Türkiyə və Azərbaycana qarşı ədalətsiz münasibətə, nəhayət, son qoyulması dünyada xoş gələcəyin təminatı kimi günün siyasi zərurətidir.
Kərim KƏRİMOV,
AMEA-nın müxbir üzvü,
əməkdar elm və texnika xadimi,
(karikatura müəllifindir)
Xalq qəzeti.- 2010.- 17 mart.- S. 5.