Azərbaycan dövlətçiliyi
ağır sınaqlardan şərəflə
çıxmışdır
1995-ci ilin martında Azərbaycanda dövlət
çevrilişi cəhdinin qarşısı müdrikliklə
alındı
1993-cü ildə
ümummilli lider Heydər Əliyev xalqın təkidli
xahişi ilə hakimiyyətə gəldikdən sonra, ilk
növbədə, ölkədə ciddi nizam-intizam
yaratmağı, baş alıb gedən anarxiyanın, xaosun,
özbaşınalığın qarşısını
almağı, qeyri-qanuni silahlı dəstələri ləğv
etməyi qarşısına prioritet məsələ kimi
qoydu.
Təbii ki,
özbaşınalığa adət etmiş bir qrup adam
öz hegemonluğundan əl çəkmək istəmirdi. Əllərində
saxladıqları qeyri-qanuni silahlı dəstələr
hesabına addımbaşı ictimai-siyasi sabitliyi pozur,
insanları daim vahimə içərisində saxlayır,
qayda-qanunlara əməl etmək istəmirdilər. Ümummilli
lider Heydər Əliyevin isə tələbi çox ciddi idi:
qeyri-qanuni silahlı dəstələr ləğv edilməli,
hər kəs qanunlara tabe olmalıdır.
1994-cü ilin
okyabrında və 1995-ci ilin martında Azərbaycanda dövlət
çevrilişi etmək xülyaları və cəhdləri
baş verdi. Bu çirkin əməllərə, şərəfsiz
fəaliyyətə o vaxtlar Xətai rayon prokuroru vəzifəsində
çalışan Mahir Cavadov və Daxili İşlər
Nazirliyi nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsinə
rəhbərlik edən, eyni zamanda, nazir müavini vəzifəsini
daşıyan Rövşən Cavadov qardaşları rəhbərlik
edirdilər.
1994-cü ilin oktyabr
hadisələrindən sonra ümummilli lider tərəfindən
əfv edilən Rövşən Cavadov 1995-ci ilin martında
çirkin əməllərini yenidən davam etdirdi. Bu dəfə
dövlətə qarşı cinayət Qazax – Ağstafa
bölgəsində başlandı. Sonra R.Cavadov birbaşa
Daxili İşlər Nazirliyinin nəzdində olan XTPD-nin
bazasına gedərək oradan hakimiyyətə ultimatumlar
verdi. Onun və rəhbərlik etdiyi silahlı dəstənin
qarşıya qoyduğu əsas vəzifə bundan ibarət
idi: Prezident Sarayını zəbt etmək, Azərbaycan
Prezidentini ya öldürmək, ya həbs etmək, Ali Soveti,
Azərbaycan Milli Televiziyasını və Daxili İşlər
Nazirliyini zəbt etmək. Bu tədbirlərin necə həyata
keçiriləcəyi, kimlər tərəfindən icra ediləcəyi
də artıq planlaşdırılmışdı. Bu
çirkin əməliyyatlara rəhbərlik edən
Rövşən Cavadov qanuni dövləti, hakimiyyəti silah
gücünə devirəcəyini gizlətmirdi. O, müxtəlif
bəyanatlar verərək hakimiyyətə hədə-qorxu gəlirdi.
Onun verdiyi bəyanatlara diqqət yetirin: “Bunlar haradan qüvvə
gətirsələr də, mümkün deyil. Bunlar bizimlə
bacaran deyillər”, “...Necə istəyirsiniz elə edin. Mən
sözümü dedim... vətəndaş müharibəsi,
dünya müharibəsi, necə istəyirsiniz, bunu
adlandırın. Əgər onlar getməsələr, istefa
verməsələr, biz onları zorla devirəcəyik”. “Biz
hakimiyyətə gələcəyik. Ölkə rəhbərliyində
mənim yerim isə Dövlət Şurası
yaradıldıqdan sonra kollegial surətdə müəyyənləşdiriləcək”.
Göründüyü
kimi, Rövşən Cavadov günahsız insanların
qanını tökmək yolu ilə hakimiyyətə gəlməyi
gizlətmirdi. Belə insanlarda milli təəssübkeşlik,
vətənpərvərlik hissləri, xalqına, dövlətinə
qarşı heç vaxt məhəbbət olmur. Hətta
ümummilli lider ona dəfələrlə müraciət etsə
də, hətta Rövşənin atası Bəxtiyar Cavadovu
ağsaqqal kimi dəyərləndirib oğluna öyüd-nəsihət
verməyi, tutduğu cinayətkar yoldan çəkindirmək
barədə tövsiyələr versə də, R.Cavadov
dövlət çevrilişi cəhdindən əl çəkmədi.
Bütün problemləri sülh yolu ilə, qan tökülmədən,
dinc vasitələrlə aradan qaldırmağa
çalışan ulu öndər bu dəfə də
yüksək humanistlik nümayiş etdirdi, silahlı dəstə
üzvlərini əfv edəcəyini bildirdi. Lakin o, qan
tökmək inadından yenə də əl çəkmədi
və “ultimatumlarını” davam etdirdi.
1995-ci il martın 15-də ümummilli lider Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etdi. Ulu öndər 1993-cü ildən – hakimiyyətə gələn gündən görülən işlər barəsində xalqa ətraflı məlumat verdi. Bir daha aydın oldu ki, Azərbaycanın daxili və xarici siyasətində xeyli irəliləyiş əldə olunub. Artıq Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmə nüfuz edir, əlaqələrini möhkəmləndirir, iqtisadi cəhətdən inkişaf edir. Dünyanın ən iri şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə meyil göstərirlər. Belə bir şəraitdə bir qrup silahlı dəstə Azərbaycanda dövlət çevrilişi etməyə cəhd göstərir. Ulu öndər xalqa müraciətində demişdir: “...Onlar vətəndaş müharibəsinə başlayıblar. Rövşən Cavadov və onun dəstəsi tökülən qanların günahkarlarıdır. Bilirsiniz, XTPD-nin yerləşdiyi 8-ci Kilometrdəki bazaya cinayətkarları toplayırlar. Bu ağır vəziyyətimizdə gəncləri tərbiyə etmək əvəzinə, cinayətə sövq edirlər, onlara silah paylayırlar, dövlət əleyhinə çıxmaq istəyirlər. Onlar Nizami Rayon Polis İdarəsinə hücum ediblər. Polis əməkdaşları o hücumun qarşısını alıblar, qəhrəmanlıq göstəriblər. İki nəfər polis əməkdaşı yaralanıb. Beləliklə, Ağstafada, Qazaxda, gəlib Bakıda da qan töküblər. Düzdür, XTPD-dən də biri həlak olub və bəlkə də o, günahsız bir zavallıdır. Allah ona da rəhmət eləsin. O da vətəndaşımızdır, o da Azərbaycan Prezidenti kimi mənim vətəndaşımdır. Onun cinayət yoluna düşməsi özünün gunahı deyil, Cavadovların günahıdır. Bütün o tökülən qanlara günahkar onlardır”.
Ulu öndər cinayətkar dəstəyə də müraciət edərək demişdir: “8-ci Kilometr qəsəbəsində yerləşən Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə – Daxili İşlər Nazirliyinin əməkdaşlarına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm: Bu əməlinizdən, cinayətkar niyyətlərinizdən əl çəkin, bu yoldan çəkinin, düz yolda deyilsiniz. Tökdüyünüz qanlar, etdiyiniz cinayətlər bəsdir! Təklif edirəm, kim mənim bu çağırışıma səs verirsə, oradan çıxsın və o, cəmiyyətdə də, Daxili İşlər Nazirliyində də öz yerini alacaqdır. Ümumiyyətlə, dəstəyə və Rövşən Cavadova deyirəm: Bu cinayətkar əməllərinizdən əl çəkin, təslim olun! Silahlar bu gün təhvil verilməli, oradan çıxıb hərə öz yerinə getməli, təslim olmalıdır. Dövlətlə dövlətçilik etmək olmaz. Azərbaycanın dövləti var, xalq tərəfindən seçilmiş Prezidenti var”.
Ulu öndər Azərbaycanın dövlətçiliyini son damla qanına qədər qoruyacağını, dövlətçiliyimizə təcavüz edən adamların cəzasını da qanun çərçivəsində verəcəyini bildirdi. Lakin cinayətkar dəstə bütün bunlardan bir nəticə çıxarmadı. Xalq isə dövlətimizin başçısının daxili və xarici siyasətini dəstəklədiyini bildirdi, onun ətrafında daha sıx birləşdiyini nümayiş etdirdi. Biz hələ 1994-cü ilin oktyabr hadisələri zamanı da bunun şahidi olmuşduq. Ulu öndərin bir çağırışı ilə yüz minlərlə insan qısa vaxt ərzində bir yerə toplaşdı, ulu öndərlə həmrəy olduqlarını bildirdilər. Təəssüf ki, Cavadov qardaşları bu həmrəyliyi də nəzərə almadılar. Martın 16-dan 17-nə keçən gecə XTPD üzləri hücuma keçərək atəş açdılar və dörd əsgərimizi öldürdülər. Bundan sonra öz çirkin niyyətlərini həyata keçirməyə başladılar. Lakin əsgər və zabitlərimiz mərdlik, cəsarət göstərdilər, Azərbaycan dövlətçiliyini, qanuni hakimiyyəti, müstəqilliyimizi qoruyub saxladılar. Ulu öndərin müdrikliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alındı.
Bu hadisələrdən on beş il keçir. Ötən müdət ərzində Azərbaycan müstəqil dövlət kimi daha da inkişaf etdi, əlaqələri genişləndi, mövqeləri möhkəmləndi. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin müdrikliyi və qətiyyəti, uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub saxlanıldı, daha da davamlı oldu. Ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu.
Bu gün qazandığımız bütün uğurlara, iqtisadi inkişafa, Azərbaycanın dünya birliyində nüfuz sahibi olmasına görə xalq ulu öndər Heydər Əliyevə borcludur.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 17 mart.- S. 8.