Dövlət Proqramının
işığında
Biləsuvar: ilbəil gözəlləşən
diyar
Məlum olduğu kimi, martın
12-də paytaxtın Dənizkənarı Milli Parkında
istifadəyə verilmiş Bakı Biznes Mərkəzində
keçirilən konfransda dövlətimizin
başçısı ölkənin sosial-iqtisadi və ictimai-siyasi
vəziyyətinin çox müsbət və ürəkaçan
olduğunu vurğulamış, birinci regional inkişaf
proqramının və həmçinin ikinci Dövlət
Proqramının icrasının ilk ilinin yekunlarını
müsbət qiymətləndirmişdir. Ölkəmizin hər
yerində olduğu kimi, Biləsuvar rayonunda da sosial-iqtisadi
inkişaf sahəsində ötən illərdə sanballı
uğurlar əldə edilmiş, yeni-yeni istehsal və emal
müəssisələri işə salınmış,
müasir infrastrukturun formalaşmasına nail olunmuşdur.
İlyarım öncə dövlətimizin başçısı İlham Əliyev Biləsuvarda olarkən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə burada görülən işləri təqdir edib. Rayon haqqında ən yüksək səviyyədə söylənən fikirlər biləsuvarlıları hədsiz sevindirib, onların yaradıcılıq-quruculuq əzmini daha da artırıb.
...Biləsuvar orta əsr Azərbaycanının şəhər tipli yaşayış məntəqəsi olub. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünüb. Rusiya tərkibinə qatılan şimal hissəsinin əhalisi 1914-cü ildə sərhədlər möhkəmləndirildikdən sonra 20-40 kilometr aralıda ruslar üçün salınmış məntəqələrə köçürülüb. Nəticədə vaxtilə Rusiyadan sürgün edilmiş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilib. Səkkiz il sonra rayonun adı dəyişdirilərək Puşkin olub. Sonradan bir il bu rayon Cəlilabadın tərkibinə qatılıb, 1964-cü ildə yenidən ayrılıb. SSRİ dağıldıqdan sonra, 1991-ci ildən onun tarixi adı özünə qaytarılıb.
Zəmanəmizdə hamının tanıdığı Əhmədağa Muğanlı, Ağayar Şükürov, İdris Ağayev, Bəhlul Abdullayev, Cəlal Məmmədli, Əlibala Hacızadə, Zamin Mahmudov kimi yazıçı və alimlər, əmək qəhrəmanı Qızqayıt Həsənova və başqaları Biləsuvar əsillidirlər.
İcra hakimiyyətinin başçısı Adil Məmmədov Biləsuvarın inkişafına dövlət qayğısını layiqincə reallaşdıran, idarəetmə təcrübəsini bacarıqla tətbiq edə bilən rayon rəhbərlərindəndir. Bir qayda olaraq, Dövlət Proqramı üzrə aparılan işlərdən, qazanılan nailiyyətlərdən böyük həvəslə danışır. Bu dəfə o, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə ötən il Biləsuvar dolama yolunun çəkilməsini əsas inkişaf göstəricisi kimi dəyərləndirdi. 12 kilometr uzunluğu olan bu yolda 27 qurğu, 2 körpü və asfalt-beton örtük tikilərək istifadəyə verilib. Kənarlarına çoxlu ağac əkilib. Bu yolun istifadəyə verilməsi həm şəhər daxilində nəqliyyat sıxlığının qarşısını alıb, həm də cənub rayonlarına gedib-gələn yolçuların rahatlığını təmin edib.
“Biləsuvar AQRO” MMC-nin yeni tikilmiş süd zavodu ən müasir avadanlıqla təmin edilib. Regionda analoqu olmayan müəssisədir. Burada quru süd, kərə yağı istehsal olunur. Gözəl perspektivi olan zavod tikilən, böyüyən və gözəlləşən Biləsuvarın tərəqqi nümunəsidir.
Əzəmətli Heydər Əliyev parkı, ulu öndərin möhtəşəm abidəsi, buradakı muzey, istirahət guşələri, Gənclik mərkəzi yüksək zövqlə yaradılıb.
Biləsuvar Olimpiya İdman Kompleksi müasirliyi və gözəlliyi ilə diqqət çəkir. Bu yeni kompleksin rayonda idmanın inkişafına tezliklə güclü təkan verəcəyi şübhəsizdir.
“Zirvə” istirahət mərkəzi biləsuvarlıların mədəni tədbirlərinin ünvanına çevrilib. Elə bu yaxınlarda “Zirvə”də Beynəlxalq Qadınlar Günü münasibətilə olduqca maraqlı və yaddaqalan bir bayram tədbiri düzənlənmişdi.
Biləsuvarda il-ildən
uğurlu gəlir. Ötən ilin yekunları da bunu aydın
göstərir. Bütün sahələrdə irəliləyiş
olub. Camaatın həyat şəraiti bir qədər də
yaxşılaşıb. Statistik rəqəmlərin şərhi
bu barədə dolğun təsəvvür yaradır.
Rayonda ümumi daxili məhsul
istehsalı 91,2 milyon manat təşkil edib. Bunun 84,8 faizi kənd
təsərrüfatına aiddir. Rayonun iqtisadiyyatına il ərzində
21,1 milyon manatlıq investisiya qoyulub. Qeyri-dövlət sektorunda
istehsal və xidmətin xüsusi çəkisi ilbəil
artır. Ötən il bu bölmədə ÜDM sənaye
üzrə 1,5 milyon manat olub ki, bu da əvvəlki ildəkindən
iki dəfə çoxdur. Əhaliyə göstərilən
ticarət xidmətinin səviyyəsi 22,9 faiz artaraq pərakəndə
əmtəə dövriyyəsi 22,4 milyon manat təşkil
edib.
Prezident İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, Dövlət Proqramının əsas
hədəfləri region əhalisinin həyat səviyyəsinin
yaxşılaşması, sahibkarlığın durmadan
inkişaf etdirilməsidir. Son altı ildə Biləsuvarda
işləyən vətəndaşların aylıq əməkhaqqı
dinamik şəkildə artıb. Əgər 2004-cü ildə
bu göstərici 51,5 manat idisə, ötən il 189,1 manat
olub. Rayonda sahibkarlar təbəqəsi sürətlə
formalaşır. Hazırda 3124 sahibkarlıq subyekti fəaliyyət
göstərir. Onlardan 51-i sənaye, qalanı isə xidmət
və kənd təsərrüfatı
yönümlüdür. Ötən il Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən 42 belə subyektə
2 milyon manata yaxın güzəştli kredit verilib.
Regionların sosial-iqtisadi
inkişafı üzrə həyata keçirilən proqramlar
Biləsuvarda abadlıq-quruculuq işlərinin daha da genişlənməsini
təmin edir. 2009-2013-cü illəri əhatə edən cari
proqrama görə, bu il rayonun elektrik şəbəkələri
yenidən qurulacaq, hava elektrik xətləri izolyasiyalı
naqillərlə əvəz olunacaq. Proqram üzrə
qarşıdakı üç ildə Biləsuvarın
bütün yaşayış məntəqələrinin
qazlaşdırılması həyata keçiriləcək.
Hazırda 7 kəndin qaz təsərrüfatı bərpa edilməkdədir.
2012-ci ilə qədər rabitə sistemi də
bütünlüklə elektronlaşdırılacaq.
Ötən il Ələt-Astara
və Biləsuvar-Bəhrəmtəpə magistral yolunda təmir
aparılıb. Şəhər ərazisində 2,5 kilometr,
Xırmandalı, Bəydili, Əliabad, Bağbanlar, Dərvişli
kəndlərində 5 kilometr asfalt-beton örtüklü yol
çəkilib. Şəhərdə 30 kilometr, kəndlərdə
isə 50 kilometr yola qum-çınqıl səpilib.
Yanğından mühafizə
bölməsi və rayon prokurorluğu üçün yeni
inzibati binalar, əlil və şəhid ailələri
üçün 1 fərdi və 16 mənzilli bir ümumi
yaşayış evi tikilərək istifadəyə verilib.
Daxili imkanlar hesabına isə YAP-ın rayon təşkilatının
binası əsaslı təmir olunub. Müasir uşaq xəstəxanasının
tikintisində son tamamlama işləri gedir. İsmətli kəndində
yeni məktəb tikintisinə başlanıb. Aşağı
Cürəlidə ambulatoriya, 5 kənddə yeni poçt
binaları, şəhərdə və digər
yaşayış məntəqələrində müasir
hasarlar hörülüb, şadlıq sarayları
ucaldılıb. Təkcə daxili imkanlar hesabına il ərzində
2,3 milyon manatlıq tikinti, abadlıq və quruculuq işləri
reallaşdırılıb. O qədər də böyük
olmayan bir rayon üçün bu, çox sanballı göstəricidir.
Dövlət
Proqramının icrasının birinci ilində yaddaqalan
işlərdən biri də 8 kənddə içməli su təchizatının
yaxşılaşdırılması üçün modul
tipli təmizləyici qurğuların və bulaqların tikilməsidir.
Daha 16 kənddə belə qurğuların tikilməsi nəzərdə
tutulur.
Daha bir vacib məsələ.
Biləsuvarda il ərzində 54,2 min ağac əkilib.
“Ekologiya ili” ilə əlaqədar bu iş daha da genişləndiriləcək.
Təkcə yanvar ayında rayonda 4 min ağac əkilib. Şəhərin
küçələrində çoxlu qızılgül
kolu və dekorativ bitki basdırılıb. Bütün bunlar
rayona xüsusi yaraşıq verir. Amma, təəssüf ki, bəzi
sakinlər, lap elə Biləsuvardan keçib-gedən yolçular
bu əkinlərə yabançı münasibət bəsləyir,
gülləri, ağacları əzir, ya da kökündən
qoparıb aparırlar. Şəxsi mal-qarasını bəzək
və sağlamlıq əkinlərinin arasında otaran sakinlərə
də rast gəlmək olur ki, belələrinə
qarşı ciddi mübarizə aparılmalı, ictimaiyyət
barışmaz mövqe tutmalıdır.
Kənd təsərrüfatı
Biləsuvarın iqtisadiyyatında əsas yeri tutur. Təkcə
ötən il hər bir ailə bu sahədən 4386 manat gəlir
əldə edib. 5430 ton pambıq, 91514 ton dənli və dənli-paxlalı,
34585 ton tərəvəz, 3273 ton bostan bitkisi, 2939 ton kartof,
1007 ton günəbaxan, 25544 ton şəkər
çuğunduru, 67908 ton quru yonca otu və digər məhsullar
istehsal edilib. Rayonda taxıl istehsalını artırmaq
üçün toxumçuluğun inkişafına diqqət
artırılıb. Ötən il 91,5 min ton dənli bitki
istehsal olunub. Bu, rayonun tarixində ilk belə nailiyyətdir.
Ümumiyyətlə, kənd təsərrüfatında məhsul
istehsalının həcmi 55,4 milyon manatlıq olub.
Bakının satış-yarmarkalarına 2009-da 3 min ton, son
dörd ildə isə 10380 ton məhsul
çıxarılıb. Heyvandarlıq sahəsi genişlənib.
“Azərsun-Holdinq” şirkətlər
qrupu Biləsuvarın ərazisində 3400 hektar torpağı
icarəyə götürərək müasir texnologiyanın
tətbiqi ilə yüksək məhsuldarlığa nail olub.
Şirkətin konserv zavodunda buraxılan kənd təsərrüfatı
məhsulları yerli və xarici ölkə bazarlarına ixrac
edilir. Burada 1000-dən çox adamın məşğulluğu
təmin olunub.
Biləsuvarın təhsil, səhiyyə,
mədəniyyət, gənclərlə iş sahələrində
müəyyən irəliləyiş hiss edilir. Amma illik
hesabatda göstərildiyi kimi, bu sahələrin işində
çatışmazlıqlar da var. Bunların aradan
qaldırılması məqsədilə rayon rəhbərliyi
ciddi tədbirlər görür.
Bəli, Dövlət
Proqramının işığında Biləsuvar daha
aydın, daha gözəl və daha perspektivli
görünür. Rayonun ümumi mənzərəsi ürəkaçandır.
Burada həyata keçirilən bütün tədbirlərdə
insan amilinə böyük önəm verilir, əhalinin
rifahı əsas götürülür. Başlıcası
isə rayonda işgüzar mühit formalaşıb. Deməli,
uğurlar davamlı olacaq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 17 mart.- S. 5.