Soyqırımı: tarixin
qanlı səhifələri
1918-ci il martın 31-də və
ya ondan sonrakı bir neçə gün ərzində təpədən
dırnağadək silahlanmış erməni
daşnakları Bakıda, Şamaxıda, Qubada, Lənkəranda
və Azərbaycanın digər ərazilərində on minlərlə
günahsız insanı, qoca, cavan, qadın və
uşağı vəhşicəsinə qətlə
yetirmişlər. o vaxt ermənilər gəmilərlə Xəzər
dənizindən Kür çayına daxil olaraq, Neftçala
və Salyan rayonlarının sahilboyu kəndlərinin əhalisinə
də qanlı divan tutmuşlar.
Erməni millətçilərinin
xalqımıza qarşı apardıqları
soyqırımı və təcavüz siyasətinin iki
yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi
azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə
erməni tarixçilərinin və ideoloqlarının
uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
Rusiya və İran arasında aparılmış birinci və
ikinci müharibələrin (1804- 1813, 1826-1828-ci illər)
sonunda bağlanmış Gülüstan və Türkmənçay
müqavilələri (12 oktyabr 1813 və 10 fevral 1828-ci illər)
xalqımızın tarixi faciələrinə və Azərbaycanın
parçalanmasına səbəb olmuşdur. Nəticədə
Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi
isə İranın tərkibinə qatıldı.Türkmənçay
müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21
mart 1828-ci il tarixli fərmanı ilə İrəvan,
Naxçıvan və Qarabağ xanlıqları ərazisində
“Erməni vilayətinin” yaradılmasını elan etmişdir.
Vilayətin tərkibinə həmin dövrdə 7331 azəbaycanlı
və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri
də daxil edildi.
Ötən əsrin əvvəllərində
xalqımıza qarşı yürüdülən bu siyasət
nəticəsində azərbaycanlılar öz əzəli
torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru
itirmişlər. Azərbaycanın əhalisi 4 dəfə
(1905-1907,1918-1920,1948-1953 və 1988-1993-cü illər) erməni
millətçiləri tərəfindən insan ləyaqətini
alçaldan hərəkətlərlə müşayiət
olunan etnik təmizləməyə və deportasiyaya məruz
qalmışdır. 1905-1907 illərdə Rusiyadakı inqilabi
prosesdən və mərkəzin əyalətlərə nəzarətinin
zəifləməsindən istifadə edən ermənilər
Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad
və Qazaxda azərbaycanlılara qarşı kütləvi
qırğınlar, talanlar törətdilər, onları
yurdlarından didərgin saldılar. Həmin illərdə ermənilər
Gəncə və Qazaxda 200-dən artıq yaşayış
məntəqəsini dağıtmışdılar. Şuşa,
Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında
isə 75 Azərbaycan kəndi tamamilə viran qoyulmuşdur. 3431
ailə didərgin salınmış, 1683 azərbaycanlı
ailəsi erməni təcavüzünə məruz
qalmışdır.
1918-ci ilin mart
soyqırımı isə xalqımıza qarşı törədilmış
ən dəhşətli təcavüzlərdən biri
olmuşdur. Erməni daşnakları 3 gün ərzində
Bakıda 12 min azərbaycanlının həyatına son
qoymuş, qocaları, uşaqları, qadınları qətlə
yetirmiş, çoxlu abidəni məhv etmişlər. 220 kənd
bütövlüklə, 400- dən artıq kənd isə
qismən dağıdılmışdır. 1918-1920-ci illərdə
türk müsəlman əhalisinə qarşı aparılan
kütləvi qırğın təsadüfü deyildi. Bu,
Daşnaksütyün Partiyasının “Böyük Ermənistan”
yaratmaq planını reallaşdırmaq üçün
törədilən ən böyük soyqırımı siyasəti
idi. Sovet rəhbərliyinin qərarı ilə 1948- 1953-cü
illərdə 150 minə qədər azərbaycanlı indiki
Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya
olunmuş, 235 kəndin əhalisi soyqırımına məruz
qalmışdır.
Nəhayət, bundan gözləri doymayan erməni millətçiləri 1988-1989-cu illər soyqırımını törətdilər. Qərbi Azərbaycandan, hazırda Ermənistan adlandırılan ərazidən son nəfərədək azərbaycanlılar deportasiya edildi. 225 soydaşımız o günlərdə qətlə yetirildi, şəhər və kəndlərimiz yandırılıb məhv edildi. 1992-ci ildə ermənilər dünyada analoqu olmayan Xocalı soyqırımını törətdilər, insan adına yaraşmayan bəşəri cinayət etdilər. Bu soyqırımda 613 nəfər qətlə yetirildi, 487 nəfər yaralandı. 1375 nəfər girov götürüldü, 8 ailə tamamilə məhv edildi, 150 nəfər itkin düşdü. Erməni işğalçıları 1991-1993-cü illərdə Dağlıq Qarabağı və ətraf 7 rayonu — Laçın, Kəlbəcər, Qubadlı, Ağdam , Füzuli, Zəngilan, Cəbrayılı zəbt etdilər.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmişdir. Belə ki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və ilk dəfə olaraq azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları bəyan edilmişdir. Ulu öndər Heydər Əliyevin apardığı hüquq islahatları nəticəsində milli cinayət qanunvericiliyimizə də soyqırımı maddəsi daxil edilmişdir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, soyqırım dedikdə hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlüklə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini məhv etmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma, qrupun bütövlükdə və ya qismən məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür.
Beynəlxalq sənədlərdə də bu əməllər soyqırımı cinayəti kimi tövsif olunmuşdur.
Bu əsaslarla Ermənistan dövləti tarix boyu xalqımıza qarşı törətdiyi cinayətlərə görə Azərbaycan dövləti qarşısında məsuliyyət daşıyır. 1998-ci ildən etibarən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Prezident İlham Əliyevin hər il xalqımıza müraciəti bizi əsl vətənpərvər olmağa, sıx milli birliyə, məqsədyönlü fəaliyyətə səsləyir.
Kəmalə QULUBƏYOVA,
Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının əməkdaşı
Xalq qəzeti.- 2010.- 18 mart.- S. 5.