Yüksəliş və tərəqqini təmin edən
regional inkişaf strategiyası
Müsahibimiz “Xəzər” Səhmdar Cəmiyyətinin sədri,
iqtisad elmləri doktoru Qüdrət Kərimovdur.
— Martın 12-də Dənizkənarı
Milli Parkda yenicə istifadəyə verilmiş Bakı Biznes Mərkəzində
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr
olunmuş konfransda son altı ildə ölkəmizdə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi,
iqtisadiyyatın şaxələndirilməsi, regionların
iqtisadi potensialının tam hərəkətə gətirilməsi,
əlverişli biznes və investisiya mühitinin
formalaşdırılması ilə cəmiyyətin
aparıcı qüvvəsinə çevrilmiş sahibkarlara
göstərilən dövlət qayğısı və s.
barədə ətraflı söhbət getmişdir. Bir alim və
iş adamı olaraq, sizin də bununla bağlı fikirlərinizi
bilmək maraqlıdır...
— Son altı ilin sosial-iqtisadi
uğurlarının əldə olunmasında Azərbaycanın
davamlı və tarazlı tərəqqisinə yönəldilmiş
birinci regional inkişaf proqramı mühüm rol oynamışdır.
2004-2008-ci illəri əhatə edən həmin proqramın
icrası ölkəmizin sürətli inkişafını
reallaşdırmış, regionların sosial-iqtisadi mənzərəsini
əsaslı şəkildə
yaxşılaşdırmışdır. Bununla belə,
dövlət başçımız cənab İlham Əliyevin
də dəfələrlə qeyd etdiyi kimi, həyat öz
yerində dayanmır, qarşıya yeni vəzifələr
çıxır, problemlər meydana gəlir, onların həlli
isə yeni, daha mükəmməl proqramların qəbulunu və
həmin sənədlərin uğurla icra edilməsini tələb
edir. Məhz bu məqsədlə də ötən il aprelin
14-də ikinci regional Dövlət Proqramı qəbul edildi.
Yeri gəlmişkən, cənab İlham Əliyev birinci
regional inkişaf proqramının icrasına daim diqqət
yetirdiyi kimi, ölkənin sosial-iqtisadi inkişafına dair
2009-2013-cü illəri əhatə edən ikinci Dövlət
Proqramına da xüsusi əhəmiyyət verir, adı
çəkilən mühüm dövlət sənədinin
reallaşdırılması istiqamətində
görülmüş işləri ciddi nəzarətdə
saxlayır. Məhz elə bunun nəticəsidir ki, ötən
bir il ərzində Azərbaycanın bütün
regionlarında istehsal və emal müəssisələrinin
yaradılması, infrastruktur təminatının və
kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi,
müasir standartlara cavab verən sosial obyektlərin
inşası istiqamətində xeyli iş
görülmüşdür. İkinci regional Dövlət
Proqramı çərçivəsində nəzərdə
tutulmuş tədbirlərin icra vəziyyəti ilə şəxsən
tanış olmaq istəyən cənab İlham Əliyev bir
il ərzində regionlara 27 dəfə səfər edərək
istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət,
idman, turizm və digər sahələri əhatə edən
105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində
iştirak etmiş və 50-dən çox müxtəlif təyinatlı
müəssisənin fəaliyyəti ilə tanış
olmuşdur...
— Qüdrət müəllim,
ayrı-ayrı çıxışlarınızda da
bildirmisiniz ki, iqtisadiyyatın sabit tempini qorumaq
üçün regional inkişafda tarazlılığın,
tarixi məşğulluq ənənələrinin qorunması
vacib şərtlərdəndir.
— Dövlət
başçısı İlham Əliyevin son 6 illik iqtisadi
siyasətində regional inkişaf məsələlərinə
xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə
yönəlmiş dövlət proqramlarının, fərman
və sərəncamların imzalanması məhz həmin
reallığa əsaslanmışdır. 2004-cü il 11 fevral
tarixdə imzalanmış Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər) bu baxımdan xüsusi əhəmiyyət
daşımışdır. Dövlət proqramı regional
inkişafdakı kəskin fərqin aradan qaldırılması,
yerlərdə sosial-infrastruktur layihələrinin həyata
keçirilməsi, sahibkarlığın inkişafı
baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd
olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə
bağlı hər il hökumətin xüsusi müşavirələri
keçirilmişdir.
Dövlət
proqramının əsas qayəsi regionlarda
sahibkarlığın inkişafını sürətləndirmək
və oradakı əmək ehtiyatlarından, təbii iqtisadi
resurslardan kifayət qədər səmərəli istifadə
etməklə iqtisadiyyatın tarazlı və davamlı
inkişafına, infrastrukturun müasirləşdirilməsinə,
əhalinin məşğulluğunun artırılmasına,
yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan
ibarət olmuşdur. Proqram əsasında Azərbaycan
hökuməti 2004-2008-ci illər ərzində regionlarda kənd
təsərrüfatının, qeyri-neft sektorunun
inkişafına yardım göstərmiş, o cümlədən
emal müəssisələrinin yaradılmasını, xidmət
və digər infrastruktur obyektlərinin, turizmin
inkişafını və bütün bunların fonunda
çoxlu sayda yeni iş yerlərinin
açılmasını təmin etmişdir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı insan amilinə
xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil,
mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin
tikintisini, yeni yolların çəkilişini və əsaslı
bərpasını nəzərdə tutmuşdur. Proqramda əksini
tapmış bu tədbirlər insan amilinin yüksəlişinə,
mədəni-intellektual potensialın güclənməsinə,
mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda
təşəkkül tapmasına zəmin
yaratmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyev 2004-2008-ci illərdə respublikanın əksər
rayonlarına, o cümlədən Bakı kəndlərinə
səfərlər etmiş, regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı çərçivəsində
görülən işlərlə maraqlanmış,
tapşırıq və tövsiyələrini vermişdir.
Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq
Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və
Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər
və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə olaraq 17 sərəncam imzalamışdır.
Cənab İlham Əliyev beş ildə respublika
regionlarının bütün rayonlarına 127 səfər
etmiş, o cümlədən 6 dəfə Naxçıvan
Muxtar Respublikasında olmuş, yerlərdə görülən
işlərlə, xalqın həyat səviyyəsi ilə
maraqlanmış, tapşırıq və tövsiyələrini
vermiş, ölkənin abadlaşması və inkişafı
üçün əhəmiyyətli olan 500-dək müəssisə
və obyektin təməlqoyma və açılış mərasimlərində
iştirak etmişdir.
Dövlət
proqramının uğurlu icrası nəticəsində
ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində
yüksək artım əldə edilmiş, sosial-iqtisadi
inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi əhalinin həyat səviyyəsinin
yüksəlməsində mühüm rol
oynamışdır. 2004-2009-cu illər ərzində ümumi
daxili məhsul istehsalının həcmi 2,8 dəfə artaraq
onun adambaşına düşən həcmi 2009-cu ildə
4874,1 ABŞ dollarına çatmışdır. Eyni zamanda,
ölkənin iqtisadi təhlükəsizliyini təmin edə
biləcək valyuta ehtiyatları
formalaşdırılmışdır. Azərbaycanın
valyuta ehtiyatları 2003-cü ildə 3 milyard dollar artaraq 20
milyard ABŞ dollarını ötmüşdür. Bu göstərici
ölkənin xarici dövlət borcunu 6 dəfə üstələyir.
Regional inkişafa kompleks məsələ
kimi yanaşan dövlət başçısı İlham Əliyev
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin
gerçəkləşdirilməsi üçün
2009-2013-cü illəri əhatə edən analoji proqramın
hazırlanmasını da diqqət mərkəzində
saxlamışdır. Dövlət başçısı belə
bir sənədin hazırlanması barədə hələ
2007-ci ildə - regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramının imzalanmasının
dördüncü ilinə həsr olunmuş müşavirədə
məlumat vermişdir. Azərbaycan Prezidenti xüsusi
vurğulamışdır ki, qarşıda duran vacib vəzifələrdən
biri də məhz Azərbaycanın regionlarında
formalaşdırılan infrastrukturun Avropa Birliyi meyarlarına
çatdırılmasıdır: “Regionların
inkişafına dair ikinci proqramın nəticəsi bu
olmalıdır ki, Azərbaycanda bütün infrastruktur
dünya səviyyəsinə çatsın və Avropa
Birliyinin meyarlarına bərabər olsun. Bu,
bütövlükdə bizim siyasətimizin əsasıdır.
Avropa Birliyi ilə qonşuluq siyasətinə başlayanda, məhz
bu məqsədi qarşımıza qoymuşduq ki, beş il ərzində
Azərbaycanda mümkün olan bütün meyarlar Avropa
Birliyinin meyarlarına uyğunlaşdırılsın. İstər
siyasi məsələlər, siyasi sistem, istərsə də
iqtisadi, regional, infrastruktur baxımından Avropa Birliyinin təcrübəsi
çox müsbətdir və əlbəttə, əgər
biz növbəti illərdə buna nail olsaq, demək olar ki,
qarşımıza qoyduğumuz əsas məsələləri
həll etmiş olarıq. Ona görə çox vacibdir ki,
növbəti proqramda məhz bu meyarlar əsas
götürülsün və proqramın icrası
üçün lazımi tədbirlər görüləcəkdir”.
Dövlət
başçısı İlham Əliyevin 14 aprel 2009-cu il
tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas
məqsədi isə bu sahədə həyata keçirilən
siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Dövlət proqramında müəyyən edilmiş məqsədlərə
nail olmaq üçün qarşıdakı illərdə
ölkənin təbii və əmək potensialından səmərəli
istifadə etməklə qeyri-neft sektorunun sürətli
inkişafının təmin edilməsi; infrastruktur təminatının
yaxşılaşdırılması istiqamətində tədbirlərin
davam etdirilməsi; sahibkarlıq mühitinin
yaxşılaşdırılması ilə bağlı məqsədyönlü
tədbirlərin həyata keçirilməsi və
sahibkarlığın inkişafının daha da sürətləndirilməsi;
iqtisadiyyatın inkişafına investisiyaların cəlb
olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul
istehsalının stimullaşdırılması; müasir
tipli infrastruktur obyektlərinin yaradılması, mövcud
obyektlərin beynəlxalq standartlara
uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə
təminatının yaxşılaşdırılması; əhalinin
məşğulluq səviyyəsinin artırılması
istiqamətində tədbirlərin davam etdirilməsi;
yoxsulluğun səviyyəsinin azaldılması nəzərdə
tutulur.
Dövlət proqramında
müəyyənləşdirilmiş məqsədlərin
gerçəkləşdirilməsi baxımından ölkədə
makroiqtisadi sabitliyin qorunub saxlanılması vacib əhəmiyyət
kəsb edir. Qarşıdakı illərdə
bütövlükdə iqtisadiyyatın, o cümlədən
regionlarda ayrı-ayrı sahələrin inkişafının
başlıca şərtlərindən biri olan orta illik
inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul
səviyyədə saxlanılması, vergi dərəcələrinin
optimal həddə müəyyənləşdirilməsi, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına tətbiq edilən güzəştlərin
müddətinin artırılması, yeni iş yerlərinin
yaradılmasının stimullaşdırılması,
gömrük dərəcələrinin optimal səviyyədə
saxlanılması, xarici borcların səmərəli idarə
olunması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin
artırılması, inflyasiya risklərinin azaldılması,
büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi,
dövlət xərclərinin artımının nəzarətdə
saxlanılması və digər tədbirlər hesabına
makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun
inkişafına mənfi təsirlərin qarşısının
alınması növbəti illərdə də iqtisadi siyasətin
başlıca istiqamətləri hesab olunur.
— Birinci regional Dövlət
Proqramında olduğu kimi, ikincidə də
sahibkarlığın inkişafına xüsusi önəm
verilir...
— “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” regionların
davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün kompleks
tədbirlər müəyyənləşdirməklə
yanaşı, iş adamlarının fəaliyyəti
üçün də yaxşı imkanlar
açmışdır. Proqramda özəl sektorun dəstəklənməsi
ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər
təsdiqləyir ki, zəngin iqtisadi biliklərə malik olan,
dünyada baş verən iqtisadi prosesləri dərindən
bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində
sahibkarların rolunu düzgün dəyərləndirir və
onlara hərtərəfli dəstəyini əsirgəmir.
Əlverişli biznes və
investisiya mühiti yaratmaqla daxili və xarici investisiyalar cəlb
etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq yeni mərhələdə
də həyata keçirilən iqtisadi siyasətin səciyyəvi
xüsusiyyətlərindəndir. Vergi yükünün
azaldılması və vergi prosedurlarının
asanlaşdırılması məqsədilə fərdi
sahibkarlara tətbiq edilən gəlir vergisi 2009-cu il
yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin
mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən
tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə
endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi
hüququ əldə etmək məqsədləri
üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının
illik həcmi 90 min manatdan 150 min manatadək
artırılmış, ƏDV və aksizlər üzrə
elektron vergi hesab-fakturalarının tətbiqinə
başlanılmışdır.
Dövlət
başçısının müvafiq sərəncamlarına
əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı
və Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılması “bir pəncərə” prinsipinə uyğun
təşkil edilmişdir. Özəl sektorun
inkişafının sürətləndirilməsi, bu sahəyə
maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə
dövlət vəsaitləri hesabına sahibkarların
investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin
daha effektiv mexanizmi formalaşdırılmışdır. Təsadüfi
deyildir ki, 2009-cu ildə sahibkarlara 130 milyon manat güzəştli
kreditlər verilmiş, güzəştli kreditlərdən
yararlanan iş adamlarının sayı 2100-ü
ötmüşdür. 2009-cu ildə sahibkarlara verilmiş
güzəştli kreditlərin məbləği 2008-ci ilin
analoji göstəricisindən 1,5 dəfə çoxdur.
Güzəştli kreditlərlə
təmin olunmuş sahibkarlıq subyektlərinin 99,2 faizinin
regionlarda yerləşməsi də bölgələrin
inkişafına xidmət edən kompleks siyasətin əyani təzahürüdür.
— Dövlət
başçısı yuxarıda adı çəkilən
konfransda son illər Azərbaycanda sənayeləşmə
siyasətinin də uğurla həyata keçirilməsini
vurğulamışdır.
— Müasir dövrdə hər
bir ölkənin sabit və davamlı iqtisadi inkişafında
sənaye potensialının rolu böyükdür. Azərbaycan
hazırda öz inkişafının elə yüksək mərhələsindədir
ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə,
bu sahəyə diqqətin artırılmasını aktual məsələ
kimi gündəmə gətirir. Yalnız sənayenin
inkişaf etdirilməsi yolu ilə gələcəkdə neft
hasilatının aşağı düşməsi təqdirdə
Azərbaycanın üzləşə biləcəyi maddi
itkiləri kompensasiya etmək mümkündür. Azərbaycan
Prezidenti İlham Əliyev bu sahədə həyata
keçirilən dövlət siyasətini vahid mərkəzdən
tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin
daha da artırılmasını təmin etmək məqsədilə
2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin
yaradılmasına qərar vermişdir. Şirkətin başlıca
vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini
təmin etmək, bu sahədə mövcud problemlərin aradan
qaldırılmasına çalışmaqdır. Şirkət
eyni zamanda, xarici sərmayədarlarla birgə layihələr həyata
keçirməklə, onlarda inam və etimadın güclənməsini
təmin etməlidir.
Sənaye potensialının
gücləndirilməsi dedikdə, söhbət əsla
keçmiş İttifaq dövründə olduğu kimi,
dövlətin nəzarətində olan strateji müəssisələrin
yaradılmasından getmir. Prezident İlham Əliyev dövlətin
bu sahədəki siyasətini, sadəcə, sahibkarlığa
kömək tədbirlərinin davamı hesab edir və
perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli
sənaye kompleksinin formalaşmasına
çalışır. Cənab İlham Əliyev hesab edir ki,
hökumət öz tərəfindən bu cür müəssisələrin
normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla
birgə qlobal layihələr həyata keçirməsinə
etibarlı təminat mexanizmləri yarada bilər. Burada
söhbət həm də sahibkarlıq fəaliyyətinin daha
da stimullaşdırılması baxımından ölkəmizdə
həyata keçirilən səmərəli tədbirlərdən
gedir...
Söhbəti yazdı: Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 18 mart.- S. 4.