Bakıda Ukraynanın tədris mərkəzinin filialı açılıb

 

Bakıda Avropa və MDB-nin ən iri İnformasiya Texnologiyası “İT” tədris mərkəzlərindən biri olan Ukraynanın Bilik Mərkəzinin filialı açılıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bilik Mərkəzi personal hazırlığı və İT sertifikasiya üzrə irimiqyaslı layihələrin həyata keçirilməsində böyük təcrübəyə malikdir. Azərbaycanda 2009-cu ilin noyabrında fəaliyyətə başlayan mərkəz artıq ölkə şirkətlərinin informasiya texnologiyaları bölmələri üçün Cisco məhsullarına dair 100-dən çox treninq keçirib. Bu gün mərkəz dövlət və özəl sektorun 25-dən çox müəssisəsi ilə işləyir. Bunların arasında Azercell Telekom, Azərbaycan Beynəlxalq Bankı, Xalq Bank və digər iri şirkətləri qeyd etmək olar. Mərkəzin Azərbaycandakı fəaliyyəti ərzində 100-dən artıq dinləyiciyə treninq keçirilib.

Bilik Mərkəzi tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən Azərbaycan buradakı şirkətlərin İT-tədrisə tələbatı üzrə MDB ölkələri arasında ən perspektivli region kimi müəyyən olunmuşdur. Qeyd edək ki, mərkəzin Bakı filialı Belarus və Qazaxıstandan sonra üçüncüdür. Bundan əlavə mərkəz həmçinin Oracle, Sun, Linux və ITIL istiqamətləri üzrə də treninqlər keçirir.

Azərbaycan filialının işində əsas diqqət Microsoft və Cisco məhsullarına yönəldiləcək. “Bilik Mərkəzi – Azərbaycan”da 12 dinləyici üçün nəzərdə tutulmuş sinif açılıb və 30 sertifikatlaşdırılmış məşqçi tərəfindən 300 kursun keçirilməsi planlaşdırılır. Mərkəzin planlarına həmçinin treninqlərin gələcəkdə Azərbaycan dilində aparılması, eləcə də payız aylarına kimi iki əlavə sinfin və test mərkəzinin açılışı daxildir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 19 mart.- S. 6.