Dövlət İdarəçilik
Akademiyasında Novruz şənliyi
Martn 18-də Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasında
Novruz bayramı münasibətilə yığıncaq
keçirilmişdir.
Tədbiri akademiyanın
rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov
açaraq, kollektivin bütün üzvlərini bayram
münasibətilə təbrik etmiş, hamıya
cansağlığı, gözəl bahar əhval-ruhiyyəsi,
bol-bol sevinc, ruzi-bərəkət, firavan günlər
arzulamışdır.
Novruz qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bir bayram sayılmışdır. Rektor ulu Heydər Əliyevin də insanlara təmizlik, nəciblik, mehribanlıq, birlik hissləri aşılayan Novruz bayramına hər zaman xalqımızın əvəzsiz milli sərvəti kimi yanaşdığını bildirmişdir. O demişdir ki, 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində ölkəmizdə vəziyyət çox gərgin olduğundan xalq Novruz bayramını xoş əhval-ruhiyyədə keçirə bilmirdi. Lakin qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həyat öz axarına düşdü və xalq öz müqəddəs bayramını böyük həvəslə keçirdi. Bu ənənə indi də yüksək səviyyədə qorunub saxlanılır.
Sonra rektor respublikamızda görülən işlərdən, ölkəmizin tərəqqisindən, beynəlxalq aləmdə nüfuzunun artmasından, regionda lider dövlətə çevrilməsindən və bütün bu işlərdə Heydər Əliyev irsinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin səmərəli fəaliyyətindən danışmış, bu bayramı yüksək səviyyədə qeyd etmək üçün mənəvi haqqımız olduğunu vurğulamışdır.
Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq qalan möhtərəm Prezidentimiz hər il Novruz bayramını xalqla birlikdə keçirir. Bu da xalqın gələcəyə olan inamını daha da artırır. Artıq Azərbaycanın milli-mənəvi dəyərləri, adət-ənənələr bütün dünyada çox yüksək səviyyədə təbliğ olunur. Bu işdə Heydər Əliyev Fondunun və şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın rolu yüksək qiymətə layiqdir.
Bayram şənliyi respublikamızın tanınmış incəsənət ustalarından xalq artisti Teymur Mustafayev, əməkdar artist Nüşabə Ələsgərli, “Kristal” qrupu, eləcə də akademiya tələbələrinin ifasında səsləndirilən musiqi nömrələri, bədii-əyləncəli proqramla başa çatmışdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 19 mart.- S. 4.