Muxtar respublikada fəaliyyət
göstərən sahibkarlarla görüş
keçirilmiş, onlara güzəştli kreditlər
verilmişdir
Naxçıvanda Heydər Əliyev Sarayında muxtar
respublikanın sahibkarları ilə görüş
keçirilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək demişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda inkişafın mühüm faktorlarından biri kimi sahibkarlıq mühitinin canlandırılması, iqtisadiyyatın inkişafında sahibkarların rolunun artırılması vacib məsələ kimi vurğulanır. Bu proqram, eləcə də Prezident tərəfindən qəbul olunan digər normativ aktlar regionların tarazlı inkişafına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə gətirib çıxarmışdır. Ötən müddət ərzində sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, özəl bölmənin süni maneələrdən qorunması üçün qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması diqqət mərkəzində saxlanmışdır. Kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, antiinhisar tədbirlərinin gücləndirilməsi, sahibkarlıq subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək “bir pəncərə” prinsipi əsasında aparılması öz müsbət təsirini göstərməkdədir. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi, onlara “Aqrolizinq” Səhmdar Cəmiyyəti tərəfindən güzəştli şərtlərlə yanacaq və motor yağlarının verilməsi də sahibkarlığın inkişafına göstərilən diqqətin mühüm tərkib hissəsidir. Muxtar respublikada sahibkarlığın inkişafı sahəsində yaradılmış şəraitin nəticəsidir ki, ötən il ümumi daxili məhsulda özəl bölmənin payı 86 faizi ötmüşdür. Hazırda aqrar sektor, sənaye, ticarət, nəqliyyat sahələrində qeyri-dövlət bölməsinin payı 83-99 faiz arasında dəyişir ki, bu da çox yüksək göstəricidir.
Qeyd olunmuşdur ki, 2009-cu ildə bank və kredit təşkilatları tərəfindən sahibkarlara 42 milyon 946 min manat həcmində güzəştli kreditlər verilmişdir. Bu, əvvəlki illə müqayisədə 2 dəfə çoxdur. Kreditlərin 16 milyon 981 min manatı bankların öz vəsaitləri hesabına, 7 milyon manatı bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının vəsaitləri hesabına verilmişdir. Verilmiş kreditlərin yerdə qalan 19 milyon manata qədəri isə Sahibkarlığa Kömək Fondunun payına düşür. Göstərilən dövlət maliyyə dəstəyinin 6 milyon manatı dövlət büdcəsindən ayrılan vəsait, 13 milyon manata qədəri isə Sahibkarlığa Kömək Fondu tərəfindən əvvəlki illərdə verilmiş kreditlərdən qaytarılan vəsait hesabına təmin olunmuşdur. Sahibkarlıq subyektlərinə kreditlərin verilməsi 2010-cu ildə də davam etdiriləcəkdir. Bu il Sahibkarlığa Kömək Fondu tərəfindən kreditlərin yüngül və yeyinti sənayesinin, tikinti materialları istehsalı sahəsinin, kənd təsərrüfatı və xidmət sektorunun inkişafına yönəldilməsi nəzərdə tutulmuşdur.
Muxtar respublikanın iqtisadi inkişaf naziri Famil Seyidov məlumat vermişdir ki, regionun iqtisadiyyatı bütün sahələrdə dinamik artıma malikdir. Sosial-iqtisadi inkişafda qazanılmış nailiyyətlər əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, sosial problemlərin həllinə və infrastrukturun yeniləşməsinə xidmət edir. 2010-cu ildə Sahibkarlığa Kömək Fonduna 13 milyon manat vəsaitin daxil olması gözlənilir. Bu vəsait ilk növbədə muxtar respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinə, eləcə də yerli xammaldan səmərəli istifadə etməklə daxili tələbatın yerli istehsal hesabına ödənilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsinə, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılmasına yönəldiləcəkdir.
“Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupu Culfa rayon “Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyətinin direktoru Elman Seyidov göstərilən qayğıya görə sahibkarlar adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin sədri yeni istehsal müəssisələrinin qurulması və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi üçün 6 sahibkara kreditlərin çeklərini təqdim etmişdir.
Sonra “Biznesdə Uğur-2009" mükafatları təqdim olunmuşdur.
“İlin şirkəti” nominasiyasında “Dizayn” MMC-nin direktoru İlqar Sadiqova, “İlin ixracatçısı” nominasiyasında “Gəmiqaya Holdinq” İttifaqının direktoru Emin Uçara, “İlin məhsulu” nominasiyasında “Nəqşicahan Holdinq” LTD “Karbon Qazı Zavodu” ASC-nin direktoru Elman Seyidova, “İlin sahibkarı” nominasiyasında “Asnı” qızıl xallı ala balıq yetişdirmə təsərrüfatının direktoru İnşallah Abbasova “Biznesdə Uğur-2009" mükafatları təqdim edilmişdir.
Sonda tədbir
iştirakçıları sarayın foyesində təşkil
edilmiş sərgiyə baxmışlar.
Xalq qəzeti.- 2010.- 19 mart.- S. 3.